25 Noyabr 2024

Bazar ertəsi, 16:21

ÇOXMƏCHULLU TƏNLİK

Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzv olması mümkündürmü?

Müəllif:

15.10.2019

Son zamanlar Gürcüstanın NATO-ya mümkün üzvlüyü haqda söhbətlər yenidən fəallaşıb. Üstəlik, o, Tbilisi-Moskva münasibətlərindəki gərginliyin növbəti dəfə artması fonunda baş verir. Məhz bu gərginlik fonunda Qərb Gürcüstanı birdəfəlik öz geosiyasi orbitinə salmaq haqda düşünür.

 

Susqunluq

Bütün əsas beynəlxalq problemlərdə Qərblə Rusiya arasında mübarizə durmadan artır və məlum səbəblərdən postsovet məkanı bu vəziyyətə daha çox diqqət ayırır. Hələ aprelin əvvəlində NATO Rusiyanın ənənəvi nüfuz dairəsindən birdəfəlik sıxışdırılıb çıxarılması istiqamətində ciddi gediş etmişdi. Söhbət xüsusilə prinsipial əhəmiyyət daşıyan Şərqi Avropa regionundan gedir. Alyans Qara dənizdə Ukrayna və Gürcüstana dəstəyini ifadə etmiş, bu dəstəyin onlarla birgə hərbi təlimlərin keçirilməsi, hər iki ölkənin hərbi-dəniz qüvvələrinin, sahil mühafizəsinin güclənməsinə yardım, informasiya mübadiləsi şəklində göstəriləcəyini bəyan etmişdi.

Amerikanın «RAND Corporation» analitik mərkəzinin oktyabrın əvvəlində açıqladığı məruzə isə Qərbin Qara dəniz regionunda Rusiyanın qarşısını kəsməkdə qərarlı olduğunu tam aydın şəkildə ortaya qoyub. Məruzədə bildirilir ki, Ukrayna və Gürcüstanın müdafiə potensialının artırılmasına yardım ABŞ-ın və Qərbin maraqlarına uyğundur. NATO-nun 2019-cu ildə Ukrayna ilə Qara dənizdə keçirdiyi «Sea Breeze», eyni ildə Gürcüstanla birgə keçirdiyi «Agile Spirit» çoxmillətli hərbi təlimlərə də bu kontekstdə yanaşılmalıdır.

Lakin Ukrayna Krım məsələsi və Donbasda bitmək bilməyən silahlı qarşıdurma üzündən Qərbin diqqət mərkəzindədirsə, Gürcüstanın Şimali Atlantika Alyansına can atması Tbilisinin Moskva ilə münasibətlərini az da olsa sahmana salmaq cəhdləri fonunda son illər xeyli azalmışdı. Lakin Rusiya ilə Gürcüstan arasında qarşılıqlı «hücumlar» iki ölkə münasibətlərindəki gərginliyi yenidən artırıb. Qarşılıqlı «hücumlar» dedikdə, Gürcüstan prezidenti Salome Zurabişvilinin Rusiyanı «Gürcüstanın düşməni» adlandırmasını, Tbilisidə keçirilən məlum forum zamanı rusiyalı deputatın Gürcüstan parlamentinin spikeri postuna əyləşməsilə ölkədə baş qaldırmış iğtişaşları, nəticədə, Rusiyanın iki ölkə arasındakı aviareysləri dayandırmasını, Gürcüstan KİV-də Rusiya prezidenti Vladimir Putinin ünvanına açıq təhqirlərin yağdırılmasını və s. göstərmək olar. Avro-Atlantik məkana aid dairələr isə görünür, bu vəziyyətdən yararlanmağa çalışır. Bu, özünü NATO baş katibinin müavini Rouz Hotemüllerin başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana oktyabrın əvvəlində etdiyi səfərlə də göstərib. Bu səfər çərçivəsində Batumidə NATO-Gürcüstan komissiyasının iclası keçirilib, nümayəndə heyəti Gürcüstanın siyasi rəhbərliyilə görüşüb, Tbilisinin Avro-Atlantik məkanı inteqrasiya kursunun dəyişməzliyinə, NATO-nun bu işdə Gürcüstana hərtərəfli dəstək göstərməyə hazır olduğuna dair bir çox bəyanatlar səsləndirilib. Məsələn, Rouz Hotemüller bildirib ki, alyans Gürcüstana 5 il əvvəl təqdim etdiyi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə hesablanmış Tədbirlər və təşəbbüslər paketini daha da təkmilləşdirməyə hazırdır. Burada söhbət NATO-nun Gürcüstanın müdafiəsinə böyük həcmdə maliyyə ayırmağa hazırlığından gedir. Buna ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi planının tərkib hissəsi kimi baxılır və bu fikir NATO-Gürcüstan komissiyasının Batumi toplantısının yekununda bir daha bəyan olunub.

Amma NATO Gürcüstanın qərbpərəst səylərinə, onun ərazi bütövlüyünə nə qədər dəstək ifadə etsə də (alyans Abxaziya ilə Cənubi Osetiyanın Tbilisinin nəzarətinə qaytarılmalı olduğunu düşünür), Gürcüstanı maraqlandıran əsas suala konkret cavab verilmir – Tbilisinin Şimali Atlantika Alyansına qəbulu mümkündürmü? NATO rəhbərliyi müntəzəm olaraq qapılarının Gürcüstanın üzünə açıq olduğunu bildirir, lakin ölkənin bu qapıdan nə vaxt keçə biləcəyinə dair konkret vaxt göstərmir. Rouz Hotemüller də Tbilisiyə səfəri zamanı NATO-nun qərarının dəyişmədiyini, yəni Gürcüstanın bir gün alyansa qəbul olunacağını təkrarlayıb. Lakin o da «əmma»nı unutmayıb: «bunadək görülməli olan çox iş var», - deyən NATO rəsmisi Tbilisi ilə bu hədəfə çatılması istiqamətində işləməyə hazır olduqlarını bildirib.

NATO nümayəndələrinin ardından Tbilisiyə Almaniya prezidenti Frank-Valter Ştaynmayer səfər edib. Lakin Gürcüstanın NATO-ya qəbul olunacağı tarixi açıqlamaqdan o da yayınıb. Almaniya prezidenti Tbilisinin xarici siyasi kursunu dəstəklədiklərini deməklə kifayətlənib.

Qərblə NATO-nun Gürcüstanın milli təhlükəsizlik sahəsində lazımi islahatları başa çatdırmadığını əsas gətirərək, ona təşkilata Üzvlük üçün Fəaliyyət Planını (ÜFP) hələ də təqdim etməyib. Amma bu ehtiyatlı davranışın əsas səbəbi hər kəsə aydındır – Rusiya amili! Şimali Atlantika Alyansının strateqləri bu halda Moskva ilə münasibətlərin son dərəcə gərginləşə biləcəyinin fərqindədirlər. Onlar bilirlər ki, Gürcüstan NATO-ya qəbul olunarsa, bu gərginlik Qara dəniz regionunda silahlı qarşıdurmayadək gedib çıxa bilər. Hələ də çözülməmiş qalan Abxaziya və Cənubi Osetiya problemləri bu ssenarini daha da real edir.

Amma bütün bunların fonunda NATO-da Gürcüstanın alyansa Rusiyanın o qədər də kəskin reaksiyasına yol açmadan qəbuluna dair yeni ideya yaranıb. Bu ideya Gürcüstanın 2008-ci ilin avqust müharibəsindən sonra Moskva tərəfindən müstəqil dövlətlər kimi tanınmış Abxaziya və Cənubi Osetiya bölgələri ətrafında hərbi ssenaridən qaçılmasına yol aça bilər.

 

Zəmanətin olmadığı halda yaranan risklər

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Tbilisidə bir ay əvvəl keçirilmiş beynəlxalq konfransdakı çıxışında bildirmişdi ki, alyansın 2008-ci ildə Buxarestdə baş tutmuş toplantısında Gürcüstana ÜFP-nin təqdim edilməməsi səhv olub. Amma onun çıxışı bu gecikmiş bəyanatdan daha çox Gürcüstanın siyasi rəhbərliyinə ünvanladığı təkliflə yadda qalıb. Rasmussen Tbilisini NATO-ya üzvlük məsələsinin fərqli şəkildə müzakirə edilməsini təklif edib – «NATO Nizamnaməsinin 5-ci paraqrafının Abxaziya və Cənubi Osetiya ərazilərinə şamil olunmaması şərtilə».

Həmin paraqrafa əsasən, NATO üzvü olan ölkəyə silahlı hücum ümumilikdə alyansa hücum kimi qiymətləndirilir. Məhz bu məntiqlə də ərazisində həll olunmamış münaqişələrin olduğu ölkələr alyansa üzv qəbul olunmur.

Gürcülərin bu yanaşmanı «işğal olunmuş ərazilərin birdəfəlik itirilməsi» kimi qiymətləndirə biləcəklərini anlayan Rasmussen bildirib ki, bu yol Tbilisi üçün, həqiqətən də, risklidir, lakin «burada hansı ssenarinin daha riskli olduğuna baxmaq lazımdır – bugünkü durum, yoxsa Gürcüstanın NATO-ya üzvlüyünə dair yeni danışıqlara başlanması?»

Əslində, bu, ilk belə təşəbbüs deyil. Vaşinqtonda fəaliyyət göstərən «Heritage Foundation» fondunun eksperti Lyuk Koffi hələ ötən il «Gürcüstanın NATO-ya ABŞ və Aİ-nin maraqlarına uyğun qəbulu» və «Gürcüstanı NATO-ya müharibəyə yol açmadan necə qəbul etməli?» adlı məruzələrlə çıxış etmişdi. Əslində, məruzələrin adı hər şeyi deyir. Bəli, onlar da NATO Nizamnaməsinin 5-ci maddəsinin Abxaziya və Cənubi Osetiyaya şamil olunmamasını nəzərdə tutur. Müəllif hesab edir ki, bu, Gürcüstanın tez bir zamanda alyansa qəbuluna imkan verərdi.

Gürcüstan siyasi qüvvələrinin NATO-nun sabiq baş katibinin təklifinə reaksiyası fərqli olub. Bəziləri burada dövlətin maraqlarına zidd heç nə görmür. Onlar deyir ki, burada söhbət Gürcüstanın alyansa Abxaziya və Cənubi Osetiyasız qəbulundan getmir. NATO, sadəcə olaraq, Nizamnaməsinin 5-ci maddəsinin Gürcüstan hökumətinin nəzarətində olmayan ərazilərə müvəqqəti şamil olunmamasını təklif edir.

Lakin digərləri Rasmussenin təklifini sərt şəkildə tənqid edir. Onlar hesab edir ki, bu təklifin qəbulu Abxaziya və Sxinvali regionunun birdəfəlik itirilməsi, yəni keçmiş muxtariyyətlərin Gürcüstan dövlətindən ayrılmasının legitimləşdirilməsilə nəticələnəcək.

Üçüncü tərəf də var. Məsələn, məşhur müxalifətçi Nino Burcanadze, ümumiyyətlə, Gürcüstanın NATO-ya üzvlüyünü yolverilməz sayır. O, əmindir ki, bu halda ölkə Abxaziya ilə Cənubi Osetiyanı birdəfəlik itirəcək, üstəlik, Rusiya ilə Qərbin hərbi qarşıdurma meydanına çevriləcək.

Bütün bunların fonunda daha bir maraqlı məqam diqqət çəkir – NATO rəhbərliyi ortaya Gürcüstanın alyansa «kəsilmiş halda» qəbulu perspektivilə bağlı hər hansı mövqe qoymur. Rasmussenin təklifinə yalnız alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay reaksiya verib: «Fikrimcə, indi bu məsələnin nəzərdən keçirilməsi üçün uyğun vaxt deyil. Mən NATO-da da bu məsələnin müzakirə olunmasına həvəs görmürəm. Beynəlxalq təhlükəsizliklə bağlı mövcud şəraitdə bu ideyanın vaxtı olduğunu düşünmürəm».

Beləliklə, NATO rəhbərliyi Nizamnamənin 5-ci maddəsinin Gürcüstana məhdudiyyətlə tətbiqi məsələsinin müzakirəsini mənasız saydığını göstərir. Gürcüstanın Şimali Atlantika Alyansına qəbulunun mümkünlüyünə dair son dövrlərdə artmış diskussiyalar belə, hazırda alyansın məsələnin bu cür qoyuluşuna hazır olmadığı faktını inkar etmir.

Şübhəsiz ki, bu məsələ ətrafında ajiotajı artıran Qərb Rusiya ilə qarşıdurmada Gürcüstanı dəstəkləyir. O, postsovet məkanının öz nəzarətinə keçməsinə yönəlmiş çoxdankı strategiyasını davam etdirir. Lakin hazırkı mərhələdə alyans Rusiya ilə münasibətlərindəki gərginliyi Gürcüstan üzündən artırmaq istəmir. Məhz bu üzdən də o, Tbilisiyə hər hansı real zəmanət vermir və Gürcüstanın ərazi bütövlüyünün bərpası istiqamətində real addımlar atmır.

Belə çıxır ki, Gürcüstan havadan asılmış durumda qalıb. Bir tərəfdən o, NATO-ya üzvlük kursu seçib, digər yandan alyans məlum geosiyasi səbəblərdən Tbilisinin bu istəyinə nə vaxt nail ola biləcəyini dəqiqləşdirmir.

Rusiya isə davamlı olaraq çoxmənalı ismarıclar göndərməkdədir. Bu ismarıclar Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində qəti addımların atılacağı təqdirdə, Moskvanın hansı reaksiyalar verə biləcəyini açıq şəkildə göstərir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun «davamlı genişlənmə xəstəliyinə mübtəla olduğu» haqda danışarkən bildirib ki, burada məqsəd «Rusiyanın düşmən mühasirəsinə alınmasıdır – biz alyansda düşmən elan olunmuşuq». Nazir düşünür ki, buna çalışan qüvvələr, nəticədə, Rusiyanın inkişafını çətinləşdirməyi düşünür.

Rusiyanın baş naziri Dmitri Medvedyevin xəbərdarlığı isə tam açıq olub: «Gürcüstanın NATO-yə qəbulu çox qorxunc münaqişəyə yol aça bilər».

Vladimir Putinin gürcü jurnalistin ona Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilən sammiti zamanı ünvanladığı suala cavabından da eyni məna çıxır. Rusiyanın Abxaziya və Cənubi Osetiyadan qoşunlarını nə vaxt çıxaracağına dair suala Putin belə cavab verib: «Biz nə vaxt belə qərar qəbul etsək». Bununla, Putin açıq şəkildə göstərib ki, Moskvanın qərarları Gürcüstanın geosiyasi seçimindən asılı olacaq. Burada söhbət, təbii ki, həm də Tbilisinin NATO ilə münasibətlərinin necə inkişaf edəcəyindən gedir.



MƏSLƏHƏT GÖR:

344