25 Noyabr 2024

Bazar ertəsi, 11:54

KÖLGƏLƏRİN SAVAŞI

İranda baş verən son hadisələrin müəmmalı xornologiyası nədən xəbər verir

Müəllif:

15.07.2020

BMT iranlı general Qasim Süleymaninin Bağdad aeroportunda öldürülməsinə 6 aydan sonra münasibət bildirdi. Qurumun xüsusi məruzəçisi Aqnes Kallamardın hazırladığı hesabatda qeyd olunur ki, ilk dəfə bir ölkə başqa bir dövlətin rəsmi şəxsini üçüncü bir ölkədə öldürməsini “özünümüdüfiə” adlandırır.

Həmçinin sənəddə yanvarın 3-də Bağdad aeroprtunda 5-i iraqlı olmaqla 10 nəfərin ölümü ilə nəticələnən Süleymani sui-qəsdi “qanunsuz qətl” adlandırılır və İran ordusunun bu məmurunun ABŞ-ın təhlükəsizliyini təhdid etməsi ilə bağlı iddianın sübutunun olmadığı qeyd olunur. Həmçinin BMT məruzəçisi sui-qəsdin rəsmi Bağdadın razılığı alınmadan İraq ərazisində həyata keçirilməsinin İraqın ərazi bütövlüyü və suverenliyinin pozulması kimi qiymətləndirib.

Bu hesabat Süleymaninin qətlə yetirilməsindən 6 ay sonra ABŞ-İran gərginliyinin davam etdiyini göstərir. Yeri gəlmişkən, iyunun sonlarında İran hakimiyyəti ABŞ prezidenti Donald Tramp da daxil olmaqla 36 nəfərin həbs olunması üçün İnterpola müraciət edib. Lakin beynəlxalq polis təşkilatı qurumun nizamnaməsində ABŞ prezidentinin həbs olunması ilə bağlı hər hansı bri tələbi qəbul etmələrinə icazə vermədiyini bildirərək bu tələbi rədd edib.

 

Üz-üzə

İran İnqilab Keşikçilərinin yanvarın 8-də İraq ərazisindəki ABŞ hərbi bazalarını raket atəşinə tutmasını nəzərə almasaq, iki ölkə arasında o vaxtdan birbaşa qarşıdurma qeydə alınmayıb.  Ancaq İraq ərzisində təxminən 20 dəfə ayrı-ayrı vaxtlarda ABŞ hərbi bazaları raket atəşinə tutulub.

Aydın məsələdir ki, indiki situasiyada ABŞ-ın və ya onun müttəfiqi İsrailin birbaşa İrana hücum edəcəyi real deyil. Baxmayaraq ki, iyulun 1-də ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayan Huk İsrail TV kanalına müsahibəsində deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi müdaxilə variantı aktualdır. Lakin aydın məsələdir ki, pandemiyanın davam etdiyi, üstəlik ABŞ-da seçki kampaniyasının qızğın dövründə, irqçilik əleyhinə etirazların davam etdiyi bir vaxtda ABŞ prezidenti İranla müharibə əmri verməyəcək. Üstəlik Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun Ağ Ev xatirələrindən bəhs edən yeni kitabından da aydın olur ki, ABŞ prezidentinin İrana birbaşa müdaxilə etmək fikri yoxdur. Vaşinqton administrasiyası indi İranı iqtisadi embarqolarla yıxmağa çalışır. Və deyəsən bu taktika təsirini göstərir.

İranda iyulun ilk həftəsində 1 ABŞ dollarının 22 min tümənə yüksəlməsi ölkədə ciddi rezonas doğurub. Halbuki cəmisi bri həftə əvvəl vitse-prezident İshaq Cahangiri ABŞ-ın sanksiyalarına baxmayaraq İran nefti ixracatını davam etdirdiyini bildirmişdi. Cahangiri iddai edir ki, əvəvlki embarqolar dövründə İran üçün müəyyən edilmiş gündəlik 900 min barel neft satışı limitində nefti Tehran bu gün də sata bilir.

İyun ayında İran hökuməti ölkənin cənubuna, nefti birbaşa Oman körfəzinə çıxaracaq yeni neft kəmərinin açılışını edib. Bununla da İran nefti Fars körfəzi və Hörmüz boğazını görmədən dünya bazarına çıxa biləcək. Bu, bir tərəfdən İranın enerji satışı riskini azaltmaqla yanaşı, Tehranın hələ də ciddi həcmdə neft satışı həyata keçirdiyini və neft asılılığından tam xilas ola bilmədiyini göstərir.

 

Müəmmalı partlayışlar dalğası

Lakin iyunun sonu, iyulun ilk günlərində baş verən hadisələr göstərdi ki, İran və rəqibləri arasında gözlə görünməyən gizli müharibə əslində davam edir. Belə ki, iyunun sonu, iyulun əvvəlində İranda bir neçə müəmmalı partlayış baş verib. Baş verənlərin heç biri rəsmi olaraq qəsdən törədilmiş terror aktı elan olunmasa da, hadisələr ətrafında ciddi spekluyasiyalar var.

Birinci hadisə iyunun 25-də gecə saatlarında baş verdi. İlk olaraq Əl-Ərəbiyyə telekanalı Tehran yaxınlığında yerləşən hərbi bazada qaz balonunun partladığı haqda xəbər yaydı. Yerli sosial şəbəkələrdə isə elktrik stansiyasında və ya hərbi sursatın məhv edilməsi zamanı yanğın baş verdiyini yazdı.

Nyu York Taymz (NYT) müxbiri Farnaz Fassihi isə sosial şəbəkədə partlayışın İranın üvə stansiyalarından biri olan Parçin terminalında baş verdiyini yazdı.

Rəsmi məlumatda isə Parçin rayonunda Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində içərisində texniki qaz olan rezervuar partladığı bildirilirdi.

Azadlıq radiosunun fars xidmətində (Radio Farda) gedən məlumatda isə partlayışın Tehranın Xuceyr rayonunda (Parçin yaxınlığında) baş verdiyi bildirilirdi. Xuceyrdə daha əvvəl İranın ballistik raket proqramları həyata keçirilib. Buranın Şəhid Baqeri adına raketlər üçün bərk yanacaq istehsalı mərkəzi olduğu ehtimal olunur.

İkinci hadisə isə Xuceyr partlayışından bir neçə saat sonra baş verdi. Fars əyalətinin Şiraz şəhərində əsas elektrik paylayıcısında baş vermiş partlayış səbəbindən şəhərin yarısının qaranlığa qərq olduğu məlum oldu.

İranda üçüncü partlayış iyunun 30-da Tehranın Şəriəti küçəsində yerləşən Sina xəstəxanasında baş qeydə alındı. Rəsmi məlumata görə, xəstəxananın əməliyyat otağında yerləşən 3 kislarod balonunun partlaması nəticəsində 19 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb.

Dördüncü hadisə isə iyulun 2-də isə İranın Natanz nüvə obyektində baş verən yanğın oldu. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi stansiyada baş verən yanğının ciddi zərərlərinn olduğunu etiraf edib. Lakin bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb, nüvə və digər radioaktiv materialların sızması qeydə alınmayıb.

Ekspertlər bu qəzaların təxribat olması ehtimalını gündəmə gətirib. Onların fikrincə, baş verən 4 qəzadan ikisinin texniki xarakterli olması ehtimalı yüksək olsa da, digər iki qəzanın, yəni Xuceyr (Parçin) və Natanz qəzalarında təxribat ehtimalı yüksəkdir. Ən azından hazırda bu qəzalar ətrafında bir neçə təxribat versiyası səsləndirlir.

 

Kimdir müqəssir?

Hökumət rəsmən elan etməsə də, hadisənin təxribat ola biləcəyinə işarə edir. İlk olaraq rəsmi İRNA Agentliyi hadisənin arxasında ABŞ və ya İsrailin olması ilə bağlı iddia irəli sürüb. Hökumət qurmları isə “təhlükəsizlik mülahizələrinə” görə qəzanın səbəbinin açıqlanmasının təxirə salındığını bildiriblər. İran Milli Təhlükəsizlik Ali Şurasının sözçüsü Keyvan Xosrovi mətbuata verdiyi açıqlamada hadisənin səbəbinin tapıldığını, ancaq təhlükəsizlik səbəbi ilə uyğun vaxtda açıqlanacağını bildirib.

Natanz İranın ən böyük nüvə stansiyasıdır. İnşaatı 2000-ci ildə başlanan Natanzda ilk sentrafuqalar 2002-ci ildə bağlanıb. 2003-cü ildə bu stansiyanın fəaliyyəti 2 illik dayandırılıb. 2010-cu ildə isə Natanzda zənginləşdirilmiş uranın həcmi 20 faizə çatdırılıb.

Natanzdakı hadisədən sonra müəyyən qədər diqqətdən kənarda qalsa da, Parçin yeraltı nüvə mərkəzi İranın əsas nüvə mərkəzlərindən biri hesab olunur. Beynəlxalq Atom Enerjisi Agentliyi İran hökumətini Parçində nüvə sınaqları həyat akeçirməkdə, nüvə başlığı yaratmağa çalışmaqda ittiham edir.

Hazırda yerli və xarici mediada yer alan anliz və məlumatlara əsasən İranda baş verən son hadisələrlə bri neçə versiya mövcuddur. Hadisə ilə bağlı birinci versiya bunun məqsədli şəkildə həyata keçirilən partlayış olması ilə bağlıdır. Bu versiyanı ilk dəfə “Nyu York Taymz” kəşfiyyat qaynağına istinadən yazıb. Qəzetin iddiasına görə, Natanzda polad konstruksiyaların inşaatının aparıldığı yerdə partlayış törədilib. Hadisənin İsrail kəşfiyyatı tərəfindən törədildiyi iddia olunur. Qəzet yazıb ki, bu iddianı İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi də qəzetə verdiyi açıqlamada təsdiqləyib. “Azadlıq Radiosu”nun fars xidməti isə “Vətən Hepardları” adlı silahlı müxalif qrupun təxribat törətdiyi haqda məlumat yayıb.

İkinci versiya isə Natanzda hadisənin kiber hücum nəticəsində baş verməsi ilə bağlıdır. Bununla bağlı İranda 3 rəsmi şəxs Röytersə açıqlama verib. Qeyd edək ki, daha əvvəl İranda oxşar hadisə baş verib.

2010-cu ildə ABŞ və İsraildə hazırlandığı ehtimal olunan “Stuxnet” kompüter virusu İranın Buşehr və Natanz nüvə stansiyalarına, nüvə proqramına ciddi zərbə vurub, uranın zənginləşdirilməsini həyata keçirən sentrafuqların fəaliyyətini dayandırıb, nəticədə İranın nüvə proqramı bir neçə il geriyə düşüb.

Digər viruslardan fərqli olaraq, “Stuxnet” hətta internətə qoşulmayan, şəbəkə ilə bağlantısı olmayan kompüterlərə belə daxil olmaq gücünə malikdir. Bu virusun flaşkartlar vasitəsilə də yayıla bildiyi ehtimal olunur. İlk dəfə 2009-cu ildə üzə çıxarılan bu virusun dünyada ilk dəfə kibersilah olduğu barədə rəy verilib. “Stuxnet” Buşehr Atom Elektrik Stansiyasındakı rus mütəxəssislərin kompüterindən təxminən 30 min kompüterə sızaraq, bu stansiyanı bir neçə il iflic edib.

3-cü versiya nüvə stansiyalarının aviazərbələrlə vurulmasıdır. İlk dəfə bu xəbəri Rusiyanın avi.pro yayıb. Sayt iddia edib ki, Rusiyaya məxsus “Konteyner” RLS-nin Azərbaycanın hava sahəsindən istifadə edərək İran ərazisinə daxil olan bir tanınma işarəsi olmayan bir təyyarəni qeydə alıb.

Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddialarını təkzib edib. Nazirlikdən bildirilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır. Xatırladaq ki, daha əvvəl də bu cür iddialar ortaya atılsa da, Azərbaycan tərəfi bu iddiaları təkzib edib.

Natanz bazasının İsrail ordusu tərəfindən “bombalanması” ilə bağlı versiyanı isə İsraildən olan analitik Eddi Koen “Twitter”də yazıb. Ancaq İsrial mənbələri bu iddianı təsdiqləməyib. İsrailin Baş naziri Benyamin Netanyahu bu iddiaya reaksiya verməyəcəyini açıqlayıb.

Müdafiə naziri Benni Qantz yerli radioya verdiyi açıqlamada deyib ki, İranda baş verən hər hadisənin arxasında İsrail dayanmır. Lakin eyni zamanda Qantz deyib ki, nüvə silahına sahib olan İranın İsraillə birlikdə region və dünya üçün təhlükə doğuracaq və buna görə də İsrail İranın ünvə silahı əldə etməməsi və terroru yaymasını əngəlləmək üçün hər şeyi edəcək.

Bütün bunlar ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayan Hukun İrana hərbi müdaxilə variantının aktual olduğu ilə bağlı müsahibəsi ilə eyni günlərdə baş verib.

Qeyd olunan 4 partlayış və bunlarla eyni vaxtda Sistan-Bəlucistan əyalətində ordu qüvvələrinə qarşı törədilmiş partlayış İranda planlı provokasiya aktlarının olduğunu deməyə əsas verir. Xüsusən də iki hadisə - Natanz və Parçindəki partlayışın təxribat olması ehtimalı yüksəkdir.

Məsələ ondadır ki, İranın məhz Parçin və Natanzda nüvə fəaliyyətlərini bərpa etməsi İsrail və ABŞ-ı narahat edir. Bir qədər əvvəl isə məlum olub ki, Tramp hələ 3 il əvvəl Netanyahuya İranı vurarsa dəstək verəcəyini deyib. Bu mənada mümkündür ki, İranın nüvə fəaliyyətinin aktivliyini dayandırmaq üçün Parçin və Natanzda hücumlar həyata keçirilib. Bu partlayışlar ilkin ehtimallara əsasən İranın nüvə fəaliyyətinə ciddi zərər vurub və onu bir neçə il ləngidə bilər.

Hadisənin həyata keçirilməsi ilə bağlı 3 əsas versiya var. Birincisi, bazanın partladılması, ikincisi, hava zərbələri ilə vurulması, üçüncüsü, kiber hücum nəticəsində partlayış törədilməsi.

Kiber hücum ehtimalı azdır. Çünki tikinti gedən hissədə kiber hücumun bu qədər ciddi nəticə doğuran yanğına səbəb olması az ehtimaldır. Üstəlik “Stuxnet” hücumundan sonra iranlılar bu sahədə imkanlarını gücləndirib.

İkinci ehtimal, yəni hava zərbələrinə gəlincə, bu ehtimal istisna olunmasa da, daha çox riskli və problemlidir. Çünki təyyarənin İsfahana qədər uçması (Natanz Tehrandan 400 km cənubdadır) uzun zaman alan və riskli işdir. Vurulma təhlükəsi var. Üstəlik üzərindən uçduğu ölkəni də riskə ata bilər. Necə ki, belə ittiham oldu. Ən yaxşı halda bu cür uçuşlar kəşfiyyat məqsədi ilə həyata keçirilə bilər. Bu da dəqiqləşdirilməyə ehtiyacı olan informasiyadır.

Qalır üçüncü versiya, yəni partladılma. Hadisənin tikinti məntəqəsində və polad konstruksiyalar olan meydançada partlayış törədilməsi üçün birbaşa müdaxilə, yəni partlayış edilməsi ehtimalı daha yüksəkdir. Bu məqsədlə həm Sistan-Bəlucistandakı bəluc qrupları, həm Əhvazdakı ərəb silahlı qrupları, həm də kürdlərdən istifadə oluna bilər. “Azadlıq” radiosunun yazdığı hökumət əleyhinə silahlı qruplar da ola bilər. Bunlar ehtimal ki, xarici kəşfiyyata işləyən silahlı təxribat qrupları olub.

Bir neçə il əvvəl İrana qarşı olan ərəb liderləri də Tehrana qarşı əsas müharibə silahının məhz ölkə daxilindəki qrupların dəstəklənməsi olduğunu bildirib və bundan sonra bu qruplar fəallaşıb. Partlayışın bu qruplar tərəfindən həyat akeçirilməsi mümkün ehtimallar içində ən yüksək olandır. Bundan başqa son zamanlar həm kürd regionunda hərbi əməliyyatların keçirilməsi, həm də bəluclar bölgəsində hücumlar göstərir ki, bu ərazilərdə hərəkətlilik və təhlükə riski yüksəkdir.

Son hadisələr göstərir ki, hər nə qədər dünyanın, prezident Trampın diqqəti başqa mövzulara cəlb olunsa da, İranla gərginlik heç də arxa plana keçməyib. Gizli müharibə davam edir və bu proses bütün Yaxın Şərqdə davam edir.



MƏSLƏHƏT GÖR:

296