25 Noyabr 2024

Bazar ertəsi, 21:33

KEŞİKÇİ DAĞDA TƏXRİBAT

Azərbaycanla Gürcüstanın inkişafına mane olmağa çalışan qüvvələr mağara millətçiliyindən yararlanmağa çalışır

Müəllif:

15.05.2019

Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri növbəti sınaq qarşısındadır. Bu dəfə sınaq sərhəd bölgədə yerləşən Keşikçi dağ məbəd kompleksi ətrafında yaradılmış süni gənginliklə bağlıdır.

 

Keşikçi dağ məbədi

Keşikçi dağ və ya gürcü tərəfinin adlandırdığı kimi, David Qareci məbəd kompleksi təpələrlə iki hissəyə ayrılır. O, özündə çoxsaylı tarixi, memarlıq və dini obyektləri birləşdirir. Bütün bunlar Azərbaycan-Gürcüstan sərhədinin 25 kilometrlik hissəsinə səpələnib.

Keşikçi dağ monastırı Azərbaycan ərazisində olmuş ən qədim dövlətlərdən birinin – Qafqaz Albaniyasının mirasıdır. Yeri gəlmişkən, tarixdə xristianlıq ilk dəfə məhz Qafqaz Albaniyasında rəsmi din elan olunub. Sonradan Azərbaycan əhalisinin əksəriyyətinin islamı qəbul etməsilə bu müqəddəs məkana maraq itib, nəticədə, Alban kilsəsinin mövqeyi xeyli zəifləyib. Proses hüquqi baxımdan məntiqi sonluğuna Rusiyanın Cənubi Qafqazı ələ keçirməsi, Alban kilsəsinin Rusiya imperatoru I Nikolayın əmrilə ləğvilə çatıb.

1995-ci ildə, yəni Azərbaycan və Gürcüstanın müstəqilliklərini bərpa etməsindən bir neçə il sonra tərəflər dövlət sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara başlayıb. Dövlət sərhədinin SSRİ dövründə olduğu xətt üzrə tanınması qərara alınıb. Ötən müddət ərzində iki tərəfin dövlət komissiyaları sərhədin 66%-nin delimitasiyası ilə bağlı razılığa gəlib (480 kilometrlik sərhədin 314 kilometri). Hazırda prosesin sona çatdırılması üzrə danışıqlar davam etdirilir.

 

Sərhədlərin delimitasiyası vacibdir

Əslində, Azərbaycan-Gürcüstan sərhədində tamamilə sakit olan vəziyyəti bəzi gürcü KİV-i Azərbaycan sərhədçilərinin Keşikçi Dağ monastır kompleksinə girişi müvəqqəti olaraq məhdudlaşdırdığına dair xəbərlərlə qızışdırıb. Maraqlıdır ki, bu zaman gürcü keşiş və zəvvarlarının monastıra girişini cəmi bir neçə gün qadağan etmiş Bakının sözügedən qərarının səbəbləri haqda heç nə yazılmayıb. Üstəlik, ehtiraslar məhdudiyyətə son qoyulduqdan sonra da yatmayıb. Bu isə Gürcüstanda müəyyən qüvvələrin iki dost ölkənin münasibətlərində problem yaratmaqda maraqlı olduğunu ortaya qoyub.

Bununla yanaşı, Azərbaycan Keşikçi dağ kompleksinə girişin məhdudlaşdırılmasının heç bir halda Gürcüstan tərəfinə qarşı yönəlmiş addım olmadığını ilk günlərdən bəyan edib. Deyilənləri tapşırığı azərbaycanlı sərhədçilərin son dərəcə sakit şəkildə yerinə yetirməsi də təsdiqləyirdi: Bakı prinsipcə, yaxın qonşusu və tərəfdaşı olan Tbilisinin maraqlarına zidd addımlar atmayıb. Bu yerdə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin sözlərini xatırlatmaq yerinə düşər. O, hesab edir ki, Azərbaycan rəhbərliyinin sərhəd ərazinin müvəqqəti bağlanması qərarı Bakıda Formula 1 yarışının keçirilməsilə də bağlı ola bilər: «Bu, həmsərhəd ölkələrdən birinin maraqlarına xidmət edən cinayətkarların Azərbaycan ərazisinə daxil olmasının əngəllənməsinə yönəlmiş antiterror tədbiri də sayıla bilər».

Başqa sözlə, Azərbaycanın qərarı təhlükəsizlik tədbiri kimi, dost Gürcüstanın maraqlarına da tam cavab verir. Hər halda, Keşikçi dağ ətrafında hər hansı güc tətbiqinə, gərginliyə heç bir əsas olmayıb və yoxdur.

Azərbaycan bu məsələyə hər zaman sırf dostluq, mehriban qonşuluq ruhunda yanaşıb. Bakı qədim Alban monastırına qonşu Gürcüstan xristianlarının ehtiramına son dərəcə hörmətlə yanaşır. Məhz bu üzdən o, qaydalara dəyişiklik edərək, gürcü keşişlərinin, zəvvarlarının sərhədi sərbəst şəkildə keçərək Keşikçi dağ məbədinə gəlməsinə imkan verir. Bununla yanaşı, Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası məsələsinin tezliklə həllini də vacib sayır.

Yeri gəlmişkən, mayın 14-də Bakıda Gürcüstan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının sədrləri arasında işçi görüş olub. Gürcüstan tərəfdən görüşdə baş nazirin xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycan tərəfdən isə xarici işlər nazirinin müavini, ölkə prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov iştirak ediblər. Gürcüstan XİN-in məlumatına görə, görüşdə tərəflər «danışıqlara konstruktiv yanaşmaya hazır olduqlarını bildirib, iş prosesində mehriban qonşuluq, strateji tərəfdaşlıq amillərinin nəzərə alınmasının vacibliyini vurğulayıb». Ən önəmlisi, Xələfovla Darsaliya Keşikçi dağ məbəd kompleksi ətrafında təxribatların yolverilməz olduğunu bildiriblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, nazir müavinlərinin görüşündə sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının növbəti iclasının mayın son ongünlüyündə keçirilməsi qərara alınıb. Açıqlamada dövlət komissiyalarının indiyədək 11 iclas keçirdiyi xatırladılır. Bu proses çərçivəsində tərəflər 480 kilometrlik Azərbaycan-Gürcüstan sərhədinin 314 kilometrlik hissəsini razılaşdırıb. «Hazırda 166 kilometrlik sərhədlə bağlı işlər ekspertlər səviyyəsində davam etdirilir», - deyə «İnterfaks-Azərbaycan»ın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumatda qeyd olunur.

Nazirliyin açıqlamasında deyilir ki, Gürcüstan sərhədçiləri Pasxa ərəfəsində Azərbaycan tərəfinə müraciət edərək, gürcülərin Azərbaycanın «Keşikçi dağ» Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə sərbəst girişinə şərait yaradılmasını xahiş edib. «Azərbaycan tərəfi Gürcüstanla sıx əməkdaşlığın ruhuna uyğun olaraq, bu xahişə müsbət cavab verib. Daha sonra gürcü tərəfi Bakıya daha bir müraciət ünvanlayaraq, yaradılmış rejimin növbəti həftə də davam etməsini istəyib. Azərbaycan tərəfi bu müraciəti də anlayışla qarşılayıb və sərhədin delimitasiyası işinin ən qısa vaxtda başa çatdırılmasının vacibliyini bildirib», - deyə XİN-in açıqlamasında vurğulanır: «Bizim gözləntimiz Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesinin qısa vaxtda başa çatdırılmasıdır».

Azərbaycan Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya bu yaxınlarda etdiyi səfər zamanı səsləndirdiyi bəyanatı da anlayışla qarşılayıb: «Biz aramızdakı dostluq münasibətlərinə əsaslanaraq, delimitasiya üzrə komissiyaya fəaliyyətini bərpa etməsini və prosesin başa çatdırılmasını tapşırmaq qərarına gəldik. Bizi birləşdirən amillərdən biri də sərhəddir. Ümid edirəm ki, məsələ dostluq əlaqələrimiz əsasında həll olunacaq».

Lakin bütün bunlarla yanaşı, Keşikçi dağ ətrafında vəziyyətin aprelin sonunda, Gürcüstan prezidentinin sərhəd zonaya baş çəkməsindən və sərhədlərin tezliklə demarkasiyasına çağırış etməsindən sonra gərginləşdiyi də qeyd olunmalıdır.

 

Təhlükəli oyun

Ola bilsin ki, Gürcüstanın bəzi siyasi dairələri Zurabişvilinin Keşikçi dağa yollanmasını və orada səsləndirdiyi bəyanatı «fəaliyyətə keçmək» çağırışı kimi qiymətləndirib. Lakin onların interpretasiyası yumşaq desək, Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun olmayıb.

Məsələn, Gürcüstan parlamentinin sabiq deputatı Şalva Natelaşvili Azərbaycanla sərhədə baş çəkərək, Azərbaycanın ünvanına bəzi təhqiramiz ifadələr səsləndirib. Daha bir keçmiş siyasətçi, ölkənin sabiq müdafiə naziri İrakli Okruaşvili isə sosial şəbəkələrdə Azərbaycan əleyhinə fikirlər yazmaqla gündəmə gəlib. O, 2005-ci ildə «Gürcüstandan 500 000 azərbaycanlını çıxara biləcəyinə dair hədə səsləndirdiyini» xatırladıb.

Açıq-aydın Azərbaycan-Gürcüstan müttəfiqliyinin pozulmasına yönəlmiş daha bir hadisə kimi gürcülərin təşkil etdikləri canlı zəncir aksiyasını göstərmək olar. Aksiyanın fəalları bununla guya Keşikçi dağın «tarixi Gürcüstan ərazisi» olduğunu göstərməyə çalışıblar. Eyni sözləri «Güc və birlik» hərəkatının «David Qareci ərazisində patrul xidməti aparmaq» anonsu haqda da söyləmək olar. Maraqlıdır ki, bu aksiyaların təşkilatçıları riyakarcasına Azərbaycan-Gürcüstan dostluğuna, mehriban qonşuluğuna istinad edir, lakin heç nədən bu qədər səs-küy yaratmalarının səbəbini izah etmirlər. Əgər onlar, həqiqətən də, ikitərəfli münasibətlərin korlanmasını istəmirlərsə, bütün bunlara nə gərək var?

Gələn bu məsələdəki əsas məqama: Gürcüstanda baş qaldırmış anti-Azərbaycan əhvalı, həqiqətən, bu aksiyaların təşkilatçılarının, bəyanat müəlliflərinin öz təşəbbüsüdürmü? Axı, bunun hər iki tərəfin maraqlarına zidd olduğuna şübhə yoxdur.

Bəzi analitiklər bu suala cavab verən zaman baş verənlərin Gürcüstan hökumətinin «ötürməsi»lə yaşandığını deyir. Onlar bunu təxribatçı əməllərin miqyası, sinxronluğu ilə, eyni zamanda Tbilisinin «susqunluğu» ilə əsaslandırırlar. Bu versiyanın tərəfdarları onu da deyir ki, Gürcüstanda hakimiyyətə yeni simaların gəlişi ilk dəfə deyil anti-Azərbaycan demarşı ilə müşahidə olunur. Bu fikirdə olan analitiklərin fikrincə, Tbilisi bununla Bakıdan müəyyən iqtisadi imtiyazlar qoparmağa çalışır.

Yeri gəlmişkən, imtiyazlar haqda. Guya sərhəddəki məbədi Azərbaycandan qoparmağa çalışan təxribatçılar Gürcüstanda bir çox məbədin pulsuz olaraq Azərbaycan qazı ilə təmin edildiyini unudur. Bu, Bakının mehriban qonşuluq münasibətlərinə, gürcü xalqının mənəvi dəyərlərinə hörmətinin göstəricisi deyilmi?!

Maraqlıdır ki, Gürcüstanın siyasi dairələri ölkədəki yüzlərlə məbədə iddia edən Erməni kilsəsinə qarşı eyni fəallığı göstərmir. Xatırladaq ki, hələ 2015-ci ilin yanvarında Gürcüstandakı Erməni Apostol kilsəsi Yeparxiyasının ölkənin baş nazirinə ünvanladığı məktub üzə çıxmışdı. Orada Eçmiadzinin iddia etdiyi 442 məbədin siyahısı da yer alırdı. Üstəlik, söhbət yalnız məbədlərdən deyil, onların yerləşdiyi torpaqlardan, yəni Gürcüstan ərazisindəki nəhəng mülkiyyətdən gedirdi – Eçmiadzin həmin əraziləri özünə tabe etmək istəyir.

Yeri gəlmişkən, Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasına hər zaman maraq göstərmiş yeganə tərəf Ermənistandır. Onların son məsələlərdə də hansısa rol oynadıqları istisna deyil.

Azərbaycana qarşı belə hörmətsizliyin edilməsində Tbilisinin Rusiyanın «Qazprom» şirkətilə kiçik həcmdə də olsa, qaz alqı-satqısına dair razılığa gəlməsinin də rolu ola bilər. Gürcüstan 2006-cı ildən Rusiyadan qaz almırdı. İndi «Qazprom»la razılığa gedən Tbilisi bunu «mavi yanacaq» mənbələrinin şaxələndirilməsi istəyilə əsaslandırır. Ola bilsin ki, şaxələndirilməyə ehyamlar Gürcüstandakı bəzi dairələrin beynində Azərbaycana qarşı qeyri-adekvat fantaziyaların baş qaldırmasına səbəb olub. Amma onlar Gürcüstanın Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrində iştirak etdiyini unudur. Görünür, onlar Bakının Gürcüstan iqtisadiyyatına milyardlarla investisiya qoyduğunu da yaddan çıxarıb. Gürcüstanın müasir tarixinin ən dramatik anlarında Azərbaycanın ona verdiyi əhəmiyyətli siyasi-mənəvi, maddi-iqtisadi dəstəklər haqda isə danışmaq belə artıqdır…

Beləliklə, Azərbaycanla dostluq və tərəfdaşlığa təhdid olan bu təhlükəli oyuna ehtiyac varmı? Üstəlik, anti-Azərbaycan isteriyasından Bakıya təzyiq vasitəsi kimi istifadə olunmasının mümkünsüzlüyü də hər kəsə aydındır.

Gürcüstan-Azərbaycan münasibətlərinin durumundan, həmçinin tərəflərin sərhədlərin delimitasiyasına dair rəsmi mövqeyindən çıxış edərək əminliklə demək olar ki, Keşikçi dağ iki qonşu ölkə arasında ayrılıq yox, birlik amili olacaq.



MƏSLƏHƏT GÖR:

335