25 Noyabr 2024

Bazar ertəsi, 08:50

DEJAVYU, YOXSA İNQİLAB DƏBİ?

Qırğızıstanda son parlament seçkisindən sonra növbəti qiyam yaşanır

Müəllif:

15.10.2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə cərəyan etməkdə olan hadisələr, əlbəttə ki, istər postsovet məkanında, istərsə də ümumilikdə dünyada baş verən bir çox prosesi kölgədə qoyub. Lakin bunun fonunda belə, Qırğızıstanda yaşananlar diqqətdən kənarda qala bilməz – ölkədə növbəti «inqilab» baş verir.

Azərbaycana dost ölkələrdən olan Qırğızıstan hazırda Bakının sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da üzvüdür. Odur ki, ağır mərhələdən keçən bu dövlətin gələcəyi Azərbaycan üçün əhəmiyyətsiz deyil.

 

Hazırkı etirazların səbəbləri

Bu gün Bişkekin Ala-Too meydanından başlayaraq ölkəni bürümüş etirazların əsas səbəbi oktyabrın 4-də keçirilmiş parlament seçkisidir. Küçələrə axışan insanlar seçkinin nəticələrinin ləğvini tələb edir. Qeyd edək ki, səsvermənin rəsmi nəticələrinə görə, ölkənin qanunverici orqanına yarışa qatılmış 12 partiyadan yalnız 4-ü düşə bilib.

Artıq oktyabrın 5-i axşam etirazçılarla təhlükəsizlik xidməti əməkdaşları arasında toqquşmalar başlayıb. Səhəri gün nümayişçilər prezidentin ofisinin də yerləşdiyi hökumət binasını, parlamenti və xüsusi xidmət orqanlarının binasını ələ keçirib. Az sonra ölkənin sabiq prezidenti, korrupsiya ittihamları ilə həbs olunmuş Almazbek Atambayev və sabiq baş nazir Sapar İsakov azadlığa buraxılıblar. Elə həmin gün ölkə başçısı Soorobay Jeenbekov ölkədə hakimiyyətin qanunsuz yolla ələ keçirilməsinə cəhd olunduğunu elan edib, Mərkəzi Seçki Komissiyasını seçkinin gedişində mümkün qanun pozuntuları ilə bağlı araşdırmaya başlamağa, belə hallar üzə çıxarsa, nəticələri ləğv etməyə çağırıb. Bir müddət sonra isə MSK parlament seçkisinin nəticələrini ləğv edib.

Maraqlıdır ki, ölkə hələ 2005-ci ildə eyni hadisələri yaşamış, o zaman prezident Əsgər Akayev devrilmiş və Rusiyaya qaçmışdı. Eyni hadisələr 2010-cu ildə də təkrarlanmış, bu dəfə Kurmanbek Bakiyev devrilərək Belarusda sığınacaq tapmışdı.

Bu dəfə sürətlə cərəyan edən hadisələr cəmi 2 gün sonra baş nazir Kubatbek Boronovla parlamentin spikeri Dastanbek Cumabekovun istefaları ilə nəticələnib. Onların yerini həbsdən oktyabrın 6-na keçən gecə buraxılmış Sadır Japarovla «Bir Bol» fraksiyasının deputatı Mıktıbek Abdıldayev tutublar.

Qanunvericiliyə əsasən, MSK 2 həftə ərzində yeni parlament seçkisinin vaxtını müəyyənləşdirməlidir. Lakin Qırğızıstan müxalifətçiləri artıq prezident Jeenbekovun istefası tələbilə çıxış etməyə başlayıb. Dövlət başçısı isə öz növbəsində, legitim prezident olduğunu deyir və danışıqlara hazır olduğunu bildirir. Bu vəziyyətdə hadisələrin gələcəyi, əlbəttə ki, hakimiyyətlə müxalifətin kompromisə gələ bilib-bilməyəcəyindən asılıdır.

 

Ağırlaşan sosial-iqtisadi şəraitdə etirazlar

Çoxları hazırkı etiraz dalğasının səbəbini Qırğızıstanın koronavirus pandemiyası fonunda üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətdə görür. Bu ilin ilk 8 ayında ölkə ÜDM-i, təxminən, 6% azalıb. Xidmət və tikinti sektoru tənəzzüldədir. Hər sahədə göstəricilər, təxminən, 10% azalıb. Halbuki pandemiyanın başlamasınadək bu sahələr hər ili artımla başa vururdu. Lakin karantin üzündən, təxminən, yarım ildə ölkədə restoranlar, mehmanxanalar işləmir. Miqrantların pul köçürmələri tikinti sektoruna ciddi təsir göstərir. Bu pulun üçdə biri mənzil alışına xərclənir. İndi tikinti biznesi də çökür – mənzil satışı ən aşağı həddədir. Bütün bunlar isə əlbəttə ki, dövlət büdcəsinə daxilolmalara birbaşa təsir edir. Bundan başqa, ölkənin İqtisadiyyat Nazirliyindən bildirirlər ki, qırğız məhsullarına tələbat da azalıb. Səbəbi isə tərəfdaş ölkələrdə işgüzar fəallığın azalmasıdır.

Qırğızıstan Məşğulluq Xidmətindən verilən məlumata görə, ölkədə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 100 min nəfərdir. Müstəqil ekspertlər real rəqəmin bundan çox böyük olduğunu deyir.

Belə vəziyyət siyasi partiyaların fəallığına da bilavasitə təsir göstərib və onlar etiraz siyasətini gücləndiriblər. Yalnız onu qeyd etmək kifayətdir ki, MSK tərəfindən qeydə alınmış 1918 deputatlığa namizədin hər üçündən biri işsiz idi. Ən çox işsiz «Meken Intımaqı» partiyasındadır – 71%. İkinci yerdə «Respublika» partiyası gəlir – üzvlərin yarıdan çoxu işsizdir. İlk «üçüçlüy «Ata Məkan» partiyası qapayır.

Lakin ölkədə etiraz aksiyalarının uzanması iqtisadiyyat üçün daha ciddi problemlər vəd edir. Məsələ o yerə çatıb ki, Qırğızıstanın iri biznes assosiasiyalarının liderləri hakimiyyətdən iqtisadiyyatın əsas «damarları»nın fəaliyyətinin bərpasını tələb etməyə başlayıb. Onların fəaliyyəti məhz etiraz aksiyaları nəticəsində dayandırılıb.

Hökumətə ünvanlanmış müraciətdə bu tələblər yer alır: kommersiya banklarının və bank sistemi tranzaksiyalarının fəaliyyətinin bərpası; vergi xidmətinin, Sosial Fondun və digər dövlət orqanlarının tam fəaliyyətinin təmini; bütün respublika ərazisində həyati əhəmiyyətli obyektlərin mühafizəsinin və həyat fəaliyyətinin təmini və s.

 

Etirazlarda «xarici əl» görünmür, amma…

Ekspertlərin qiymətləndirməsinə görə, hakim partiya inzibati resurslardan geniş istifadə edib. Hakim partiya ilə müttəfiq olan digər siyasi təşkilat seçiciləri pulla ələ alıb. Bununla yanaşı, yerdə qalan, parlamentə düşə bilməyən partiya liderlərinin məsuliyyətsizliyi də ortadadır. Onlar xalqı küçələrə səsləsələr də, iğtişaşların, xaosun qarşısını ala bilməyiblər. Nəticədə, kütləvi iğtişaşlar başlayıb, inzibati binalar talan olunub. Lakin bütün baş verənlərdə aşkar «xarici əl»in olduğunu söyləmək mümkün deyil.

Digər yandan görünən odur ki, köhnə elitanın təmsilçiləri yaranmış vəziyyətdən yararlanaraq, yenidən hakimiyyətə gəlmək istəyir. Onlar A.Atambayevin, S.İsakovun və digərlərinin maraqlarını təmsil edəcək şəxslərin yer alacağı hakimiyyətin qurulmasına çalışırlar. Lakin etirazların qeyri-formal qanadının təmsilçiləri bununla razı deyil. Məsələn, artıq gənclərdən ibarət bir neçə qrup toplanaraq, lüstrasiya tələb edib, yeni hökuməti formalaşdırmağa çalışan şəxsləri qərarların qəbulu prosesinə daha çox gənci qoşmağa çağırıblar.

Hələlik yeni hökumətin necə olacağını heç kəs bilmir. Lakin siyasi partiyalar artıq bu işə tam gücü ilə qoşulub. Qırğızıstan parlamentində yer alan bir neçə müxalifət fraksiyasının rəhbərləri eyni vaxtda 2 xalq koordinasiya şurası yaradıblar. Onların üzvləri namizədliyi parlament tərəfindən irəli sürülmüş baş naziri tanımır, etimad hökumətinin qurulmasını tələb edir.

Şuralardan birində Maskat Mamıtkanovun «Çon Kazat», Mirbek Miyarovun «Ordo», Temirbek Asanbekovun «Meken Intımaqı» partiyaları, «İslahatlar»ın üzvü Urmat Canıbayev və «Iyman Nuru» partiyasından Çingiz Makeşev yer alırlar.

Digər şuranı «Respublika», «Ata Məkan», «Bütün Qırğızıstan», «Bir Bol», «Zamandaş» partiyaları və və sosial-demokratlar yaradıb. Bu orqanın lideri «Bütün Qırğızıstan» partiyasının sədri Adaxan Madumarovdur.

Bütün bunlar göstərir ki, əsas mübarizə hələ qarşıdadır və o, heç də asan keçməyəcək.

 

Müxalifət nə təklif edir?

«İnsanların böyük əksəriyyəti 2010-cu ildən tətbiq olunan proporsional sistemdən beziblər. Partiya siyahılarında yerlər satılır – bir yerin qiyməti 300-380 min dollardır. İnsanlar parlamentə toxunulmazlıq qazanmaq, mülkiyyətini qorumaq üçün gedir. Bu dəfə seçkiyə qatılanlar arasında 222 mühakimə olunmuş keçmiş cinayətkar, 55 nəfər isə barəsində istintaqın getdiyi şəxs var idi. Pulu olmayan şəxslər isə seçilmək hüququndan istifadə edə bilmir», - deyə qırğızıstanlı ekspert Toktoqul Kakçekeyev bildirir.

Belə bir şəraitdə Qırğızıstan siyasətçilərinin çoxu hesab edir ki, dövlət idarəçiliyində kollegial formaya keçilməli, prezident və ya baş nazirin səlahiyyətlərinə xitam verilməlidir.

Prezident Sooronbay Jeenbekov özü isə bildirir ki, hökumətin tərkibi, strukturu və baş nazirin namizədliyinin təsdiqlənməsindən sonra o, istefa ərizəsi yazacaq. Lakin bu, onun bir sıra vacib kadr dəyişikliklərinə getməsinə, ölkədə fövqəladə vəziyyət elan etməsinə mane olmayıb. Prezident Təhlükəsizlik Şurasının katibini və müavinini vəzifədən uzaqlaşdırıb, Baş Qərargaha yeni rəhbər təyin edib. Şübhəsiz ki, bu qərarlar yaranmış vəziyyətə uyğun olaraq qəbul edilib. Bununla prezident xaosun daha da dərinləşməsinin qarşısını alacağına ümid edir. Lakin əksər ekspertlər bunları gecikmiş addım sayır və böhranın daha da dərinləşə biləcəyini düşünür.

Qırğızıstan Konstitusiyasına və «Fövqəladə vəziyyət haqqında» Konstitusiya qanununa görə, bütün ölkə boyu və ya hansısa regionda fövqəladə vəziyyətin elan olunması halında prezident bu haqda parlamenti dərhal məlumatlandırmalı, qərar deputatlar tərəfindən təsdiqlənməlidir. Parlamentarilər bu qərarı ləğv edə və ya dəyişdirə, həmçinin fövqəladə vəziyyəti nəzərdə tutulmuş vaxtdan əvvəl aradan qaldıra bilərlər. Lakin oktyabrın 9-da elan olunmuş fövqəladə vəziyyət haqda Qırğızıstan parlamentinə heç bir məlumat verilməyib.

Müxalifət artıq ölkədə fövqəladə vəziyyətin elanını prezidentin səlahiyyətlərini aşmasının daha bir göstəricisi kimi qiymətləndirir.

Lakin burada da hər şey birmənalı deyil. Yeni baş nazir Sadır Japarov sabiq prezident Almazbek Atambayevin yenidən həbs olunduğunu deyib və bir sıra digər şəxslərin də saxlanılacağının anonsunu verib. Japarovla Atambayevi etirazçı kütlə bir gündə və bir saatda azad etmişdi. Lakin sonradan onların yolları ayrılıb.

Çoxları üçün bu, yeni hökumətin öz hüquqlarını qoruması, əmin addımlarla, opponentlərini zərərsizləşdirməsi kimi qiymətləndirilir. Bəs, bu ziddiyyət növbəti hökumət böhranına səbəb ola bilərmi? Yoxsa böyük təcrübəyə malik sələflər nə qədər ki, gec deyil, növbəti inqilabdan qaça biləcəklər?



MƏSLƏHƏT GÖR:

280