
QARADƏRİLİ İSLAHATÇI, YOXSA QOCAMAN ƏSGƏR?
Builki seçki marafonu amerika tarixinə ən qeyri-adi seçki kampaniyası kimi düşdü
Müəllif: Samir MİRZƏYEV Bakı
Hazırda bütün dünyanın diqqəti ABŞ-da keçirilən seçki kampaniyasına yönəlib: prezidentliyi dövründə, demək olar ki, hamını narazı salmış Corc Buşu kimin əvəz edəcəyi çox maraqlıdır. Amma seçki kampaniyası prosesinin özü də bir sıra özəl xüsusiyyətləri ilə əvvəlkilərdən fərqlənir.
Əvvəla, ABŞ tarixində ilk dəfə olaraq, Ağ evə yaşı 70-dən artıq olan şəxs - respublikaçı Con Makkeyn rəhbərlik edə bilər. İkincisi, ölkə tarixində ilk dəfə olaraq, prezidentlik uğrunda yarışda afroamerikalı namizəd də iştirak edir - söhbət demokratlar arasında keçirilən ilkin seçkidə qələbə qazanmış Barak Obamadan gedir.
Nəhayət, üçüncüsü, ən yüksək dövlət postuna ilk dəfə olaraq qadın namizəd iddia edib - yalnız iyunun 7-də mübarizəni dayandırmağa razılaşan sabiq birinci ledi Hillari Klinton...
Nəticədə onlar üz-üzə qaldılar - Vyetnam müharibəsinin 71 yaşlı veteranı və qəhrəmanı Con Makkeyn və avqustun 4-də 47 yaşı tamam olacaq Harvard təhsilli hüquqşünas Barak Obama.
Obama fenomeni
Amerikalı siyasətçilər, politoloqlar və jurnalistlərin, həmçinin ictimaiyyətin geniş təbəqəsi etiraf edir ki, hələ 10 il əvvəl qaradərili şəxsin Birləşmiş Ştatların prezidenti postuna əsas namizəd olacağını düşünmək belə mümkün deyildi. Çünki dünyaya ku-kluks-klan kimi irqçi təşkilatı "hədiyyə" etmiş ölkədə hələ də irqi problemlər aktuallığını qoruyub-saxlayır.
Seçki marafonunun lap əvvəlində Obamanın namizədliyinin irəli sürülməsini çoxları qısamüddətli zarafat kimi qəbul edirdilər. Xüsusilə, hələ bir neçə ay əvvəl, şübhəsiz, favorit hesab olunan Nyu-Yorkdan olan senator, sabiq birinci ledi Hillari Klintonun fonunda, qaradərili senatorun Ağ evə rəhbərlik etmək iddiası daha qeyri-ciddi görünürdü. Mətbuatın yazdığına görə, Hillari Klinton ABŞ tarixində Ağ evin ən nüfuzlu xanımı olub. Sabiq birinci ledi çox iddialı xanımdır. O, səriştəli və öz əhəmiyyətini yaxşı dərk edən insandır. Hillarinin dostları onun məqsədə çatmaq üçün son dərəcə enerji ilə səy göstərdiyini bildirirlər: "O, nə istədiyini və buna nail olmağın yollarını bilir".
Həyat yoldaşı Bill Klintonla müqayisədə, Hillari daha ziyalı, sakit və söz seçimində daha ehtiyatlı şəxs sayılır. Sabiq birinci ledini yaxından tanıyan şəxslər onun hazırcavab və yüksək yumor hissinə malik olduğunu bildirirlər.
2007-ci ilin payızında - ABŞ-da seçki marafonunun rəsmən başladığı zaman Hillari ictimaiyyət arasında ən məşhur namizəd hesab edilirdi və demokrat seçicilərin böyük dəstəyinə malik idi. Bill Klintonun dəstəyi və reklamına böyük kapital qoyuluşu ilə Hillarinin reytinqi getdikcə artırdı. 2007-ci ilin noyabrınadək solçu və liberal-demokrat cəbhənin 40%-i səsini məhz sabiq birinci lediyə verməyə hazır idi.
Amma qəfildən vəziyyət dəyişdi: nədənsə, seçicilərin əksəriyyəti Klintonlar ailəsini və ümumilikdə bütün ABŞ sistemini nepotizm, mafiyalaşmış iri kapitalın maraqlarının müdafiəçisi qismində görməyə başladı. Nəticədə, fraksiyaların Ayovada keçirilən qurultayı seçicilərin dəyişikliklər və yeni simalar istəyini nəzərə almaya bilməzdi:
Hillari Klinton Edvards (30%) və Obamaya (38%) məğlub olaraq, cəmi 29% səs topladı.
Bundan sonra senator özünün soyuq və qənaətcil ledi obrazını daha yumşaq imiclə əvəzləmək qərarına gəldi. Məhz bundan sonra amerikalılar onu artıq qızı ilə yanaşı görməyə başladılar. Xüsusi emosional məqamlarda isə artıq Hillari göz yaşlarını gizlətmir, əksinə, nümayiş etdirirdi.
Amma bütün bunlara baxmayaraq, sorğular göstərir ki, qadın seçicilər də Klintonu yox (30%), Obamanı dəstəkləyirlər (35%).
Bəs necə oldu ki, əvvəllər tanınmayan Barak Obama əsas rəqibini geridə qoya bildi?
Əksər ekspertlər bu fenomeni iki əsas faktorla əsaslandırır. Birincisi, Obamanın güclü şəxsi cazibəsi və onun Amerika ictimaiyyətinin çoxdan gözlədiyi yenilikləri ifadə etməsidir. Bir çox xüsusiyyətlərinə görə başqalarından fərqlənən qaradərili senatorun əsas şüarı "Change we can believe in" - "Bizim inandığımız dəyişikliklər"dir.
İkinci faktor isə, demək olar ki, hamının etiraf etdiyi mükəmməl natiqlik qabiliyyəti və iş prosesində demokratlarla respublikaçıları bir araya gətirmək bacarığıdır (bu bacarığı Obama hələ Senata seçkilər zamanı nümayiş etdirmişdi).
Həqiqətən də, senator olduğu müddətdə Obama konservatorluqdan bezmiş Amerika ictimaiyyətinə göstərdi ki, o, həqiqətən də liberaldır və dəyişikliklər etmək iqtidarındadır. Onun Senatdakı fəaliyyəti də bunu sübut edir. Məsələn, 2004-cü ilin iyununda Obama stvolovıx hüceyrələrinin öyrənilməsi sahəsində elmi araşdırmaların davam etdirilməsinə səs verib, bu isə əksəriyyətini dindarlar təşkil edən amerikalılar üçün çox ağrılı məsələdir.
2006-cı ilin iyulunda Obama həddi-büluğa çatmayan uşaqların digər ştatlarda abort etdirdiyi zaman bu haqda onların valideynlərinə xəbər verilməsinə qarşı çıxıb.
2007-ci ilin sentyabr ayında senator eyni cinsdən olan şəxslərin evlənməsinə konstitusion qaydada qadağa qoyulmasının əleyhinə səs verib (bildirib ki, homoseksuallıq seçim yox, anadangəlmə xüsusiyyətdir).
Həmin vaxt Obama uşaqlara bağçadan seksual tərbiyə verilməsinə və eynicinsdən olan cütlüyün uşaqları övladlığa götürməsinə də tərəfdar çıxıb. Bir ay sonra isə senator aborta qadağa qoyulmasına qarşı çıxıb ki, bu da amerikalıların onilliklər boyu müzakirə etdiyi ən problemli məsələlərdən biridir.
Ötən aylara nəzər salan "Independent" qəzeti yazır ki, Barak Obamanın uğurunun sirri çox sadədir - o daha yaxşı təsir bağışlayıb. Və ilkin seçkilər zamanı milyonlarla insan məhz ona səs verib. O, mitinqlərə toplaşan minlərlə insanı tilsimləməyi, ovsunlamağı bacarıb. Belə təsəvvür yaranırdı ki, digərlərilə müqayisədə o daha çox qələbə qazanmaq istəyir. Və bu seçki kampaniyası müddətində Obama böyüyür və prezidentlik üçün yetişirdi...
Çətin sınan qoz
Barak Obamanın rəqibi, respublikaçı Con Makkeyn də sadə insan deyil. O, babası və atası kimi gözəl hərbçi, müharibə qəhrəmanıdır və beş il yarım Vyetnamda əsir olub. Özü də Makkeynin əsir düşdüyü zaman onun atası ABŞ-ın Sakit Okean donanmasının baş komandanı idi və Vyetnamdakı hərbi əməliyyatlarda Amerikanın hərbi dəniz qüvvələrinə komandanlıq edirdi. Əsirlikdə qaldığı illər ərzində o, saysız-hesabsız zorakılıq və təhqirlərə baxmayaraq, satqınlıq etməyib. Onunla bağlı bir epizodu xatırlamaq kifayətdir: Makkeyndən hərbi sirr almaq üçün vyetnamlılar onu vəhşicəsinə döyərək, eskadrilyadakı yoldaşlarının soyadlarını açıqlamağı tələb edirlər. Bu zaman işgəncələrə son qoymaq istəyən Makkeyn razılaşır və eskadrilya yoldaşlarının adları əvəzinə... "Qrin Bey Pekerz" futbol komandasının oyunçularını sadalayır...
İctimaiyyətə yaxşı tanış olan digər fakt isə Makkeynin ölkəsinə qarşı təbliğat vasitəsinə çevrilməmək naminə, Hanoya baş çəkən amerikalılarla - müharibə əleyhinə kampaniyanın fəalları ilə görüşdən imtina etməsidir...
1981-ci ildə Con Makkeyn istefaya gedib, 1982-ci ildə isə Respublikaçılar Partiyasından ABŞ Konqresinin Nümayəndələr palatasına üzv seçilib. 1986-cı ildə Arizonadan senator seçilən Makkeyn 1992, 1998 və 2004-cü illərdə təkrarən Senat üzvü olub. O, 2000-ci ildə prezident seçkisinə qatılsa da, ilkin seçkidə kiçik Corc Buşa məğlub olub.
Qeyd edək ki, 2008-ci ilin fevralından ona respublikaçıların ABŞ prezidentliyinə namizədi kimi baxılırdı və dövlət başçısı Buş da məhz Makkeynə dəstək verdiyini açıqlamışdı.
Hazırda Ağ ev rəhbəri postunu tutmağa rəsmi namizəd olan Makkeyn güclü və sərt xarakteri ilə tanınır. O, daim istənilən məsələ ilə bağlı prinsipial mövqeyini ortaya qoyur, özü də bu mövqe partiyadaşların fikri ilə üst-üstə düşmədikdə belə, geri çəkilmir.
Makkeyn xüsusilə immiqrasiya ilə bağlı qanunvericiliyin liberallaşdırılması (müəyyən məhdudiyyətlərlə) və qlobal istiləşməyə qarşı tədbirlərin görülməsinin tərəfdarı kimi tanınır. Bu məsələlərdə onun mövqeyi respublikaçı elektoratın mühafizəkar çoxluğunun mövqeyindən fərqlənir.
Partiyadakı əksər həmkarlarından fərqli olaraq, Makkeyn Senatda eyni cinsdən olan şəxslərin nikahına qadağa qoyulması ilə əlaqədar dəyişikliklərə və stvolovıx hüceyrələrin öyrənilməsi proqramının maliyyələşdirilməsinə qarşı çıxıb.
Bundan başqa, onun abort, ölüm cəzası, sosial təminat problemləri kimi məsələlərə dair mövqeyi də mühafizəkar xarakter daşıyır.
"Ay axmaq, iqtisadiyyat!"
2008-ci ilin əsl seçki kampaniyası yeni, ən vacib mərhələsinə qədəm qoyub. İndi ssenariyə əsasən, kəskin siyasi diskussiyalar başlamalıdır. Növbəti mərhələdə (namizədin seçilməsindən tutmuş, partiya qurultayında "tacqoyma" mərasiminədək) vacib olanı hökumət üçün uyğun platformanın hazırlanmasıdır. Bu gün amerikalılar üçün bir sıra vacib suallar var və səsvermənin nəticəsi də məhz həmin suallara veriləcək cavablardan asılıdır.
Amerikalıları ilk növbədə, təbii ki, ölkə iqtisadiyyatının durumu maraqlandırır. Corc Buşun prezidentliyi dönəmində bu sahədə vəziyyət ən kritik həddə çatıb. Ümumi böhran, işsizlərin sayının artması, xalqın özünə inamının azalması Birləşmiş Ştatlarda baş verənləri xarakterizə etmək üçün əsas faktorlar sayıla bilər.
Amerikalıların həyatının bütün vacib sahələrini resessiya bürüyüb.
Daha bir vacib məqam Vaşinqtonun İran və Fələstin-İsrail münaqişəsi də daxil olmaqla, Yaxın Şərqlə bağlı siyasətidir. İranın nüvə dosyesi ilə bağlı problem də gündəmdə qalmaqdadır. Və hamı anlayır ki, bu ölkə ilə gərginlik regionda yeni xaos, İraqla müqayisədə daha acınacaqlı fəsadlar yarada bilər.
Amerika-Rusiya münasibətləri də narahatlıq doğuran problemlərdəndir: iki ölkə arasında qarşıdurma artıq çoxdan başlayıb.
Ağ ev rəhbəri postunu tutmağa çalışan hər iki namizədin bütün bu məsələlərlə bağlı dəqiq və aydın cavabları olmalı və ən əsası, bu cavablar seçiciləri qane etməlidir.
Lakin istənilən halda, amerikalılar üçün əsas məsələ iqtisadi problemlərdir. "Tayms" qəzeti 1992-ci ildə Klintonun seçki qərargahının divarına yapışdırılmış məktubun mətnini xatırlayır: "Ay axmaq, iqtisadiyyat!"
Etiraf edək ki, bu yazının müəllifi haqlı idi, çünki o vaxt da namizədlər əsas diqqətini digər sahələrə yönəldirdlər, halbuki seçicini ilk növbədə iqtisadi vəziyyət maraqlandırır.
Bu gün də bu problem 16 il əvvəl olduğundan az aktual deyil. Hətta ABŞ-ın hazırkı reallıqlarını nəzərə alsaq, bəlkə də, 1992-ci ildəkindən daha çox aktualdır.
Amma təbii ki, İraq böhranı və orada baş verənlərin İranda da təkrarlanması bütün dünya iqtisadiyyatına birbaşa təsir göstərə bilər.
Yuxarıda qeyd olunan bütün siyasi paketlər kimi.
ABŞ-ın hərbi lobbisinin maraqlarının ifadəçisi kimi, Makkeyn Obamadan daha radikal mövqe nümayiş etdirir. Onun prezident seçiləcəyi təqdirdə Vaşinqtonla Moskvanın münasibətlərindəki gərginlik Buşun rəhbərliyi dönəmindən daha sərt ola bilər. Ağ evin hazırkı rəhbəri "Putinin gözlərinə baxarkən, onun qəlbini gördüyünü" demişdisə, Makkeyn bu fikri dəyişdirərək, Putinin gözündə "üç hərf - DTK" gördüyünü bəyan edib. 2003-cü ildə o bildirmişdi ki, "Amerikanın xarici siyasəti qurularkən nəzərə alınmalıdır ki, bizim ən əsas dəyərlərmizi bölüşməyən Rusiya hökuməti dostumuz, tərəfdaşımız ola bilməz və davranışı ilə özünü bizim düşmənlərimizlə eyni sıraya qoyur".
Makkeynin fikrincə, "Rusiyada demokartiya və bazar kapitalizminə qarşı baş qaldıran siyasət ABŞ-Rusiya münasibətləri üçün təhlükə yaradır və Vaşinqtonla Moskva arasında yeni "soyuq müharibə" erasını bərpa edir".
Makkeyn ABŞ-ın hərbi potensialının gücləndirilməsini, silahlı qüvvələrin sayının artırılmasını və raketdən müdafiə sisteminin (RMS) möhkəmləndirilməsini vacib sayır. Onun fikrincə, "effektiv RMS strateji rəqiblər olan Rusiya və Çin tərəfindən gələ biləcək təhlükədən sığortalanmaq üçün son dərəcə vacib əhəmiyyət kəsb edir".
2007-ci ildə Makkeyn Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasının dəstəklənməsinə dair qanun layihəsinin tərəfdarı kimi çıxış edib.
Obama isə daha yumşaq mövqe nümayiş etdirir. O, İraqdan qoşunların çıxardılması, Rusiya ilə münasibətlərin normallaşdırılması, nüvə arsenalının qarşılıqlı şəkildə məhdudlaşdırılmasının tərəfdarıdır. Bununla yanaşı, Obama İranın İsrailə hücum edəcəyi halda, ABŞ-ın Tehrana lazımi cavab vermək iqtidarında olmasına dair bəyanat da səsləndirir (bu bəyanat daha çox Avropa lobbisinə hesablanıb).
Obama Pakistan prezidenti Müşərrəfin ölkə ərazisindəki terrorçuları zərərsizləşdirməyəcəyi halda, buraya hərbi güc tətbiqinin mümkünlüyünü də bildirir.
Amma istənilən halda, Makkeynin aqressiyasını heç bir vəchlə daha mülayim Obamanın mövqeyi ilə müqa-yisə etmək olmaz.
"Fillər" "ulaqlar"a qarşı
Vaxtilə Hollivudda çəkilmiş bədii filmlərdən birində hansısa qaradərili prezidentliyə namizəd Amerikaya rəhbərlik etmək uğrunda ağdərili rəqiblə mübarizə aparır. Filmdə ABŞ-ın varlı, imkanlı, ömrü boyu bir seçkiyə belə qatılmayan ağ əhalisi afroamerikalı namizədin favorit olduğunu eşidən kimi, öz səslərilə onun seçilməsinə imkan verməmək üçün seçki məntəqələrinə axışırlar. Bəzi ekspertlərin fikrincə, 2008-ci il noyabrın 4-də keçiriləcək prezident seçkisində məhz belə ssenarinin yaşanacağını istisna etmək olmaz.
İndiyədək passiv olmuş çoxsaylı ağdərili seçiciləri məhz bu faktorun hərəkətə gətirəcəyi və səslərin hesablanması zamanı məhz bu amilin həlledici olacağı istisna deyil. Unutmaq olmaz ki, ABŞ əhalisinin cəmi 10%-dən bir qədər artığı qaradərilidir.
Düzdür, Obama heç zaman özünü məhz bu qəbildən olan insanların təmsilçisi kimi təqdim etməyib və daim irqçi suallardan yayınıb. O, heç zaman qaradərililərin hüquqları uğrunda mübarizə aparan ictimai hərəkatlara qatılmayıb. Mətbuat isə hətta belə bir informasiya ortaya çıxarıb ki, Obamanın ana tərəfdən əcdadı quldar olub.
Obamanın atasının keniyalı müsəlman olduğu da daim xatırladılır. Hətta İnternetdə Üsamə Ben Ladenin Barak Obamanın sifəti ilə montaj edilmiş şəklini asanlıqla tapmaq olar.
Bundan başqa, Obama və Klinton, faktik olaraq, Demokratlar Partiyasını iki hissəyə parçalayıblar. Unutmaq olmaz ki, Obama ilkin seçkidəki qələbəni ən sonuncu mərhələdə əldə edib və rəqibi qarşısında ciddi üstünlük qazana bilməyib. Bu səbəbdən də Klintonun hələ də sakitləşməyən tərəfdarlarının onunla acı zarafat edə biləcəyi ehtimalı var. Xanım Klintonun vitse-prezident postuna namizəd olacağı söylənilsə də, buna inanmaq çətindir: o, həddindən artıq iddialıdır və amerikalılar onların tandeminin mümkünlüyünə inanmırlar.
Makkeynin də "problemləri" az deyil. Elə təkcə onu demək kifayətdir ki, o, xalqın gözündən düşmüş Respublikaçılar Partiyasının namizədidir. Seçicilər demokrat Bill Klintonun prezidentliyi dövründə güclü iqtisadi artım olduğunu, onun ardınca isə Buş dönəmində tənəzzülün yaşandığını yaxşı anlayırlar. Və hələ məlum deyil ki, 11 Sentyabr terrorunun ardınca başlamış antiterror əməliyyatı olmasa idi, xalq ikinci dəfə Corc Buşa səs verəcəkdi, ya yox...
Təbii ki, Makkeyn özünü respublikaçıların hazırkı imicindən kənar tuta bilməyəcək. Görünür "fillərin" (Respublikaçılar Partiyasının rəmzi) prezidentliyə hazırkı namizədinin arabir Corc Buşun ünvanına hücum çəkməsi, bir çox məsələlərdə onun siyasəti ilə razı olmadığını nümayişkaranə şəkildə bəyan etməsi məhz bununla əlaqədardır.
İstənilən halda, Makkeynin partiyanın, hərbi-sənaye lobbisinin dəstəyinə ehtiyacı var və deməli, o, sona qədər radikal olmağa məhkumdur.
Amma bütün bunlar Makkeynə kömək edəcəkmi? Son parlament seçkilərində Demokrat Partiyasının qələbəsi respublikaçıların nikbinliyini daha da azaldır. Bu seçkilər göstərdi ki, amerikalılar "yırtıcı filin" siyasətindən beziblər və problemlərini Demokratlar Partiyasının rəmzi olan "ulağ"ın belinə qoymaq istəyirlər...
Bu gün hələ heç kəs proqnozlaşdıra bilməz ki, qarşıdan gələn seçkilərdə gənc qaradərili islahatçı Obama, yoxsa böyük həyat təcrübəsinə malik olan, qocaman döyüşçü Makkeyn üstün olacaq. Bu məsələdə çox şey onların arasındakı açıq debatlardan asılı olacaq: seçiciləri daha çox inandıra bilən və simpatiya qazanacaq namizəd sonda qələbəni əldə edəcək.
İndiyədək öz partiyadaşlarının səsi uğrunda mübarizə aparan bu namizədlər, bundan sonra artıq bütün Amerika xalqının dəstəyini qazanmalıdırlar.
Yəqin ki, bu kampaniya zamanı jurnalistlər də sakit oturmayacaq və hər iki namizədin "şkaf"ından hələ çox "skelet" çıxaracaqlar.
Bütün bunlarla yanaşı, inzibati resurslar məsələsini də unutmaq olmaz. Bəzilərinin iddiasına görə, məhz bu resurs - səslərin əlavə hesablanması zamanı həyata keçirilmiş saxtakarlıq Buşa təkrar Ağ evə rəhbərlik etmək imkanı verib.
Bu hadisələrin təkrarlanması mümkündürmü?
Bilmək olmaz. Amma istənilən halda, hazırkı seçki marafonu artıq öz qeyri-adiliyi ilə ABŞ tarixinə düşüb.
Və bu hələ başlanğıcdır...
MƏSLƏHƏT GÖR: