Müəllif: Fərhad NURİYEV
Amerika Birləşmiş Ştatlarının müasir daxili və xarici siyasəti, ilk növbədə, daha çevik və dəyişkən cəmiyyətin məhsuludur. O, daxili və xarici siyasi ardıcıllığı təmin edən klassik burjuaziya ənənələrinə sadiqlik, həmçinin müxtəlif modifikasiya və novasiyaların geniş diapazonu ilə xarakterizə olunur. Donald Tramp təcrübəli iş adamı kimi, bu iki əsas tendensiya arasında optimal balansı tapa bilib. O, tərəfdarları və seçiciləri ilə iyunun 20-də keçirdiyi görüşdə ikinci müddətə prezident seçilmək uğrunda yarışa qoşulmaq niyyətini açıqlayıb.
Trampın prezidentlik uğrunda 2016-cı ildə apardığı mübarizədə şüarı «Amerikanı yenidən qüdrətli dövlətə çevirək!» idi. 2020-ci ildə isə o, bu post uğrunda «Amerikanı qüdrətli dövlət olaraq saxlayaq!» şüarı ilə yarışacaq.
Donald Trampın hakimiyyətə gəlişi özünü Birləşmiş Ştatların yalnız daxili deyil, həm də xarici siyasətində ciddi dəyişikliklərlə göstərib. Bunu ölkənin əksər ekspert və siyasətçiləri də yaxşı anlayır. Söhbət Amerikanın Donald Trampın ölkənin Demokratlar Partiyası ilə assosiasiya olunan qlobalist kursunu dəyişmək niyyətilə hakimiyyətə getməmiş isteblişmentindən gedir. Respublikaçıların əksəryyəti bu kursu dəstəkləyir. Bununla yanaşı, Respublikaçılar Partiyası özü üçün minimal da olsa, manevr imkanı saxlayıb. Demokratlar isə artıq qlobalizm hegemonluğu ilə sinonimə çevrilib.
Amma bu, Vaşinqtonun qlobal hökmranlıqdan imtina haqda düşündüyü anlamına gəlmir. Sadəcə, Tramp və onunla həmrəy olan komandası milli iqtisadiyyatın inkişafı və möhkəmləndirilməsi, ölkənin dünya arenasında mövqeyini gücləndirməsilə bağlı əvvəlki administrasiyanın proqramından fərqli proqrama əsaslanır. Tramp özü də ABŞ-ın qlobal hegemonluğunu qoruması üçün yeni yol tapdığına əmindir.
ABŞ dünyanın müstəmləkə bölgəsindən fövqəldövlətə çevrilmə yolunu kifayət qədər sürətlə keçib. Və Amerikanın böyük diplomatik təcrübə, xarici siyasi təsir mexanizmləri olan dövlətlərin minilliklər boyu çatdığı mövqelərə belə sürətlə gəlib çıxması, amerikalıların dünyagörüşünə də təsirsiz ötüşməyib. ABŞ-ın dünya müharibələrindən sonra beynəlxalq arenadakı yüksəlişinin fundamental təməlini də məhz bu sürətlilik təşkil edib. Amerika isteblişmenti Albert Eynşteynin sözü ilə desək, məhz bununla «demək olar ki, hər kəsi, hətta zəngin dövlətləri belə, özünə borclu vəziyyətə salıb».
ABŞ-ın qlobal rolunda köklü dəyişiklik perspektivləri amerikalı parlamentarilərin Konqresdə müzakirə etdikləri ənənəvi mövzuya çevrilib. 2019-cu il martın əvvəlində Aşağı palatanın Tədqiqat xidməti konqresmenlərə «ABŞ-ın dünyadakı rolu, tarixi və Konqres üçün problemlər» adlı ekspert-analitik məruzəni təqdim edib. Sənəddə Ağ Evin Amerikanın İkinci Dünya müharibəsindən sonra formalaşmış və hazırda böhran yaşamaqda olan hegemonluğunu azaltmaq cəhdlərinə dünya ölkələrinin mümkün reaksiyasından bəhs olunur. Amerikalı parlamentarilər Birləşmiş Ştatların beynəlxalq arenadakı rolunun dəyişməsinə ayrı-ayrı dövlətlərin necə reaksiya göstərə biləcəyini ciddi şəkildə öyrənmək niyyətindədirlər. Bundan başqa, məruzədə Donald Trampın fəaliyyətinin əsasını təşkil edən «yeni kurs»a yalnız hazırkı deyil, ehtimal olunan perspektiv reaksiyalardan da bəhs olunur. Bu, onun ikinci müddətə prezident seçilmək niyyətini elan etməsindən sonra daha da aktuallaşıb. Hər halda, Trampın ikinci müddətə Ağ Ev rəhbəri seçilmək perspektivi heç də zəif görünmür.
Trampın prezidentliyinin ilk illərində dünya bu yeni siyasətə, əsasən, sərt reaksiya göstərib. Bəzi ölkələr Vaşinqtonun təklif etdiyi yeniliyin nəticələrini minimuma endirməyə və ya kompensasiya etməyə çalışıb. Digərləri ondan maksimum yararlanmağa cəhd edib. İstənilən halda, dünya dövlətlərinin əksəriyyəti bu və ya digər şəkildə bu yeniliklərə uyğunlaşır, bu isə Trampın prezidentliyinin nə qədər güclü olduğunu göstərir.
Nüfuzlu amerikalı ekspertlərin fikrincə, Tramp komandasının ilk addımları Birləşmiş Ştatlar iqtisadiyyatının genişlənməsi və inkişafının əsasını qoyub. ABŞ-ın beynəlxalq arenadakı iqtisadi və siyasi rolu xüsusilə prezidentin iddialı «America First» təşəbbüsü sayəsində güclənib və möhkəmlənib. Ölkədə işsizlik səviyyəsi sürətlə azalmağa başlayıb, 100 minlərlə yeni iş yeri açılıb, amerikalı fermerlərə ayrılan subsidiyaların həcmi artırılıb. Yeri gəlmişkən, sonuncu ölkə iqtisadiyyatının ən problemli sahələrindəndir.
Bu gün Amerikanın kənd təsərrüfatı məhsullarının ixracı dinamik şəkildə artır. Ölkə prezidentinin transmilli şirkətləri əsas istehsalat sahələrini vətənə qaytarmaqla bağlı çağırışı ABŞ vətəndaşları tərəfindən böyük dəstəklə qarşılanıb. Bundan başqa, Ağ Ev sahibinin iqtisadi sahə üzrə köməkçiləri və məsləhətçilərinin liberal beynəlxalq iqtisadi düzənə yenidən baxılmasına dair təşəbbüsləri də ABŞ-ın dünya lideri rolunun qorunub saxlanmasına, üstəlik, daha da möhkəmlənməsinə yol açıb. Bu isə Amerika dəyərlərinə və maraqlarına tam uyğundur.
Trampın «yeni kurs»unun digər istiqamətləri də Birləşmiş Ştatlar üçün müsbət, effektiv nəticələr verir. Söhbət İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq düzənin dəstəklənməsi istiqamətində göstərilən daha geniş, daha effektiv səylərdən gedir.
Bu arada, Ağ Evin əvvəlki sahibləri dövründə Vaşinqtonun demokratiyanın təşviqi və dəstəklənməsi prosesinə ənənəvi dəstəyinin azalması prosesi bu gün daha sürətlə gedir. Barak Obama administrasiyası demokratik idealları sadəcə, xarici siyasi bəyanatlarla dəstəkləyirdi və bir çox hallarda bu dəstək əməldə özünü göstərmirdi. Bu isə Birləşmiş Ştatların dünyada baş verənlərə təsir imkanını azaldırdı, Amerika ictimaiyyətinin belə səylərə dəstəyini aradan qaldırırdı.
Nəhayət, 2017-ci ildə Tramp administrasiyası ABŞ rəhbərliyinin son 7 ildə əsaslandığı siyasətdən imtina etmək niyyətini açıq şəkildə ortaya qoyub. Bu, ölkənin əvvəlki prezidentlərinin müharibədən sonrakı dövrdə yürütdükləri siyasətdən tam imtina anlamına gəlirdi. Onlar ayrı-ayrı avtoritar rejimlərlə strateji məqsədlərə çatmaq üçün əməkdaşlıq etsələr belə, demokratiyanın ən yaxşı idarəçilik forması olduğuna əminliklərini heç zaman itirməyiblər. Ötən illər ərzində ABŞ-ın xarici siyasətinin də əsasını məhz bu təşkil edib. Müşahidə olunan dəyişiklik, ilk növbədə, Vaşinqtonun Rusiya və Çinə qarşı olan demokratik dövlətləri ardınca aparmaq istəmədiyinin göstəricisidir.
Digər nüfuzlu ekspert və müşahidəçilərin fikrincə, Trampın insan haqlarının müdafiəsi məsələsinə daha ayrı-seçkiliklə yanaşması ayrı-ayrı ölkələrdə demokratiyanın əsas prinsipinin pozulmasına sanki susmaqla razılıq verməkdir. Bu, həmin hökumətlərə özünəməxsus siqnal kimi qiymətləndirilir – onlar buna görə ABŞ tərəfindən cəzalandırılmayacaqlarına əmin ola bilərlər.
Bir çox demokratik dövlət, o cümlədən ABŞ-ın köhnə tərəfdaşları bu gür «siqnal»ların fəsadlarını yumşaltmağa çalışırsa, avtoritar rejimlər yaranmış vəziyyətdən yararlanmağa üstünlük verir. Yəni onlar öz milli maraqlarının müdafiəsi üçün optimal balans axtarışındadırlar. Balans dedikdə, isə söhbət, ilk növbədə, bir seçimdən gedir – dövlətlər potensial regional hegemona qarşı çıxacaq, yoxsa əksinə, daha üzüyola olacaq.
ABŞ-ın dünyada daha ehtiyatlı davranmasının tərəfdarı olan, lakin Trampın siyasətinə simpatiya bəsləyənlər iddia edir ki, Ağ Ev sahibinin «yeni kurs»u daha çox dövlətin balans axtarmasına yol açacaq ki, bu da qlobal və regional balansın qorunub saxlanmasına yardım edəcək. Bu, ABŞ-a daha çox sərf edir və daha ucuz başa gəlir.
Bir sözlə, dünyada artıq ABŞ-ın Donald Tramp tərəfindən reallaşdırılan yeni siyasətinə qlobal uyğunlaşma prosesi başlayıb. Doğrudur, o, hələ ki, hansısa konkret nəticə verməyib. Güman ki, geosiyasi qeyri-müəyyənlik şəraitində əksər dövlətlər vəziyyəti test etməklə məşğuldur. Çünki onlara hələ ən optimal variantın hansı olduğunu müəyyənləşdirə bilməyiblər.
«ABŞ-ın dünyadakı rolu, tarixi və Konqres üçün problemlər» məruzəsinin ekspertləri müxtəlif dövlətlərin Donald Trampın xarici siyasətinə reaksiyasını müşahidə edərək bu qənaətə gəliblər ki, ABŞ prezidenti «ayrı-ayrı dövlətlərin Amerika ilə və bir-birlərilə münasibətlərini yenidən formalaşdırır». Onlar deyir ki, «Amerikanın siyasətini silkələyən Tramp, eyni zamanda bütün dünya ölkələrinin siyasətini silkələyir».
ABŞ-ın yeni xarici siyasətinə qlobal cavablar da gözlənildiyi kimi, birmənalı deyil. Dövlətləri Trampın siyasətinə reaksiyasına görə iki hissəyə ayırmaq olar – Trampın ritorikasını və siyasətini Amerikanın qlobal liderliyində böhran kimi dəyərləndirənlər və onu yeni imkan kimi alqışlayanlar.
Bu siyasətin bəzi aspektləri, həqiqətən də, nisbətən yenidir. Bəzi aspektlər isə Trampa qədər də mövcud olub və indi, onlar sadəcə, daha parlaq hala gətirilib. İstənilən halda, bu siyasət ABŞ-ın dünya ilə münasibətlərini dəyişir və bu, beynəlxalq düzənə öz təsirini göstərəcək.
Bununla yanaşı, «yeni kurs»un effektivliyi və yayılma dərəcəsi, ilk növbədə, Donald Tramp və məsləhətçilərinin onu Ağ Ev sahibinin qalan prezidentlik müddətində necə yürüdəcəklərindən, həmçinin Trampın etdiyi dəyişikliklərin hansı daimi forma alacağından asılı olacaq. Bu isə başqa və daha dərin araşdırmanın mövzusudur.
MƏSLƏHƏT GÖR: