Müəllif: Natiq NAZİMOĞLU
Bir müddət əvvəl Azərbaycan ərazilərinin işğalında iştirak etmiş erməni hərbçisinə abidənin ucaldılmasına icazə verən Gürcüstan Ermənistana daha bir hədiyyə etməyə hazırlaşır. Yayılmış xəbərlərə görə, Tbilisi Rusiya ilə ikitərəfli razılaşma əsasında Abxaziya və Cənubi Osetiya ilə sərhəddəki gömrük nəzarəti məntəqəsini açmaq niyyətindədir. Bu, faktiki olaraq, Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirən Ermənistanın nəqliyyat təcridindən çıxması anlamına gəlir.
«Neytral status»
Fevralın 6-da Rusiya və Gürcüstan nümayəndə heyətləri Cenevrədə bir araya gələrək, hələ 2011-ci ildə əldə olunmuş ticarət və yüklərin tranzitinə dair razılaşmanın reallaşdırılması ilk iclaslarını keçiriblər. Razılaşma 3 ticarət dəhlizinin açılmasını nəzərdə tutur. Onlardan 2-si Gürcüstanın 2008-ci ilin avqust müharibəsinin yekununda Rusiya tərəfindən müstəqil dövlətlər kimi tanınmış muxtariyyətlərindən – Abxaziya ilə Cənubi Osetiyadan keçir.
Xatırladaq ki, bu razılaşma Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesilə bağlı 2012-ci ildə hazırlanmış sənədlər paketinə daxildir. O, Gürcüstanın Rusiyanın bu təşkilata qəbuluna vetonu aradan qaldırmasından sonra hazırlamaq mümkün olub. Tbilisi vetonu bir şərtlə götürmüşdü: tərəflər Abxaziya və Cənubi Osetiyadan yükdaşımalarına və onların markalanmasına nəzarəti beynəlxalq vasitəçilərə həvalə etməli idi. Sonra Moskva ilə Tbilisinin seçimi İsveçrənin «Societe Generale de Surveillance SA» (SGS) şirkəti olub.
Ümumilikdə razılaşmanın hazırlanmasına, təxminən, 8 il vaxt lazım gəlib. Səbəb Moskva ilə Tbilisinin ərazilərində müvafiq nəzarət-buraxılış məntəqələri açılmalı olan Abxaziya ilə Cənubi Osetiyanın siyasi statusuna fərqli yanaşmasıdır.
Gürcüstan tərəfi Cenevrə danışıqlarında gömrük postlarının Gürcüstanın 1991-ci ilə aid keçmiş inzibati ərazisində yerləşməli olduğunu bildirirdi. Rusiya isə bununla qəti razı deyildi. Çünki bu, onun Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarına ziddir.
İndi, görünən odur ki, tərəflər ümumi dil tapa bilib. Məsələ, sadəcə, tərəflərdən hansının daha ciddi güzəştlərə getdiyindədir. Rusiyanın hökumət dairələri bununla bağlı açıqlamalarında birmənalı olaraq deyirlər ki, «razılaşmanın ortaya qoyduğu öhdəliklər Gürcüstanı Abxaziya ilə Cənubi Osetiyanı müstəqil gömrük ərazisi kimi tanımağa məcbur edir». Moskva razılaşmada «Rusiya-Gürcüstan ticarəti haqda danışılmadığından» məmnunluğunu gizlətmir. Razılaşmanın adında belə, kimin kiminlə ticarət apardığı qeyd olunub. Rusiyanın anlayışında burada söhbət 3 tip ticarətdən gedir: birincisi, Rusiya ilə Gürcüstan arasında, ikincisi Rusiya ilə Abxaziya və Rusiya ilə Cənubi Osetiya arasında, üçüncüsü Gürcüstanla Abxaziya və Gürcüstanla Cənubi Osetiya arasında. Bu mənada Kremldə hesab edirlər ki, razılaşmanın əsas məğzi 2008-ci ildən sonra ilk dəfə «Gürcüstanın yeni gömrük sərhədlərinin müəyyənləşdirilməsindədir».
Tbilisi sözdə məsələyə bu prizmadan yanaşmaqdan boyun qaçırır. «Biz siyasi debatlara girmir, çətin məqamlardan yan keçirik. Çünki razılaşmanın dəyərinin onun neytral statusunda olduğunu anlayırıq», - deyə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib. Yəqin ki, burada nəqliyyat dəhlizlərində yüklərin daşınması və markalanmasına İçveçrənin SGS şirkəti tərəfindən nəzarət olunacağı nəzərdə tutulur. Gürcüstan tərəfi bununla əlaqədar diqqəti fərqli aspektə yönəldir: «Söhbət gömrükçülərdən deyil, özəl şirkətə aid ekspertlərdən gedir. Razılaşmada monitor terminallarının harada yerləşməli olduğu kifayət qədər aydın şəkildə göstərilir».
Lakin Tbilisinin bütün dediklərinin üzərindən KİV-ə sızmış bir məlumat xətt çəkir. Məlum olub ki, Tbilisi SGS ilə müqaviləyə xüsusi bənd salmağa çalışıb. Həmin bəndə görə, şirkət Gürcüstanın «İşğal olunmuş ərazilər haqqında» qanununa uyğun fəaliyyət göstərməli imiş. Xatırladaq ki, bu qanunda Abxaziya Abxaziya Muxtar Respublikası, Cənubi Osetiya isə Sxinvali regionu kimi göstərilir.
Lakin Rusiya buna qəti etiraz edib. Nəticədə, Moskva Gürcüstanı «reallıqla barışmağa» məcbur edə bilib. Beləliklə, gürcülər «ağır mövzulardan yan keçiblər» və Cenevrə danışıqlarının gedişi göstərir ki, Tbilisi Abxaziya və Cənubi Osetiya ilə sərhədlərdə gömrük postlarının qurulmasına razılıq verib. Moskva buna Gürcüstanın mövqeyində ciddi irəliləyiş kimi baxır.
Görünür, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ötən payız Gürcüstanda keçiriləcək prezident seçkisinin Moskva-Tbilisi münasibətlərinin normallaşdırılmasına imkan verəcəyinə ümidini ifadə edərkən, məhz bu irəliləyişdən danışırmış. Doğrudur, Gürcüstan prezidenti Salome Zurabişvili BBC-yə müsahibəsində indi «Rusiya ilə əməkdaşlıq üçün uyğun vaxtın olmadığını» deyib. Lakin görünən odur ki, postseçki dövrünün reallıqları bu açıqlamaya müəyyən redaktələr edilməsi zərurətini yaradıb.
«Gürcü arzusu» hökumətinin bu güzəşti ölkənin siyasi elitasının böyük bir hissəsinin kəskin reaksiyasına səbəb olub ki, bu da təəccüblü deyil. Məsələn, ölkənin sabiq prezidenti Mixail Saakaşvili 2012-ci ildə postların yalnız beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərdə qurulmasına dair razılıq əldə etdiyini xatırladıb. O, Abxaziya və Cənubi Osetiya ərazilərində yeni buraxılış məntəqələrinin açılması qərarını təslimçilik kimi qiymətləndirib. Sabiq prezident hesab edir ki, «Gürcüstan dövlətçiliyi üçün bunun uzunmüddətli faciəvi fəsadları olacaq».
Gürcüstan Atlantik Şurasının vitse-prezideti Batu Kuteliya da Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərinin açılmasını yolverilməz adlandırıb. «Rusiya hər zaman olduğu kimi, bu dəfə də işğal etdiyi ərazilərin müstəqilliyini təsdiqləmək üçün beynəlxalq mexanizmdən istifadə etməyə çalışır», - deyə Kuteliya qeyd edib.
Bütün bunlarla yanaşı, Gürcüstan vaxtilə özünün muxtariyyətləri olmuş ərazilərdə nəzarət-buraxılış məntəqəsini açmağa razılaşmaqla ikiqat zərbə alıb. Səbəb onun bu qərarının ən yaxın müttəfiqi və tərəfdaşı olan Azərbaycanın da maraqlarına zidd olmasıdır.
«Ermənilərin xahişi»
Gürcüstanın qiyamçı muxtariyyətlərinin ərazisində gömrük postlarının açılmasının vacib aspektlərindən biri də, onun Ermənistana nəqliyyat blokadasından qurtulmaq imkanı verməsidir. Artıq İrəvan tezliklə Ermənistanla Rusiya arasında Abxaziya və Cənubi Osetiya vasitəsilə birbaşa əlaqənin bərpa olunacağına ümidini gizlətmir. Bu, Ermənistana Rusiya və Avropa İttifaqı ölkələrinin kommunikasiyasına maneəsiz çıxış imkanı verəcək. Məsələn, Ermənstan üçün qışda qar və uçqunlar üzündən tez-tez bağlanan Hərbi-Gürcüstan yoluna (Rusiyadan Ermənistana və əksinə daşınan, bu səbəbdən, həftələrlə Yuxarı Larsda ilişib qalır) Cənubi Osetiya dəhlizi alternativ ola bilər. Hər halda, Moskva «ermənilərin tranzitlə bağlı çoxsaylı xahişləri» haqda əbəs yerə danışmırdı. Bu yaxınlarda İrəvana səfər etmiş Rusiya XİN başçısının müavini Qriqori Karasin Ermənistanın belə xahişinin, həqiqətən, olduğunu demiş, Rusiyanın onun üçün tranzit dəhlizi açmaq imkanını nəzərdən keçirdiyini bildirmişdi.
Bəs, Ermənistan üçün Rusiyanın müstəqil dövlətlər kimi tanıdığı separatçı bölgələrdən tranzit dəhlizinin açılması Gürcüstanın öz maraqlarına cavab verirmi?
Yuxarıda adını çəkdiyimiz Batu Kuteliyanın fikrincə, «Sxinvali vasitəsilə Ermənistana tranzit dəhlizinin verilməsi qəti yolverilməzdir. Bundan başqa, bu mövzu üçtərəfli Cenevrə Komissiyasının fəaliyyəti çərçivəsində müzakirə olunmamalıdır».
Əksər gürcü eksperti Moskva ilə Tbilisi arasında Abxaziya və Cənubi Osetiya sərhədlərinin açılmasına dair razılığın əldə edilməsini çətin, hətta mümkünsüz sayır. Onların fikrincə, hadisələrin bu cür inkişafı ölkədə hazırkı hakimiyyətin sonunu gətirə biləcək etiraz dalğasına səbəb ola bilər. Lakin «Gürcü arzusu» hökumətinin Karasinin dediyi «Ermənistanın xahişi»nə kömək etməyə hazır olması (yaxud, artıq razılaşması) faktının özü düşünmək üçün ciddi əsasdır. Bu, xüsusilə indiyədək strateji tərəfdaş və müttəfiq olan Azərbaycan-Gürcüstan münasibətləri kontekstində düşündürücüdür. Hazırda bu münasibətlər kifayət qədər çətin dövrünü yaşayır. Bu vəziyyətin ilk səbəbi Qarabağın dinc azərbaycanlı əhalisinə qarşı qətliamlarda iştirak etmiş Mixail Avaqyana Axalkalaki regionunda abidə ucaldılması olub. Azərbaycan bu təxribatı rəsmi səviyyədə pisləyib, abidənin tezliklə Gürcüstan hökuməti tərəfindən götürüləcəyinə ümidini ifadə edib. İki ölkə arasındakı dost, mehriban qoşuluq münasibətləri məhz bunu diktə edir.
Erməni qatilə abidənin ucaldılmasına Gürcüstan vətəndaşı olan azərbaycanlılar da etiraz səsini ucaldıblar. Fevralın 8-də Tbilisidə, Gürcüstan parlamentinin binası qarşısında azərbaycalıların etiraz aksiyası keçirilib. Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutmuş nümayişçilər üzərində separatçılığı pisləyən şüarların yazıldığı plakatlar da qaldırıblar. Onlar nümayişlərin erməni terrorçusunun abidəsinin götürülməsinədək davam edəcəyini bildiriblər.
Yeri gəlmişkən, Tbilisi meriyası aksiyanın keçirilməsinə yalnız ikinci müraciətdən sonra icazə verib. Təşkilatçıların ilk müraciətinə meriyadan rədd cavabı verilmişdi. Aksiyaya Axalkalakidə abidə ucaldılmasının Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına hesablandığını düşünən çox sayda gürcünün də qatılması sayəsində nümayiş kifayət qədər miqyaslı alınıb. Nümayiş iştirakçıları bildiriblər ki, Gürcüstan ərazisində abidəsi ucaldılmış erməni terrorçu yalnız dinc azərbaycanlılara deyil, həm də Abxaziyanın gürcü əhalisinə qarşı törətdiyi cinayətlərlə «məşhurlaşıb». Məsələn, Abxaziya müharibəsi veteranı Vaxtanq Corcikia deyib: «Mixail Avaqyan Abxaziyada gürcülərə qarşı vuruşub. O, hərbi cinayətkar olub. Bu şəxsə Gürcüstanda ucaldılmış abidə sökülməlidir». Veteran büstün söküləcəyinə əminliyini bildirib: «Çünki hökumət bu məsələyə etinasız qala bilməz. Bu dövlətə qarşı atılan bir addımdır. Gürcü ictimaiyyəti hesab edir ki, bu büstün ucaldılması təxribatdır. Məqsəd isə Gürcüstanla Azərbaycan arasında münasibətləri korlamaq, Gürcüstanda yaşayan müxtəlif millətlərin nümayəndələrini qarşı-qarşıya qoymaq, qeyri-sabitliyə nail olmaqdır».
Yeri gəlmişkən, gürcü veteranın xəbərdarlıq etdiyi qarşıdurmanın ilk əlamətləri özünü çox gözlətməyib. Axalkalakidə erməni hərbçisinə abidə ucaldılar-ucaldılmaz, azərbaycanlılar tərəfindən Gürcüstanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova da abidənin qoyulması tələbləri eşidilməyə başlayıb. Az sonra isə hansısa «gürcü fəallar»ın Nəriman Nərimanovun Marneulidəki abidəsinin sökülməsi tələbi ortaya atılıb. Bu da son deyil. Daha sonra erməni təxribatçıları Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun Marneuli rayonunun doğma kəndindəki məzarüstü abidəsinin sökülməsini tələb etməyə başlayıblar.
Beləliklə, yaşananlara nəzər saldıqda, erməni təxribatlarına bu cür yol verilməsinin Gürcüstan üçün nələrlə nəticələnə biləcəyini təsəvvür etmək çətin deyil. Eyni sözlər istər Gürcüstanın, istərsə də ən yaxın strateji tərəfdaşı olan Azərbaycanın maraqlarına zidd digər addımlara da aiddir.
Bəs, bu addımlar Tbilisinin Bakı ilə strateji tərəfdaş münasibətlərinə yenidən baxmaq istədiyi, əvəzində İrəvanla dialoqu gücləndirməyə çalışdığı anlamına gəlirmi? Yoxsa bu, sadəcə, Gürcüstan hökumətinin ermənilərin əlilə düşdüyü tələdir?
Bu yerdə Gürcüstan prezidenti Salome Zurabişvilinin seçkiqabağı kampaniyası zamanı Azərbaycan və Türkiyədə böyük etirazla qarşılanmış qalmaqallı fikirləri də yada düşür. Xatırladaq ki, o, erməni seçicilərlə seçkidən əvvəl keçirdiyi görüşdə Gürcüstan vətəndaşlığının verilməsi məsələsində ermənilərə üstünlük vəd edərək, onlar türkləri (daha doğrusu, Türkiyədən olan etnik gürcüləri) qarşı-qarşıya qoymuşdu. Yeri gəlmişkən, bu, Zurabişvilinin Gürcüstan azərbaycanlılarının dəstəyini itirməsilə nəticələnmişdi.
«Gürcü arzusu»nun ölkəyə rəhbərlik etdiyi ilk illərdəki addımlarını da xatırlatmaq olar. O zaman Tbilisi İrəvana Azərbaycan və Ermənistanla münasbətləri «balanslaşdırmağa hazır olduğuna» dair mesaj göndərirdi. Lakin az sonra reallıq Gürcüstan hökumətinə bu iki ölkə ilə münasibətləri «balanslaşdırmağın» mümkünsüzlüyünü göstərmişdi. Ən azı ona görə ki, Azərbaycanla Ermənistan müxtəlif çəki dərəcəsinə aid dövlətlərdir və onların Gürcüstan siyasəti və iqtisadiyyatı üçün əhəmiyyəti müqayisəolunmazdır.
Odur ki, Gürcüstan hakimiyyətinin son addımlarının hər hansı tendensya olduğunu düşünmək istəməzdik. Hər halda, Bakının mövqeyi kifayət qədər konkretdir: dost, müttəfiq və tərəfdaş münasibətləri varsa, etibara əsaslanan strateji tərəfdaşlığa zidd heç bir addım atılmamalıdır.
MƏSLƏHƏT GÖR: