13 Mart 2025

Cümə axşamı, 17:33

PROQNOZLAŞDIRILAN UĞUR

Angela Merkelin bloku hakimiyyətdə qalır

Müəllif:

01.10.2013

Bundestaqa seçkidə sürpriz olmasa da, nəticələr  çoxlarını təəccübləndirə və beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edə bildi.  Almaniya sakinlərinin favoritləri müəyyənləşdirmək üçün imkanı həddindən artıq geniş idi - 34 partiya. Amma yenə də qələbə artıq illərdir hökumətə rəhbərlik edənlərə qismət oldu.
İki nəhəng partiyanı özündə birləşdirən, xristian-sosialist və liberal-mühafizəkar dəyərlərə sadiq olan XDİ/XSİ bloku səslərin 41,5%-ni toplayaraq, son iki onillikdə ən yüksək nəticəyə imza atdı. XDİ/XSİ hakimiyyətdə olmağa vərdişlidir - istər təkbaşına olsun, istərsə də koalisiya şəklində. 1949-cu ildən başlayaraq, 70-ci illər və 2000-ci illərin əvvəli istisna olmaqla, hər zaman belə olub. Beləliklə, 18-ci çağırış Bundestaqda blok 630 yerdən 311 yerə sahib çıxıb.  Bununla da Avropa KİV-in triumfator adlandırdığı Angela Merkel üçüncü müddətə kansler postunda qalacaq və səlahiyyət müddətinin sonunda bu vəzifəni ardıcıl olaraq 12 il icra etmiş şəxs olacaq.
Bu seçkidə ciddi iflasa uğrayansa Azad Demokrat Partiyası (ADP) olub. Bundan əvvəlki parlamentdə hakim qara-sarı koalisiyada yer almış partiya bu dəfə cəmi 4,8% səs toplamaqla, hətta 5%-lik baryeri belə, aşa bilmə-yib. Nəticədə AFR-in yarandığı 1949-cu ildən indiyədək olan dövrdə sözügedən partiya ilk dəfə parlamentdə təmsil oluna bilməyəcək. Artıq partiya liderləri istefa vermək niyyətində olduqlarını açıqlayıblar. Bununla yanaşı, partiyanın rəyasət heyəti tam tərkibdə buraxılacaq və yenidən seçiləcək. Amma ola bilsin, ADP-nin iflası heç də yalnız onun liderlərinin uğursuz siyasətinin yox, həm də dünyada liberal dəyərlərə şübhəli münasibətin güclənməsinin nəticəsidir.  Liberal demokratiyanın tolerantlıq, multikulturalizm kimi formulları öz dəyərini itirməsə də, onlara yenidən nəzər salınmasının vacibliyi şübhə doğurmur.
Almaniyanın əsas müxalifət qüvvəsi olan ASDP (Almaniya Sosial-Demokrat Partiyası) seçkidə 25,7% (192 mandat) səs qazanıb. Qeyd edək ki, bu partiyanın məramı Almaniyada "demokratik sosializm"in qurulması, ictimai həmrəylik atmosferinin formalaşdırılmasıdır.  Partiyanın gözünü kansler kürsüsünə dikmiş lideri Pyer Ştaynbryuk nəticədən heç də məmnun deyil. O, partiyasının daha çox səs yığacağını gözləyirdi. Amma o, hələ ki, XDİ/XSİ bloku ilə ciddi rəqabət aparmaq iqtidarında deyil.
Keçmiş ADR-in hakim Almaniya Vahid Sosialist Partiyasının hüquqi varisi olan Solçu Partiya seçkidə 8,6% səs qazanaraq 64 mandata sahib çıxıb. Atom enerjisindən imtinanın, enerji əldə olunması sahəsində ekoloji baxımdan təmiz vasitələrə üstünlük verilməsinin, biotexnologiyanın qadağan olunmasının tərəfdarı olan "Yaşıllar"a  8,4% seçici səs verib və bu, onlara 63 mandat qazandırıb. Qeyd edək ki, "Yaşıllar" bir sıra solçu ide-yaların da daşıyıcısıdır. Məsələn, onlar zənginlər üçün vergilərin artırılmasını, dövlət tənzimləməsinin daha ciddi olmasını və sairi vacib hesab edirlər.
Beləliklə, Almaniyada seçkiqabağı kampaniya kifayət qədər solğun keçsə də, koalisiyanın yaradılması istiqamətində danışıqlar parlaq, yaxud daha ağır və kifayət qədər uzun olacaq. Almaniyanı güman ki, XDİ/XSİ ilə Almaniya Sosial-Demokrat Partiyasından ibarət "böyük koalisiya" gözləyir. Qeyd edək ki, bu qüvvələr indiyədək iki dəfə - 1966 və 2005-ci illərdə hakim koalisiyada təmsil olunublar. Hər halda, XSİ "Yaşıllar"la koalisiyadan artıq imtina edib. Merkelin özünə gəlincə, onun açıqlamaları ASDP ilə koalisiyanın əleyhinə olmadığını göstərir. Doğrudur, o, "xristian-liberal ittifaqın fəaliyyətinin daha uğurlu olduğuna" əmindir. Amma olan olub, keçən keçib.
Əksər müşahidəçilər hesab edir ki, XDİ/XSİ blokunun uğurunun sirri hazırkı kanslerin rəhbərlik etdiyi bu ittifaqın özündə həm liberal, həm də sosial-demokrat ideyalarını birləşdirməsində və bu ideyaları gerçəkləşdirə bilməsindədir. Bununla yanaşı, minimum əməkhaqqı, işə qəbul zamanı gender kvotası, eynicinsli nikahlar kimi çətin mövzularda danışmaqdan və qərarlar verməkdən çəkinməməsi də XDİ/XSİ blokunun uğur qazanmasının səbəblərindəndir. Blok, hətta "Yaşıllar"ın atom-elektrik stansiyalarının bağlanılması ideyasını uddu, təzədən öz məhsulu kimi ortaya çıxardı.  Kimsə deyə bilər ki, əslində, partiyalar arasında fərqlər artıq aradan qalxır və bəzən adamı təəccüb bürüyür ki, görəsən seçicilər öz seçimlərini necə edəcəklər? Amma bəlkə hazırkı sabitliyin səbəbi elə budur? Hər halda, hazırda yaşanan qasırğalar fonunda Almaniya iqtisadiyyatının sarsılmazlığı kansler  Herhard Şröderin və sosial-demokratların hələ 2003-cü ildəki səylərinin nəticəsi hesab olunur. O zaman vətəndaşların sosial hüquqlarının azaldılması, səhiyyə xərclərində ixtisarlar,  pensiya təminatının zəiflədilməsi və digər islahatlar çox ağır başa gəlirdi və bu, sonda Şröderin və demokratların hakimiyyəti  itirməsi  ilə nəticələndi. İndi xristian-demokratlar Şröderin etdiklərini təkrarlayarlarmı? Görünən odur ki, Merkel bu sualın cavabını əla bilir. Kansler, əlbəttə ki, olduqca güclü siyasətçidir. Lakin bu yalnız onun xarakteri ilə bağlı deyil. Məsələ bundadır ki, Merkelin  bu xüsusiyyətlərə malik olması, uğur qazanması, arxayın işləməsi üçün lazımi şərait də var. Bunlar isə tamamilə fərqli məsələlərdir.
İstənilən halda, Merkelin partiyasının uğuru Almaniyanın sabit iqtisadi durumu ilə birbaşa əlaqəlidir. Böhran illərini asanlıqla aşa bilmiş Almaniya iqtisadiyyatı nəinki mövqeyini inamla qoruyur, hətta bu cür ağır dövrdə də inkişafdan qalmır. İndi Avropada ən aşağı işsizlik səviyyəsi və ən az dövlət borcu məhz Almaniyadadır. Üstəlik bu, almanlara, məsələn, Yunanıstanda olduğu kimi, adət etdikləri sosial güzəştlərdən imtina bahasına başa gəlməyib. Odur ki, Almaniya vətəndaşları düzgün olaraq "atları aşırımda dəyişməməyi" düşündülər və fəal şəkildə seçkiyə getdilər. Seçici fəallığı kifayət qədər yüksək  idi - 73%.
Bu seçkilər həm də Almaniyanın Avropada necə böyük rol oynadığını nümayiş etdirdi. Səsvermənin nəticələri elan olunduqdan dərhal sonra bəzi KİV Merkel haqqında, az qala, "bütün Avropanın imperatriçəsi" kimi danışmağa başladı, Avropa İttifaqını isə "Almaniya imperiyası"na çevirdi. Ola bilsin ki, son bir neçə ildə iqtisadi və sistem böhranı yaşayan Avropaya elə məşhur alman praqmatizmi lazımdır.
Əlbəttə ki, Berlinin bu uğurları müəyyən dərəcədə Fransanın son zamanlardakı qəribə siyasi susqunluğu və zəifliyi  ilə, həmçinin Böyük Britaniyanın Avropadan mümkün qədər uzaqlaşmağa çalışması ilə də bağlıdır. Amma ən vacib amil yenə də Berlinin Aİ-nin böhrandan çıxarılması işində aparıcı rolu öz üzərinə götürməsidir.
Lakin bərabərhüquqlu dövlətlərin ittifaqı kimi yaradılmış qurumda liderin önə çıxması artıq özü-özlüyündə hər kəsi sayıq olmağa məcbur edir. Nəhayət, Almaniya iqtisadiyyatının da sabitliyini qoruyub-saxlaması üçün qurbanlar tələb olunarsa, bəs onda? Bu halda Almaniyanın liderliyi necə olacaq? Aİ Yunanıstanı xilas edib-etməmək, bunu necə etmək və s. haqda müzakirələr apardığı bir vaxtda almanlar öz şərtlərini diktə etməyə qadirdir, amma Berlin İttifaqın sistemli böhrandan çıxarılması üçün nə təklif edə bilər? Almaniya bu cür liderlik etməklə vahid Avropanı daha böyük böhrana sürükləmir ki? Merkel hesab edir ki, iqtisadi və maliyyə məsələləri Brüssellə deyil, güclü ölkələr qrupu ilə həll olunmalıdır. İqtisadi sahədə yaşanan böhran göstərir  ki, iqtisadiyyat bütün siyasi amillərdən daha vacib məsələdir. Söhbət ümumavropa iqtisadiyyatından gedir. Seçkilər isə həmişə olduğu kimi, milli məsələdir.
Əlbəttə ki, Merkelin özündən çox şey asılı olacaq. O, ağıllı, sakit və istəyinə nail olmağa vərdiş etmiş şəxs kimi tanınır.  Bu, heç də yeni "dəmir ledi" obrazı deyil. Merkel fərqlidir - hər halda, ictimaiyyətin gözündə o, istəyinə nail olmaq üçün çox əziyyət çəkən siyasətçi sayılmır. O, hamıya görə pul ödəməyə də hazır deyil, qarşısındakı opponentləri əzib-keçməyə də - o, inqilabçı deyil, düzənləri pozmur. Merkel sanki mətbəxdə çalışqan bir evdar qadındır - yeməyi daha dadlı və qənaətcil olanlardan resepti mənimsəməyə hazırdır, lakin bu gün kifayət qədər uğurlu çıxış etməyənləri də qovmağı lazım bilmir. O, hər şeyə görə məsuliyyət daşıyır, lakin konkret  nəyə görə məsuliyyət daşıdığı heç də hər zaman aydın olmur. O, çox fikirləşir, lakin qərar verəndən sonra onu həyata keçirməkdə tərəddüd etmir.
Odur ki, Merkelin hazırkı uğurlarını ümumavropa layihəsinə və beynəlxalq aləmə necə tətbiq edəcəyini izləmək maraqlı olacaq.



MƏSLƏHƏT GÖR:

728