Müəllif: İrina XALTURİNA
BƏƏ, Bəhreyn və İsrail arasında diplomatik münasibətlərin normallaşdırılmasını nəzərdə tutan, sentyabrın 15-də imzalanmış «İbrahim sülh razılaşması» bir çox müşahidəçinin təəccübünə səbəb olub. Çoxları köhnə düşmənlərin qəflətən mehribanlaşmasının arxasında hansısa gizli məqamlar axtarmağa başlayıblar. Ehtimala görə, razılaşmanın iştirakçılara gətirəcəyi iqtisadi mənfəətlərlə yanaşı, dəqiq müəyyənləşdirilmiş siyasi hədəfi də ola bilər. Bəzilərinin fikrincə, bu saziş həm də İrana taktiki təzyiq vasitəsidir.
Amma razılaşmanın imzalanmasına himayədarlıq etmiş Donald Trampın komandası Ağ Evə rəhbərlik uğrunda yarışı uduzub və bundan sonra ABŞ-ın yeni administrasiyasının Trampın «miras»larından necə istifadə edəcəyi sual altındadır.
Qarşılıqlı faydalar
Vacib məqamlardan biri razılaşmaya həyatın Ağ Evdə verilməsidir. Məhz Ağ Evdə təşkil olunmuş mərasimdə sənədi İsrailin baş naziri Binyamin Netanyahu, BƏƏ və Bəhreyninin xarici işlər nazirləri Abdulla bin Zayed əl-Nahayyan ilə Abdulla bin Rəşid əz-Zayani və ABŞ prezidenti Donald Tramp imzalayıblar. Liderlərin birgə bəyanatında bu diplomatik uğurun bütünlükdə Yaxın Şərq regionunda sülhə töhfə olacağına ümid ifadə edilib. Tramp isə bir qədər də irəli gedərək, «yeni Yaxın Şərq dövrü»nün başlanğıcından danışıb.
Təbii ki, geniş ictimaiyyət üçün ön plana iştirakçıların müdafiə və təhlükəsizlik, iqtisadiyyat, səhiyyə, kənd təsərrüfatı, elm və turizm kimi sahələrdə əldə edəcəkləri qarşılıqlı faydalar çıxarılıb. Məsələn, İsrailin regional əməkdaşlıq naziri Ofir Akunis bildirib ki, tərəflər münasibətlərin normallaşmasından milyardlarla dollar qazanacaq. Əslində, buna şübhə də yoxdur və həqiqətən də, biznes məsələsini uzatmayıblar. Cəmi bir neçə gün sonra BƏƏ-dən İsrailə neft ixracı, birbaşa aviareyslərin açılması, Hayfadakı dəniz limanı vasitəsilə ticarətin təşkilinə dair konkret müzakirələrə, tədbirlərə başlanılıb. Artıq Süveyş kanalı və Misirdən yan keçəcək dəmir yolunun tikintisi, hətta silah sərgisində birgə iştiraka dair də müzakirələrə start verilib.
Bütün bunlar Trampın prezidentliyinin bonuslarıdır. Bu, İsrail üçün son dərəcə müsbət və məhsuldar iş sayıla bilər. Bu mənada, Qüdsün və Qolan təpələrinin statusunun tanınması özü nəyə desən dəyər.
Lakin Bayden administrasiyasının fəaliyyətə başlaması ilə bu uğurlar silsiləsi də kəsilə bilər. İsrail xüsusilə Baydenin İranla hələ 2015-ci ildə, Barak Obamanın dövründə əldə olunmuş nüvə razılaşmasını bərpa edə biləcəyindən narahatdır. Xatırladaq ki, Donald Tramp bu razılaşmadan hələ prezidentliyinin ilk dövründəcə çıxıb. Bu üzdən də, bəzi analitiklər hesab edir ki, Tramp səlahiyyət müddəti bitənədək İsraillə birlikdə İran razılaşmasının bərpasını mümkünsüz edəcək istənilən addımı ata bilər.
Anti-Tehran koalisiyası
Əksər müşahidəçilərin fikrincə, ABŞ-ın dəstəyilə yaradılmış İsrail-BƏƏ-Bəhreyn ittifaqı məhz İrana qarşıdır. Başqa sözlə, Vaşinqton, əslində, İranın əsas düşmənlərinin vahid koalisiyada birləşməsi prosesinə start verib. Söhbət «Yaxın Şərq strateji alyansı»ndan («Middle East Strategic Alliance» - MESA) gedir. O, NATO-nun ərəb analoquna çevrilə bilər. Tramp özü hələ illər öncə deyirdi ki, onun prezident seçkisində qələbə qazanmasından az sonra «İran ABŞ ilə razılaşmağa məcbur olacaq».
Trampın İrandan nə gözlədiyini ən yaxşı formada dövlət katibi Mayk Pompeo hələ 2018-ci ildə ifadə etmişdi. O zaman ABŞ administrasiyası Tehranla diplomatik və iqtisadi əlaqələrin bərpasını mümkün edəcək şərtləri konkret açıqlamışdı: tam denuklearizasiya, yəni nüvə tərk-silaşı, İranın ballistik raket proqramından imtinası, İraq, Suriya, Yəmən və Əfqanıstanda nüfuzunu artırmaq cəhdlərinə son qoyması. Bununla yanaşı, Tramp öz İran siyasətini istədiyi kimi həyata keçirə bilməsi üçün Obama administrasiyasının bu istiqamətdə əldə etdiyi bütün razılaşmalara yenidən baxmış, ölkəsini Tehranın BMT TŞ-nin daimi üzvləri və Almaniya ilə əldə etdiyi nüvə razılaşmasından çıxarmışdı. Üstəlik, o, İrana sanksiyalarla təzyiq siyasətini də tam bərpa etmişdi.
İndi düşünmək olar ki, Baydenin qələbəsindən sonra Ağ Evin hazırkı administrasiyası Yaxın Şərqlə, xüsusilə İranla bağlı planlarını unuda bilər. Amma bu, Trampdır! MAQATE-nin İranın nüvə proqramının gedişilə bağlı növbəti hesabatını açıqlamasından dərhal sonra o, Tehrana prevantiv zərbələr endirmək qərarına belə, gəlibmiş. Hər halda, bu haqda məlumatlar kifayət qədər nüfuzlu media orqanlarında yer alıb. Məlumatda deyilir ki, prezidenti bu fikrindən Mayk Pens ilə Mayk Pompeo daşındırıblar. İndi Trampın minimal hədəfi bəllidir – elə etmək lazımdır ki, Bayden İranla bağlı düşüncələrini həyata keçirə bilməsin.
Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun noyabrın ortalarında İsrailə və bir sıra Fars körfəzi dövlətinə səfəri yəqin ki, bundan irəli gəlir. Hər halda, həmin səfər zamanı artıq Trampın seçkidə məğlub olduğu bəlli idi.
Eyni vaxtda Binyamin Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edibmiş (nəzərə alsaq ki, səfərlə bağlı xəbər KİV-ə yol tapıb, demək, o, elə də gizli olmayıb). Netanyahu səfər çərçivəsində Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Noem şəhərinə yollanıb, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Dünya bu xəbəri əsl sensasiya kimi qarşılayıb. Netanyahunun Səudiyyə şahzadəsilə danışıqlarının məzmunu açıqlanmasa da, onların İranla bağlı da müzakirələr apardıqlarına şübhə yoxdur.
Nəhayət, dekabrın əvvəlində Donald Trampın kürəkəni Cared Kuşner də Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. O, turnesinin sonunda bildirib ki, bu dövlətlər aralarındakı münaqişəyə son qoyulması üçün ilkin razılaşma imzalamağa yaxındırlar.
Xatırladaq ki, 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri blokadaya saldıqlarını bəyan etmiş, buna son qoymaq üçün 13 şərt irəli sürmüşdülər. Qətər isə öz növbəsində, şərtləri yerinə yetirməkdən imtina etmiş, bunu milli qərarlarının qəbulu ilə bağlı suverenlik və müstəqilliyinin pozulması cəhdi kimi qiymətləndirmişdi. İndisə görünür ki, onlar da böyük Yaxın Şərq barışığına qoşulurlar.
Bu arada, KİV-də daha bir maraqlı məqamdan bəhs olunur. İddialara görə, Kuşner Səudiyyə Ərəbistanında apardığı sülh danışıqlarının gedişində sözarası amerikalıların İrana zərbə endirmək üçün Əl-Udeyd bazasından istifadəsinə razılıq almağa da çalışıb. Məlumatda bildirilir ki, Trampın kürəkəni Fars körfəzinin kəşfiyyat strukturları ilə də sıx müzakirələr aparıb. Burada da əsas müzakirə mövzusu təbii ki, İran olub. Bir sözlə, Tramp administrasiyasının bir nömrəli hədəfi İranla qarşıdurmada mümkün qədər çox müttəfiq qazanmaqdır.
Bundan başqa, bəzi müşahidəçilər İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə-fizika alimi Möhsün Fəxrizadənin qətlində (27 noyabr) məqsədin Tehranın təxribata çəkilməsi olduğunu da istisna etmir. Onların fikrincə, qətli təşkil edənlər bununla İran üçün «qırmızı xətt»in harada olduğunu müəyyənləşdirmək istəyiblər. Maraqlıdır ki, KİV və sosial şəbəkələrdə qətlin arxasında İsrail xüsusi xidmət orqanlarının dayandığı açıq şəkildə ifadə olunur.
Oval kabinetə köçməyə hazırlaşan Co Baydenə gəlincə, onun dediklərindən belə məlum olur ki, yeni prezident Donald Trampın xarici siyasi addımları arasında məhz «İbrahim razılaşması»nı dəstəkləməyi düşünür. Bəziləri hesab edir ki, bu razılaşma yeni prezidentin İsrailin baş naziri Binyamin Netanyahu və Fars körfəzi ölkələrinin digər liderlərilə konstruktiv münasibətlər qurmasına kömək edəcək. Bunun fonunda Bayden İranla da özünəməxsus şəkildə «məşğul olacaq». Onun Tehranla köhnə nüvə razılaşmasını bərpa etməyəcəyi, əvəzində, yeni, fərqli plan üzərində çalışacağı da istisna deyil. Bütün bu planlar Bayden komandasının hədəflərinə tam uyğun gəlir. Hədəf isə yeni prezidentin özünün də dəfələrlə təkrarladığı kimi, ABŞ-ın qlobal liderliyinin bərpasıdır.
İranın şansları
Amma Co Baydenin hakimiyyətə gəlişi həm də İranın yeni nəhəng sövdələşmə təşəbbüsü ilə çıxış etməsi üçün gözəl şansdır. İstər Ruhani, istərsə də Zərif seçkidə qalib gəlmiş Baydeni hələ Birləşmiş Ştatların vitse-prezidenti olduğu dövrdən, hətta ondan da əvvəldən tanıyırlar. Odur ki, İranda gələn il keçiriləcək seçkiyədək hazırkı rəhbərliyin hər iki tərəfin imicini qorumağa kömək edəcək təşəbbüslə çıxış etmək şansı var. Və bütün bunlar digər regional təşəbbüslər, o cümlədən «İbrahim razılaşması» ilə də uzlaşır. Amma təbii ki, Amerikanın qlobal liderliyinin etibarlı çətiri altında. Bayden də belə deyir. Hər halda, Yaxın Şərqdə böyük müharibənin başlamasını heç kim istəmir. İsrail və ABŞ-ın İrana zərbələr endirəcəyi təqdirdə isə bu, qaçılmaz olacaq. Bunu, əlbəttə ki, sanksiyalar və koronavirus üzündən iqtisadiyyatı onsuz da boğulmaqda olan Tehran da arzulamır. Odur ki, hazırda İran heç bir halda Trampın təxribatlarına getməməyə, Bayden administrasiyasına hesablanmış planlar üzərində işləməyə məcburdur. Yox, əgər Tehran, məsələn, aliminin qətli kimi hadisələrə cavab olaraq radikal addımlar atmaq qərarına gələrsə, Yaxın Şərqlə bağlı sülh təşəbbüslərini uzun illər üçün yaddan çıxarmaq olar.
MƏSLƏHƏT GÖR: