
LİDERSİZ QAÇDI-QOVDU
Ermənistanda sosial etirazlar artır, hakimiyyətin nüfuzu isə azalır
Müəllif: NURANİ Bakı
Ermənistanda yeni siyasi mövsum başlayır. Onu ölkə parlamentinin payız sessiyasının start götürdüyü 15 sentyabrdan hesablamaq daha məntiqli olardı. Bu sessiyaya deputatlar Konstitusiya islahatları layihəsinin müzakirəsi ilə başlayıblar. Sənəd Ermənistanın prezident respublikasından parlament respublikasına çevrilməsini nəzərdə tutur. Deputatlar ölkə prezidenti Serj Sarqsyanın təşəbbüskarı olduğu layihənin referenduma çıxarılmasına "hə" deməlidirlər. Deputatların əksəriyyəti təklif olunan dəyişikliyi dəstəkləyərsə, layihə 2 ay ərzində ümumxalq səsverməsinə çıxarılacaq. Hakimiyyət dəyişikliklərin artıq növbəti dördgünlükdə (5-8 oktyabr) qəbul olunacağına ümidlidir. Referendumun isə noyabrın sonlarında keçirilməsi planlaşdırılır.
Müxalifətə gəlincə, o, gözlənildiyi kimi, Konstitusiya dəyişikliklərinə qarşıdır. Hələ diskussiyalar başlamamış, Erməni Milli Konqresi (EMK) fraksiyasının rəhbəri Levon Zurabyan EMK-nin nəinki islahatlara qarşı olduğunu, hətta onun parlamentin gündəliyinə salınmasına belə, etiraz etdiyini bildirib. Zurabyanın sözlərinə görə, Konstitusiya islahatları ölkə üçün böyük əhəmiyyət daşıyır və nəzərdə tutulmuş bütün dəyişikliklər referendumadək əhaliyə detallı şəkildə təqdim edilməlidir. Fraksiya rəhbəri bunun üçün parlamentdən canlı yayımın təşkilinin də vacib olduğu qənaətindədir. O hesab edir ki, bu, ictimaiyyətin siyasi qüvvələrin mövqeyindən xəbərdar olması baxımından önəmlidir. Buna baxmayaraq, müxalifət canlı yayım təklifini qarşı tərəfə qəbul etdirə bilməyib.
Digər müxalifət fraksiyası - "İrs"dən olan deputat Zauri Postancyan da müzakirələrin aparılmasının qeyri-qanuni olduğunu bəyan edib. O hesab edir ki, qanun layihəsi onun müəllifi, yəni prezident Sarqsyansız müzakirə edilə bilməz.
Bu replikaya cavab verən parlamentin spikeri Qalust Saakyan həmkarını parlamentin reqlamenti ilə tanış olmağa çağırıb və bildirib ki, reqlamentə görə, prezidentin nümayəndəsi dövlət başçısının adından çıxış edə bilər. "Üstəlik, bu, bir neçə siyasi qüvvənin təşəbbüsüdür", - deyə spiker bildirib.
Beləliklə, müxalifətin müqavimətinə baxmayaraq, məsələ 104 səs lehinə, 15 əleyhinə, 4 bitərəf olmaqla, parlamentin gündəliyinə daxil edilib. Əksəriyyət əmindir ki, Konstitusiya islahatları özü-özlüyündə müxalifət üçün o qədər də vacib deyil - sadəcə, bu diskussiya həm də hakim qruplaşma ilə sərt "toqquşma" üçün bir səbəbdir. Hər halda, EMK artıq Konstitusiya dəyişiklikləri üzrə islahatları hakimiyyətin özünə qarşı çevirmək təklifi ilə çıxış edib. Onlar müzakirələrdə iştirak edən siyasi qüvvələri "Hə" müştəriləri" və "Barqamyan 26 müştəriləri" (Ermənistan Prezident Administrasiyasının ünvanı) adlandırıblar. Konstitusiyaya dəyişikliklərə müqavimət məsələsində EMK "küçə"lərin simpatiyasına arxalanır. Bu günlərdə Konstitusiya dəyişikliklərinə etiraz edən "Yox" cəbhəsi islahatlara etiraz bəyannaməsi qəbul edib. Sənəddə bildirilir ki, Ermənistanda mövcud olan problemlərin səbəbi hazırkı Konstitusiyanın mükəmməl olmaması yox, Konstitusiya normalarına əməl edilməməsidir. Hər halda, "İmza atanlar" qarşılarına ölkədə Konstitusiya islahatları prosesini dayandırmaq məqsədi qoyub. Bu isə təxminən, 30 minlik qüvvə deməkdir - "Qəbul edə bilməyəcəksiniz!" təşəbbüsü, Erməni Milli Konqresi Partiyası, "İrs" partiyası, "Müəssislər Məclisi" və s.
"Məqsədimizə nail olmaq üçün "Yox" cəbhəsini yaradır, ümumxalq müqaviməti təşəbbüsü irəli sürür, vətəndaşları və ictimai-siyasi təşkilatları mübarizəyə qoşulmağa çağırırıq", - deyə sənəddə bildirilir.
"Müəssislər Məclisi" daha irəli gedib. Qurumun rəhbəri Qaregin Çukaszyan bildirib ki, hazırkı hakim sistem antikonstitusion və avtoritar olduğundan, bu və ya digər idarəçilik formasının müzakirəsi mənasızdır. İslahatlar təklifini "dövlətin əsaslarına zərərli cərrahi müdaxilə" adlandıran Çukaszyan hər kəsi birləşməyə və bu müdaxiləyə imkan verməməyə çağırıb. "Koalisiya yaratmaq və hakimiyyəti zəbt etmiş bandanın rəhbərindən istefasını tələb etmək vacibdir", - deyə o, qeyd edib. Xatırladaq ki, "Müəssislər Məclisi"ndə Yaxın Şərq təcrübəsinə malik peşəkar terrorçular və keçmiş "səhra komandirləri" də yer alırlar.
Tamamilə aydındır ki, xalqı kütləvi etirazlara çağıran müxalifət Ermənistan hökuməti üçün təhlükə yaratmasa da, ən azı, ciddi başağrısına çevrilə bilər. Ölkədə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Ermənistan adambaşına düşən ÜDM-nin həcminə görə, dünyada 115-ci yerdədir. ÜDM-də sənaye istehsalının həcmi 40 faizdən 20 faizə düşüb. Üstəlik, "yoxa çıxan", əsasən, yüksək texnologiya məhsullarıdır. Ölkənin sənaye nəhəngləri sayılan "Nairit" və "Vanadzor-Ximprom" zavodlarının bərpa olunmağa heç bir ümidi yoxdur. Bütün bunlar Ermənistan müxalifətinin arxalana biləcəyi "etirazçı elektorat"ın artmasına səbəb olur.
Analitiklər isə hər şeyin göründüyü qədər bəsit olmadığını bildirirlər. Ermənistanda bu yaxınlarda baş vermiş hadisə - növbəti "elektromaydan"ın dağıdılması kifayət qədər düşündürücüdür. Düşünmək olardı ki, ölkədə enerji tariflərinin artırılması ilə bağlı etiraz aksiyaları artıq geridə qalıb: hökumət Ermənistanın elektrik şəbəkələrində audit həyata keçiriləcəyini, o vaxtadək isə qiymətlərin artırılmayacağını vəd etmişdi. Lakin bir müddət sonra tariflərin artırılması ilə bağlı qərar qüvvəyə mindi; audit keçirilmədi, nəticədə, etirazçı kütlə yenidən küçələrə axışmağa başlayıb. Amma polis bu dəfə də etirazları dərhal və kifayət qədər sərt şəkildə dağıdıb.
Yəqin ki, Azərbaycana hər addımda etirazını bildirən beynəlxalq birliyin İrəvanda sərbəst toplaşmaq azadlığının növbəti dəfə sərt şəkildə pozulmasına, polisin nümayişçilərə qeyri-adekvat güc tətbiqinə heç bir reaksiya göstərməməsinin səbəbini soruşmaq artıq olardı. Vacib olan başqa məqamdır. Enerji tariflərinin artırılması ilə bağlı etirazlar lap əvvəldən siyasi partiyalardan kənar məsələ olub. Ermənistanın hazırkı "parlament" partiyalarının liderləri sosial etirazların heç bir dalğasını "tuta" bilməyiblər. "Elektromaydan" bir daha sübut etdi ki, Ermənistanda sosial etirazlar artır, hakimiyyətin nüfuzu isə azalır. Bunun fonunda İrəvan küçələrindəki "lidersiz qaçdı-qovdu" daim davam edə bilməz. Lider roluna isə kifayət qədər namizəd var. Üstəlik, onlar arasında radikal iddiaçılar da az deyil.
MƏSLƏHƏT GÖR: