Müəllif: Namiq HƏSƏNOV
Son ay Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə yadda qaldı. Bu raund da ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatı ilə bitdi. Bəyanatda tərəflər kompromisin tapılması istiqamətində qəti addımlar atmağa çağırılır…
ATƏT-in nüfuzu xilas edir
Münaqişənin həlli kontekstində ilk nəzər cəlb edən ATƏT-in yeni sədrinin bu işdəki fəallığıdır. Bu vəzifəyə 2019-cu ildə yiyələnmiş Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ATƏT-in vasitəçilik səylərini xüsusi şövqlə intensivləşdirməyə çalışır. Buna qurumda bu yaxınlarda aparılmış və ATƏT-in ayrı-ayrı münaqişələrin həllindəki vasitəçiliyinin durğun olduğuna dair müzakirələr də təkan verib.
ATƏT-in bu sahədə laxlamış nüfuzunu tezliklə bərpa etməsinə həqiqətən ehtiyac var. Hər halda, son dövrlərdə bu təşkilatın «nəzarətində» olan münaqişələrin sayı artıb, onların həlli yollarının tapılmasında isə ciddi çətinliklər var. Çiyninə hansı yükün düşdüyünü yaxşı anlayan Miroslav Layçak problemlərin heç də asan olmayan həlli yollarını ciddi cəhdlə axtarmağa başlayıb. Onun Minsk qrupunun həmsədrləri ilə əvvəlcədən elan olunmamış görüşünü də bunun göstəricisi saymaq olar. Vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli perspektivlərini müzakirə edən Layçak bununla, Avropanın tezliklə problemin həllinə nail olmağa çalışdığını, onun «dondurulması» faktını qəbul etmədiyini göstərib.
Bununla yanaşı, Slovakiyanın XİN başçısı münaqişənin bəzi əsas məqamlarına toxunub – istər Bakıya səfəri ərəfəsində (yeri gəlmişkən, bu səfər zamanı o, ölkəsinin Azərbaycandakı səfirliyinin açılışını da edib), istərsə də ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) toplantısından öncə.
XİNŞ-in dekabrın ilk günlərində keçirilən iclasında Layçak bildirib ki, danışıqların davam etməsinə rəğmən, Qarabağda müharibənin alovlanması riski var.
«Münaqişələrin həlli üçün il boyu Minsk qrupu, Cenevrə diskussiyası prosesləri, «5+2» formatında danışıqlar davam etdirilib. Biz bu platformaların köməyilə inamın möhkəmləndirilməsinə, gərginliyin azaldılmasına çalışmışıq. Bu, sadəcə, dialoqun davam etdirilməsi üçün edilib. Lakin məsələyə fərqli nöqteyi-nəzərdən yanaşsaq, mənzərə o qədər də ürəkaçan olmayacaq», - deyə ATƏT sədri qeyd edib.
Danışıqlar ilinin ümumi yekununu da həmsədr ölkələr birgə bəyanatlarında açıqlayıblar. Onlar vasitəçiliyi davam etdirmək əzmində olduqlarını bildirib, tərəflərə eskalasiya riskinin azaldılması üçün birbaşa əlaqə imkanlarından tam istifadə etdikləri üçün minnətdarlıqlarını çatdırıblar.
Bununla yanaşı, həmsədrlər tərəfləri əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində təcili addımlar atmağa çağırıb, mövcud status-kvonun qəbuledilməz olduğunu bir daha təkrarlayıblar.
«Biz tərəfləri danışıqları süni yubatmalara yol vermədən, yaxud şərtlər irəli sürmədən davam etdirməyə çağırırıq», - deyə birgə bəyanatda vurğulanır.
Qeyd etmək lazımdır ki, həmsədrlərin bu yekun bəyanatı Azərbaycanın münaqişənin həllilə bağlı mövqeyilə tam üst-üstə düşür. Bakı İrəvanı artıq illərdir ki, substantiv danışıqlara başlamağa çağırır. Azərbaycanın xarici işlər nazirinin etiraf etdiyi kimi, bu illərdə «substantiv» sözü onun sevimli sözünə çevrilib. Xoşbəxtlikdən, Azərbaycan diplomatiyasının səyləri nəticəsiz qalmayıb və bu gün beynəlxalq birlik həll prosesinə konkret mərhələlər kontekstində yanaşmağa meyillidir.
Uzun yol
ATƏT XİNŞ sammiti çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan Minsk qrupunun həmsədrlərinin iştirakı ilə bir araya gəliblər. Məmmədyarovun sözlərinə görə, 3 saatdan artıq çəkən görüş «çətin» keçib. Əvvəlki danışıqlarda olduğu kimi, bu dəfə də müzakirə predmeti tərəflərin problemin həllinə yanaşması olub – bu, bir qədər fərqlidir. Münaqişənin mərhələli həllini nəzərdə tutan «Madrid prinsipləri» özündə mərhələlərin müəyyənləşdirilməsini və tərəflərin onların hər birilə bağlı atmalı olduğu addımları əks etdirir. Azərbaycan məhz bu üzdən substantiv danışıqlara başlanılmasını, yəni mətləbə keçilməsini təklif edir. Erməni tərəfisə daha çox münaqişə zonasındakı status-kvonun uzanmasına çalışır və diqqəti danışıqların əsas mövzusundan yayındırır. Beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış prinsiplərin əksinə olaraq, İrəvan məsələnin kompleks həllini təklif edir. Ermənistanda hesab edirlər ki, eyni vaxtda Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar boşaldılmalı və Dağlıq Qarabağın statusu müəyyənləşdirilməli (referendumla bərabər), bölgənin təhlükəsizliyinə zəmanət verilməlidir.
Qarşılıqlı əlaqələr
Münaqişənin sülh yolu ilə həlli prosesinin vacib komponentlərindən biri də məsələnin humanitar tərəfidir. Azərbaycanlıların doğma torpaqları olan Qarabağdan qovulması faktı dünyada heç kəs üçün sirr deyil. Demək, Azərbaycanla Ermənistan arasında istənilən sülh məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını nəzərdə tutur. Burada isə xalqlar, daha konkret desək, Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq amili yenidən gündəmə gəlir.
Belə təmasın vacibliyinə Bakıya səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da eyham vurub. Nizamlama prosesinin əsas oyunçularından olan Lavrovun sözlərinə görə, azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin təşəbbüskarı məhz onun ölkəsi olub. Səfər ümumilikdə müsbət keçib və əlaqələrin davam etdirilməsi üçün şərait yaradıb.
«Mən icmalar arasında ünsiyyətin tərəfdarıyam. Ünsiyyət nə qədər çox olarsa, razılaşma o qədər fundamental alınar. Hər halda, sonda Qarabağın bütün əhalisi gələcəklərilə bağlı qərarı birlikdə qəbul etməlidir», - deyə S.Lavrov qeyd edib.
Beləliklə, təşəbbüskarların fikrincə, qarşılıqlı səfərlər və əlaqələrin güclənməsi elitalarda gələcəkdə sülh şəraitində birgəyaşayışın mümkünlüyü haqda təsəvvürün yaradılmasına hesablanıb. Lakin buna Bakı ilə İrəvanın yanaşması hələ də mübahisəlidir.
Bundan başqa, söhbət bir də Qarabağın erməni icmasının «Dağlıq Qarabağ xalqı» kimi təqdim olunması cəhdlərindən gedir. «Erməni icmasının «Dağlıq Qarabağ xalqı» kimi təqdim olunması cəhdləri azərbaycanlı icmanın mövcudluğunun inkar olunmasıdır. Biz son illər ərzində Ermənistan rəhbərliyinin müxtəlif təxribatçı bəyanat və addımlarla sülh prosesini pozmağa çalışdığının şahidi oluruq. Ermənistanın baş nazirinin «Qarabağ Ermənistandır. Nöqtə» bəyanatı da sülh yolu ilə həll prinsipinə ziddir və bu, qəti şəkildə pislənməlidir», - deyə Azərbaycanın XİN başçısı E.Məmmədyarov bildirib.
Təcrübə göstərir ki, Bakı qarşılıqlı əlaqələrlə qarşıya qoyulmuş hədəfə doğru getməyə çalışırsa, İrəvan təxribata əl atmaq üçün istənilən imkandan yararlanmağa cəhd edir. Məsələn, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) üzrə Hökumətlərəarası komissiyanın Bakıda keçirilən iclasına qatılmış Ermənistan nümayəndəsi burada özünəməxsus demarş etməyə cəhd göstərib. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simoyan tədbir iştirakçılarının Fəxri xiyabanı ziyarət etməsinə etirazını bildirib.
Nəticədə, tədbirin təşkilatçılarından olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov erməni məmura sözlərinin yersiz olduğunu göstərmək məcburiyyətində qalıb. Nazir TRACECA layihəsinin hələ 20 il əvvəl həm də Azərbaycan Prezidenti, hazırda Fəxri xiyabanda uyuyan Heydər Əliyevin fəal səyləri nəticəsində reallaşdığını xatırladıb. «Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramının tərtibatı zamanı istənilən sivil cəmiyyətdə qəbul edilən tam aydın münasibətlərin aspektinə əsaslanır», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, M.Cabbarov bildirib.
Nazir Ermənistanın nümayəndə heyətindən İrəvanın mərkəzində ucaldılmış abidəni xatırlamağı da xahiş edib (Qaregin Njde ləqəbi ilə alman faşistləri üçün işləmiş Qaregin Ter-Arutyunyanın - İF). «Gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq, kimə abidələr ucaltdığınız haqda bir daha düşünün. Şəxsən sizin üçün isə biz fərdi mədəni proqramı nəzərdə tutmuşuq», - iqtisadiyyat naziri bildirib. O, alternativ mədəni proqram kimi, erməniləri hazırkı Ermənistanın paytaxtının tarixinə həsr olunmuş sərginin nümayiş etdirildiyi Heydər Əliyev Mərkəzinə dəvət edib: «Bu sərgi bizə Gürcüstan muzeyi tərəfindən təqdim olunub. Sərgi orada daimi əsasda təşkil olunub. İnanın ki, çox yenilik görəcəksiniz. İrəvan xanlığı, İrəvan şəhərinin təməlinin qoyulması tarixi haqda heç yerdə bu qədər məlumat toplaya bilməzsiniz. Əlbəttə ki, bu, sizə həqiqətən maraqlıdırsa. TRACECA karvanına gəlincə, buna zidd bütün cəhdlərə baxmayaraq, o daima irəliləyəcək».
M.Cabbarov Ermənistan nümayəndələrinin reaksiyasını yaxşı anladığını da söyləyib: «Qonşularamızın reaksiyasını yaxşı anlayıram, çünki onlar İrəvandan Bakıya gəliblər və şəhəri öz gözləri ilə görürlər. Onların gördüklərinin qəbul edilməsinin asan olmadığını başa düşürəm».
Bununla yanaşı, nazir erməniləri konstruktivliyə də çağırıb. «Bizə məlumdur ki, destruktiv yanaşma daha sadə, daha dağıdıcıdır və əfsuslar olsun ki, bu dağıdıcı siyasətin nəticələri qonşu ölkədə görünür. Ölkə çox sayda layihələrdən təcrid olunub və özünü hazırda olduğu nəqliyyat və iqtisadi dalana dirəyib. Üstəlik, görünür, onlar bu dalandan çıxmaq istəmir», - deyə Cabbarov qeyd edib.
Populizm tendensiyası
Azərbaycanın aparılan islahatlar, inkişaf fonunda davamlı olaraq artan nüfuzu qarşısında Ermənistanın yeni elitası informasiya məkanında da təxribatlardan əl çəkmir. Bu dəfə Paşinyanın populist ritorikasını xanımı, Anna Akopyan davam etdirib. Ölkəsində tanınmış jurnalist olan Akopyanın açıqlaması odun üzərinə yağ töküb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tamamilə zərərsiz və təbii «Qarabağda muğam dinləmək» arzusunu şərh edən Akopyan təxribatçı fikirlər səsləndirib. «Mən Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. Qonağımız ola bilər. Biz qonaq qarşılamağı bacarırıq», - deyə özünü dünyanın «ən humanist insanı» kimi təqdim edən A.Akopyan bildirib.
Bir ölkə rəhbərinin işğalçı tərəfindən elə onun özünün işğal olunmuş torpaqlarına dəvət olunması nonsens, görünməmiş həyasızlıqdır. Bununla yanaşı, Akopyanın özü bütün kartları açmasaydı, bəlkə də, dünya ictimaiyyəti onun bu «sülh çağırışı»na aldanardı.
«Onlar müharibəyə başlayarlarsa, yəqin ki, muğam dinlənilməsinin arzuya çevriləcəyi yeni ərazilər də yaranacaq», - deyə A.Akopyan bildirib. O, azərbaycanlıların Dağlıq Qarabağa yalnız qonaq kimi gələ biləcəklərini söyləyib.
Amma Ermənistan liderinin xanımının bu kinli istehzası diplomatik meydanda məğlubiyyətin etirafından başqa bir şey deyil. Onun həyat yoldaşının KTMT-nin başına Bakı Ali Hərbi Məktəbinin məzunu olan şəxsin keçməsinə mane olmaq, daha sonra Hitlerin əlaltısı olmuş Qaregin Njdeni təmizə çıxarmaq cəhdləri erməni liderlərinin iddialarının nə qədər tutarsız olduğunu ortaya qoyub. «Zəif»in siyasəti bütün qonşularla qarşıdurmaya yönəlibsə, onun «iztirab çəkən» olduğuna inanmaq mümkün deyil.
Bu arada populizmin, ilk növbədə, Ermənistanın özü üçün fəlakət olduğunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə dilə gətirib: «Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır».
Yeri gəlmişkən, İrəvanın etirazlarına rəğmən, Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq karvanı da yoluna davam edir. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay KTMT-dən olan tərəfdaşlarını Azərbaycana silah satmamağa çağırmışdı. O, hesab edir ki, bu, Qarabağda mümkün eskalasiyanın qarşısının alınması üçün vacibdir.
İrəvanın bu etirazına cavab isə özünü çox gözlətməyib. «Yalnız vurğulaya bilərəm ki, hərbi-texniki əməkdaşlıq – Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindəndir. Biz onu beynəlxalq hüquq normaları, Azərbaycan və Rusiya Federasiyasının qanunvericilik normalarına tam uyğun şəkildə və burada sabitliyin qorunması üçün formalaşan və vacib olan balans tamamilə nəzərə alınmaqla inkişaf etdiririk», - deyə Lavrov Bakıda səfərdə olarkən bildirib.
Bu arada Ermənistan KİV-i və siyasi dairələri hansısa İsveç hərbi-analitik mərkəzindən əldə olunmuş məlumatı müzakirə etməkdədir. Guya Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Ermənistanın bəzi obyektlərinə aviazərbələr endirmək planı var. Erməni strateqlər onu da deyir ki, bu «plan»a NATO ilə Rusiya qiymət verməlidir. Amma onlar bunu etməyə tələsmir. Çünki qonşularını hədələyən, onların ərazisindən keçən boru xətlərinə və digər strateji infrastruktura zərbələr endirilə biləcəyilə təhdid edən Ermənistanın özü asanlıqla preventiv əməliyyat hədəfinə çevrilə bilər.
Bu xəbərləri şərh edən politoloq Rasim Musabəyov deyib: «Ermənistan hərbçiləri və siyasətçilərinin ərazi iddiaları və qonşularla düşmənçilik siyasətinin yaratdığı riskləri düzgün qiymətləndirməsinin vaxtı çoxdan çatıb. Onlar bu siyasətdən imtina etməlidir. Bu halda qonşulardan təhdid almaq, narahat olmaq əvəzinə ortaya əməkdaşlıq, birgə təhlükəsizlik məsələləri çıxacaq».
İnformasiya texnologiyaları əsrində bütün həqiqətləri gizlətmək mümkün deyil. Bunu Ermənistana rəhbərlik edən jurnalist ər-arvad da yaxşı bilir. Hərbi bəyanatlar, Azərbaycanın digər rayonlarının da işğal oluna biləcəyinə dair hədələr, təbii ki, daxili auditoriyaya hesablanmış gedişlərdir. Lakin KİV sayəsində onlar bütün dünyaya yayılır. Gülünc olan odur ki, Ermənistanın informasiya meydanının liderləri beynəlxalq informasiya məkanında Azərbaycana aşkar məğlub olur.
İstənilən halda, Ermənistanın yeni rəhbərliyinə düşünməsi üçün verilmiş vaxt başa çatıb. Artıq sülh və əməkdaşlıq haqda təkliflər masa üzərindədir. Onlar iki ölkənin XİN başçılarının artıq gələn ilin əvvəlinə təyin olunmuş görüşündə detallı müzakirə edilməlidir.
MƏSLƏHƏT GÖR: