29 Noyabr 2024

Cümə, 13:30

«NETANYAHU ERASININ QÜRUBU» TƏXİRƏ DÜŞÜR

Hazırkı baş nazir hakimiyyətdə qalma müddətinə görə, İsrail dövlətinin qurucusu, böyük David Ben-Qurionun rekordunu yeniləyə bilər

Müəllif:

15.04.2019

İsraildə ali qanunverici və ali hakimiyyət orqanı olan Knessetə 21-ci seçki başa çatıb. Ötən illərdə olduğu kimi, bu dəfə də seçki kampaniyasının favoriti hazırkı baş nazir Binyamin Netanyahunun «Likud» partiyası idi. Lakin seçkinin nəticəsi göstərib ki, uzun illərdən sonra ilk dəfə olaraq, Netanyahunun mövqeləri laxlayıb. İndi İsrailin siyasi üfüqündə gənc ulduz parlamağa başlayıb – «Kaxol-Lavan» bloku.

 

Ortodokslara qarşı

İsraildə parlament böhranı ultraortodoksal yəhudilərin hərbi xidmətə məcburi çağırılmasını nəzərdə tutan qanun layihəsi üzündən başlamışdı. Sabiq müdafiə naziri Aviqdor Libermanın təşəbbüsü ilə ortaya çıxmış sənəd Knessetdə ciddi müzakirələrə səbəb olmuşdu. Ultraortodoksal deputatlar müzakirələrə mane olaraq, koalisiyanı tərk edəcəklərilə bağlı təhdidlər səsləndirməyə başlamışdılar. Bununla da, hakim koalisiyanın 2019-cu ilin noyabrına təyin edilmiş parlament seçkisinədək dağılacağı aydın olmuşdu. Məhz buna əsaslanan bir çox partiya lideri, xüsusilə populyar siyasətçi olan maarif naziri Naftali Bennet növbədənkənar seçkinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.

Əslində, yəhudi dövlətində daxili proseslər və ictimaiyyətdəki fikir ayrılıqları yeni deyil. Aviqdor Libermanın təklifi sadəcə, katalizator rolunu oynayıb. İsraillilərin əksəriyyəti ölkədə ultraortodoksal yəhudilərə – haredimlərə tanınan imtiyazlardan narazıdır. Dövlət onlar üçün bir çox sosial imtiyaz nəzərdə tutur. Bununla yanaşı, bu insanların əksəriyyəti özünü tamamilə «Tövrat»a həsr edə bilməsi üçün, işləmirlər. Yəhudi cəmiyyətinin bu hissəsinin adət-ənənələrisə kifayət qədər radikaldır və bu mənada müsəlman analoqlarından heç də geri qalmır. Məsələn, hasidlərin və digər ortodoksların yəhudi ictimaiyyətinin dünyəvi təbəqəsinə aid insanları dini şərtlərə əməl etmədikləri üçün daş-qalaq etməsi halına kifayət qədər rast gəlinir. Ortodoksların bu cür təcavüzkar əməlləri sadə yəhudiləri, xüsusilə yeni repatriantları çox qıcıqlandırır. Radikallara əlavə olaraq, hərbi xidmətin məcburi olmaması isə bütün bu narazılıqları bir qədər də artırır. Bu gün İsrail əhalisinin, təxminən, 10%-ni ortodokslar təşkil edir. İordan çayının qərb sahilindəki yaşayış məntəqələri əhalisinin əksəriyyəti onlardan ibarətdir. Hasidlər isə çoxdan yerləşdikləri əraziləri tərk etmək istəmir, müsəlmanlarla münaqişəyə gedir və dövlətdən ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həlli planına rəğmən, təhlükəsizliklərinin təminini tələb edir. İsraillilərin, bununla bağlı, hiddəti hər dəfə namizədlərin seçkiqabağı vədlərində də yer alır. Əhali də hər yeni hökumətdən ortodokslara tanınmış imtiyazların böyük hissəsinin ləğvini gözləyir.

 

«Ştabçılar»ın bloku

Seçki yarışının kəşfi yenilik yeni yaradılmış «Kaxol-Lavan» bloku olub (ivritdən tərcümədə «Göy-ağ» (İsrail bayrağı) deməkdir).

Opponentləri tərəfindən kulisdə «Ştabçılar» adlandırılan bu bloka İsrail Ordusunun (SAXAL) Baş Qərargahının 3 sabiq rəisi rəhbərlik edir: Benni Hants, Moşe Yaalon və Qabi Aşkenazi. Burada liderlik «Xosen la-İsrail» partiyasının rəhbəri, general-leytenant Benni Şatnsa məxsusdur. «Müttəfiqlər»in qərarına əsasən, seçkidə qazanılacaq qələbə halında İsrailin yeni baş naziri məhz o olmalı idi. Seçkiyə lap az qalmış yaradılmış «Xosen la-İsrail» partiyası sol-mərkəzçi mövqeyi üzündən dərhal geniş seçici kütləsinin dəstəyini qazana bilib. Hants yaratdığı təşkilatın ideologiyasını belə ifadə edib: təhlükəsizlik məsələlərində «sağ»a, sosial-iqtisadi məsələlərdə «sol»a.

Seçkiqabağı platformanın təhlükəsizlik sahəsinə aid vacib maddəsi Yaxın Şərqdə sabitliyin bərqərar olmasında maraqlı ərəb dövlətlərinin iştirakı ilə regional konfransın çatırılması ilə bağlı idi. Bu, Fələstinlə sərhədlərin müəyyənləşdirilməsinə kömək məqsədilə ediləcəkdi. Bununla yanaşı, Benni Hants hesab edir ki, İsrailin İordan çayının qərb sahilində hərbi mövcudluğunu davam etdirməsi vacibdir. Onun fikrincə, bu, oradakı proseslərə nəzarət edilməsi baxımından zəruridir.

Seçkiqabağı kampaniyanın gedişində o, İran generallarına, «Hizbullah» və HƏMAS liderlərinə xəbərdarlıq da etmişdi: İsrailə qarşı təcavüzün fəsadları ağır olacaq!

Lakin «Kaxol-Lavan»ın əsas kozırı sosial vədlər idi. Söhbət, ilk növbədə, repatriantlara və pensiya yaşına az qalmış insanlara verilən vədlərdən gedir. Yeni blok iqtisadi sahədə aqrar sektora diqqətin artırılacağını vəd edirdi. İsrail əhalisinin isə az qala yarısı məhz bu sahədə çalışır. Bu yerdə daha bir vacib məqam bloka daxil olan «Eş Atid» partiyası və onun lideri, sabiq hərbi müxbir və maliyyə naziri Yair Lapidin mövqeyi idi. O, dövlətn təhsil, səhiyyə və mənzil tikintisi sahələrini subsidiyalaşdırmalı olduğunu düşünür.

 

Netanyahu fenomeni

Binyamin Netanyahu illərdir ki, İsrailin ən güclü siyasətçisi olaraq qalır. O, ölkəyə 13 ildən artıqdır başçılıq edir və son 10 ildə (2009-cu ildən) bu işi fasiləsiz görüb. Bu, David Ben-Quriondan sonra hakimiyyətdə qalma müddətinə görə ikinci yer deməkdir. Amma Netanyahu İsrail Dövlətinin qurucusunu arxada qoya da bilər. Əgər hökumətin formalaşdırılması növbəti dəfə Netanyahuya həvalə olunarsa, bu rekord ona keçəcək. Üstəlik, Netanyahunun baş nazir kimi ilk səlahiyyət müddəti (1996-99) səs-küylü qalmaqallar üzündən yarımçıq qalmışdı. Birbaşa seçkidə sosialistlərin lideri Exud Baraka məğlub olmuş Netanyahu siyasətdən «birdəfəlik» getmək qərarına gəlmişdi. Lakin tarix göstərdi ki, bu, sadəcə, siyasi gediş imiş. Cəmi bir neçə il sonra Binyamin Netanyahu zəfərlə geri qayıdaraq, yenidən «Likud» partiyasına başçılıq etməyə başlayıb. O, ikinci dəfə baş nazir olduqdan sonra bir daha hökumətə başçılığı əldən verməyib. Xalq arasında popuyar olan «yəhudi dövlət xarakteri»ni əsas götürən Netanyahu vədlərinin əksinə olaraq, Fələstin muxtariyyətinin ərazisini böyüdüb və «iki xalq üçün iki dövlət» formulunu qəbul edib. İstər daxili, istərsə də xarici siyasətdə ikili mövqeyi üzündən Qərb KİV-i onu «İsrailin Taleyranı» adlandırır.

Netanyahu seçkiqabağı kampaniya zamanı yenidən anti-ərəb kartından istifadə etməyə çalışıb. O, «ərəblərin artıq 22 dövlətinin olduğunu» və «daha bir ərəb dövlətinə ehtiyacın olmadığını» bildirib. İsrailin ərəb əhalisi və yəhudi ictimaiyyətinin dünyəvi hissəsi dərhal Netanyahunu irqçilikdə və etnik ayrı-seçkilikdə ittiham edib.

B.Netanyahu təhlükəsizlik məsələlərində aşkar «qırğı» mövqeyindən çıxış etsə də, ölkənin iqtisadi uğurlarını əksəriyyət məhz onun adı ilə bağlayır. Nəhəng müəssisələrin dövlətin nəzarəti altında özəlləşdirilməsi, miqyaslı xarici investisiyaların cəlbi, yüksək texnologiyalar sahəsində istehsalat ölkənin həm daxili bazarını, həm də beynəlxalq nüfuzunu gücləndirib. Nəticədə, son iqtisadi böhranı İsrail Avropa və Amerikadan daha tez aşıb.

Bu gün yəhudi dövləti ərəblər üçün belə, ən cəlbedici dövlətdir. Onlar İsraili dövlət kimi tanımaqdan imtina etmələrinə rəğmən, alış-verişdə şekeldən istifadə edir və onu nə Misir, nə də İordaniya valyutasına dəyişməyi düşünür. Avtoritarizmdən uzaq israillilərin Netanyahunu ölkə tarixinin ən yaxşı baş naziri sayması da təsadüf deyil.

 

Narahat Knesset

İsrail parlament respublikası olduğundan, Knessetə seçki ölkənin əsas səsverməsi sayılır. Demək, məhz bu seçkidə emosiyalar yüksək olur. Ölkə qanunvericiliyinə əsasən, seçkinin nəticəsi elan olunduqdan sonrakı 1 həftə ərzində İsrail prezidenti Nazirlər Kabinetini formalaşdırmağa məsul şəxsi təyin etməlidir. Maraqlıdır ki, İsrailin tarixində heç vaxt 1 partiya Knessetdə mütləq çoxluğa (60-dan artıq yer) sahib çıxa bilməyib və bu üzdən, hər dəfə hökumət koalisiya əsasında formalaşdırılıb. İsrailli siyasətçilərin əhəmiyyəti də məhz razılığa gəlmək bacarığında ortaya çıxır. Məhz bu, hazırkı baş nazirin ən yaxşı bacardığı işlərdəndir. Hər halda, Netanyahu hökumətə 2009-cu ildə keçirilmiş və formal olaraq uduzduğu seçkidən sonra belə, başçılıq edib. O zaman «Kadima» və partiyanın lideri Tsipi Livni «Likud» və Netanyahudan çox səs yığsa da, hökumətin formalaşdırılması məhz sonuncuya həvalə edilmişdi.

Vəziyyət bu dəfə də təkrarlanıb. Binyamin Netanyahu səsvermənin başa çatmasını gözləmədən özünü qalib elan edib. Halbuki onun «Likud» partiyası nominal olaraq 29,2% səs yığıb. «Kaxol-Lavan» isə hələ seçkiyədək «sağ cəbhə»nin dəstəyini qazana bilmişdi.

Doğrudur, bu dəfə parlamentdə «kapitalist-millətçilər»in işi güclü «solçu» müxalifət üzündən xeyli çətinləşəcək: böyük ehtimalla, qədim «Avoda» fəhlə partiyası, etnik ərəblərə məxsus «Xadaş-Taal» və «Raam-Balad» partiyaları da «Kaxol-Lavan»a qoşulacaq. Bununla da, sol-mərkəzçilər ümumilikdə 55 mandata və nazir portfellərinin, demək olar ki, yarısına iddialı olacaq. Lakin görünən odur ki, analitiklərin seçkidən əvvəl elan etdikləri «Netanyahu erasının qürubu» təxirə düşür. İndi dünya bir müddət Knessetdə və İsrail hökumətində maraqlı siyasi savaşa şahidlik edəcək.



MƏSLƏHƏT GÖR:

315