VİOLONÇEL ÜÇÜN MUĞAM
Eldar İsgəndərov: "Mənim bir arzum var - Azərbaycanda violonçel ifaçılığını elə səviyyəyə qaldırım ki, Bakıda violonçel ifaçılarının beynəlxalq müsabiqələri, festivalları keçirilsin"
Müəllif: Elya ƏNVƏRLI Bakı
Elə insanlar var ki, yaradıcılıq sahəsində yorulmadan çalışır, bu zaman gördükləri işin tarix tərəfindən mükafatlandırıla biləcəyini ağıllarına belə, gətirmirlər. Bu insanlar özlərini həsr etdikləri yaradıcılığı o qədər sevir və qiymətləndirirlər ki, sanki, yaradıcılığın içərisində əriyib gedirlər. Azərbaycanın Xalq artisti, violonçel ustası Eldar İsgəndərovu tam əminliklə işinin fanatı olan bu cür insanlara aid etmək mümkündür. Hazırda o, Türkiyədə yaşayır və İstanbul Dövlət Konservatoriyasının professorudur. İsgəndərov "Azərbaycanın yeddi klassik muğamı" kitabının müəllifidir. Ümumiyyətlə, Azərbaycanın violonçel məktəbi dünyada tanınmış məktəbdir. Bu, yalnız ata və oğul Rostropoviçlərin, azərbaycanlı violonçel müəllimləri İsaak Turiç, Vladimir Anşeleviç, həmçinin Sabir Əliyevin hesabına deyil. Burada Eldar İsgəndərovun da rolu var. Əməkdaşımız bu violonçel ustasının sıx iş qrafikinə rəğmən, onunla görüşüb söhbətləşməyə müvəffəq olub.
- Bir qədər özünüzdən, ailənizdən, müəllimlərinizdən danışın. Musiqiçi ailəsində doğulmusunuz?
- Xeyr. Atam Hüseyn İsgəndərov avtomobil nəqliyyatı naziri, daha sonra MK-nın katibi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin rəhbəri olub. Anam Suğra Qayıbova Azərbaycanın ilk qadın deputatlarından idi. O, staxanovçu-neftçiydi. Yeri gəlmişkən, o, Lenin ordenini şəxsən Kalininin əlindən almışdı. Bir sözlə, valideynlərim fəaliyyət sahələrinə görə, incəsənətdən çox uzaq adamlar olublar. Lakin onlar incəsənət ruhlu insanlar idilər - evimizdə hər zaman klassik musiqi, balet səslənib, rəsm əsərləri olub...
Müəllimlərimə gəlincə, onillik musiqi məktəbində ilk dərslərimi Vladimir Sezareviç Anşeleviçdən almışam. Onun əsas işi alətlərdə ifanın texniki baxımdan təkmilləşdirilməsi idi. Sonra 2 il ərzində ustadım İsaak Turiç olub. O, öz növbəsində 40-cı illərdə konservatoriyamıza Üzeyir Hacıbəyov tərəfindən dəvət edilmiş məşhur Semyon Kozolupovun tələbəsi idi. İfaçılığın əksər sirlərini məhz Turiçdən öyrənmişəm, hər bir musiqi əsərinin ifasına dərrakə ilə yanaşmağı ondan qavramışam. Qısa zamanda onun rəhbərliyi ilə saysız-hesabsız violonçel ədəbiyyatını təkrar-təkrar ifa etmişəm. Nəhayət, əla violonçel ustası, böyük ürəyə sahib insan olan Sabir Əliyev. 7 il məktəbdə, daha sonra isə konservatoriyada onun tələbəsi olmuşam. Ona olan sevgim, minnətdarlığım ömrümün sonunadək davam edəcək... Müəllim həyatı hər zaman bitməyən sonatadır. Onu tələbələrin davam etdirməsi vacibdir. Sabir müəllimin vaxtsız vəfatından sonra bu borcuma hər zaman əməl etməyə çalışmışam... Mən məhz onun sinfində oxuyan zaman ifaçı-musiqiçilərin Zaqafqaziya müsabiqəsinin qalibi olmuş, Ümumittifaq violonçelistlər müsabiqəsinin Fəxri fərmanını qazanmışam.
Daha sonra, Bakı Konservatoriyasını bitirdikdən sonra, P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında möhtəşəm professor Tatyana Priymenkodan dərs almışam. Etiraf edib ki, müəlliflərimlə bağlı bəxtim hər zaman gətirib.
- İfaçılıq və müəllimlik fəaliyyətilə yanaşı, həm də violonçel üçün Azərbaycan musiqi əsərlərindən ibarət məcmuələr çap etdirirsiniz. Qərbin musiqi alətləri özünəməxsus Şərq musiqisinin mükəmməl ifaçı üçün nə dərəcədə yararlıdır?
