14 Mart 2025

Cümə, 23:29

PARÇALANMAYA “DAVAMLILIQ”

Ermənistanın hakim qruplaşması arasında bölünmə əlamətləri hiss olunmaqdadır

Müəllif:

30.07.2013

Ermənistanda ölkənin əsas xarici siyasi kursu ilə bağlı diskussiyalar davam edir. Bəziləri onu təntənə ilə "sivil seçim" adlandırır, digəri "komplimentar yırğalanmalar" kimi daha sadə və aydın ada üstünlük verir. Amma bu, məsələnin mahiyyətini də-yişmir: İrəvan hələ də Avropaya inteqrasiya kursunun davam etdiriləcəyi, yoxsa Rusiyanın inteqrasiya proseslərində iştirak edəcəyi haqda sualı cavablandırmır. Bu sahədə fikirlər çox müxtəlifdir. Azərbaycana silah satan Rusiyadan ciddi inciklik haqda da danışılır, Ermənistan üçün Rusiyanın və Avropa İttifaqının nə etdiyi də müzakirə olunur. Bu diskussiyalarda heç də yalnız Ermənistan siyasətçiləri iştirak etmir: bu mühüm məsələ haqda Rusiyanın bir çox ekspertləri fikir bildirirlər. Onların arasında Kolerov və Zatulin səviyyəli lobbiçilərdən tutmuş, politoloqlar və analitiklərədək bir çox şəxslər var.

Bütün bunların fonunda İrəvanın populyar analitik informasiya saytı olan Tert.am nüfuzlu rusiyalı ekspert, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodr Lukyanovdan müsahibə götürüb. O, müxbirin "Rusiyanın Ermənistandakı sabiq səfiri Vyaçeslav Kovalenko bu yaxınlardakı müsahibələrinin birində bildirib ki, Aİ ilə assosiasiya sazişi imzalamağa hazırlaşan Ermənistan anlamalıdır ki, "xoş niyyətlər çox vaxt cəhənnəmə aparıb çıxarır". Fikrinizcə, söhbət hansı cəhənnəmdən gedir?" sualına birbaşa cavab verib: "Ermənistanın öz "cəhənnəmi" var və bunun Aİ ilə müqavilənin imzalanması ilə, yaxud hər hansı başqa məsələ ilə heç bir əlaqəsi yoxdur. Ermənistanın hazırkı təcrid, sıxışdırılmış durumu üzündən yaranmış məhz bu "cəhənnəm" faktiki olaraq ölkənin hər hansı inteqrasiya prosesində ciddi şəkildə iştirakını mümkünsüz edir - istər Aİ ilə olsun, istərsə də Rusiya ilə".

Fyodr Lukyanov İrəvanın informasiya məkanında çıxış edən, eyni zamanda çoxdan hər kəsə bəlli olan həqiqəti səsləndirməyə özündə cəsarət tapmış azsaylı şəxslərdən biridir. İrəvanda heç kəs bu həqiqəti səsləndirməyi lazım bilmir. Ermənistan ən yaxın müttəfiqi olan Rusiyadan nəinki inciyib, o, həqiqətən siyasi dalana dirənib.

Ermənistanda isə istər Rusiyanın, istərsə də Avropa fövqəldövlətlərinin İrəvanla münasibətlərdə Birinci Dünya müharibəsi dövrünə aid hansısa "mənəvi öhdəliklər"ə, ""müttəfiq vəzifələri"nə əsaslanacağına şübhə yox idi. Ermənilər əməkdaşlığın şərti desək, ikitərəfli hərəkət yolu olmasına qətiyyən hazır deyildilər. Və öz təcavüzkar siyasəti nəticəsində miqyaslı regional layihələrdən kənarda qalmış Ermənistan artıq müttəfiqlərini İrəvanın özü üçün təsvir etdiyi səviyyədə maraqlandırmır. Nəticə kifayət qədər gözləniləndir: bu cür "sıxılmış vəziyyət"də qalmış Ermənistan artıq nəinki inteqrasiya layihələrində iştirak etmək iqtidarında deyil, o, regiondakı qonşularından, ilk növbədə Azərbaycandan fərqli olaraq, özünü real inkişaf imkanlarından da məhrum edib. Bundan başqa, Azərbaycanın dayanıqlı və dinamik inkişafı, dünya ictimaiyyətinin ona diqqətinin artması "dondurulmuş münaqişələr"ə münasibət kimi zərif məsələlərdə belə, gözlənilən "hərəkətliliyə" gətirib çıxarıb. Bu gün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı artıq yalnız Azərbaycanın problemi deyil. İndi o, Avropanın enerji təhlükəsizliyi üçün də ciddi problemdir.

Həm Ermənistan, həm də onun regiondakı qonşuları üçün təəssüf hissi ilə demək olar ki, bu ölkəyə rəhbərlik edən qruplaşma - "Qarabağ klanı", ilk növbədə, Ermənistanın və onun vətəndaşlarının maraqlarına cavab verən adekvat siyasət yürütməyə hazır deyil. Amma onlar ölkəyə həm xaricdən, həm də hakimiyyətə daxildən - "etirazçı elektorat" tərəfindən təzyiqlərin artdığını anlamaya bilməzlər. Bu mənada əksər analitiklər artıq Ermənistanda "yuxarılar"da parçalanma əlamətlərinin olduğundan danışırlar.

Ermənistan parlamentində Nəzarət Palatasının rəhbəri İşxan Zakaryanın deputatlara şok məlumat verdiyi çıxışına da məhz hakimiyyətdəki müxtəlif qruplaşmalar arasındakı qarşıdurmanın nəticəsi kimi yanaşırlar. Zakaryan bildirib ki, Ermənistan büdcəsinin 70%-i məqsədəuyğun olmayan istiqamətlərdə xərclənir. Başqa sözlə o, büdcə vəsaitlərinin sadəcə oğurlandığını söyləyib. Zakaryan çıxışı zamanı, əsasən, baş nazir Tiqran Sarqsyanı ittiham edib. Lakin vaxt keçir, həm Zakaryan öz postundadır, həm də Sarqsyan. Onlar arasındakı qarşıdurmanı isə nəzəri baxımdan bitmiş saymaq olardı. Lakin İrəvanda bir çox ekspertlər bunu hakimiyyətdə yeganə "parçalanma xətti" hesab etmir. Bu gün Ermənistan parlamentinin spikeri Ovik Abramyan da diqqət mərkəzindədir. İrəvanın "Joxovurd" nəşri yazır ki, hakim Respublika Partiyasının icraçı orqanının bu yaxınlarda keçirilmiş toplantısında partiyanın lideri, Ermənistan prezidenti Serj Sarqsyan Tiqran Sarqsyandan son dərəcə sərt tonda izahat tələb edib. Dövlət başçısı Maliyyə Nazirliyinin nəzarət müfəttişliyi əməkdaşlarının spikerin qardaşı Conik Abramyanı yoxlamağa göndərilməsinin məqsədilə maraqlanıb. "Bir birinizə qarşı bu cür addımlar atmaqdan utanmırsınızmı?" - deyə Serj Sarqsyan sual edib. Qəzetin yazdığına görə, "Maliyyə Nazirliyinin nəzarət müfəttişliyinin rəhbəri Sona Qaribyan keçirdiyi mətbuat konfransında hökumətin Ararat rayonu üçün subsidiyalaşdırdığı dizel yanacağının 70%-nin Ovik Abramyanın qardaşı və qardaşı oğlu tərəfindən alındığını, lakin burada heç bir kriminalın olmadığını bəyan edib".

Xatırladaq ki, İrəvanın müstəqil analitikləri Ovik Abramyanı, az qala baş nazirə qarşı intriqalarda ittiham edirlər. Digər ekspertlər isə Ermənistanda "varis əməliyyatı"nın başlandığını bildirirlər: guya Serj Sarqsyanın siyasi müflisləşməsi fonunda "Qarabağ klanı" ona əvəz axtarır, bununla da hadisələrin dramatik məcrada inkişaf edəcəyi təqdirdə, "ümumi" mövqelərini qorumağa ümid edirlər.

Serj Sarqsyandan fərqli olaraq, Ovik Abramyan Qarabağda yox, Artaşatda doğulub. O, siyasi karyerasını da orada qurub. Bu gün İrəvanın əksər analitikləri Abramyanın müxalif qruplaşmalar tərəfindən də dəstəklənə biləcəyini güman edir. Hətta onun Levon Ter-Petrosyanın erməni milli konqresi və Qagik Saruyanın "Çiçəklənən Ermənistan" partiyası tərəfindən də dəstəklənməsi mümkün sayılır. Yeri gəlmişkən, "Çiçəklənən Ermənistan"ın üzvləri arasında Ermənistanın sabiq prezidenti, açıq şəkildə Sarqsyanın "ən təhlükəli rəqibi" adlandırılan Robert Köçəryan da var.

Hələlik Ermənistanın hakimiyyət strukturlarındakı bu rəqabətin nə ilə bitəcəyini söyləmək çətindir. Amma bu ölkədə real iqtisadi sistemdəki kollaps və inkişaf imkanlarının yoxluğu fonunda hakimiyyət və ona məxsus korrupsiya sxeminin yeganə etibarlı biznes olduğu şübhə doğurmur. Bu isə o deməkdir ki, həmin biznes uğrunda mübarizə çox sərt keçəcək.


MƏSLƏHƏT GÖR:

742