15 Mart 2025

Şənbə, 00:45

YARIMÇIQ MÜSTƏQİLLİYİN 100 GÜNÜ

Kosovonun Serbiyadan birtərəfli qaydada ayrılması prosesində nöqtə qoymaq hələ tezdir

Müəllif:

15.06.2008

Kosovonun Serbiyadan birtərəfli qaydada ayrılması ilə həm  müstəqilliyini elan etmiş bu dövlət, həm Seribiya, həm də ümumilikdə dünya birliyi iki əks düşərgəyə bölünüb. 

Kosovoda bunlar yerli albanlar və burada qalmış serblərdir. 

Serbiyada əhalinin yarısı hesab edir ki, ölkənin gələcəyi mütləq Avropa Birliyində olmalıdır, digər hissə isə ölkə ərazisinin 15%-ini təşkil edən Kosovonun itirilməsində məhz Avropanı günahlandırır. 

Nəhayət, qlobal miqyasda bir sıra dövlətlər Kosovonun Serbiyadan ayrılmasına qanunauyğunluq və münaqişənin ədalətli həlli yolu kimi baxdığı halda, yerdə qalanları bunu beynəlxalq hüququn kobud şəkildə pozulması və təhlükəli presedent hesab edir.

Bütün bu mübahisələr fonunda isə Kosovonun yarımçıq müstəqilli-yinin 100 günü bitdi və digər önəmli hadisənin baş verəcəyi gün yetişdi - iyunun 15-də Priştinanın Avropa İttifaqı ilə birlikdə hazırladığı və aprelin ortalarında yerli parlament tərəfindən təsdiqlənmiş Konstitusiya qüvvəyə minir. "Kosovo Respublikası"nı "müstəqil, suveren, demokratik, vahid və bölünməz dövlət" elan edən sənəd Brüssel tərəfindən dəstəklənib və bu, təəccüblü deyil - Brüssel onu "insan haqları və milli azlıqların hüquqlarına zəmanət baxımından dünyanın ən proqressiv konstitusiyalarından biri" hesab edir.

Amma iyunun 15-i Konstitusiyanın qüvvəyə minməsi ilə yanaşı, Kosovo rəhbərliyi üçün daha bir səbəbdən də vacib tarixdir: həmin gün BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinin müddəti bitir. Xatırladaq ki, həmin sənəddə Serbiyanın ərazi bütövlüyü və Kosovonun BMT-nin yurisdiksiyasında olduğu (1999-cu ildən) öz əksini tapıb. 

Qeyd edək ki, BMT-nin Kosovodakı vətəndaş missiyasının əsas məqsədlərindən biri bölgədə təhlükəsizliyin təmin edilməsi və dövlət institutularının fəaliyyətinə nəzarətdir. Priştina isə BMT missiyasının səlahiyyətlərinin tamamilə yerli institutlara verilməsini və bunun BMT baş katibinin xüsusi nümayəndəsi Marti Axtisaarinin 2007-ci ildə hazırladığı plan əsasında həyata keçirilməsini tələb edir. 

Bununla yanaşı, bölgədə asayişin qorunması üçün BMT missiyasının əvəzinə oraya Avropanın mülki-polis missiyasının göndərilməsi nəzərdə tutulub. Avropa İttifaqı Şurası bu missiyanın göndərilməsi və tərkibi haqda qərarı hələ fevralda qəbul edib. Lakin Serbiya və onu dəstəkləyən dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan Rusiya və Çin hesab edirlər ki, Təhlükəsizlik Şurasının sanksiyası olmadan, bu missiya qeyri-legitim sayılacaq.

Nəticədə bu məsələ ilə əlaqədar müxtəlif fikir və gümanlar səsləndirilməyə başlanıb. Bəzi fikirlərə görə, ilkin mərhələdə BMT və Aİ-nin missiyaları birgə işləyəcək, sonradan isə onların fəaliyyət sahələri ayrılacaq. BMT-nin baş katibi Pan Qi Mun da təxminən eyni təkliflə çıxış edib. Baş katib tərəfləri razı sala biləcək qərarın qəbulu üçün əlindən gələni edir. Çünki Təhlükəsizlik Şurasının mövqeyi bu dəfə də nəzərə alınmasa, bu, son zamanlar onsuz da adı müxtəlif qalmaqallarda hallandırılan qurumun imicinə güclü zərbə vura bilər.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Soloana isə öz növbəsində gözlənilmədən bəyan edib ki, Kosovoda beynəlxalq qüvvələrin forması ilə bağlı qərar vermək səlahiyyəti yalnız BMT Təhlükəsizlik Şurasına aiddir. Bu bəyanat, faktiki olaraq, Serbiyanın dəstəklənməsi deməkdir. Solananın açıqlamasından dərhal sonra KİV-də belə bir məlumat yayılıb ki, bütün məsələlər ya payıza, ya da Moskva ilə Belqradın razı salınmasınadək təxirə düşəcək. 

Xatırladaq ki, vaxtilə Axtisaari planı da BMT TŞ tərəfindən dəstəklənməmişdi.

Bütün bunlar, əlbəttə ki, Aİ daxilində Kosovonun müstəqilliyi ilə əlaqədar parçalanmanın olduğunu bir daha nümayiş etdirir. Xatırladaq ki, İspaniya, Rumıniya, Yunanıstan, Kipr, Portuqaliya, Slovakiya və Malta qəti şəkildə bölgənin birtərəfli qaydada müstəqilliyini elan etməsinə qarşı  çıxıb. Bu ölkələr mayın sonlarında Aİ və Kosovonun parlamentlərarası görüşü zamanı Avropa Parlamentinin Brüsseldəki binasında "müstəqil Kosovo"nun bayrağının asılmasından son dərəcə narazı qalıblar. Yunanıstanın Aİ-dəki nüma-yəndə heyəti isə bu insidentin sadəcə araşdırılmasını deyil, hətta onun təşkilatçılarının cəzalandırılması tələbini də irəli sürüb.

Amma bütün bunlarla yanaşı, Kosovonun müstəqilliyinin əsas əleyhdarı, əlbəttə ki, Rusiyadır. Doğrudur, Moskvanı tez-tez "Kosovo presedenti"ndən öz maraqlarına uyğun (xüsusilə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları ilə bağlı siyasətdə) istifadə etməkdə günahlandırırlar. Məlum olduğu kimi, Moskvanın Tbilisiyə görə "zəncir çeynəməsi"nin bir neçə səbəbi var və bunlardan ən əsası Gürcüstanın NATO-ya can atmasıdır. Abxazlar və cənubi osetiyalılardan fərqli olaraq, digər separatçıların hələ ki Moskvanın diqqətindən kənarda qalması da baş verənlərin bilavasitə Tbilisiyə qarşı yönəldiyini sübut edir. Yəni, Rusiyanın dönə-dönə xəbərdarlıq etdiyi "suverenlik paradları", hələlik xoşbəxtlikdən başlamayıb. Hər halda, yarımdövlət olan Kosovonun nümunəsi hələlik o qədər də təsirli görünmür. 

Hazırda Priştinanın yeni statusunu 41 dövlət tanıyıb. ABŞ Dövlət Departamentinin planı BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Kosovonun müstəqilliyinin təxminən 100 dövlət tərəfindən tanınmasını nəzərdə tuturdu. Lakin çətin ki, qarşıdakı iki ay ərzində müstəqil Kosovonu tanıyan dövlətlərin sayında belə artım olsun. Kosovonun albandilli mətbuatının məlumatına görə, ABŞ dövlət katibinin müavininin köməkçisi Roz-Mari di Karlo, tanınma prosesinin zəif getməsinə görə,  yeni dövlətin rəhbərliyini "lobbiçilik işini zəif aparmaqda" günahlandırıb. 

Düzdür, ABŞ-ın Priştinadakı səfirliyi deyilənləri təkzib edir, amma necə deyərlər, "od olmayan yerdən tüstü çıxmaz".

Bunun fonunda Priştina iyunun 15-dən sonra Avropa İttifaqı və NATO istiqamətində fəaliyyətini gücləndirəcəyini bildirir. Özü də bu cür uzun sürən inteqrasiya prosesinə Kosovo rəhbərliyi cəmi 3 ilə nail olmağı düşünür. Yəni, Kosovo artıq 2010-cu ildə Avropa İttifaqının bir hissəsi olmaqda qərarlıdır.

İyulun 11-də Brüsseldə Kosovoya dair beynəlxalq donor konfransının keçirilməsi nəzərdə tutulub və orada 2011-ci ilədək yeni dövlətin güclü iqtisadiyyata malik ölkəyə çevrilməsi planı müzakirə olunacaq. Bu isə kifayət qədər iddialı plandır. Çünki hazırda Kosovo iqtisadiyyatı ciddi böhran yaşayır. Bu, xüsusilə enerji sahəsinə aiddir. Hazırda Kosovo Avropanın ən yoxsul regionlarından biridir və burada insanların bir hissəsi az qala natural təsərrüfatla yaşayır. 

Bununla yanaşı, ekspertlərin bildirdiyi kimi, bölgədə cinayətkarlığın səviyyəsi çox yüksəkdir. Bəzi hesablamalara görə, Avropaya daşınan heroinin, təxminən, 60%-i məhz Kosovo ərazisindən aparılır. 

Üstəlik, yuxarıda qeyd edildiyi kimi, bölgə faktiki olaraq, iki düşərgəyə parçalanıb. Serblərin əksəriyyət təşkil etdiyi şimal hissəsi (başda Mitrovitsa olmaqla) hazırda nə Priştinaya, nə də beynəlxalq missiyaya tabe olur. Bu ərazinin sakinləri xüsusilə Avropa İttifaqına qarşı neqativ münasibətdədirlər. 

Mitrovitsa serblərinin liderlərindən olan Milan İvanoviç artıq bəyan edib ki, serb anklavı Serbiyadakı parlament seçkilərilə eyni vaxtda baş tutmuş bələdiyyə seçkilərinin nəticələrinə əsasən, özünün yerli idarəetmə orqanlarını formalaşdıracaq. 

Kosovo rəhbərliyi isə bildirir ki, iyunun 15-dən sonra bu problemin həlli növbəsi də çatacaq. 

Odur ki iyunun ikinci yarısı böl-gədə xoşagəlməz sürprizlərlə "zəngin" ola bilər.

İyunun 6-da naməlum silahlı qrupun Kosovonun baş naziri Haşim Taçinin evinə basqın etməsi yaşana biləcək "sürprizlərin" ilk işartısı sayıla bilər. Qeyd edək ki, hücum zamanı hökumət başçısının həyat yoldaşı və oğlu evdə olsa da, Taçinin özü evdə olmayıb. Evin mühafizəçiləri ilə qrup arasındakı atışmada hücum edənlərdən biri yaralansa da, onlar hadisə yerini tərk edə biliblər. Taçinin ailəsindən isə xəsarət alan olmayıb.

Baş nazirin müavini Xayredin Kuki baş verənləri "yeni Konstitusiyasının qüvvəyə minəcəyi Kosovonun hüquq normasına hücum" adlandırıb.

Cəmi bir gün sonra isə Serbiyanın cənubunda - Belqraddan 200 km cənubda partlayış baş verib. Terror aksiyası nəticəsində xəsarət alan olmayıb.

Qeyd etmək lazımdır ki, Taçinin evinə hücumdan sonra baş verən hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Versiyalardan birinə görə, bu silahlı basqın baş nazirin əvvəllər "Kosovo Azadlıq Ordusu" sıralarından olan tərəfdarlarının işidir. KİV isə dərhal belə bir fikirə yer verib ki, Kosovo siyasətçiləri bir-birləri ilə o qədər də mehriban deyillər və böl-gənin hakim koalisiyasının özülü çox zəifdir. Məsələn, koalisiyada prezident İbrahim Ruqovanın partiyası da təmsil olunur, onun baş nazirin siyasi opponenti olduğu isə hamıya yaxşı məlumdur. 

Bundan başqa, hökumət başçısı Taçinin keçmiş səhra komandiri və baş nazir Ramuş Xaradinayla da münasibətləri yaxşı deyil. Xatırladaq ki, sonuncu bir müddət əvvəl Haaqa tribunalının bəraət qərarından sonra Kosovonun müxalifət partiyalarından birinə rəhbərlik etməyə başlayıb.

Maraqlıdır ki, Serbiyada da siyasi situasiya ideal deyil. Ölkə əhalisinin yarısı ərazilərinin bir hissəsinin itirilməsi ilə barışmırlar, amma eyni zamanda, qonşularına ac canavar kimi baxan radikallar kimi qəbul olunmaq da istəmirlər. 

Cəmiyyətin digər hissə isə istənilən yolla Kosovonun geri qaytarılmasını istəyir və bu bölgəni Serbiya dövlətçiliyinin "beşiyi" hesab edir. 

Odur ki mayın 11-də keçirilmiş parlament seçkisi nə avropapərəst siyasətçilərə, nə də ultramillətçilərə qələbə gətirdi. 

Bununla yanaşı, Belqrad onu da anlayır ki, Rusiya tərəfindən nə qədər dəstək alsa da, o, Avropadan təcrid durumunda yaşaya bilməyəcək. Öz növbəsində Avropa da incik Serbiya ilə dil tapmasa, sözün əsl mənasında vahid sayıla bilməz. Bunun isə yalnız bir yolu var - Serbiyanın ərazi bütövlüyünün bərpası...


MƏSLƏHƏT GÖR:

320