- Bəli, solo violonçel üçün "Azərbaycanın yeddi klassik muğamı" məcmuəsində mənə doğma olan alətin texniki imkanlarını maksimum nümayiş etdirməyə çalışmışam. Pissikato, qlissando, flajolet, ikili notlar... Hələ Üzeyir Hacıbəyov muğamın Avropa alətləri üçün uyğunlaşdırılmasının vacibliyindən danışırdı. Bu alətlər texniki imkanları, tembrlik baxımdan çox zəngindir. Hacıbəyov ən uyğun alətlər kimi ilk növbədə truba və trombonu göstərirdi. Onlar aydın, şeypur səslərilə "Rast" muğamının ifası üçün əladırlar. Valtornanın yumşaq səsi, faqotun bəm dərin tembri isə "Şur" muğamının səslənməsini, xarakterini əla çatdırır. Kamançaya ən yaxın alət skripkadır. Onun özünəməxsus xoş, aydın səsi, hər siminin xüsusi tembri sayəsində "Segah" skripkada əla səslənir. Alt daha qəmgin, bir qədər tutqun boğuq səsi ilə "Çahargah" muğamının səsləndirilməsi üçün çox yaxşıdır. Violonçel isə nadir məftunedici, sehirli səsi, gözəl tembri ilə sanki "Şüştər", "Bayatı-Şiraz" və "Humayun" muğamları üçün yaranıb... Azərbaycan xalq musiqisinin araşdırmaçısı, professor Məmməd Saleh İsmayılov obrazlı olaraq muğam dəsgahını musiqi məbədi adlandırıb. Dəsgahı formalaşdıran "bölmə"lər və "guşə"ləri o, məbədin qolları ilə müqayisə edib, onun ifası zamanı istifadə olunan müxtəlif melizmlər isə özünəməxsus "memarlıq" dekoru adlandırıb. Lakin, istənilən məbədin öz əzəmətini qoruması üçün gec-tez bərpa olunmalıdır. Muğam da bu mənada istisna təşkil edə bilməz.
Kitablara gəlincə, ilk dəfə olaraq "Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün yazılmış əsərləri" iki cilddə, "Yeni başlayanlar üçün iki violonçelin dueti", "Violonçeldə ilk addımlar" kitabları da nəşr olunub. Bu kitabların təqdimatı Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində keçirilib və böyük maraqla qarşılanıb. Orada gənc violonçeolistlər çıxış ediblər.
- Görkəmli musiqiçilər Niyazi, Mstislav Rostropoviçlə ünsiyyətiniz olub. Onları necə xatırlayırsınız?
- Mən Niyazinin rəhbərlik etdiyi simfonik orkestrdə çıxış etmişəm. Onun sehrli əllərini xatırlayıram. Çıxış zamanı adam aramsız olaraq bu əlləri seyr edir və özünü unudurdu. Pərəstiş etdiyim Rostropoviçə isə Mədəniyyət Nazirliyinin xahişi ilə öz alətimi hədiyyə də etmişəm. Bu, onun Bakı səfərlərindən biri zamanı baş verib. Konsertin texniki baxımdan çətin epizodlarının öhdəsindən gəlməyimdə Rostropoviçin mənə göstərdiyi yardımı heç zaman unutmaram. O mənə ifanı dayandırmadan fleyta partiyasını oxumağı məsləhət görmüşdü. Nəticədə, texniki baxımdan hər şey öz qaydasında getmişdi. O, bu cür dahi insan idi. Rostropoviç işinin sıxlığına baxmayaraq, orkestrlə məşqlərə, ustad dərslərinə vaxt tapır, 5 axşam ərzində 10 möhtəşəm konsertdə çıxış edə bilirdi. Üstəlik, bu zaman əsərlərdən heç biri təkrar olunmurdu. Fenomenallıq!
- Sizin "üç dəniz" adlanan orkestrdə də çıxış etdiyiniz bəllidir. Bu haqda ətraflı danışardınız...
- Tekfenovski "birləşmiş dostluq orkestri"ndə dünyanın 23 ölkəsindən ən yaxşı musiqçilər toplanıb. Orada hər bir musiqiçi solistdir və orkestrin solistliyini həyata keçirə bilər. Bu orkestr üçün məşhur bəstəkarlar tərəfindən xalq alətləri də daxil olmaqla, əsərlər bəstələnir. Müxtəlif musiqiçilərlə ünsiyyətdə olur, təəssürat və not mübadilələri aparırsan. Bir sözlə, musiqiçlər arasında əsl dostluq. Əvvəlcə sizə repertuarla tanış olmanız üçün notlar göndərilir, daha sonra, adətən, İstanbulda görüşür, məşq edir və qastrola çıxırıq.
- Siz Fikrət Əmirov, Əşrəf Abbasov, Sevda İbrahimova, Azər Rzayev və digər Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmusunuz. Plastinkalar, disklər, saysız-hesabsız qastrollar: Azərbaycan, MDB ölkələri, Fransa, Yaponiya, ABŞ, Türkiyə, İspaniya, İngiltərə... Sadalamaqla bitməz... Telemanı, Vivaldini, Qaydanı, Çaykovskini, Messianı, Sayqunu, Şostakoviçi özündə birləşdirən repertuar... Bir çox məşhur bəstəkarların, o cümlədən Mosartın, Paqanininin, Qara Qarayevin bir çox böyük əsərləri sizin tərəfinizdən violonçel üçün işlənib... Bütün bunlara vaxtınız necə çatır?
- Buraya müəllimlik fəaliyyətini də əlavə edə bilərsiniz... Məşğul olduğum işlər həyatımın əsas mənasını təşkil edir. Nəyisə güclü sevirsənsə, sevdiyinizə xidmət göstərmək asan və... dadlı olur. Məsələn, Türkiyədə musiqi sənətinə, xüsusilə violonçelə böyük maraq var. Yəqin ki, məcmuələrimi də Azərbaycan əsərlərindən ibarət violonçel repertuarının böyüməsi üçün nəşr etdirirəm və bir sıra hallarda bunu öz vəsaitim hesabına edirəm. Məqsədim bu gözəl musiqi alətinin və Azərbaycan musiqisinin gözəlliyini, mükəmməlliyini bütün musiqiçilərə nümayiş etdirməkdir.
- Belçika və Hollandiyaya, Fransa və İngiltərəyə, Almaniya və İspaniyaya, Yaponiya və ABŞ-a qastrollar zamanı ən nüfuzlu zallarda çıxışlar etmisiniz. Yəqin ki, həmin konsertlər zamanı oxuculara gülməli gələ biləcək qeyri-adi hallar da yaşanıb. Musiqiçilər belə hallar haqda danışmağı çox sevirlər...
- Simli kvartetlə xaricə qastrol səfərləri edən zaman həmişə 4 deyil, 5 aviabilet alırıq. Onlardan biri violonçel üçün nəzərdə tutulur. Sovet İttifaqı dövründə bizə endirimlər edilirdi, amma bu endirim nədənsə violonçelə aid olmurdu. Bunun səbəbini soruşan zaman belə cavab almışdıq: o, SSRİ vətəndaşı deyil. Əvəzində geri qayıdan zaman Londonun Xitrou aeroportunda məndən xanımımın harada olduğunu soruşmuşdular və mən cavab olaraq violonçelin futlyarını göstərmişdim. Sonra onlar aləti təyyarəyə buraxmaq istəmir, bunu onun missis Violonçel yox, çello (orada violonçel belə adlandırılır) olması ilə əsaslandırırdılar.
- Zarafat öz yerində, bəs, ciddi danışsaq, hansı planlarınız, layihələriniz var?
- Polşada konsert planlaşdırılır, Paqanininin iki gitara və violonçel üçün sonatalarından ibarət əsərini bitirmək üzrəyəm. Türkiyədə keçiriləcək gitara festivalında mən və tələbələrim bu əsri ifa edəcəyik.
- Siz işinizin fanatısınız. Özünüzü xoşbəxt insan sayırsınızmı?
- Hər şeyə çətinliklə nail oluram. Lakin hər zaman başladığım işi başa çatdırmağa çalışıram. Bir arzum var - Azərbaycanda violonçel ifaçılığını elə səviyyəyə çatdırım ki, Bakıda violonçel ifaçılarının beynəlxalq müsabiqələri, festivalları keçirilsin. Bunun üçün çalışıram, bakılı musiqiçilərə kömək edirəm, ustad dərsləri keçir, violonçel üçün orijinal əsərlər hazırlayır, azərbaycanlı müəlliflərin yeni əsərlərini redaktə edirəm.
- Peşəkar musiqi fəaliyyətilə yanaşı, eyni peşəkarlıqla dama (idman ustalığına namizəd), dağ turizmi, filateliya, publisistika ilə də məşğulsunuz.
- Fikrimcə, hər bir yaradıcı şəxsiyyət vaxtaşırı məşğuliyyət sahəsində müxtəliflik etməlidir. Bu halda dünyanı sağlam şəkildə dərk edə bilirsən.
- Ən çox hansı bəstəkarın əsərlərini ifa etməyi xoşlayırsınız?
- İ.S. Baxın... Bu, ciddi, eyni zamanda mükəmməl musiqidir. Mənim üçün Baxda ən vacib olanı onun müasirliyidir. Onun müasirliyi musiqilərində təsadüflərin, ötəriliyin olmamasındadır. Baxın hissləri gələcəyə yönəlib və bu üzdən də onun musiqisində üfiq görünmür.
- Fikrinizcə, ifaçı üçün ən vacibi nədir?
- Səmimilik.
- Gənc musiqiçilərə tövsiyələriniz?
- Müəlliflərinizə dəyər verin, ev tapşırıqlarını ağılla həyata keçirin. Çünki zəhmətkeşlik də istedaddır. Çalışmaq, yenə də çalışmaq.
- Filarmoniya səhnəsinə 100 violonçel ifaçısı çıxarsa, nə deyərdiniz?
- Çox təəccüblənər və sevinərəm. Xüsusilə onların hər biri virtouz solist olarsa və təbii ki, əksəriyyəti də azərbaycanlı olarsa. Bu halda sevimli müəllimim Sabir Hüseynoviç Əliyev kimi, mən də violonçelistlər ansamblı yaradardım.
MƏSLƏHƏT GÖR:



210

