25 Noyabr 2024

Bazar ertəsi, 13:34

İNQİLABDAN SONRAKI BAŞAĞRI

Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəni düzgün qiymətləndirməlidir

Müəllif:

01.05.2020

Koronavirus pandemiyası bir çox ölkədə siyasi prosesləri «dondurub». Amma bunu Ermənistana aid etmək olmaz – orada siyasi ehtiraslar coşmaqda davam edir. Bu günlərdə «inqilabçı» hökumət «offşor işi»lə bağlı araşdırmalara başlanıldığını bəyan edib.

Bu qalmaqalın kökləri 2009-cu ilə gedib çıxır. Ermənilərin ölçüsü ilə nəhəng sahibkar sayılan Paylak Arutyunyan hələ 10 il əvvəl bildirirdi ki, o, baş nazir Tiqran Sarqsyanla görüşə dəvət olunubmuş. Görüşdə Ermənistanda almaz cilalanması və zərgərlik sahəsinin inkişafı müzakirə edilib: İrəvanın bu sahəyə böyük ümidləri var idi. Hətta onun iqtisadiyyatın lokomotivinə çevriləcəyi belə, düşünülürdü.

Bundan başqa, baş nazirin kabinetinə böyük sahibkar Aşot Sukiasyan, baş keşiş Navasard Kçoyan və onlarla iş adamı da dəvət olunmuşdu. Əvvəlcə baş nazir çıxış etmiş, «sevindirici perspektivlərdən» söz açmış, sonra Aşot Sukiasyan daha konkret danışmışdı. O, Afrikada – Syerra-Leonedə almaz və qızıl mədənlərinə sahib olduğunu, Ermənistanın cilalama müəssisələrinə «qəpik-quruş» qarşılığında xammal tədarük edə biləcəyini demişdi. Qalırdı avadanlıq və texnika alınması üçün 12 milyon dollarlıq investisiya. Belə «yağlı tikə»ni əldən buraxmağın yolverilməz olduğunu düşünən Paylak Arutyunyan isə dərhal mülkiyyətini banka girov qoyaraq kredit götürmüş və pulu Sukiasyana verib, lakin Sukiasyan pulu da götürərək yoxa çıxıb. Sonradan məlum olmuşdu ki, həmin vəsait sonuncunun qeydiyyatdan keçirdiyi offşor hesabdadır. Ən maraqlısı isə odur ki, sən demə, həmin hesabın təsisçiləri arasında Tiqran Sarqsyanla baş keşiş Navasard Kçoyan da var imiş.

Bir müddət sonra Gürcüstanda həbs olunan Sukiasyan Sarqsyanla Kçoyanın adını təsisçilər sırasına… özlərinin xəbəri olmadan saldığını bildirmişdi. Bununla da qalmaqal sanki unudulmuşdu. Lakin indi, Ermənistan rəhbərliyi məsələni yenidən gündəmə gətirib.

 

Köhnə, amma əsas məsələ

 «Offşor işi»nin yenidən qaldırılması kifayət qədər düşündürücüdür. Tiqran Sarqsyan indiyədək Aİİ Kollegiyasının sədri postunu tutub, hazırda isə Avrasiya İnkişaf Bankı sədrinin müavinidir. Deyilənə görə, Kreml ona kifayət qədər loyal münasibət göstərir. Bütün bunlar İrəvanın vaxtilə KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı təşkil etdiyi «məhkəmə hücumu»na çox bənzəyir. Bir maraqlı məqam da var. İşdə baş keşiş Kçoyanın da adı keçir və araşdırma bütün ermənilərin katolikosu II Qareginin Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsdən buraxılmasına çağırış etməsindən dərhal sonra başlayıb. Ekspertlər hesab edir ki, hazırkı baş nazir Nikol Paşinyanın ən təhlükəli siyasi rəqibi məhz Koçaryandır.

Yaşananlara ən nümunəvi qiyməti, yəqin ki, Ermənistanın «İrates» qəzeti verib. Qəzet yazır ki, Paşinyan pat vəziyyətindədir – o, proseslərə nəzarəti sürətlə itirir. Yazıda bildirilir ki, Ermənistanın regionlarında faciəvi vəziyyət yaranıb və insanlar artıq sadəcə, yaşaya bilmir. Ölkə iqtisadi kollaps və sosial qiyam ərəfəsindədir. «COVID-19» pandemiyasının başa çatmasından sonra isə Paşinyanın Konstitusiya Məhkəməsini nəzarətə almaq məqsədilə ortaya atdığı referendum məsələsinə qayıtmaq lazım gələcək. «İrates»in bütün bunlardan gəldiyi qənaət belədir: Paşinyan Erməni Apostol Kilsəsinə və baş keşişə qarşı yeni «kino»nu və səlib yürüşünə məhz bu üzdən başlayıb ki, «Poqos» əylənə bilsin.

Gəlin vəziyyətə aydınlıq gətirməyə çalışaq.

Ermənistanda xalq arasında populyar olan «Poqos» həm də «rəiyyət» anlamında işlədilir və Paşinyanın tərəfdarlarına şamil olunur. 7or.am portalı səs-küy yaratmış məqaləsində yazır: «Bu gün Ermənistan hakimiyyəti avam kəndçilərin əlindədir. Onlar kənddən şəhərə gəlmiş, lakin təkrar sosiallaşa bilməyən kütlədir. Tər iyi verən, gigiyena vasitələrinə bir qəpik də xərcləməyən, üzünü qırxmayan, inqilab günlərində haradansa peyda olmuş, küçələri bağlamağa başlamış, sonda isə işi-gücü sadəcə kabab çəkmək olan kütlə». 

 

Kabab inqilabından keçən iki il…

Belə qiymətləndirmə ilə razılaşmaq da olar, razılaşmamaq da, hətta onu hiddətlə qarşılamaq da. Dəqiq olan başqa məqamdır: «kabab inqilabı» qələbəsinin üzərindən 2 il sonra Paşinyan seçicilərinə heç nə verə bilmir. Halbuki, mitinqlər dalğasının güclü vaxtında o, sağa-sola vədlər verirdi. Bu vədlərin arasında Ermənistanın Rusiyanın nüfuz dairəsindən çıxacağı, ABŞ və Avropa İttifaqı ilə yaxınlaşacağı da var idi, iqtisadi yüksəliş də, Qarabağ istiqamətində irəliləyiş də (əlbəttə ki, ermənilərin anlamında). O, korrupsiya ilə mübarizə vədi də verirdi və yeri gəlmişkən, büdcənin məhz korrupsionerlərdən müsadirə olunacaq vəsait hesabına «doldurulacağı» deyilirdi…

Lakin ötən 2 ildə bu vədlərin yerinə yetirilməsilə bağlı vəziyyət yalnız gülüş yaradır. Paşinyan və «Sorosçu» komandası bəlkə də mümkünsüzü mümkün edib: İrəvan Moskva və Qərblə münasibətlərini eyni anda korlayıb. Rusiya Paşinyana nə komandasına «Sorosçu» kadrlar toplamasını, nə Xaçaturova «hücum»u, nə Ermənistanın «suverenliyi» ilə bağlı söhbətləri, nə də İrəvanın KTMT ilə Aİİ-ni tərk edə biləcəklərinə dair eyhamları bağışlayır. Qərb isə Ermənistanı hələ də Rusiyanın forpostu sayır. Bundan başqa, ABŞ Paşinyana Suriyaya Rusiya hərbi missiyasının tərkibində erməni istehkamçıları göndərməsini bağışlamır. Söhbət məhz Amerika proqramlarından biri çərçivəsində hazırlanmış istehkamçılardan gedir.

İqtisadiyyata gəlincə, Paşinyan guya hansısa inanılmaz uğurların əldə olunduğu görüntüsünü yaratmağa çalışsa da, söhbət ən yaxşı halda hələ özünü doğrultmamış proqnozlardan gedir.

Ermənistanın sabiq baş naziri Qrant Beqratyanın Paşinyanın, büdcədəki guca 1 milyardlıq artım haqda növbəti bəyanatına münasibəti belədir: «Bu, tam dezinformasiyadır».

Korrupsiya ilə mübarizə işi də tam iflasa uğrayıb. Paşinyan komandası korrupsionerlərlə bağlı proseslərin heç birini məntiqi sonluğa çatdıra, yəni, məhkəməyədək aparıb çıxara bilmir. Bu, ətrafında böyük səs-küy yaranmış «Konserv Manvel»in işinə də aiddir.

«1 mart işi»lə bağlı yeni araşdırmalar da tam iflasla bitib. Halbuki, bu məsələdə Paşinyanın əlində «daşdan keçən» arqumentlərin olduğu düşünülürdü.

Eyni vəziyyət insan haqları və demokratiya sahəsində də yaşanır – Paşinyanın ölkənin məhkəmə hakimiyyətini özünə tabe etməyə çalışması Ermənistanın sərt tənqid olunmasına səbəb olub.

 

Bütün cəbhələrdə iflas

Bütün bunlarla yanaşı, Ermənistan bütün istiqamətlərdə Azərbaycana da uduzur. Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Qızılqaya-Günnüt əməliyyatı nəticəsində üzləşdiyi «logistik faciə» ilə bağlı, bəlkə də, müəyyən mübahisələr etmək olar. Hərçənd, Paşinyan və ya sələfləri İrəvanın bu məğlubiyyətinə görə vətəndaşları qarşısında cavab verməlidir. Amma bu, heç də yeganə iflas deyil. Azərbaycan Prezidenti İlham Əliyevin MDB sammitləri və Valday forumundakı hücum diplomatiyası mövcud vəziyyətin ən gözəl göstəricisidir. Dünya birliyinin işğal olunmuş Dağlıq Qarabağda təşkil edilmiş «seçkilər»ə münasibəti də məlumdur: onu nə ATƏT, nə NATO, nə Avropa İttifaqı, nə də Norveçdən tutmuş Böyük Britaniyaya, Türkiyəyədək hər hansı dövlət tanıyıb. ..

Amma ən səs-küylüsü və effektlisi, yəqin ki, Nikola Paşinyanın İlham Əliyevlə Münhen debatındakı iflasıdır. Orada hər şey tam aydınlığı ilə ortaya çıxdı: liderlərin şəxsi keyfiyyətləri, ingilis dili bilikləri və ən əsası, Azərbaycanın qəti, beynəlxalq hüquqa əsaslanan, BMT TŞ-nin qətnamələrilə tanınan mövqeyi! Bununla yanaşı, Paşinyanın həmin debatdakı qarışıq fikirləri göstərdi ki, əslində, baş nazir ölkəsinin beynəlxalq aləmdə ortaya qoyacaq mövqeyə malik olmadığını anlayır. Bu vəziyyətdən təcrübəli siyasətçinin belə, çıxması çətin idi, nəinki Paşinyanın.

İndi, Paşinyanın özünü necə aparacağı, siyasi rəqiblərini güc yolu ilə «əzməyə» çalışıb-çalışmayacağı haqda çox danışmaq olar. Üstəlik, yanvardan Ermənistanda «inqilab keşikçiləri»nin yeni «xüsusiyyəti» ortaya çıxıb – onlar inqilabçı baş nazirin rəqiblərini fiziki cəhətdən belə, məhv etməyə hazırdırlar.

Beləliklə, Ermənistan «inqilab» ssenarisinin nə qədər təhlükəli olduğunu göstərən daha bir nümunədir. Təcrübə göstərir ki, «inqilab» cənnətə qapı yox, əksinə «siyasi ruletka»dır.



MƏSLƏHƏT GÖR:

346