Müəllif: Natiq NAZİMOĞLU
Nüvə fövqəldövlətləri olan Hindistanla Pakistan yenidən müharibənin astanasına yaxınlaşıblar. İki qonşu dövlət arasında yeni gərginliyə Hindistan-Pakistan sərhədində törədilmiş miqyaslı terror aktı səbəb olub.
Qarşılıqlı hədələr
Fevralın 14-də baş vermiş terror aktı ən azı 42 nəfərin həyatına son qoyub, 100-dən çox insan yaralanıb. Hadisə kamikadzenin içərisində 350 kiloqram partlayıcının olduğu yük maşınını Hindistan Mərkəzi Ehtiyat Polis Qüvvələrinə məxsus 78 nəqliyyat vasitəsindən ibarət kortejdə hərəkət edən avtobuslardan birinə çırpması ilə törədilib. Terror aktına görə məsuliyyəti Kəşmirin Pakistana birləşdirilməsi uğrunda mübarizə aparan «Caiş-e-Məhəmməd» qruplaşması öz üzərinə götürüb.
Hindistanın baş naziri Narendra Modi hadisədən sonra verdiyi ilk bəyanatdaca, qarşı tərəfi «qanlı qisas»la hədələyib. Terror nəticəsində həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verən Modi bu qanın yerdə qalmayacağını bildirib. Bu bəyanatdan cəmi bir neçə gün sonra Hindistan Cammu və Kəşmirdə antiterror əməliyyatlarına başlayıb. Hərbi komandanlıqdan verilən məlumata görə, əməliyyatlar nəticəsində şimal ştatında fəaliyyət göstərən «Caiş-e-Məhəmməd» qruplaşmasının rəhbərliyi tam tərkibdə məhv edilib. Məhv edilənlər arasında terror aktının təşkilatçısı Abdullah Rəşid Qazi də var.
Bununla yanaşı, Hindistanda Pakistan əleyhinə nümayişlər başlayıb. İndi Nyu-Dehli İslamabadı islamçı yaraqlıları dəstəkləməkdə belə günahlandırır.
Pakistanın baş naziri İmran Xan isə öz növbəsində, Hindistanın ölkəsinə hücum edəcəyi təqdirdə, «lazımi cavabı» alacağını bildirib. Pakistan hökumətinin başçısı Kəşmir məsələsinin dialoq yolu ilə həllinə çağırış edərək bildirib ki, İslamabad Hindistanla terrorçuluqla mübarizəyə dair də danışıqlara hazırdır. «Terrorçuluq regionumuz üçün böyük problemdir. Biz onu aradan qaldırmaq istəyirik», - deyə İmran Xan qeyd edib. Onun sözlərinə görə, Pakistın radikalların onun ərazisindən istifadəsində maraqlı deyil.
Baş verənlərin fonunda tərəflər qarşılıqlı olaraq, səfirlərini geri çağırıb. Vəziyyəti Pakistan Xarici İşlər Nazirliyinin qanlı insidentlə bağlı müstəqil araşdırmaya başlanılması çağırışı da düzəltməyib. Bu mənada Narendra Modinin Pakistanı «bütün mümkün diplomatik yollarla təcrid etmək» niyyətlərini açıqlaması da maraqlıdır. Artıq Dehlidə Pakistanın «prioritet tərəfdaş» statusundan məhrum edilməsinin mümkünlüyü haqda danışılır. Hindistan artıq Pakistanın imtiyazını da ləğv edib - ikitərəfli müqaviləyə əsasən, bu imtiyazın dəyəri 2 milyard dollardan artıq idi.
Terror aktından dərhal sonra Hindistan hökuməti qonşu ölkədən gətirilən mallara görə gömrük rüsumunu 200%-dək artırıb və bununla da, faktiki olaraq, onların gətirilməsini qadağan edib. Lakin bütün siyasi demarşlar və məhdudiyyətlərlə yanaşı, məsələ Hindistan-Pakistan münasibətlərinin tam kəsilməsinədək gedib çıxa bilər.
Pakistana gəlincə, o, Hindistandan terror aktına rəsmi İslamabadın hər hansı aidiyyətini sübut edən dəlil istəyir. Dehli isə sübuta ehtiyacın olmadığı qənaətindədir. Hindistanlılar hesab edi ki, «Caiş-e-Məhəmməd» qruplaşmasının lideri Məsud Azharın Pakistanın Pəncab əyalətində sərbəst şəkildə yaşaması və dolaşması bu mənada kifayət sayılacaq faktdır. İslamabad isə Azharın həbsi üçün kifayət qədər əsasın olmadığını iddia edir.
İndi bir şeyi əminliklə söyləmək olar: Cammu və Kəşmirdəki münaqişə o qədər dərindir ki (istər millətlərarası, istər dinlərarası, isətərsə də Hindistanla Pakistanın ikitərəfli münasibətləri kontekstində), onun tezliklə həll olunacağını gözləmək mümkün deyil. Üstəlik, vəziyyətin getdikcə daha da qəlizləşəcəyi istisna deyil.
«Times of India» nəşri yazır ki, Hindistan generalları artıq terrorçulara qarşı quru qoşunlarından istifadə, onların obyektlərinə dəqiq zərbələrin endirilməsilə əməliyyatlara başlanılması imkanlarını müzakirə edir. Bununla yanaşı, məsələ, çətin ki, iki ölkənin ordusu arasında miqyaslı müharibəyə çevrilsin. Bunu ən azı hər iki ölkənin nüvə silahına malik olması istisna edir. Çünki nüvə dövlətləri olan Hindistanla Pakistan arasında qarşıdurmanın artması bütünlükdə region və dünya üçün təhlükədir. Beynəlxalq birliyin yaranmış vəziyyətlə bağlı keçirdiyi narahatlıq da bununla izah olunur.
Geosiyasi prizmadan
Nyu-Dehli ilə İslamabad arasında qarşıdurmanın qızışmasına ayrı-ayrı dövlətlərin, ilk növbədə, ABŞ, Rusiya və Çinin fövqəlmaraqlarından kənar da baxmaq olmaz. Bu mənada Birləşmiş Ştatların mövqeyi daha maraqlıdır. Hindistanı öz geosiyasi nüfuz dairəsinə daxil etmək üçün aşkar addımlar atan Vaşinqton eyni zamanda Pakistanla ənənəvi tərəfdaş (bəzən hətta müttəfiq) münasibətlərini də qoruyub saxlamağa çalışır.
Amerikanın Hindistan istiqamətindəki səyləri, təbii ki, həm də Rusiya və Çinin, həmçinin İranın regiona təsir imkanlarının məhdudlaşdırılmasına hesablanıb. Nyu-Dehli ilə münasibətlərinə strateji xarakter qazandırmağa çalışan ABŞ bu məqsədlə Hindistana dinc atom sahəsində əməkdaşlıq, həmçinin kəşfiyyatçı dronlar, təyyarədaşıyan gəmilər üçün texnologiya, «F-18» və «F-16» qırıcılarını da təklif edir.
ABŞ-Pakistan münasibətlərinə gəlincə, onu birmənalı qiymətləndirmək çətindir. Ən azı ona görə ki, Vaşinqton bir yandan İslamabadı terrorçuların öhdəsindən gəlməməkdə (prezident Donald Tramp hətta Pakistanı «terror təşkilatlarının sponsoru» belə, adlandırıb) günahlandırır, digər tərəfdən onunla müttəfiq kimi davranır. Bu, əlbəttə ki, həm də Pakistanın ABŞ-ın Əfqanıstan kampaniyasında son dərəcə vacib rol oynaması ilə bağlıdır. Pakistan Amerika qoşunlarının Əfqanıstana daşınması üçün öz ərazisindən istifadəyə icazə verib.
Rusiyaya gəlincə, onun regiondakı maraqları, ilk növbədə, iqtisadi və nəqliyyat-kommunikasiya maraqlarıdır. Moskvanın Pakistanla münasibətləri o qədər də inkişaf etməyib və bunun kökləri Sovet İttifaqı dövrünə gedib çıxır. Söhbət xüsusilə SSRİ qoşunlarının Əfqanıstan ərazisində olduğu dövrdən gedir. Hindistanla münasibətlərə isə Rusiya tarixən böyük diqqət göstərib. Məsələn, hazırda Moskva «Şimal-Cənub» nəqliyyat dəhlizi layihəsinin əsas hərəkətverici qüvvəsidir və bu üzdən son zamanlar Rusiya-İran-Hindistan formatında üçtərəfli danışıqlar xeyli fəallaşıb. Yeni marşrutun 4 ölkənin ərazisindən keçməsi nəzərdə tutulur – Rusiya, Azərbaycan, İran və Hindistan. O, başlanğıcını Hindistanın Mumbay liman şəhərindən götürür. Oradan malların dəniz vasitəsilə İranın Bəndər-Ənzəli limanına, İrandan Azərbaycan vasitəsilə Rusiyaya daşınması planlaşdırılır. Artıq Rusiyadan mallar birbaşa Avropa ölkələrinə göndərilə bilər.
Bu layihənin Çinin «İpək yolu» layihəsinə rəqib ola biləcəyi deyilir. Bu arada bu iki qitələrarası layihənin «barışdırılması», hətta koordinasiyası üçün Azərbaycanın mövqeyi kifayət qədər cəlbedici təsir bağışlayır. Məlum olduğu kimi, Bakı artıq «Şimal-Cənub» marşrutunun işə salınması üçün tələb olunan infrastrukturun yaradılması üzərində işləri başa çatdırıb, üstəlik, İrana Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün 500 milyon dollarlıq kredit ayırıb. Bu dəmir yolunun Xəzər dənizinin sahilinədək uzanması nəzərdə tutulur.
Eyni zamanda Azərbaycan ən yaxın strateji müttəfiqlərindən olan Pakistanın (Azərbaycan ərazilərinin işğalını pisləyən İslamabadın təcavüzkar Ermənistanla heç bir münasibəti yoxdur) da bu layihəyə qoşulmasını istəyir. Odur ki, «Şimal-Cənub» marşrutunun Pakistanın Qavadar limanı ilə birləşəcəyi, oradan isə Çin-Pakistan iqtisadi dəhlizinədək uzanacağı istisna deyil. Yeri gəlmişkən, sonuncu Pekinin qlobal «İpək yolu» iqtisadi kəmərinin yaradılması strategiyasının vacib elementidir.
Azərbaycan bütünlükdə Avrasiya məkanında müxtəlif inteqrasiya layihələri arasında birləşdirici bənddir. Bu layihələrdə isə hər iki qitənin ən nəhəng fövqəldövlətləri iştirak edir.
Beləliklə, Hindistan-Pakistan münasibətlərində yaranmış növbəti gərginlik kontekstində, Bakının inteqrasiya səyləri bu iki ölkənin iqtisadi və nəqliyyat-kommunikasiya maraqlarının üst-üstə düşməsinə imkan yarada bilər. Bu, şübhəsiz ki, bütövlükdə iki nüvə fövqəldövləti arasında hərbi münaqişə təhlükəsinin tezliklə aradan qalxmasını gözləyən dünya birliyinin istəyinə cavab verir.
MƏSLƏHƏT GÖR: