23 Noyabr 2024

Şənbə, 08:54

BOŞ GÜLLƏ

Türkiyə və Rusiyanı Qarabağda toqquşdurmağa çalışan Ermənistan onların qarşılıqlı iqtisadi maraqlarını unudur

Müəllif:

01.11.2020

Qarabağda döyüş meydanında Azərbaycana məğlub olan Ermənistan, uğursuzluqlarına görə günahkar axtarmağa davam edir, münaqişə coğrafiyasını genişləndirməyə çalışır.

Bu oyundakı əsas ümidi Moskvaya bağlayır, İrəvanın fikrincə, o, Türkiyəni Azərbaycanı dəstəkləməkdən çəkindirməlidir. Bununla belə, Ermənistanda unudurlar ki, Rusiya və Türkiyə qarşılıqlı maraqlarla bağlıdırlar və İrəvana görə onlar bu maraqlardan imtina etməyəcəklər.

 

Cəhd etməyə dəyərmi?

Hətta Moskvanın Cənubi Qafqazdakı vəziyyəti nəzarətdə saxlamaq istəyi nəzərə alınsa belə, bu vəziyyətdə Ermənistanı dəstəkləmək, elə də sadə olmayan Rusiya-Türkiyə münasibətlərini yetərincə poza bilər. Bu münasibətlər isə yalnız prezidentlər, böyük biznes və enerji layihələri səviyyəsində inkişaf etməklə qalmır, həm də məişət səviyyəsində çox uğurla inkişaf edir.

Rusiya ilə Türkiyə arasındakı sadə insan təmasları uzun müddətdir turizm, kiçik və orta sahibkarlıq sahəsində iqtisadi əməkdaşlıq üzrə inkişaf edir. Türkiyə Rusiyanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir. 2019-cu ilin yekununa görə, iki ölkə arasındakı xarici ticarətin həcmi 26 milyard dolları keçib, o cümlədən Rusiyadan ixracat 21 milyard dollar, idxal isə 5 milyard dollar olub, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu rəqəmi 100 milyard dollara çatdırmaq niyyətindən bəhs edib.

Rusiyadan Türkiyəyə ixracatda ənənəvi olaraq enerji daşıyıcıları, metallar və metal məhsulları, ərzaq məhsulları və kənd təsərrüfatı xammalı üstünlük təşkil edir. İdxalın strukturuna isə maşın, avadanlıq və nəqliyyat vasitələri, ərzaq məhsulları və kənd təsərrüfatı xammalı, toxuculuq məhsulları və ayaqqabı daxildir.

Rusiya-Türkiyə əməkdaşlığında əsas rolu enerji oynayır. Rusiya uzun illərdir Türkiyə bazarına aparıcı etibarlı qaz təchizatçısıdır. Türkiyənin enerji bazarını tənzimləmə təşkilatının verdiyi məlumata görə, 2019-cu ildə "mavi yanacağın" Türkiyə idxalında Rusiya qazının payı 33,6% və ya 15,2 milyard kubmetr təşkil edib. Bununla yanaşı, Qara dənizdə «Sakarya» dərinsulu qaz yatağının kəşf olunmasına baxmayaraq, Rusiyanın «Qazprom» qaz şirkəti daxili tələbin yetərincə artması ilə bağlı Türkiyənin qaz idxalında artım gözləyir.

“Aparıcı dünya agentliklərinin proqnozlarına görə, 2040-cı ilədək olan dövrdə Türkiyənin qaz istehlakında önəmli bir artım gözlənilir. Bu, hətta gələcəkdə öz qaz yataqlarını inkişaf etdirmək perspektivlərini nəzərə almaqla belə, idxala olan tələbi artıracaq”, - deyə “Gazprom Export”un baş direktoru Yelena Burmistrova bildirib.

“Ancaq qeyd edim ki, Türkiyə bazarı bizim üçün böyük önəm daşıyır. Son illər boyunca bu ölkə bizim üçün əsas xarici bazarlardan biri olub və qalmaqdadır. «Qazprom» Türkiyədə etibarlı bir qaz tədarükçüsü kimi nüfuza sahibdir və bu bazarda onun resurslarına önümüzdəki onilliklərdə tələb olacaq”, - deyə o, əlavə edib.

 

Türk axını

Rusiya qazı artıq 30 ildir ki, Türkiyəyə ixrac olunur. İlk öncə bunun üçün Trans-Balkan qaz kəmərindən istifadə olunurdu, daha sonra sonra «Mavi axın» işə salındı, 2020-ci ilin yanvarından isə «Türk axını» (TurkStream) istifadəyə verilib. Özü də, «TurkStream» hər iki ölkə üçün də böyük strateji əhəmiyyətə malikdir, çünki qaz yalnız Türkiyə bazarına göndərilməklə qalmayacaq, həm də Avropa Birliyi ölkələrinə də veriləcək, yəni Türkiyəni qaz habına çevirəcək.

"Türk axını" qaz kəməri Moskva ilə Ankara arasında öz dövlətlərinin xalqlarının, Avropa xalqlarının və bütün dünya xalqlarının rifahı naminə qarşılıqlı əməkdaşlığın bir örnəyidir", - deyə Rusiya Prezidenti Vladimir Putin əmindir.

«Turk axını» - Rusiyadan Türkiyəyə çəkilmiş, təxminən, 1100 km uzunluqlu ixrac boru kəməridir. Hər biri 15,75 milyard kubmetr ötürmə gücünə malik iki xətt Qara dənizin iki sahilini birləşdirir. Birinci xətt birbaşa Türkiyəyə, ikinci xətt isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub. Türkiyə xətti bu ilin yanvarında istismara verilib. «Türk axını»na qoyulan investisiyaların həcmi 7 milyard dollardır. Qaz boru kəməri «Qazprom» şirkətinə məxsusdur və o, Yamal-Nen Muxtar Dairəsinin yataqlarından çıxan qazı göndərir.

«TürkStream»in Moskva üçün önəmindən danışan Vladimir Putin qeyd edib ki, Ankara və Türkiyə lideri milli maraqlara cavab verən bu layihənin həyata keçirilməsində göstərdiyi siyasi iradə fəal rol oynayıb.  

“Bilirəm ki, Prezident Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, «Türk axını» layihəsini kifayət qədər qısa müddətdə gerçəkləşdirdik", - deyə Rusiya lideri 22 oktyabrda «Valday» Müzakirə Klubunun plenar iclasında çıxış edərkən bildirib.

Bununla yanaşı, Vladimir Putin çəkilişi ABŞ-ın təzyiqlərinə və sanksiyalarına məruz qalan «Şimal axını -2» qaz kəmərinin tikintisi ilə bağlı Avropa ölkələrinin ünvanına qınaqlardan da çəkinmədi. Rusiya tərəfi qaz kəmərinin istənilən halda tamamlanacağına inanmasına baxmayaraq, onun işə salınma vaxtı hələ müəyyənləşdirilməyib.

“Biz illərdir Avropa ilə bu mövzunu çeynəyirik və Avropa tamamilə faydalı «Şimal axını -2» layihəsini həyata keçirmək üçün heç bir müstəqillik və suverenlik göstərə bilmir, amma Türkiyə ilə nə olursa olsun, kənardan qışqıranlara baxmayaraq, bunu çox tez etdik. Milli maraqlarını bilən və anlayan Ərdoğan dedi ki, biz bunu gerçəkləşdirəcəyik və biz bunu etdik", - deyə Putin açıqlayıb.

 

Birgə AES

Rusiya ilə Türkiyə arasında sıx enerji əməkdaşlığından danışarkən, Akkuyu Atom Elektrik Stansiyasının (AES) tikintsi üzrə böyük birgə layihəni unutmaq olmaz. Özü də, xarici AES-in sahibi kimi Rusiya tərəfinin çıxış etdiyi stansiya yeni model əsasında inşa edilir («Rosatom» şirkəti «Akkuyu Nuklear»də, demək olar ki, 100%-lik kapital sahibdir). Başqa sözlə, Rusiya özü stansiyanı özü tikir və sahibi də özüdür, eyni zamanda Türkiyəyə elektrik enerjisi satır, Türkiyə isə tikintiyə imkan yaradır və uzun illər elektrik enerjisini bu obyektdə görülmüş işlərin xərcini çıxarmağa imkan verən qiymətlərlə alınacağına zəmanət verir.

Bundan əlavə, Rusiya Türkiyəyə bu ölkə üçün yeni bir iqtisadi sahə olan atom energetikasını yaratmağa kömək edir. Yüzlərlə türk mütəxəssisin yetişdirilməsi gerçəkləşdirilir, Rusiya həm də nüvə elektrik stansiyaları üçün sentrofuqaların yaradılmasına kömək edir.

Akkuyu AES-in 1 saylı bloku üçün ilk betonun tökülməsi 3 aprel 2018-ci il tarixində baş verib, 2 saylı blok üçün 2019-cu ilin sonuna kimi gözlənilirdi, ancaq sonda bu blokun tikintisinə başlanılması 2020-ci ilin iyun ayının sonunda elan edildi. İyun ayının sonuna olan duruma üçüncü blokda plan üzrə qazma və partlayış işləri görülür, dördüncü blok üzrə isə «Rosatom» avqust ayında tikinti lisenziyası üçün sənədləri göndərib.

AES tikintisi üzrə layihənin dəyəri təxminən 22 milyard dollar təşkil edir. Birinci blokun istismara verilməsi Türkiyə Cümhuriyyətinin yüz illiyinin qeyd olunacağı 2023-cü ilə planlaşdırılır.

 

Türkiyəyə Rusiyadan turist axını

Turizm həm də Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin ən önəmli qollarından biridir. Türkiyə - Rusiyada xarici turizm üzrə ən populyar istiqamətidir. İnkişaf etmiş turizm infrastrukturu sayəsində rusiyalı turistlərin illik axını durmadan artır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2019-cu ildə ölkəyə gələn rusiyalı turistlərin sayı 7 milyon təşkil edib ki, bu da mütləq rekorddur və 2018-ci ilin uyğun göstəricisindən 17,65% çoxdur.

Bu il Türkiyənin pandemiyadan zərər görmüş turizm sektoru 3,5 milyon Rusiya vətəndaşı qəbul edəcək. Bu il 1,5 milyondan çox xarici turistdən yalnız 381 min nəfəri Rusiyadan Antalyaya gələnlərdir.

 

Türkiyə kapitalı Rusiyada

Ekspert qiymətləndirməsinə görə, Rusiya və Türkiyə arasında daha yaxın iqtisadi əlaqələri inkişaf etdirmək üçün hər şey: siyasi iradə, ticarət və sənaye əməkdaşlığında dayanıqlı əlaqələr və coğrafi yaxınlıq var.  

Rusiyanın Sənaye və Ticarət Nazirliyinin qiymətləndirməsinə görə, birgə layihələr enerji sektoru ilə yanaşı, metallurgiya, avtomobil sənayesi, yüngül sənaye və tikinti materialları istehsalı sahələrində də uğurla həyata keçirilir.

Rusiya iqtisadiyyatına birbaşa Türkiyə sərmayələri 20 milyard dollar təşkil edir. Vəsaitlər Rusiya meşə emalı sənayesinə, şüşə və toxuculuq məhsulları istehsalına, ərzaq, kimya, elektron və elektrotexnika sahələrinə yatırılır. Rusiya şirkətləri isə, öz növbəsində, enerji istehlakı ilə bağlı Türkiyə infrastrukturunun inkişafında maraqlıdırlar.

Rusiya artıq 75 milyard dollarlıq tikinti müqavilələrini tamamlamış Türkiyə inşaat şirkətləri üçün xüsusi önəm daşıyır.

2019-cu ilin aprel ayında Rusiya Birbaşa Sərmayələr Fondu və Türkiyə Suveren Fondu hər iki ölkənin iqtisadiyyatının perspektivli sahələrinə sərmayə qoymaq üçün 1 milyard dollar sərmayəsi olan investisiya platforması yaratmaq barədə müqavilə imzalayıblar.

Keçən ilin oktyabr ayında Rusiya və Türkiyə həm də milli valyutada hesablaşmalar və ödənişlər barədə hökumətlərarası müqavilə imzalayıblar. Sənədin əsas məqsədi iki ölkə arasındakı hesablaşmalarda milli valyutaların (rubl və lirənin) istifadəsinə tədricən keçiddir. Ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası Rusiya-Türkiyə komissiyasının fəaliyyəti bərpa edilib.

Bir sözlə, Rusiya ilə Türkiyə arasında əməkdaşlıq, demək olar ki, bütün sahələrdə tədricən inkişaf edir. V.Putinin sözləri ilə deyilsə, "dünyadakı çətin vəziyyətə və bir sıra beynəlxalq oyunçuların ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinin qarşısını almaq cəhdlərinə baxmayaraq, bu iş uğurla davam edir."

Suriya və Liviyadakı fikir ayrılıqları iki ölkənin müdafiə sahəsində əməkdaşlıq etməsinə mane olmadı. Rusiya S-400-lərinin (uzun mənzilli zenit-raket sistemlərinin) Türkiyə tərəfindən satın alınması üçün müqavilə bağlanması çox önəmlidir. Buna görə Vaşinqton Ankaranı sanksiyalarla təhdid etdi və F-35A qırıcıları proqramından kənarlaşdırdı. Rusiya yaxın gələcəkdə əlavə S-400 partiyası barədə anlaşma əldə etməyə ümid edir. Bundan başqa, Rusiya tərəfi «4++» nəsil Su-35 qırıcılarının satışı ilə bağlı Türkiyə ilə danışıqlara hazır olduğunu bildirib.

Beləliklə, Rusiya və Türkiyənin çox sayda birgə layihəsi var – bunlar hər iki ölkəyə faydalı olmaqla yanaşı, dünya siyasətindəki çəkilərini də artırmağa imkan verir. Ermənistan bu cür faydalı tərəfdaşlığa nə ilə qarşı çıxa bilər? Demək olar ki, heç nə ilə!!! Strateji olaraq Ankara ilə Moskvanın bir-birinə ehtiyacı var və nə qədər çətin olsa da, yəqin ki, əsas mübahisəli məsələlər üzrə uzlaşma tapa bilərlər. Yəni səyləri birləşdirərək, daha da güclənə bilərlər, amma düşmən mövqedə olmaqla ümumi geosiyasi rəqiblərini sevindirərək, bir-birlərini yalnız zəiflədəcəklər.



MƏSLƏHƏT GÖR:

250