
İRAN "SON İSTEHKAM"Inı İTİRİR
Moskva öz mövqeyini dəyişə biləcəyinə işarə edir
Müəllif: Natəvan NƏBİYEVA Bakı
İranın nüvə böhranı özünün yeni fazasına qədəm qoyub. MAQATE-nin baş katibi BMT Təhlükəsizlik Şurasında yeni məruzə ilə çıxış edərək bildirib ki, "İran yenə də dünya ictimaiyyətinin uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı tələblərinə məhəl qoymur". Artıq Londonda "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya) üzvləri arasında danışıqlar başlanıb və onlar İrana qarşı yeni və daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinin hazırlanması üzərində işləyir.
Qeyd edək ki, BMT TŞ-nin dekabrda İrana qarşı tətbiq etdiyi və kifayət qədər "yumşaq" sanksiyaların nəzərdə tutulduğu qətnamənin hazırlanmasına xeyli vaxt sərf edildiyi halda, bu dəfə "altılıq"ın" Londonda apardığı məsləhətləşmələr xeyli sürətlə gedir. Hətta artıq qətnamənin ilkin layihəsi də hazırdır.
Məlum olub ki, bu dəfə də əvvəlki ssenari təkrarlanır: Tehrana qarşı daha sərt sanksiyaların tətbiqini tələb edən ABŞ və onun avropalı həmkarlarının aqressivliyi fonunda, Rusiya ilə Çin, bu sanksiyaları yumşaltmağa çalışır. Odur ki İrana qarşı qüvvədə olan sanksiyaların yaxın zamanlarda sərtləşdiriləcəyini gözləmək lazım deyil. Diplomatik mənbələrdən "The Financial Times" qəzetinə məlum olub ki, ilk hədəf İranın Sepah dövlət bankı ola bilər. Qəzetin yazdığına görə, bu qocaman banka qarşı addımlar İranın maliyyə baxımından təcrid olunması siyasətinin tərkib hissəsi olardı. Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi artıq yanvarın 9-da yerli banklara Sepah və onun filialları ilə hər hansı əməliyyatı qadağan edib. Vaşinqton bu addımını sözügedən bankın ballistik raketlərin istehsalını maliyyələşdirməsi ilə əsaslandırıb və bu qərardan sonra Sepahın dollarla həyata keçirdiyi əməliyyatlara son qoyulub.
Sepahın orqanı olan Bank Sepah International isə bəyan edib ki, onun dünyanın 45-dən artıq ölkəsi ilə əlaqələri var və London, Paris, Frankfurt, Roma kimi şəhərlərdə yerləşən müəssisələrlə əməkdaşlıq edir. Bu isə o deməkdir ki, Avropa ölkələrinin birgə siyasəti İranın maliyyə blokadasının effektini artıra bilər. Məqalədə Avropa ölkələrinin hələ də Sepahın blokadasına dair tərəddüd etdiyi bildirilsə də, artıq avropalı diplomatların müzakirə etdiyi BMT-nin yeni qətnaməsində bu banka qarşı tədbirlər öz əksini tapıb.
BMT hələ yeni qətnamə layihəsinin müzakirəsini davam etdirdiyi bir vaxtda, müxtəlif beynəlxalq təşkilatlar Tehrana qarşı öz sanksiyalarını tətbiq edir. Bir sıra KİV-in məlumatına görə, Avropa İttifaqının Nazirlər Şurası artıq İrana qarşı "məhdudlaşdırıcı tədbirlər" haqda yekun qərar qəbul edib. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, həmin tədbirlərə İrana nüvə silahı və raketlərin istehsalında istifadə edilə biləcək texnologiya və ya materialların satışına, həmçinin, maddi yardımın göstərilməsinə qoyulan qadağalar aiddir. Bundan başqa, Nazirlər Şurası bu regional təşkilatın üzvü olan dövlətlərə İran rəsmilərinin gəlişini qadağan edib, nüvə silahının istehsalına bu və ya digər dərəcədə aidiyyatı olan şəxslərin xarici bank hesablarının dondurulmasına qərar verib. Avropa İttifaqı ölkələrinə İran vətəndaşlarına nüvə silahının əldə edilməsi üçün lazım olan təlimlərin, dərslərin keçirilməsi qadağan olunub.
Nəhayət, İranın nüvə böhranın getdikcə dərinləşməsi, Tehranın isə dünya ictimaiyyətinin tələblərinə ciddi müqavimət göstərməsi fonunda MAQATE də bu ölkəyə qarşı sanksiyaların tətbiqinə qərar verib. Qurumun 35 ölkədən olan üzvləri Tehrana göstərilən texniki yardımların dondurulmasına yekdilliklə səs verib. Burada söhbət xüsusilə 2006-cı ilin noyabrından Tehrana göstərilən 55 texniki yardım layihəsindən 22-nin dayandırılmasından gedir. Qeyd edək ki, bu qərar MAQATE-nin baş katibi Məhəmməd əl-Baradeyinin təşəbbüsü ilə qəbul olunub və buna səbəb təbii ki, İranın uranın zənginləşdirilməsindən imtina etməməsidir. AP-nin məlumatına görə, həmin qərarın qəbuluna, hətta daim İrana qarşı sərt tədbirlərin əleyhadır kimi tanınan ölkələrin nümayəndələri də səs verib.
İran isə həmişə olduğu kimi, yenə də geri çəkilməyəcəyini, məqsəddən imtina olunmayacağını bildirir. Tehranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Soltaniyə bu haqda deyib: "Tarix ərzində ilk dəfə olaraq MAQATE-nin nüfuzuna zərbə dəydi. Bu qurumun peşəkarlığı və qərəzsizliyi BMT Təhlükəsizlik Şurasının siyasi motivasiyasının təsiri ilə pozulmamalıdır. Məsələ ondadır ki, BMT öz şərtlərini MAQATE-yə diqtə etmək istəyir". İranlı diplomat bir daha qeyd edib ki, onun ölkəsini seçdiyi yoldan döndərə biləcək qüvvə yoxdur və İranın nüvə proqramının məqsədi atom sənayesinin inkişaf etdirilməsidir: "İran digər ölkələrdən heç nə ilə fərqlənmir və bu haqq bizə də verilib".
İlk baxışdan, problemlə bağlı hər iki tərəfin açıqlamalarında hər hansı dəyişiklik yoxdur: dünya ölkələri İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırır, Tehran isə hadisələrin istənilən formada inkişafına hazır olduğunu və tutduğu yoldan çəkinmədiyini bəyan edir. Bununla yanaşı, prosesin bütün iştirakçıları böhranın birmənalı olaraq sülh yolu ilə həllinin vacibliyini də vurğulamağı unutmur.
Bütün bunların fonunda İran ətrafında gedən proseslərdə dəyişikliyin olduğunu görməmək mümkün deyil. Hər şeyə rəğmən belə məlum olur ki, Rusiya Tehranla əlaqələrinin səviyyəsini aşağı sala və beynəlxalq arenada ona verdiyi dəstəyi dayandıra bilər. Əlbəttə, Rusiya və Çin hələ də İranın əsas müdafiəçisi olaraq qalır. Amma Moskvanın gələcəkdə fərqli addım ata biləcəyini söyləmək üçün ciddi əsaslar yaranıb. Belə ki, İsrailin baş nazirinin müavini və strateji planlaşdırma naziri Aviqdor Liberman Rusiyadan səfərdən qayıdarkən bildirib ki, Moskva BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaları kəskinləşdirməsinin əleyhinə deyil. "Rusiya ilə İsrail barrikadanın eyni tərəfindədir. Düşünürəm ki, Moskva İrana qarşı sərt sanksiyaların tətbiqini dəstəkləyəcək", - deyə Liberman "Kommersant" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, son zamanlar Rusiyanın İranla bağlı mövqeyində dəyişikliklər var: "Hər şey dəyişir. Rusiya artıq İranın Buşəhr Atom Elektrik Stansiyasına nüvə yanacağı nəql etməli idi. Amma göründüyü kimi, bu, baş verməyib".
Ekspertlərin fikrincə, bir müddət əvvəl Vaşinqton və Tehrana səfərlər edən Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Mixail Margelovun səsləndirdiyi fikirlər də ciddi şəkildə düşünməyə əsas verir. ABŞ-ın İrana zərbə endirə biləcəyini istisna etməyən senator bununla yanaşı bildirib ki, "Vaşinqtonun Tehrana hərbi müdaxiləsi Corc Buş administrasiyasının siyasi intiharı olacaq". Federasiya Şurasının komitə sədri eyni zamanda İranın nüvə proqramının gələcəkdə hərbi xarakter ala biləcəyini də istisna etməyib. Margelovun sözlərinə görə, o, İranın nüvə proqramı ilə bağlı qoyduğu birbaşa sualların heç birinə qarşı tərəfdən birbaşa cavab ala bilməyib. "Cavablar rəngbərəng və Ömər Xəyyam üslubunda qəliz idi", - deyə senator bildirib: "Məndə belə bir qənaət yarandı ki, iranlılar suallara birbaşa cavab verməkdən yayınmaqla nüvə proqramlarının istənilən istiqamətdə inkişaf edə biləcəyinin istisna olunmadığını nümayiş etdirirlər".
Margelov "hardan barıt qoxusunun gəldiyini" deyərək, İranın siyasi elitasında gərginliyin hiss olunduğunu bildirib: "Bu gərginlik, praktik olaraq, bütün söhbətlərimizdə hiss olunurdu".
Federasiya Şurası nümayəndəsinin növbəti fikirləri isə Moskvanın İranla bağlı mövqeyində dəyişikliyin mümkünlüyünü açıq şəkildə ortaya qoyub: "Bizim üçün bu məsələdə "qırmızı xətt"in harada olduğu dəqiqliklə məlumdur. MAQATE tərəfindən qoyulan oyun qaydaları və BMT Təhlükəsizlik Şurasının müəyyənləşdirdiyi müddət var".
Tehrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalara isə Margelovun münasibəti kifayət qədər spesifik olub: "Yuqoslaviya və İraq təcrübəsi göstərdi ki, istənilən beynəlxalq sanksiyanı aşmaq mümkündür".
Nəhayət, İranın Buşəhr şəhərində inşa olunan AES-in tikintisi də təhlükə ilə üz-üzə qalıb. Moskvada bu məsələ "Atomstroyeksport" ilə İranın nümayəndə heyəti arasında müzakirə olunub və Rusiyanın açıqladığı rəsmi məlumata görə, problemin yaranmasında əsas səbəb Tehranın bu işə görə ödənişi yerinə yetirməməsidir. Şirkətin maliyyə məsələləri üzrə vitse-prezidenti Yevgeni Neymorevesin sözlərinə görə, Rusiyanın milli agenti və Buşəhr AES-in inşasının baş podratçısı olan "Atomstroyeksport"a yanvarın 17-dən etibarən enerji blokunun inşansına görə, heç bir məbləğ ödənilməyib". Danışıqlarda Rusiya tərəfindən iştirak edən digər şəxs, "Atomstroyeksport"un Buşəhr idarəsinin rəisi Vladimir Pavlov isə qeyd edib ki, "Maliyyə məsələsində yaranmış ciddi çətinliklərə baxmayaraq, şirkət tikinti işlərini davam etdirir".
İran tərəfi isə tamam başqa fikirdədir. Bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin sözlərinə görə, Rusiya tikinti işlərinə görə, ödənişlərin müqavilədə nəzərdə tutulan vaxtdan əvvəl həyata keçirilməsini istəyir. "Maliyyələşdirmə ilə bağlı heç bir problem yoxdur. Sadəcə, Rusiya tərəfi bizə ödəmənin müqavilədə nəzərdə tutulan vaxtdan tez həyata keçirilməsini təklif edib və hazırda bununla bağlı Moskvada danışıqlar aparılır", - deyə Laricani qeyd edib.
Amma MAQATE-nin sanksiyalarının peyda olmasından dərhal sonra İran nümayəndələri "tonunu dəyişib". Məlum olub ki, Tehran Buşəhr AES-in inşasına görə, əlavə ödənişləri həyata keçirməyə hazırdır. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Səidi qeyd olunan müddətdə onların lazımi vəsaiti Rusiya tərəfinə ödəyə biləcəklərini bildirib.
Qeyd edək ki, Səidi "Atomstroyeksport"la aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərindən biridir. Onun sözlərinə görə, Rusiya tərəfinin "müəyyən maliyyə problemləri yaranıb" və İran onların həlli üçün tədbirlər görməyə hazırdır. "Ümid edirik ki, "Atomstroyeksport" və Rosatom nüvə yanacağı təchizatı ilə bağlı öhdəliklərini martın sonlarınadək yerinə yetirəcək və sentyabrda reaktorun fiziki işə salınması təmin olunacaq. Müqavilədə də məhz belə nəzərdə tutulub", - deyə M.Səidi qeyd edib.
Bununla yanaşı, məlumdur ki, İran üçün əsas məsələ özünün nüvə obyektlərində Rusiyanın birbaşa və dolayısı mövcudluğunu qorumaqdır.
Amma Moskva artıq bu prosesdə iştirakın, həmçinin, İranla əməkdaşlığın risqinin dərəcəsi haqda düşünməyə başlayıb. Xatırladaq ki, Rusiya hələ 2006-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına veto qoymamışdı. "Onlar (iranlılar - red.) əmin idilər ki, Rusiya BMT-nin qərarının qarşısını alacaq və ona veto qoyacaq. Bu baş vermədikdə, onlar dəhşətə gəlmişdilər", - deyə Moskvadakı Rusiya-İran İşgüzar Şurasının direktoru Rəcəb Səfərov "Wall Street Journal"ın müxbiri ilə söhbətində bildirib.
İtaliyanın "La Reppublica" qəzeti isə ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormakın maraqlı fikirlərinə yer ayırıb. Onun fikrincə, dekabrda BMT TŞ-də İrana qarşı tətbiq olunan sanksiyalar "İranın dünya ictimaiyyətinə qarşı aparılan siyasətinin əsaslandırılması haqda genişmiqyaslı diskussiyaların başlamasına səbəb olub".
Əksər ekspertlər hesab edir ki, hazırkı sanksiyalar "mollakratlar"ın geri çəkilməsi ilə nəticələnəcək qədər sərt deyil. Amma bununla yanaşı, İranda artıq daxili "laxlamalar" başlayıb.
İstənilən halda, İranın sabiq müdafiə naziri Əli Rza Əskərinin Qərbə tərəf qaçması açıq şəkildə göstərir ki, gərginliyin getdikcə artması fonunda iranlıların bir çoxu başlarına bombaların tökülməyəcəyi yerlərə üz tutmağa üstünlük verir.
MƏSLƏHƏT GÖR: