25 Noyabr 2024

Bazar ertəsi, 21:48

MEY GEDİR, PROBLEMSƏ QALIR

Avropa İttifaqında əmindirlər ki, qloballaşma erasında birliyin pozulması yolverilməzdir

Müəllif:

01.06.2019

 

Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının lideri postundan istefa verəcək. Britaniya hökumətinin başçısı bunu KİV nümayəndələrinə mayın 24-də Daunin-stritdəki iqamətgahının qarşısında verdiyi açıqlamasında bildirib. O, partiyaya yeni liderin seçilməsinədək Nazirlər Kabinetinə başçılığı davam etdirəcək. Bu iş ənənəvi olaraq 2 turdan keçir və nəticədə, bir neçə həftə uzana bilir. 52 86 47

2016-cı ildə torinin növbəti liderini seçməsi 17 gün çəkmişdi. Beləliklə, Böyük Britaniya yeni baş nazirinə ya parlamentin iyulun sonunda başlayacaq yay tətili ərəfəsində, ya da tətildən sonra – sentyabrda qovuşacaq. «The Guardian» qəzetinin analitikləri hesab edir ki, Tereza Meyin gedişi Mühafizəkarlar Partiyası daxilində sərt varis savaşına yol aça bilər. Amma deputatlar bu ssenariyə aylardır hazırlaşır. Hər halda, baş nazirin reytinqi xeyli vaxtdır aşağı düşüb, üstəlik, onun bir neçə naziri çoxdan istefa verib. Bununla yanaşı, partiyanın ayrı-ayrı məşhur nümayəndəsi mühafizəkarların lideri və baş nazir postu uğrunda fəal kampaniya aparmağa başlayıb.

 

Hakimiyyətə aparan ağır yol

Xanım Meyin 2016-cı ildə Nazirlər Kabinetinin başçısı seçildikdən sonra etdiyi proqram çıxışında nələr dediyini bu gün heç kəs xatırlamır. Kifayət qədər hazır, enerjili və təşkilatçı şəxs olan Mey siyasi karyerasının zirvəsinə doğru, təxminən, 40 il yol gedib. Bu yol çox ağır olub və xanım siyasətçi bu yolu o qədər də sürətlə qət etməyib. 30 yaşında o, Londonun cənub-qərbində dairə bələdiyyəsinin deputatı mandatını qazanıb. Deputat seçilməyə 2 uğursuz cəhddən sonra 1997-ci ildə parlamentə düşə bilib. 2010-cu ildə baş nazir Devid Kemeron T.Meyə hökumətdə qadınlarla iş departamentinin rəhbəri postunu təklif edib. 2 il sonra – 2012-ci ildə isə Mey daxili işlər naziri təyin olunub. Nəhayət, 2016-cı ilin iyulunda «Brexit»lə bağlı referendumdan və Kemeronun istefasından sonra xanım siyasətçi Mühafizəkarlar Partiyasının lideri seçilib və baş nazir kürsüsünə yiyələnib. Yeri gəlmişkən, o zaman üçün bu, bir qədər gözlənilməz idi.

Tereza Mey hökumətə başçılıq etdiyi 3 ildə iki dəfə sözün əsl mənasında ağır sınaqdan keçib. Birinci sınaq bu il yanvarın 15-də Aİ-dən çıxmaqla bağlı razılaşma layihəsinin Nümayəndələr Palatasında səsverməyə qoyulması idi. O zaman Mey hökuməti ciddi məğlubiyyətə uğramışdı – baş nazirin təklif etdiyi layihəni yalnız 202 nəfər dəstəkləmiş, 432 deputat isə sənədin əleyhinə səs vermişdi. «Daily Telegraph» qəzeti yazır ki, «Nümayəndələr Palatasında çoxluqda olan hökumət heç zaman bu hesabla uduzmamışdı». Bu məğlubiyyət T.Mey hökumətinin əsas və əslində, yeganə vəzifəsinin öhdəsindən gəlməsinə imkan verməmişdi – Böyük Britaniya martın 29-da Aİ-ni tərk etməli idi.

Mey kabinetinin ikinci sınağı son 2 ildə davam edib. Bu dövrdə hökumətin 36 üzvü istefa verib. Bundan əvvəlki «nailiyyət» Leyboristlər Partiyasının sabiq lideri Toni Bleyerə məxsus idi. Onun baş nazirliyi dövründə 29 kabinet üzvü istefaya göndərilmişdi. Amma bu, 2 ildə yox, 10 ildən də bir qədər artıq müddətdə baş vermişdi.

 

«Çətin tərəfdaş»

Britaniyalı analitiklərin fikrincə, Tereza Mey ən azı ilkin mərhələdə, sadəcə, ölkəni, təxminən, yarım əsr əvvəl inteqrasiya etdiyi Aİ-dən çıxarmağın nə demək olduğunu anlamayıb. Əslində, o zaman bunu Britaniyada, demək olar ki, heə kəs anlamırdı. Müstəmləkə imperiyasının süqutu ilə Avropa istiqaməti Birləşmiş Krallıq üçün yad ərazilər baxımından vacib idi. Avropa İqtisadi Birliyinə, daha sonra isə Avropa İttifaqına üzvlük onun üçün alternativsiz seçim sayılırdı. Lakin ölkə bu inteqrasiya qrupunda mövqeyini kifayət qədər möhkəmləndirə bilmişdi. Bununla yanaşı, o, xüsusi şərtlər irəli sürdüyü üçün «çətin tərəfdaş» sayılırdı.

Böyük Britaniyanın özündə də Avropaya inteqrasiya ilə bağlı diskussiya heç zaman kəsilməyib. Skeptiklər bunun ölkənin suverenliyini, eyniliyini itirəcəyindən ehtiyatlanır, Aİ-nin sosial modelindən narahatlıq ifadə edirdilər. Nikbinlər isə qitədən özünütəcridin intihar olduğunu deyirdilər.

İnteqrasiya məntiqi yalnız iqtisadi deyil, siyasi əməkdaşlığın da dərinləşməsini tələb edirdi. Bu, 2008-2009-cu illərin iqtisadi tənəzzülü, avrozonadakı böhran və miqrasiya problemi zamanı Britaniyada narazılığı artırmışdı. Baş nazir Devid Kemeron Aİ-dən ayrılmaq məsələsini referenduma məhz belə bir vəziyyətdə çıxarmışdı. Səsvermənin nəticəsi isə cəmiyyətdə ciddi parçalanmanın olduğunu göstərdi - britaniyalıların yarıdan bir qədər çoxu Aİ-dən ayrılmağa, yerdə qalanlar isə əksinə səs verdi. Bu da öz növbəsində, sosial, yaş, regional və s. vacib əlamətlər üzrə parçalanma yaratdı. «Brexit»ə yalnız sosial vəziyyəti pis olanlar yox, həm də rifah halı yüksək əhali səs vermişdi. Birinciləri qloballaşmanın nəticəsi olan immiqrasiya, ikincilərisə iqtisadi gücün Şərqə «axması» narahat edirdi.

Referendumun ilk siyasi nəticələri də özünü çox gözlətməmişdi. Baş nazir D.Kemeron referendumda məğlubiyyətə uğradığından, istefaya getmiş, onun yerini Tereza Mey tutmuşdu. Xanım siyasətçi hər iki vəzifəni seçkisiz ələ almışdı – onun partiyadakı rəqibi son anda namizədliyini geri götürmüşdü. O zaman Mey yalnız partiyadaşlarının təzyiqi nəticəsində «Breymen» referendumu (Böyük Britaniyanın Aİ-nin tərkibində qalması) haqda ehtiyatla da olsa fikir səsləndirmiş, səsvermədən sonra isə vəziyyətlə barışmışdı. Halbuki referendum zamanı xanım Mey Aİ-nin passiv tərəfdarı mövqeyində çıxış edirdi. Onun mühafizəkarların lideri postunu tutması məhz bu mövqeyinə görə hər kəsi qane edirdi.

Səsvermənin nəticəsinin özünü bütünlükdə Krallıq ərazisində göstərməsi də çox çəkməyib. Aİ-nin tərkibində qalmağa səs vermiş Şotlandiya müstəqillik haqqında referendum keçirmək niyyətindədir, Şimali İrlandiya isə İrlandiya ilə sərhədinin bağlana biləcəyindən narahatlığını ifadə edir.

Bundan başqa, London yarım əsrdən çox müddət ərzində dünyanın ən nəhəng və aparıcı banklarını, koprorasiya və şirkətlərini, aktivlərin idarə edilməsilə məşğul olan fondları özünə cəlb edib. Krallığın paytaxtı dünyanın milsi olmayan maliyyə mərkəzinə çevrilib və bu gün də belədir. «Brexit» isə bu stutusu da təhlükə altına qoyub. Nəticədə, Avropa qitəsinə xidmət edən beynəlxalq şirkətlər Londondan Amsterdama, Frankfurta, Paris və Brüsselə üz tutmağa başlayıb. Amerikanın «Goldman Sachs», «JP Morgan», «Morgan Stanley» və «Citigroup» kimi nəhəng bankları artıq 300 milyard avroyadək aktivini Frankfurta köçürüb, «Bank of America» pesonalının və köçürmə əməliyyatlarının Londondan Parisə daşınmasına 400 milyon dollar ayırıb. Fransanın «BNP Paribas», «Credit Agricole» və «Societe Generale» şirkətləri də 1000-dək əməkdaşını Dumanlı Albiondan Parisə köçürmək qərarına gəlib. Bütün bunlar yaxın perspektivdə vergi daxilolmalarının azalmasına, iş yerlərinin və sövdələşmələrin ixtisarına səbəb olacaq. Bu isə Böyük Britaniyanın, xüsusilə Londonun investisiyalar üçün cəlbediciliyini azaldacaq.

Britaniyalı alimlərin fikrincə, ölkə əhalisi «Brexit»ə səs verməsəydi, iqtisadiyyat indikindən 1-2,5% böyük olardı. Funt-sterlinq də məhz referendumdan sonra dollara nisbətdə dəyərini ən azı 10% itirib.

 

Qarışıq Avropa

Aİ-nin özündə də vəziyyət yaxşı deyil. Orada faktiki olaraq, müxtəlif qüvvələrin yenidən qruplaşması prosesi gedir. Bir çox dövlət, xüsusilə ötən dövrdə Böyük Britaniya ilə eyni mövqedən çıxış etmiş kiçik ölkələr «Brexit»dən sonra daha geniş tərəfdaş da     irəsilə koalisiya yaratmaq məcburiyyətində olduğunu anlayır. Bu isə uzunmüddətli tendensiyadır. «Süddeutsche Zeitung» qəzeti yazır ki, «Britaniyanın Aİ-ni tərk etməsi qurumda birliyi daha da gücləndirə, bu isə öz növbəsində, siyasi vektorun dəyişməsinə səbəb ola bilər». İndi, Avropa İttifaqı müdafiə, maliyyə tənzimlənməsi və büdcə sahəsində layihələrini rahatlıqla irəli sürə bilər. Böyük Britaniyanın yer aldığı ittifaqda bunlar, xüsusilə ilk məsələ kifayət qədər çətinlik yaradırdı. Bundan başqa, Aİ-nin kiçik üzvləri səslərinin Brüsseldə eşidilməsi üçün çox çalışmalı olduqlarını düşünürlər. Onların fikrincə, Britaniyanın ayrılması ilə birliyin nəhəng üzvləri nüfuzunu daha da artıracaq. Ümumiyyətlə, Aİ-də kiçik üzvlərlə nəhənglər arasında münasibətlər daha çox birincilərin xeyrinə dəyişməkdədir. Nəhənglərdən hər hansı Aİ-ni tərk edirsə, alyansların yaranması böyük əhəmiyyət qazanır.

Amma kiçik üzvləri narahat edəcək məqamlar da ola bilər. Məsələn, Böyük Britaniya kimi çəkili üzvün olmadığı şəraitdə nəhənglər istədikləri qərarı qəbul edərək, kiçik üzvləri sadəcə, fakt qarşısında qoyacaq. Avropanın əyalətləri sayılan bəzi üzvlər isə Aİ-nin ən ciddi problemlərinin həlli prosesindən kənarda qala bilər. Bundan başqa, uzun illər Aİ-dəki siyasi proseslərin lokomotivi olmuş Fransa ilə Almaniyanın əməkdaşlığı yeni impuls qazanacaq. «Beşinci respublika»nın prezidenti Emmanuel Makron artıq miqyaslı təşəbbüslə çıxış edib. Onun Aİ-nin yenidən formalaşdırılması, Almaniya ilə iqtisadi, siyasi, təhlükəsizlik sahələrində inteqrasiyanın dərinləşdirilməsi planı hazırdır. Makron hesab edir ki, bu planın icrası ilə Avropa İttifaqının nüvəsini avrozona təşkil edəcək. Onun təşəbbüsünü Aİ üzvlərinin artıq ya Avropa Komissiyasının, ya da Avropa İttifaqı Şurasının rəhbəri kimi gördükləri Almaniya kansleri Angela Merkel də dəstəkləyir. Məsələ ondadır ki, Jan-Klod Yunker və Donald Tusk Avropa Parlamentinə seçkidən sonra vəzifələrilə vidalaşacaqlar.

Bu arada Aİ artıq Avropa Parlamentini Britaniyanın gedişilə əlaqədar yenidən formalaşdırıb. Qurumdakı 705 deputat mandatının 75-i Britaniyaya aid idi. İndi Aİ məmurları deputatların sayını 46 nəfər azaldıb, qalan 27 mandat isə 14 dövlət arasında bölünüb. Konkret olaraq Almaniyaya gəlincə, əksər analitiklər hesab edir ki, Avropa qitəsində baş verə biləcək istənilən dəyişiklik halında Berlin ittifaqın mərkəzində olacaq. Almaniyanın Şərq və Qərb, həmçinin Şimali və Cənubla birlikdə mərkəzi mövqeyini qoruması onun Avropanın həlledici gücü olmasına yardım edəcək.

Böyük Britaniyanın baş naziri mayın 21-də ikinci «Brexit»lə bağlı məsələnin Nümayəndələr Palatasında səsverməyə çıxarılmasına razılıq verib. O, bununla parlament tərəfindən artıq 3 dəfə rədd olunmuş razılaşmanın qəbuluna ümid edirdi. «Kabinet deputatları razılaşmaya səs verməyin vacibliyinə inandırmaq üçün müəyyən kompromislərə hazırdır. Belə kompromislərdən biri yeni referendumun keçirilməsinə ehtiyacın olub-olmadığının səsverməyə çıxarılmasıdır», - deyə T.Mey bildirib. Bununla yanaşı, baş nazir referendumla bağlı mövqenin parlamentin Aİ ilə razılaşmaya dair layihəsinə əlavə olunacağını da deyib. Başqa sözlə, Mey bununla Aİ-dən ayrılmağın əleyhdarlarını ikinci referendumun keçirilməsinə, eyni zamanda Aİ-dən razılaşmada yer almış şərtlər çərçivəsində ayrılmaya səs verməyə çağırıb. Lakin ikinci referenduma tərəfdar olan deputatların əksəriyyəti, ümumiyyətlə, «Brexit»in ləğvini tələb edir. Onlar əmindirlər ki, artıq Aİ-dən çıxmağın çətinliklərindən yaxşı xəbərdar olan ingilislər bunun əleyhinə səs verəcəklər.

Bir sözlə, Tereza Meyin gedişi bitmək bilməyən «Brexit» prosesinə ciddi təsir göstərməyəcək. Britaniya ilə Aİ arasında istənilən yeni sövdələşmə sadəcə, sabiq baş nazirlə əldə olunmuş razılaşmanın həyata keçirilməsi variantı olacaq. İlk referendum, demək olar ki, «heç-heçə» başa çatıb. Demək, parçalanmanın dərinləşməməsi üçün hər iki tərəfin mövqeyi nəzərə alınmalı idi. İndi Böyük Britaniyanın yeni baş nazir seçməsilə bu mübarizə «Brexit»in «sərt» və «yumşaq» variantları arasında davam edə bilər. Problem isə əlbəttə ki, aradan qalxmayacaq. Demək, Birləşmiş Krallığın ictimaiyyəti və siyasi elitası arasındakı parçalanma da davam edəcək.

Britaniyanın bu addımları bütünlükdə Aİ-də siyasi proseslərə stimul olub. Bu, şübhəsiz ki, Aİ-nin digər üzvlərində birləşmə ideyasını gücləndirib. Başqa sözlə, bəzi proqnozların əksinə olaraq, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi presedent kimi qəbul edilməyib. Əksinə, indi Aİ üzvləri qurumu tərk etməyin deyil, onu qoruyub saxlamağın yollarını axtarır. Halbuki «Brexit»in yaxın gələcəkdə baş tutmayacağı ehtimalı da qalmaqdadır.

 



MƏSLƏHƏT GÖR:

319