
XƏZƏR REGİONUNDA YENİ OYUNÇU
Çin Mərkəzi Asiya ölkələrilə əməkdaşlığı gücləndirir
Müəllif: Rövşən İBRAHİMOV, politoloq Bakı
Çin Xalq Respublikasının yeni sədri Si Tszinpinin Mərkəzi Asiyaya turnesi Pekinin bu regiona olan marağının bariz gös-
təricisi sayıla bilər. İndiyədək Çin liderlərindən hansınınsa sözügedən regiona bu dərəcədə dolğun səfərini xatırlamaq çətindir. Si Tszinpin sentyabrın 3-dən 13-dək Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda olub, hətta "Böyük iyirmilik" ölkələrinin Sankt-Peterburqda keçirilən sammitinə, həmçinin Bişkekdə təşkil olunmuş Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına da qatılıb. Onun səfəri dolğun olmaqla yanaşı, həm də kifayət qədər məhsuldar keçib.
Çin rəhbəri ilk olaraq Türkmənistana baş çəkib. İkigünlük səfər çərçivəsində o, "Qalkınış" yatağında təbii qazın hasilatı və işlənməsini həyata keçirəcək kompleksin istifadəyə verilməsi mərasiminə qatılıb. Bu yataq ehtiyatının həcminə görə yalnız Yaxın Şərqin ən böyük yatağı olan Cənubi Farsdan geri qalır. Qeyd edək ki, Çin bu yatağın işlənməsinə 8 milyard dollar ayırıb. Bundan başqa, tərəflər arasında Türkmənistan qazının Çinə ixracının 2014-cü ildə 40 milyard kubmetrədək artırılmasına dair müqavilə imzalanıb. Bu, Türkmənistan-Çin qaz kəmərinin üçüncü xəttinin tikilib istifadəyə verilməsindən sonra baş tutacaq. Tərəflər boru kəmərinin dördüncü xəttinin tikintisinə dair də razılaşma imzalayıblar. Bu halda 2020-ci ildə Türkmənistan qazının Çinə ixracı 65 milyard kubmetrədək artırıla bilər.
Qısa müddətə Mərkəzi Asiyanı tərk edən Tszinpin Sankt-Peterburqda "Böyük səkkizlik" ölkələrinin sammitinə qatılıb. Üstəlik, onun səfəri yalnız iki gün ərzində dünyadakı böhran və postböhran dövründəki maliyyə-iqtisadi problemlərin müzakirə olunduğu qlobal forumda iştirakla məhdudlaşmayıb. Burada çinlilərin fəallığı Rusiya ilə ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində də özünü göstərib. "Qazprom" və Çinin CNPC şirkəti arasında Rusiyadan Çinə şərq marşrutu üzrə təbii qaz ixracının əsas şərtləri haqqında razılaşma imzalanıb. Tərəflər ixracın başlama vaxtı və həcmini, zəmanətli ödənişin səviyyəsini, sərhəddə qazın təhvil verilmə nöqtəsini və digər məqamları da razılaşdırıblar.
Çinin qızğın fəaliyyəti Qazaxıstanda da davam edib. Tszinpinin bu ölkəyə səfəri çərçivəsində Çinlə Qazaxıstan arasında imzalanmış razılaşmaya əsasən, KazMunayQaz ölkənin ən nəhəng neft yatağı olan Kaşaqandan CNPC şirkətinə 8,3%-lik pay satıb. Razılaşmanın dəyəri 5 milyard dollar civarındadır. Bundan başqa, Çin şirkəti Aktauda boru zavodu və neft qurğularının istehsal olunacağı sənaye kompleksi tikəcək.
Ümumilikdə tərəflər 2020-ci ilədək olan dövr üçün 20-dən artıq la-yihəni razılaşdırıblar. Onların ümumi dəyəri 18 milyard dollara çatır.
Çin sədrinin Özbəkistana səfəri isə tərəflər arasında ümumilikdə 15 milyard dollar dəyəri olan layihələrin reallaşdırılması üzrə 31 sənədin imzalanması ilə yadda qalıb. Hər iki tərəf Özbəkistan-Çin qaz kəmərinin inşası və istismarına da vacib strateji əhəmiyyət verir. Onların imzaladıqları protokolda onun ildə 30 milyard kubmetr ötürücülük qabiliyyəti olan dördüncü xəttin çəkilməsi nəzərdə tutulub. Çinlə Özbəkistan Anqren-Pap dəmir yolu xətti üzərində aşırım tunelinin inşasını da razılaşdırıblar. Bu, Çindən Cənubi Asiya ölkələrinə birbaşa çıxışı təmin edəcək. Razılaşma Çin-Qırğızıstan-Özbəkistan marşrutunun tərkib hissəsidir.
Yeri gəlmişkən, bu dəmir yolunun çəkilişi mövzusu Tszinpinin Bişkekə səfəri zamanı da aktual olub. Çin sədri Sankt-Peterburqda olduğu kimi, Bişkekdə də yalnız sammitdə iştirakla kifayətlənməyib və tərəflər arasında ikitərəfli münasibətlərin inkişafına dair danışıqlar olub.
Tszinpinin Qırğızıstana səfəri 3 milyard dollarlıq müqavilələrin imzalanması ilə yadda qalıb. Onların arasında Qırğızıstan-Çin qaz kəmərinin çəkilişinə dair razılaşma da var. Bu boru xətti Türkmənistandan Çinə uzanacaq qaz kəmərinin tərkib hissəsi olacaq.
Ümumilikdə, Çin nümayəndə heyətinin Mərkəzi Asiya ölkələrinə və Rusiyaya səfərlərə yüksək səviyyədə hazırlaşdığını söyləmək mümkündür. Səfərlər zamanı çoxlu sayda strateji xarakterli vacib sənədlər imzalanıb. Onlar Çinin Mərkəzi Asiya ölkələrinə münasibətdə xarici siyasi kursunu müəyyənləşdirəcək. Pekinin Moskva ilə imzaladığı razılaşmaya da bu konteksdə baxmaq olar. Çinin beşinci nəsil rəhbərliyinin Mərkəzi Asiya ölkələrilə münasibətləri daha fəal şəkildə qurmağa başladığı göz qabağındadır. İndi onların arasında əlaqələr daha sürətlə və daha əzmlə formalaşmağa başlayıb. Əlbəttə, bu münasibətlərin əsası çoxdan qoyulub - bu dövlətlərlə sərhədlərin müəyyənləşdirilməsində fikir ayrılıqları aradan qaldırılıb, ticarət münasibətləri qurulub, regiona investisiyalar yatırılıb.
Amma, ümumilikdə, Çinin bu region dövlətlərilə münasibətlərində müəyyən təmkinlilik hökm sürürdü. Burada əsas nüfuz sahibi kimi Mərkəzi Asiyanı özünün yaxın xarici adlandıran və siyasətini buna uyğun şəkildə quran Rusiya göstərilirdi. Çinin regiondakı əsas prioriteti isə ölkələrlə ticarət əlaqələrinin qurulmasıdır. Məqsəd həmsərhəd əyalətləri inkişaf etdirmək, Mərkəzi Asiyadan Sinszyan-Uyğur Muxtar rayonuna separatçı əhvali-ruhiyyənin mümkün keçidini önləməkdir.
Bu bölgə ilə bağlı siyasətin vacib məqamlarından biri orada ABŞ-ın mövcudluğunu artırmasının əngəllənməsidir. Çin ABŞ-ın onun sərhədlərində mövcud olmasını heç bir halda istəmir. Bu durum onu ABŞ-ın regiona gəlişinin əleyhinə olan daha bir fövqəldövlət - Rusiya ilə yaxınlaşdırır. Bu ölkələrin birgə səylə Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) yaratması da məhz bununla əlaqədardır. Mərkəzi Asiyanın Türkmənistan istisna olmaqla, bütün ölkələri bu təşkilatda yer alır. Çin üçün ŞƏT-ə üzvlük həm də "üç şər qüvvə" ilə mübarizədə səylərin birləşdirilməsidir. Çinlilər terror, ekstremizm və separatçılığı belə adlandırırlar. İndi bu mübarizə region ölkələrilə ikitərəfli münasibətlərin dərinləşməsinə dair danışıqların əsas mövzularından birinə çevrilib.
Göründüyü kimi, Çin artıq əsası qoyulmuş sütunlar üzərində münasibətləri fəallaşdırır. Pekin mövcudluğunu artırır, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi vasitəsilə özünün bu ölkələrlə siyasi əlaqələrini də gücləndirir. Bununla yanaşı, Çin təhlükəsizlik məsələsinə xüsusi diqqət ayırır, bununla da, sanki Rusiyaya burada üstünlüyün ona malik olduğunu nümayiş etdirir. Maraqlıdır ki, Pekinin Mərkəzi Asiya ölkələrilə enerji layihələrində fəal iştirakı ona Rusiya ilə bu ölkədən neft və qaz idxalına dair sövdələşmələrdə özünü daha rahat hiss etməyə imkan verir, qiymətin aşağı salınmasına köməklik göstərir. Çin Mərkəzi Asiya ölkələrindən karbohidrogenlərin nəqlinə başlamasaydı, Rusiya ilə danışıqlar zamanı bu cür əzmkar ola bilməzdi. İndi Pekin öz tələblərini daha əminliklə irəli sürür.
Çin Rusiyanın fəaliyyət istiqamətini müəyyənləşdirməsi və ABŞ-la Aİ-nin bu regiona nisbətən laqeydliyi nəticəsində yaranmış boşluğu aydın hiss edir və onu uğurla doldurur. Bununla yanaşı, bu taktika reallığı olduğu kimi qəbul etməklə yanaşı, münasibətlərin qurulduğu sahələr müəyyənləşdirilərkən, praqmatikliyin əsas götürülməsinə söykənir. Onun Mərkəzi Asiya ölkələrilə əməkdaşlıq mənzərəsi də dəqiq işlənib: Çin ona bütöv kimi baxır, nəqliyyat infrastrukturu yaratmaqla dövlətlərarası layihələr həyata keçirməyə çalışır. Bununla da, region dövlətlərilə perspektivdə əməkdaşlıq etmək üçün şərait əmələ gəlir.
Daha bir vacib amil Çinin bir sıra nəhəng layihələrin reallaşdırılması ilə əlaqədar olaraq, Xəzər dənizi regionuna da fəal şəkildə müdaxiləsidir. Söhbət yeni müstəqil dövlətlərin yaranması ilə Qərbə tərəf istiqamət almış bir regiondan gedir. Çin liderinin son turnesi göstərir ki, Pekin Xəzərdə vacib oyunçuya çevrilir və o, Xəzəryanı ölkələrdə mövqelərini mümkün qədər gücləndirməyə çalışacaq.
Perspektivdə Çinin Azərbaycana da çıxacağı, enerji və nəqliyyat sektorlarında bəzi inteqrasiya üçün zəmin yaradacağı istisna deyil. Beləliklə, Çin Rusiya və Qərbin əldə edə bilmədiyinə nail ola bilər. Amma bu, perspektivə aid prosesdir. Hələliksə Tszinpinin səfərini son dərəcə uğurlu hesab etmək olar. Bundan sonra, Mərkəzi Asiya ölkələri psixoloji baxımdan bu ölkənin bölgədə fəallığını qəbul etməyə hazırdırlar. Bu, cəmi bir neçə il əvvəl son dərəcə mübahisəli görünən bir fenomendir. İndi imzalanmış müqavilələrə əməl olunmalıdır. Bu işdə, əslində, heç bir çətinlik olmamalıdır.
MƏSLƏHƏT GÖR: