25 Noyabr 2024

Bazar ertəsi, 14:29

İRAN: MÜHAFİZƏKARLAR YENİDƏN İŞ BAŞINDA

İndi Ruhani kabinetini eyni zamanda həm «küçə», həm də parlament tənqid edəcək

Müəllif:

15.03.2020

Fevralın 21-də İran İran Respublikasında parlament seçkisi keçirilib. Seçkinin nəticəsi yalnız İranda deyil, onun ətrafında da siyasi proseslərin gedişinə öz təsirini göstərəcək.

 

Sanksiyaların təzyiqi altında baş tutmuş seçki

İrandakı vəziyyətə ölkədən kənarda yaşanan proseslərin təsiri şübhəsizdir. Məsələn, İslam Respublikasının bütün daxili siyasi proseslərinin gizli iştirakçısı olan ABŞ-ın sanksiyaları. Müşahidəçilərin əksəriyyəti əmindir ki, Vaşinqton «nüvə razılaşması»ndan çıxmasaydı, bunun ardınca Tehrana ölkənin sosial-iqtisadi həyatına mənfi təsir göstərən yeni sanksiyaları tətbiq etməsəydi, hazırkı prezidentin daha mötədil, islahatçı əhvallı tərəfdarlarının mövqeyi daha güclü olardı. Lakin indi hakimiyyəti tənqid edən mühafizəkarlar və ultramühafizəkarlar daha güclü hala gəlib. Hökumətin tənqidçiləri ictimaiyyətin məhz iqtisadi siyasətdən narazılığını qabardır.

İctimai rəy sorğuları da göstərir ki, xalq arasında narazılıq əsasən iqtisadi problemlərin həll olunmamasından qaynaqlanır. Ötən ilin noyabrında hökumət ümumxalq nümayişinə çıxmış insanlara güc tətbiq etmək məcburiyyətində belə, qalmışdı. Bu isə bir yandan islahatlara inamı sarsıtmış, digər tərəfdən gənc iranlıların seçkidə iştiraka marağını azaltmışdı.

 

Seçici fəallığının zəif olması həm yaxşıdır, həm pis

Hələ seçki ərəfəsində müşahidəçilər İran tarixində seçici fəallığının ən aşağı həddə ola biləcəyini deyirdi. Onların fikrincə, Konstitusiya Keşikçiləri Şurası əhalinin seçkiyə marağını öldürmək üçün əlindən gələni etmişdi. İranlı Tələbələrin İnformasiya Agentliyinin (ISNA) məlumatına görə, yanvarın əvvəlində aparılmış sorğuya qatılmış Tehran sakinlərinin 49%-i səsvermədə iştirak etməyəcəyini bildirmişdi. Respondentlərin 26,5%-i isə prosesə yalnız bir şərtlə qatılacağını deyirdi: Konstitusiya Keşikçiləri Şurası onların namizədini qeydə almalıdır.

İranın ali dini lideri ayətolla Əli Xamenei isə bildirib ki, seçici fəallığı Donald Trampın iqtisadi sanksiyalarının «lehinə işləyəcək». Yüksək rütbəli məmurlar da bənzər fikirdədirlər. Onlar KİV-ə açıqlamalarında deyiblər ki, seçkinin boykot olunması səbəbindən asılı olmayaraq (etinasızlıq, yaxud etiraz), bu, Trampı Tehrana qarşı sanksiyaları daha da gücləndirməyə həvəsləndirəcək.

Baş verənlərə Vaşinqtonun reaksiyası özünü çox gözlətməyib. Seçkiyə saatlar qalmış ABŞ İranın Konstitusiya Keşikçiləri Şurası 5 üzvünə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb. Vaşinqton bəyan edib ki, deputatlığa namizədlərin hər birini yoxlamadan keçirən bu orqan seçki ilə manipulyasiya edir.

 

İslahatlar kənarda qaldı

Budəfəki seçkinin əsas xüsusiyyəti əksər müşahidəçilərin də qeyd etdiyi kimi, Konstitusiya Keşikçiləri Şurasının namizədlər siyahısının görünməmiş dərəcədə yenilənməsi idi. Söhbət 14 500 deputatlığa namizədin üçdə birindən də çoxunun prosesdən kənarlaşdırılmasından gedir. Üstəlik, onların arasında nə az, nə çox – düz 90 mövcud deputat da var idi. Senzuranın həcmini bir faktla ortaya qoymaq mümkündür: bir çox keçmiş yüksək rütbəli məmur belə, bu seçkidə namizədliyini qeydiyyata aldıra bilməyib. Onların arasında ölkə parlamenti sədrinə 3 il müavinlik etmiş Əli Motahari də var. Parlamentin spikeri Əli Laricani etiraf edib ki, bəzi namizədlər prosesə «İslam Respublikasına praktik sadiqlik» nümayiş etdirmədiyi üçün buraxılmayıb: «Halbuki son illər birgə işlədiyim əksər insanda rejimə loyallıq görmüşəm».

İran parlamentinə 12 il sədrlik etmiş Laricani noyabrın sonunda daha bu post uğrunda mübarizə aparmayacağını bildirmişdi.

Beləliklə, islahatçılar və onların tərəfdarları üçün parlamentə düşmək uğrunda mübarizə aparmaq imkanı yaradırlmadığından, mühafizəkarlarla ultramühafizəkarların qalibiyyəti praktik olaraq, təmin edilmişdi. İranın özündə belə, çoxu hesab edirdi ki, bu seçki «prinsipiallar» kimi tanınan mühafizəkarların öz hakimiyyətini qurması, bu siyasi institutuna nəzarəti ələ keçirməsi üçün şansdır.

Bundan əvvəlki parlament 2016-cı ildə – Birləşmiş Ştatların nüvə sövdələşməsi fonunda İrana tətbiq olunmuş sanksiyaları ləğv etdiyi dövrdə seçilmişdi. O zaman əksər iranlı beynəlxalq təcriddən qurtulduqlarını düşünmüş və hazırkı prezidentin tərəfdarlarına səs vermişdi. Nəticədə, ölkə parlamentində Ruhani və hökumətilə əlaqəli islahatçılar, mötədillər və digər mərkəzçi namizədlər üstünlük qazanmışdı.

İranın siyasi sistemində parlamentin əhəmiyyəti qanunvericiliyi hazırlanmasında və dövlət büdcəsini təsdiqləməsindədir. Əsas hakimiyyət ali dini liderdə olsa da, parlament prezidentin siyasətinə dəstək verə, yaxud ona mane ola bilər. Bununla yanaşı, son illərdə parlament sadə iranlıların, gəlirlərin azlığından, işsizlikdən, hakimiyyətin sərt idarəçilik üslubundan məyus olmuş sadə vətəndaşların tələblərinin ödənilməsi üçün çox iş görə bilməyib. Problemlərin daha da artdığı indiki şəraitdə də ona ümid böyük deyil.

 

İranın siyasətində yeni trend

Gözlənildiyi kimi, parlament seçkisinin nəticəsi islahatçılar və mötədillər üçün arzulanan olmayıb. Onları dəstəkləyənlərin sayı mühafizəkarlara səs vermiş kütlə ilə müqayisədə çox az olub. Lakin nəticəni mühafizəkarların qəti qələbəsi kimi qiymətləndirmək olarmı?

İranın daxili işlər naziri (seçki kampaniyasının aparılmasına məhz Daxili İşlər Nazirliyi cavabdehdir) Abdolreza Rəhmani Fəzli bildirib ki, səsverməyə seçicilərin 42,57%-i qatılıb. Bu, İslam İnqilabının qalib gəldiyi 1979-cu ildən bu yana ölkədə keçirilmiş parlament seçkilərilə bağlı ən aşağı göstəricidir. İndiyədək İran parlamentinə keçirilmiş seçkilərdə seçici fəallığı heç zaman 50%-dən aşağı olmayıb. Söhbət nə az, nə çox – düz 24,5 milyon iranlıdan gedir. Elə həmin DİN-in məlumatına görə, ölkədə səsvermə hüququ olan əhalinin sayı 57,9 milyon nəfərdir. Beləliklə, faktiki olaraq, elektorat seçkiyə, həmçinin qələbə qazanmış namizədlərə böyük dəstək verməyib. Demək, deputat korpusunun siyasi reytinqi heç də yüksək deyil.

Seçkinin nəticəsinə münasibət bildirən prezident Həsən Ruhani mümkün qədər yumşaq danışmağa çalışıb: «11-ci çağırış parlamentin işə başlaması ilə siz orada yalnız səs vermiş 42%-i deyil, bütün İran xalqını təmsil edəcəksiniz». Ola bilsin ki, prezident bu fikri əksəriyyəti hökumətin tənqidçilərindən ibarət olacaq yeni parlamentlə dialoqu qoruyub saxlamaq üçün səsləndirib.

İranda və ondan kənarda üstünlüyün mühafizəkarlara keçəcəyinə şübhə edən, demək olar ki, yox idi. Məqaləmiz çapa hazırlanarkən seçkinin nəticələri rəsmən təsdiqlənməmişdi. Lakin İran KİV-nin məlumatına görə, parlamentdəki 290 yerin 191-i mühafizəkarlara qismət olub. İslahatçılar yeni parlamentdə 16, müstəqil namizədlər isə 24 yer qazanıb. Beləliklə, 241 yerin sahibi məlumdur. Yerdə qalan 49 mandatın kimə qismət olacağı aprelin 17-də keçiriləcək ikinci turda bilinəcək.

Yeni çağırış parlamentdə islahatçılar yalnız 20, müstəqil namizədlər isə 35 yerə sahib olacaq. Dini azlıqlar – zərdüştilər, assuriyalılar, pravoslav xaldeylər, pravoslav ermənilər və yəhudilər hərəyə 1 deputatla təmsil olunacaq.

Beləliklə, söhbət islahatçıların darmadağınından və mühafizəkarların şəksiz qələbəsindən gedir. Lakin burada bir «əmma» var. Mühafizəkarların seçici fəallığının son dərəcə aşağı olması fonundakı revanşı seçicilərin ölkənin siyasi sisteminin effektivliyinə inamsızlığının da göstəricisi hesab oluna bilər. Paytaxt Tehranda mühafizəkarlar 30 yerin hamısına sahib çıxıb, ən çox səsi isə paytaxtın sabiq meri Məhəmməd Bağır Qalibaf (İslam İnqilabı keşikçiləri Korpusunun keçmiş generalı) yığıb. Lakin burada seçici fəallığı ən aşağı həddə olub – təxminən 26%.

Bu halda ölkədə etirazçı əhvalın azalmayacağını düşünmək olar. Bundan ən çox əziyyəti isə Ruhani hakimiyyəti çəkəcək – indi, onu eyni zamanda həm «küçə», həm də parlament tənqid edəcək.

Mühafizəkarlar və şəxsən Qalibaf üçün bu, ötən illərdəki məğlubiyyətin əvəzini çıxmaq şansıdır. Qarşıdan gələn prezident seçkisində Ruhaninin əsas rəqibi məhz o sayılır. Yeni parlamentdə Qalibafın spiker olacağı gözlənilir. Gələn il keçiriləcək prezident seçkisində isə onun prezidentlik uğrunda mübarizə aparmaq şansı kifayət qədər böyükdür.

Qalibafın bu imkandan yararlana bilib-bilməyəcəyi, ümumiyyətlə, yaxın aylarda ölkədə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi isə iranlı seçicinin iradəsindən asılıdır.



MƏSLƏHƏT GÖR:

322