
GÖRÜNMƏYƏN SON
Münaqişənin həlli prosesində hələ ki, irəliləyiş görünmür
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatıBakı
Azərbaycan və bütünlükdə region üçün Dağlıq Qarabağ münaqişəsi mövzusu aktuallığını heç vaxt itirmir. Lakin son zamanlar bu haqda danışmaq üçün informasiya baxımından bəhanə elə çox deyil. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların növbəti dəfə dalana dirənməsindən sonra nizamlama prosesində bitib-tükənmək bilməyən pauza müşahidə edilməkdədir. Minsk qrupu həmsədrlərinin, heç olmasa, XİN başçıları səviyyəsində dialoqun bərpası istiqamətindəki ürəksiz cəhdləri hələ ki, nəticə vermir. Eyni zamanda, Ermənistanda və yaxın günlərdə prezident seçkisinin keçirilməli olduğu Azərbaycandakı daxili siyasi vəziyyət də danışıqların bərpasına imkan verməyən amillərdəndir. Dünyanın fövqəldövlətlərinə gəlincə, onların diqqəti hər tərəfdə tüğyan edən iqtisadi və maliyyə böhranının aradan qaldırılmasına, Misirdə, Suriyada yaşanan münaqişələrə yönəlib. Bütün bunlar hər an partlaya biləcək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və regional si-yasətdə arxa plana keçməsinə səbəb olub. Şübhəsiz ki, Bakı yaranmış vəziyyətlə barışa bilməz. Bu üzdən o, Azərbaycanın tərəfdaşı olan dövlətlərin liderləri ilə ikitərəfli danışıqlarda məsələni fəal şəkildə gündəmə gətirməklə yanaşı, dost ölkələrin parlamentlərində və beynəlxalq təşkilatlarda Bakıya dəstəyin artırılması istiqamətində də çalışır. Azərbaycan diplomatlarının və diasporunun səyi nəticəsində Meksika, Kolumbiya, Pakistan, Çexiya, Rumıniya, Macarıstan, Almaniya, İtaliya parlamentlərində, həmçinin ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında, İslam Əməkdaşlıq Təşkilatında ermənilərin Xocalıda törətdikləri soyqırımını pisləyən qətnamələr qəbul olunub. Həmin sənədlərdə Ermənistandan Azərbaycan ərazilərinin işğalına son qoyulması tələb edilir. Bununla eyni zamanda Azərbaycan Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində də ardıcıl işlər görülür. Bu işlərin nəticəsi 2013-cü ilin yayında keçirilən paradda nümayiş olundu. Söhbət ordu üçün alınmış yeni hərbi texnikalardan, güclü və uzaqmənzilli reaktiv qurğulardan, hərbi təyyarələrdən, vertolyotlardan, HHM vasitələrindən, müasir tanklardan və zirehli maşınlardan gedir.
Ermənilər isə öz növbələrində xarici parlamentarilərin, jurnalistlərin, tanınmış musiqiçilərin, yazıçıların toplanaraq, bəzən isə aldadılaraq Dağlıq Qarabağa aparılması ilə separatçı rejimin guya beynəlxalq aləm tərəfindən tanınması prosesinin getdiyinə dair xülyalar qururlar. Ermənistan KİV Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsinin mümkünlüyü, yaxud Xocalıda bərpa olunmuş, lakin Azərbaycanın qoyduğu qadağa üzündən fəaliyyət göstərməyən aeroportun KTMT-nin hərbi-hava bazası kimi istifadəsi ehtimalına dair reallıqdan uzaq, bəzən isə tamamilə sayıqlama olan xəbərlər yayır.
Serj Sarqsyan sözügedən aeroportun açılması mövzusunu növbəti dəfə KTMT-nin Soçi sammitində qaldırmağa çalışıb. Lakin erməni mənbələrinin öz iddialarına görə, Rusi- yanın müdafiə naziri Sergey Şoyqu ondan məsələni şişirtməməsini istə-yib. Sarqsyan KTMT üzvü olan həmkarlarının əksəriyyətini müttəfiq Ermənistanın deyil, Azərbaycanın mövqeyini dəstəkləməkdə günahlandırıb, onların bu dəstəyi həm ikitərəfli münasibətlərdə, həm də müxtəlif beynəlxalq forumlarda ortaya qoyduqlarını bildirib. Lakin Ermənistan prezidentinin bu qınağına məhəl qoyan olmayıb.
Ermənistanda maddi-iqtisadi çətinliklər xroniki xarakter almışdısa, indi bu problemlər onun tərifli ordusunda da hiss olunmaqdadır. Ermənistan silahlı qüvvələrinin Azərbaycana sinə gərmək iqtidarında olduğuna dair həvəsləndirici bəyanatlara baxmayaraq, əslində hər şey əksinədir. İndi İrəvanda bu məsələdə daha çox Rusiyanın təhlükəsizlik zəmanətinə ümid bəsləndiyini inkar etmirlər. Rusiya prezidenti Vladimir Putin Serj Sarqsyana İrəvanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzalayacağı təqdirdə, ermənilərin Moskvanın dəstəyini tam itirəcəyinə dair xəbərdarlıq da etmişdi ki, Sarqsyan dərhal ölkəsinin Gömrük İttifaqına qoşulmağa hazır olduğunu açıqladı. İndi o, ölkəsini Rusiyanın təşəbbüsü olan Avrasiya İttifaqına inteqrasiya etməyə də hazır olduğunu bildirir.
İrəvanın bu tələm-tələsik verdiyi qərarın Aİ üzvlərində məyusluq yaratdığı, Ermənistanın vacib xarici siyasi qərarları suveren şəkildə qəbul etmək bacarığına şübhələri daha da artırdığı bəllidir. Ümumilikdə, Ermənistanın Gömrük İttifaqına üzv olmağa razılıq verməsindən sonra, Ermənistanın və onun hazırkı rəhbərliyinin beynəlxalq aləmdə mövqeləri nəinki güclənməyib, əksinə, daha da zəifləyib.
İrəvanda nəşr olunan "Joxovurd" qəzetində bu günlərdə dərc olunmuş məqalələrin birində deyilir: "Ermənistan xarici siyasətdə istiqamətini dəyişərək sürətlə Rusiyaya - Gömrük İttifaqına tərəf hərəkət etsə də, Vladimir Putinlə Serj Sarqsyanın münasibətlərində, heç olmasa, publika qarşısında belə heç bir yaxınlaşma hiss olunmadı. Putinlə Sarqsyan Moskvada erməni kilsəsinin açılışında da görüşmədilər. Putin mərasimə qatılmadı. Məlum oldu ki, Putin KTMT-nin Soçi sammitində də Sarqsyanla görüşməyib. Halbuki, həmin tədbir çərçivəsində o, Qırğızıstan prezidenti Almazbek Atambayev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə xüsusi danışıqlar aparıb. Maraqlıdır, "Putin Sarqsyandan niyə qaçır?". Bu sualın cavabı aydındır. Rusiyanın ya "forpostu", ya "eksklavı" adlandırılan dövlətin lideri ikili oyun apararkən (eyni vaxtda Moskva və Brüssel ilə) ifşa olunubsa, o, başqa münasibətə layiq də deyil.
Rusiyanın loyal münasibət qarşılığında Ermənistanı subsidiyalaşdıracağı, ona böyük həcmdə pulsuz silah-sursat verəcəyi (onun bir hissəsini şübhəli "alıcılar"a satmaq da mümkündür), ən başlıcası isə Qarabağ münaqişəsinin ermənilərin maraqlarına uyğun həllinə köməklik göstərəcəyinə dair hesablamalar xülyadan başqa bir şey deyil. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun sentyabrın sonlarında "Şərq tərəfdaşlığı" ölkələrindən olan jurnalistlərlə görüşündə dediyi kimi, "Moskva dondurulmuş münaqişələrdən bu və ya digər regionda maraqlarını təmin etmək üçün yararlanır. Rusiya üçün prioritet olan münaqişələrin həlli yox, öz maraqlarının təminidir - Dnestryanı bölgədə və Dağlıq Qarabağda olduğu kimi". Brok bildirib ki, İrəvan Rusiya ilə Gömrük İttifaqına qoşulmağa sadəcə məcbur edilib: "Biz ölkələrin seçiminə hörmətlə yanaşırıq. Amma bir şərtlə ki, bu, azad seçim olsun. Ermənistanın qərarı onun qarşısına qoyulmuş şərtin nəticəsidir: Avropa İttifaqı ilə Assosiativ Saziş imzalasanız, Qarabağı itirəcəksiniz".
Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində yeganə müsbət məqam təcrübəli və nüfuzlu diplomat Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri təyin olunmasıdır. Tətil dövrünün yaşanmasına baxmayaraq, C.Uorlik operativ olaraq regiona tanışlıq xarakterli səfər edib. ABŞ prezidenti Barak Obama isə bununla əlaqədar olaraq Azərbayan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sarqsyana məktub ünvanlayıb. Ağ ev sahibi məktubunda "...ABŞ-ın tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasında yardım göstərmək işinə birmənalı şəkildə sadiq olduğunu" bildirir. Obama danışıqlar prosesinin hazırkı durumunu çıxılmaz adlandırıb və tərəfləri yaxın aylarda ən yüksək səviyyədə birbaşa dialoqun bərpasına çağırıb.
Amerikanın Minsk qrupuna yeni həmsədr təyin etməsi, Obamanın prezidentlərə müraciəti Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal iştirak etmək niyyətinin göstəricisidirmi? Bunu zaman göstərəcək. Son illər ABŞ tərəfindən bu məsələyə ciddi maraq müşahidə olunmur. Metyu Brayzanın Minsk qrupunun həmsədrliyindən getməsindən sonra isə onun yerini tutan diplomatlar nəinki rusiyalı, hətta fransalı həmkarlarının belə, kölgəsində qalıblar. Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın sonunda Avropa İttifaqı üzvü və "Şərq Tərəfdaşlığı" Proqramı iştirakçısı olan dövlət başçılarının Vilnüsdə keçiriləcək sammitində də bir araya gəlmələri gözlənilir. Məlumata görə, sammit çərçivəsində Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun təşəbbüsü ilə belə bir görüşün baş tutması mümkündür.
Amma Serj Sarqsyanın Avropa İttifaqı ilə tərəfdaşlığın dərinləşdirilməsi vədlərinin əksinə olaraq, Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına qoşulmasından sonra avropalıların gözündə onun razılığa gəlmək bacarığına inam xeyli azalıb. İndi ermənilər üçün "demokratiya"larını, "insan haqlarına sadiqlik"lərini Azərbaycandakı "avtoritarizm"ə qarşı qoymaları, bununla spekulyasiya etmələri daha da çətinləşib. Qərbdə, xüsusilə də Qərb parlamentariləri arasında və mətbuatında bu mövzuda spekulyasiya edən çoxlu sayda erməni lobbiçisi var. Amma məsələyə obyektiv yanaşdıqda görünən odur ki, Ermənistanda Robert Koçaryanın qurduğu və Serj Sarqsyanın davam etdirdiyi "kriminal paxanlıq" demokratiya və insan haqları meyarlarına qətiyyən uyğun gəlmir. Bunun ən parlaq nümunəsi İrəvan rejiminə əsl münasibətini ölkədən başını götürərək haraya gəldi qaçan yüz minlərlə ermənidir. Son 5 ildə, təxminən, 250 min erməni ölkəni tərk edib, bu ilə dair ilkin məlumatlar isə prosesin daha da sürətləndiyini göstərir. Nə Moskvanın, nə də Brüsselin verəcəyi dilənçi pay isə Ermənistandakı iqtisadi və sosial durumu xilas etmək iqtidarında deyil. Ermənistan özü-özünü saldığı dalandan yalnız qonşularına qarşı ərazi iddialarından əl çəkməklə, onlarla normal münasibət qurmaqla çıxa bilər.
"Azərbaycan yüksək iqtisadi potensialını bütünlükdə regionun inkişafına yönəltməyə hazırdır. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması Ermənistanın özünə xeyirdir. Çünki bu, Ermənistana Azərbaycanın güclü iqtisadi potensialından yararlanmaq imkanı verəcək, Dağlıq Qarabağın inkişafı proqramının yolunu açacaq, oraya real investisiyaların cəlbinə şərait yaradacaq. Biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq və onlara daha yaxşı yaşayış şəraiti arzulayırıq", - bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində əks olunub: "Bu gün regionda strateji tarazlıq, şübhəsiz, Azərbaycanın xeyrinədir. Nəticədə, Azərbaycana qarşı təcavüzkar siyasət aparan Ermənistan strateji nöqteyi-nəzərdən məğlub olub. Zaman keçdikcə bu strateji məğlubiyyət özünü daha ciddi şəkildə göstərəcək".
Məqalədə E.Məmmədyarov Qarabağ probleminin nizamlanması prosesinin dalana dirənməsinin səbəbini də göstərib: "Beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmadığını görən Ermənistan düşünür ki, o, bu yolla torpaqlarımızı bundan sonra da işğal altında saxlaya, gələcəkdə isə Azərbaycanın digər ərazilərinə də iddia etmək üçün imkan qazana bilər".
Azərbaycanın bu məsələdəki mövqeyi birmənalı olaraq beynəlxalq hüquqa söykənir, artan iqtisadi və hərbi potensial, fəal diplomatiya ilə daha da möhkəmlənir. Bizə Azərbaycanın suverenliyi baxımından yolverilməz olan həll variantının qəbul etdirilməsi əvvəllər də mümkün olmayıb. Bizim daha da gücləndiyimiz indiki dövrdə isə buna ümid etmək belə artıqdır. Ermənilər və onların himayədarları bunu nə qədər tez anlasalar, sülhə aparan yol o qədər tez açılar, regionda əməkdaşlıq da o qədər tez bərpa olunar.
MƏSLƏHƏT GÖR: