Müəllif: İrina XALTURİNA
Yaxın Şərqdə bitmək bilməyən geosiyasi qarşıdurmanın növbəti fəsli yenə İran ərazisindən başlayır. Noyabrdan ölkənin bölgələrini, xüsusilə mərkəzi və şərqi regionlarını – Tehran, Təbriz, İsfahan və Əhvazı etiraz aksiyaları və iğtişaşlar bürüyüb. Səbəb benzinin qiymətinin, təxminən, 3 dəfə artırılması və kvotanın (60 litrədək) tətbiqidir. Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalar onlarla insanın həyatına son qoyub, minlərlə yaralı var. Ölənlərlə bağlı rəsmi açıqlama yoxdur. Hökumət vəziyyətin nəzarətə götürüldüyünü iddia edir.
Bu arada, qonşu İraq və Livanda da nümayişlər keçirilir. Hər iki ölkədə nümayişlər işsizliyə, cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə şüarları ilə başlasa da, sonradan o, anti-İran xarakteri də alıb. Bu, yəqin ki, təəccüblü deyil.
«Dramın növbəti pərdəsi»
Rəsmi Tehran iddia edir ki, yaşananların ssenarisi Qərbdə, ilk növbədə isə ABŞ və İsraildə hazırlanıb. «İğtişaşlar ciddi şəkildə təşkil olunub, iştirakçılar silahlandırılıb və konkret plan üzrə hərəkət ediblər… Son iki ildə ölkəyə qarşı mümkün olan bütün sanksiyaları tətbiq etmiş, bununla da, təhlükəsizliyimizi pozmağa çalışmış qüvvələr indi də bu yola əl atıb», - deyə İran prezidenti Həsən Ruhani bildirib.
Prezidentin məsləhətçisi Hisamuddin Aşna isə özünün «Telegram» kanalında yazıb ki, ölkədə baş verənlərdən «bütün opportunistlər» istifadə etməyə çalışır. Lakin o hesab edir ki, bu qüvvələr bir şeyi nəzərə almayıb: «İran nə İraqdır, nə Livan. İranda ABŞ-ın səfirliyi də yoxdur. Odur ki, Dövlət Departamenti İranda inqilab etmək, ölkəni xaosa, iğtişaşlara sürükləmək imkanına malik deyil».
Yeri gəlmişkən, ABŞ İranda baş verənlərə kifayət qədər operativ və cəld reaksiya göstərib. «Bu gün biz İran xalqının dramının növbəti pərdəsinə şahidlik edirik – onlar azadlıq mübarizəsi aparır», - deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 15-də Tehranda etiraz aksiyasının başladığı məlum olar-olmaz, bildirib. Bir neçə gün sonra isə o, «Twitter» sosial şəbəkəsindəki səhifəsindən iranlı nümayişçilərə müraciət edib. Pompeo fars dilində yazdığı müraciətdə insanlardan ona etirazların foto və videosunu göndərmələrini xahiş edib: «Mən iranlı nümayişçilərdən bizə rejimin mitinqçilərə qarşı təqiblərini təsdiqləyən video, foto və məlumatlar göndərmələrini istəyirəm. ABŞ bu halları aşkara çıxaracaq və buna görə sanksiyalar tətbiq edəcək», - deyə o, bildirib.
Ağ Evin mətbuat katibi Stefani Qrişem isə ABŞ-ın İran əhalisinin dinc etiraz aksiyalarını dəstəklədiyini bildirib. Ağ Evin bəyanatında İranın etirazlarla üz-üzə qalmasının səbəbi belə izah olunur: Tehran maliyyə resurslarını öz iqtisadiyyatına yönəltməkdənsə, «fanatikcəsinə» nüvə silahının istehsalı ilə, Yaxın Şərqdəki terror qruplarının maliyyələşdirilməsilə məşğuldur.
Donald Trampın Ağ Evə gəlişilə Vaşinqtonda durmadan İrana maksimum təzyiq strategiyasından, hətta hərbi əməliyyatlara başlanılmasının mümkünlüyündən danışılır. Son dəfə gərginlik pik həddinə Səudiyyə Ərəbistanının neft obyektlərilə dronlarla təşkil olunmuş hücumdan sonra çatmışdı. O zaman Ər-Riyad hücumun Tehran tərəfindən təşkil olunduğunu bəyan etmişdi və artıq hər kəs Vaşinqtondan müvafiq addımlar gözləyirdi (lakin gözlənilən baş vermədi).
Xatırladaq ki, Tramp İranın nüvə problemi lə bağlı razılaşmanı 2018-ci ildə tərk edib. Bunun ardınca Tehrana qarşı sanksiyalar bərpa olunub, bu isə İran iqtisadiyyatının bütün sahələrinə (enerji, metallurgiya, neft-kimya, bank sektoru və s.) mənfi təsirini dərhal göstərib. Nəhəng karbohidrogen ehtiyatlarına malik İran daxili tələbatın ödənilməsi üçün belə, lazımi qədər neft emal edə bilmir. Bu üzdən ölkə yanacaq idxalından asılıdır. Bütün bunların nəticəsində BVF-nin məlumatına görə, bu id İranda ümumdaxili məhsul 9,5% azalıb, inflyasiya müxtəlif məlumatlara görə, 35-50% arasındadır. İran valyutası dollara nisbətdə dəyərini 70% itirib, qiymətlər 75% artıb, ölkədə fəaliyyət göstərən xarici investorların sayı xeyli azalıb, işsizlik yüksək həddə çatıb.
«İran, get!»
Maraqlıdır ki, İranda iğtişaşların ən qızğın anında Amerikanın «The Intercept» və «The New York Times» nəşrləri İraqda fəaliyyət göstərmiş inanlı kəşfiyyatçılara məxsus yüzlərlə teleqram və məlumata (əsasən 2014-2015-ci illərə aid) sahib olduqlarını bəyan ediblər. Həmin sənədləri təhlil edən KİV gəldiyi nəticəni də açıqlayıb: İran İraqa ciddi nəzarət edir, iranlı agentlər qonşu ölkənin həyatının bütün sahələrinə soxulublar – siyasi, sosial, iqtisadi və dini. İraqın cənub hissəsində İrana məxsus dini nümayəndəlik açılır, bir sıra nüfuzlu partiya dəstək alır, hotellər və digər obyektlər tikilir. Ələ keçmiş sənədlərdə bildirilir ki, İraqın bir çox yüksəkrütbəli məmuru, hətta bəzi nazirləri, hərbçiləri və təhlükəsizlik xidməti əməkdaşları Tehranla gizli əlaqələrə malikdir. Üstəlik, onların heç də hamısı şiələr deyil – aralarında sünnilər və kürdlər də var.
Bununla yanaşı, Qərb KİV-i yazır ki, İraqın dövlətçiliyilə bağlı ortaya çıxmış bu qədər kədərli mənzərəyə rəğmən, heç də hər şey itirilməyib. Çünki İran İraqda gözləmədiyi dərəcədə ciddi müqavimətlə üzləşib. Söhbət İraqda oktyabrdan başlamış və artıq yüzlərlə insanın ölümünə səbəb olmuş etiraz aksiyalarından gedir. Əvvəlcə işsizliyə, korrupsiya və cinayətkarlıq hallarına etiraz edən iraqlı nümayişçilər sonradan İran əleyhinə şüarlar səsləndirməyə başlayıb. Onlar baş nazir Adil Abdul-Mahdinin istefasını belə, tələb edir. Nümayişçilər hesab edir ki, baş nazir Tehranın himayəsi altında çalışır və guya onu istefa qərarından da iranlılar çəkindirib. Bildirilir ki, İraqın İranla həmsərhəd əyalətlərində Tehranın dəstək verdiyi siyasi partiyaların mənzil-qərargahları yandırılır, həmin təşkilatların əsas şəxsləri qətlə yetirilir. «İraqdan rədd ol!», «İran, get!» şüarları səsləndirən etirazçılar İranın Kərbəla şəhərindəki konsulluğuna belə, od vurub. Bağdadın Təhrir meydanında isə nümayişçilər İran rəhbərlərinin portretlərini cırır. İranın İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus «Əd-Qüds» xüsusi bölüyünün generalı Kassem Süleymaninin portreti isə «ayaqqabı atəşi»nə tutulub – bu, orada ən ağır təhqir sayılır.
Eyni vaxtda Livanda da İran əleyhinə nümayişlər keçirilir. Amma burada nümayişlər nisbətən dinc xarakter daşıyır. Ən azı, hələlik belədir. Ölkənin baş naziri Səəd Həriri artıq vəzifəsini tərk edib. Lakin bu, iqtisadi vəziyyətin getdikcə ağırlaşması fonunda (Livan dünyada ən böyük dövlət borcu olan ölkələrdəndir – 86 milyard dollar (ÜDM-in 150%-dən çox) nümayişlərin dayanması üçün kifayət etməyib.
Məlum olduğu kimi, hakimiyyətin Konstitusiya ilə sünnilər, şiələr və xristianlar arasında bölündüyü Livanda şiələrə məxsus «Hizbullah» hərbi-siyasi strukturu da böyük nüfuza sahibdir. Bu hərəkat faktiki olaraq, ölkənin bütün güc strukturlarına nəzarət edir, özü isə açıq-aydın İrana tabeçilik göstərir.
Beləliklə, belə bir mənzərə yaranır: istər İraqda, istər İranda, istərsə də Livandakı bütün nümayişçiləri həyat səviyyəsindən narazılıq, hökumətə qarşı irəli sürülən sosial-iqtisadi tələblər birləşdirir. Lakin onların hər birinin öz nüansları var. İraqla Livanda bu nüans Tehranın ölkədə mövcudluğunun yaratdığı narazılıqdırsa, İranın özündə vətəndaşlar, onsuz da, çətin iqtisadi vəziyyətdə olan dövlətin ölkədən kənardakı qüvvələrə pul xərcləməsinə etiraz edir. Yeri gəlmişkən, «The New York Times» iddia edir ki, Amerika KİV-nin əlinə keçmiş kəşfiyyat materialları İranın daxilində aşkar fikir ayrılıqlarının olduğunu da göstərir. Bütün bunların mərkəzində isə deyəsən, artıq adını çəkdiyimiz general Kassem Süleymani dayanır. Məlumata görə, onun rəhbərlik etdiyi bölük imkanları və səlahiyyətlərinə görə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyindən belə, yüksəkdə dayanır. Nazirliyin zabitləri isə deyir ki, İranın İraqda əldə etdiyi nailiyyətlər məhz Süleymaninin yanlış əməlləri üzündən yoxa çıxa bilər. Onlar hesab edir ki, iraqlıların şiə qoşununa nifrət etməsi məhz generalın fəaliyyətinin nəticəsidir və bundan sonra İraqda sünnilərə qarşı istənilən hadisəyə görə Tehran günahkar sayılacaq.
Süleymani «İslam Dövləti» qruplaşması ilə mübarizədən də öz siyasi karyerası üçün istifadə etməkdə günahlandırılır. Onu tənqid edənlər deyir ki, general İraqdakı hərbi kampaniyadakı rolunu reklam etməklə, müxtəlif sosial şəbəkələrdə, saytlarda öz şəkillərini yerləşdirməklə məşğuldur.
Dörd nəticə
İran, İraq və Livandakı hadisələr, yəqin ki, hələ bir müddət davam edəcək. Onların fonunda artıq indidən bir sıra maraqlı nəticəyə gəlmək mümkündür.
Birincisi, İran üçün Yaxın Şərqə təsir imkanlarını artırması heç də Qərb KİV-nin təqdim etdiyi kimi, yalnız nüfuz, prinsip, yaxud fanatik eksponsionist siyasət məsələsi deyil. Bu, İran üçün ilk növbədə, sağ qalmaq imkanıdır. Məsələn, təhlükəsizlik maraqları baxımından İran üçün arzulanan İraqın parçalanmamasıdır (Səddam Hüseynin devrilməsindən sonra ölkə bir neçə dəfə parçalanmanın astanasında olub). Çünki bu halda müstəqil Kürdüstan dövləti də yaranacaq, bu isə regional sabitliyə və İranın ərazi bütövlüyünə təhdid olacaq.
Daha bir məqsəd sünni yaraqlılarının diqqəti İran sərhədinə yönəltməsinə imkan verilməməsidir. Bir çox dövlətin kəsişməsində yerləşən İraq İran üçün Amerikanın sanksiyalarına «sinə gərilməsi» baxımından da vacibdir. İraqın Suriya ərazisinə uzanan quru yollarından İran mallarının ixracı üçün istifadə olunur, İraqın cənubundakı neft limanları isə yanacaq qaçaqmalçılığında işə yarayır. Yeri gəlmişkən, bu kontekstdə İraqdakı nümayişçilərlə bağlı xəbərlər arasında bir məqam xüsusilə maraqlıdır. Deyilir ki, nümayişlər Fars körfəzinə aparan Um Qasr və Hor əl-Zubayr limanlarının işinə mane olur. Bu, İran neftinin qaçaqmalçılığında çoxdan istifadə olunan limanlardır. Buradan, yaşananlarla İranda yanacağın bahalaşması arasında birbaşa əlaqə açıq sezilir.
İkincisi, ABŞ-da seçki kampaniyası yaxınlaşır və hazırda Vaşinqtonun bir çox addımına məhz bu prizmadan baxılmalıdır. Amerikalılar İraqda və ümumilikdə Yaxın Şərqdə illərlə uğursuz siyasət apardıqlarını açıq şəkildə etiraf edirlər. «The New York Times» yazır: «Amerikanın İraqa hərbi müdaxiləsindən sonra ölkəyə nəzarətin İranın əlinə keçdiyi fikri bu gün geniş yayılıb və onu Amerika Ordusunda belə, təsdiqləyirlər».
Daha sonra ABŞ Quru Qoşunlarının İraq müharibəsilə bağlı buraxdığı 2 cildlik kitab xatırlanır. Orada İraq kampaniyasının yanlış olduğundan danışılır, bu zaman həddindən artıq böyük insan və vəsait itkisindən bəhs olunur. Məruzəni hazırlayanların gəldiyi qənaət isə belədir: «Görünür, bu işdən qazanclı çıxmış yeganə tərəf azğınlaşmış İrandır».
Vəziyyəti təhlil edən «The New York Times» yazır ki, Vaşinqtonun hərbi müdaxilədən sonrakı dövr üçün heç bir planı yox imiş: «Sənədlər də göstərir ki, İran nüfuz uğrunda mübarizədə ABŞ-ı hər döngədə geridə qoyub».
İran hadisələrinin təşəbbüskarı respublikaçı prezident, oğul Corc Buş olsa da, orada yol verilmiş ən ciddi yanlışlıqlar Barak Obamanın demokrat administrasiyası və dövlət katibi Hillari Klintonun adı ilə assosiasiya olunur.
Üçüncüsü, Qərbin siyasi dairələrində ekologiya mövzusuna daha çox toxunmağa başlayıblar. İran (bütünlükdə isə Yaxın Şərq) isə bu mənada geniş imkanlar verən böyük meydandır. ABŞ-ın hökumət orqanlarının nəzarətində olan Strateji Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) İrandakı etiraz hərəkatının «tərkibi» və ya «istiqamətləri» haqda böyük hesabat hazırlayıb. Burada əsas problemlərdən biri kimi ekologiya, ətraf mühit problemləri göstərilir. Şübhəsiz ki, söhbət, ilk növbədə, İranın cənubundakı nəhəng metallurgiya mərkəzindən – Əhvazdan gedir. O, dünyanın havası ən çirkli olan şəhərlərindən sayılır. Bundan başqa, İran əhalisi aşağı keyfiyyətli yanacaqla işləyən köhnə avtomobillərdə gəzir ki, bu da ölkədə havanın keyfiyyətinə öz mənfi təsirini göstərir.
Dördüncüsü, müxtəlif siyasi proseslərdə internetin və onun tənzimlənməsinin əhəmiyyəti durmadan artır. ABŞ-ın özündə seçkinin yaxınlaşdığı bir vaxtda sosial şəbəkələrdə siyasi reklamın artması və feyklərin çoxalmasından narahatlıq var, İranda isə «milli internet» layihəsinin uğurla sınaqdan keçirildiyini söyləmək mümkündür. Bu hadisələr arasında hansı əlaqə ola bilər? Cavab çox sadədir. Noyabrın 6-da İranda etirazların başlaması ərəfəsində ümumdünya şəbəkəsinin fəaliyyəti, demək olar ki, tam iflic vəziyyətə düşmüşdü. İran hökuməti əvvəllər də «Gmail», «Instagram», «Whatsapp», «Facebook» kimi müxtəlif sosial şəbəkə və messencerlərə nəzarət etməyə çalışıb, bəzilərinin fəaliyyətini qadağan edibsə, bütün ölkə ərazisində internetin, ümumiyyətlə, kəsilməsi halına ilk dəfə rast gəlinirdi. Amma Tehran hadisələrin bu cür inkişafına Çin modeli əsasında daxili internetin yaradılması ilə hazırlaşmışdı. Onun sınaqdan uğurla çıxdığını demək mümkündür. Hər halda, hadisələr vaxtı İranın bütün onlayn xidmətləri qüsursuz işləyib. Əvəzində, iğtişaşların miqyası azalmağa başlayıb. Doğrudur, bu varianta uzunmüddətli həll vasitəsi kimi baxmaq olmaz, çünki dünya şəbəkəsindən «qopmaq» istənilən halda, iqtisadiyyata baha başa gəlir. Lakin dünyada «suveren internet»in rolunun artacağına şübhə yoxdur. Yəqin ki, bundan sonra İranın təcrübəsini digər dövlətlər də öyrənəcək və o, «dinc dövrdə» rahatlıqla sınaqdan keçiriləcək.
Ola bilsin ki, Qərb ölkələrində belə, «xaricdən müdaxilənin olmayacağı seçki» keçirilməsi istəyi zaman-aman «lokal» internetdən istifadəyə yol açsın.
ABŞ-İran qarşıdurmasına gəlincə, güman ki, yaxın zamanlarda bu gərginlik daha da artacaq. Üstəlik, gələn il İranda parlament, 2021-ci ildə isə prezident seçkisi keçirilməlidir. ABŞ-da isə impiçmentlə üzləşmək riskinə rəğmən, ikinci müddətə prezident seçilməklə bağlı ciddi planları olan Donald Tramp özünəməxsus qeyri-standart addımları ilə yadda qala bilər. Bir şey dəqiqdir ki, Tehran «oyun»ların onun ərazisindən kənarda oynanması üçün əlindən gələni edəcək. Bu üzdən İraq, Suriya və Livanda vəziyyətin daha da pisləşəcəyini gözləmək olar. Bu oyunda «stavka» raunddan-raunda daha da artır.
MƏSLƏHƏT GÖR: