25 Noyabr 2024

Bazar ertəsi, 09:44

KONYUNKTUR DÖVLƏT MARAQLARINA QARŞI

Aİ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etsə də, Avropanın əksər dövlətləri Ankara ilə münasibətlərin korlanmasına qarşıdır

Müəllif:

15.12.2020

Avropa İttifaqı (Aİ) Türkiyəyə qarşı son zamanlar barəsində çox danışılan yeni sanksiyaları, nəhayət, qəbul edib. Lakin sanksiyaların tətbiqilə bağlı dekabrın 11-də qəbul olunmuş qərara Aİ-nin özündə münasibət heç də birmənalı deyil. Məsələn, sanksiyaların təşəbbüskarları olan Yunanıstanla Kipr onların yumşaqlığına etiraz edir. Digər dövlətlər isə bildirir ki, sanksiyalar Brüssel-Ankara dialoquna mane olmamalıdır.

 

Niyə sanksiya?

Aİ-yə üzv 27 dövlətin başçısı hələ sentyabrın 25-də Türkiyəyə sanksiya tətbiq olunması üçün Brüsselə müraciət etməli idilər. Təşəbbüskarlar hesab edir ki, Ankara Aİ-nin iki üzvü – Yunanıstan və Kiprə aid zonalardakı mədənlərdə iş aparmaqla onların suveren hüquqlarını pozur. Avropalı siyasətçilər özlərinin hesab etdikləri ərazi sularına Türkiyənin gəmi göndərməsindən, orada kəşfiyyat işləri aparmasından narahatdırlar. Lakin o zaman koronavirus pandemiyasının kəskinləşməsi üzündən, səsvermə Aİ-nin dekabr sammitinədək təxirə salınmışdı.

Avropalı ekspertlərin fikrincə, bu təxirəsalınma Ankara üçün sadəcə, qaçılmaz olan qərarın gecikməsi idi – tərəflər arasında bağ onsuz da qopacaqdı. Məsələ ondadır ki, Ankara ilə Brüssel arasında fəal dialoq praktik olaraq, 2018-ci ildən «dondurulub». Bu, Türkiyənin Şərqi Aralıq dənizində öz «kanonerka diplomatiyası»nı yürütməyə başlamasından sonra baş verib. Elə o vaxt Aİ Ankara ilə quruma üzvlüklə bağlı danışıqların dayandırılmasına qərar verib, üstəlik, hələ 1995-ci ildə əldə edilmiş razılaşma əsasında aparılan gömrük ittifaqı ilə bağlı işləri dayandırıb.

Lakin Afina, Nikosiya və Parisin aqressiv mövqeyinə baxmayaraq, Aİ-də Ankara ilə əməkdaşlıqla bağlı mövqe heç də göründüyü qədər birmənalı deyil. Avropalı müşahidəçilərin özləri də etiraf edirlər ki, Aİ-nin bir çox ölkəsi Fransa, Yunanıstan və Kiprin mövqeyilə razı deyil. Onlar Türkiyə ilə əməkdaşlığın davam etdirilməsini istəyirlər. Çoxları misal kimi İtaliyanın nümayiş etdirdiyi ambivalentliyi göstərir. Onların fikrincə, Romanın seçimində həlledici rolu onun Şərqi Aralıq dənizinin enerji resurslarına qoyduğu böyük həcmdə investisiyalar yox, Liviya ilə sıxıcı müharibə fonundakı enerji maraqları oynayacaq.

Avropa İttifaqı Şurasının Türkiyəyə sanksiyaların tətbiqi qərarının qüvvəyə minməsi üçün onu Aİ-nin. bütün üzv dövlətlər tərəfindən dəstəklənməlidir. Yəqin elə buna görədir ki, Fransa prezidenti Emmanuel Makron Rəcəb Tayyib Ərdoğan Türkiyəsini artıq Şərqi Aralıq dənizində «tərəfdaş saymadıqlarını» deyərək, Avropanı «daha yekdil mövqedən çıxış etməyə» səsləyib. Çoxlarının fikrincə, Makron bu ismarıcı məhz İtaliyaya ünvanlayıb. Məlumdur ki, İtaliya Aralıq dənizində Fransanın ənənəvi avropalı rəqibi, eyni zamanda Aİ ilə Türkiyə arasında sıx münasibətlərin qatı tərəfdarlarındandır.

 

Aralıq dənizinin bölüşdürülməsi

Nəzərə alsaq ki, Yunanıstan, Kipr və Fransa Türkiyəyə qarşı sərt addımların atılmasına tərəfdardır, İtaliya, Malta və İspaniya isə fərqli mövqedədir, Aralıq dənizi faktiki olaraq, yarıya bölünüb. Lakin İtaliya hansısa səbəblərdən mövqeyini dəyişərək Fransanın tərəfini tutarsa, bu, Aİ-nin iki nəhəng Aralıq dənizi dövlətinin mövqeyinin üst-üstə düşməsi anlamına gələcək. Bu halda aydındır ki, bütünlükdə Aİ-nin cənubu bu və ya digər formada sanksiyaların tətbiqinə «hə» deyəcək. Bütün bunları nəzərə alan Makron Aİ-nin Aralıq dənizi ölkələrinin tərəfdaşlıq formasında idarə edəcəkləri «Pax Mediterranea» yaradılması təklifini irəli sürüb.

Məlum olduğu kimi, bölgə əhalisinin yarısından artığı Aralıq dənizi hövzəsinin 4 ən böyük ölkəsi – Misir, Türkiyə, Fransa və İtaliyada cəmləşib və burada böyük oyunun qaydalarını onlar müəyyənləşdirir. Rusiyadan Birləşmiş Ərəb Əmirliklərinədək müxtəlif xarici oyunçuların müdaxilələrinə baxmayaraq, regional geosiyasətin şərtlərini və gedişini məhz bu 4 dövlət arasında bölgənin enerji resursları və ticarət-tranzit marşrutları uğrunda gedən mübarizə müəyyənləşdirir.

Sözügedən 4 dövlət arasındakı sərt geosiyasi rəqabət özünü onların Livanda gedən vətəndaş müharibəsinə cəlbilə də göstərir. Xatırladaq ki, Aralıq dənizi hövzəsinin ən güclü Silahlı qüvvələrə malik ölkələri də məhz onlardır.

Livan müharibəsində Fransa-Misir tərəfdaşlığı Türkiyənin maraqlarına qarşıdır. Fransa Misirin əsas silah tədarükçülərindən biridir. O, Liviyanın şərqinə nəzarət edən Liviya Milli Ordusuna dəstək məsələsində də Qahirə ilə gizli əməkdaşlıq edir. Türkiyə ilə İtaliya isə Liviyada bu qüvvəyə qarşı savaşan Milli Xilas Hökumətinə (MXH) hərbi dəstək verirlər.

Amma İtaliyanın bu məsələdə MXH və Türkiyənin tərəfini tutması həm də Romanın Liviyada enerji maraqlarını daha yaxşı qorumaq, Aralıq dənizi hövzəsində mövcudluğunu artırmaq istəyindən irəli gəlir. Məhz yenidən balanslaşdırma nəticəsində İtaliyadan Aralıq dənizi bazarlarına ixrac ABŞ və Çinin ixracını geridə qoyub. Lakin İtaliya Aralıq dənizi bölgəsində ticarət uğurları qazansa da, burada mövudluğunu artırsa da, Şimali Afrika ölkələrinin bazarları ilə əlaqələri gücləndirə bilmir. Buna isə məhz Fransanın bölgədə son dərəcə ciddi nüfuza malik olması imkan vermir. İtaliya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artması Romanı məhz Aralıq dənizi regionunda getdikcə daha güclü hala gətirir. Prinsipcə, bir çox digər Avropa ölkələrinin Türkiyəyə münasibətini xarakterizə edərkən də bu amil gündəmə gəlir.

 

Türkiyə-Aİ: əməkdaşlığa aparan uzun yol

Vaxtilə «soyuq müharibə» Türkiyə ilə Qərb arasında təbii «istiləşmə»yə səbəb olmuşdu. Çünki Ankara Qərb blokunun tərəfində idi (məlum olduğu kimi, sonda NATO-ya qoşuldu). Avropa ilə assosiativ sazişdən (1964) və Gömrük İttifaqına qoşulduqdan (1995) sonra isə Türkiyə Aİ-nin əsas strateji tərəfdaşına çevrilmişdi. O, artıq rəsmən Aİ-yə 1999-cu ildə qəbul ediləcək namizəd kimi tanınmışdı. Lakin bu yol çox girintili-çıxıntılı imiş.

Baş nazir, daha sonra isə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (ƏİP) hakimiyyətə həm də Türkiyənin Aİ-nin tamhüquqlu üzvünə çevriləcəyi vədilə gəlmişdi. 2002-ci ildən 2011-ci ilədək Ankara bu siyasətlə də hərəkət edib – qanunvericiliyin Aİ-yə uyğunlaşdırılması üçün strateji avropalaşma siyasəti aparılıb. Lakin Aİ-yə qəbulla bağlı danışıqlar uzanması fonunda üzv dövlətlər Türkiyədə insan haqları, demokratik hüquqlarla bağlı vəziyyətdən narazılıqlarını daha çox dilə gətirməyə, ölkə rəhbərliyinin dinə meyilliliyini daha çox qabartmağa başlayıb. Bu isə Brüsselin Ankaranın quruma qəbulu ilə bağlı öhdəliyini yerinə yetirmək arzusunda olmadığı qənaəti yaradıb.

Nəticədə, İƏP-in ikinci müddətə hakimiyyətdə qalmasından sonra Avropaya sadiqlik xəttindən imtina edərək, strateji olaraq əks mövqe tutmağa başlayıb. Türkiyənin aşkar avropapərəstlikdən imtinasının əsas səbəblərindən biri də Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsi olub. O zaman milyonlarla qaçqın Türkiyəyə axışıb, buradan isə qeyri-leqal yollarla Avopaya üz tutub. Belə olan təqdirdə, Aİ daxilində insanların sərbəst hərəkət hüququnun olduğunu nəzərə alan blok üzvləri sərhədlərin təhlükəsizliyini gücləndirmək məcburiyyətində qalıblar. Nəticədə, onlar təbii olaraq, Türkiyə ilə üz-üzə gəliblər. Bu zaman Ankara Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərdə 2016-cı il sazişi vasitəsilə üstünlüyə malik olduğunu xatırladıb. Həmin dövrdə Ankara-Brüssel münasibətlərindəki gərginlik yalnız tərəflərin yunan adalarına miqrant axınının qarşısının alınması, əvəzində Avropanın suriyalı qaçqınlara maliyyə yardımı göstərməsi haqda razılığa gəlməsilə səngimişdi.

Lakin 2019-cu ildə tərəflər arasında münasibətlər yenidən gərginləşib. Bu dəfə gərginliyə Türkiyənin «Oruc Reis» tədqiqat gəmisini Kastellorizo adası yaxınlığına göndərməsi səbəb olub. Oraya seysmik kəşfiyyat işlərinin aparılması üçün göndərilmiş gəmini Türkiyənin Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər də müşayiət edirdi. Yunanıstan bunu öz suverenliyinin pozulması kimi qiymətləndirib.

Ankara ilə Brüssel arasındakı son gərginlik Türkiyənin Fransa ilə son zamanlar onsuz da korlanmış münasibətlərini bir qədər də pisləşdirib. Ankara Parisi «Charlie Hebdo»da dərc edilmiş karikaturadan sonra törədilmiş terror aktının ardından islamofobiya dalğası yaymaqda günahlandırıb və bunun ardından Fransa Türkiyənin Gömrük İttifaqından uzaqlaşdırılması təşəbbüsü ilə çıxış etməyə başlayıb.

İndi, nəzəri baxımdan Aİ-nin sanksiyaları Türkiyəni mövqeyini yumşaltmağa məcbur edə bilər. Lakin Brüsselin Ankaraya ünvanladığı belə hədələr artıq çoxdandır ki, heç bir effekt vermir. Bundan başqa, Türkiyə hələ də Aİ-nin miqyasına görə 5-ci ticarət tərəfdaşı, həmçinin təhlükəsizlik və immiqrasiya sahələrində əsas tərəfdaşıdır. Odur ki, Brüssel Ankaraya qarşı nə qədər sərt mövqe arzusunda olsa da, mövcud vəziyyət 27 üzv dövlətin qərar verməsinə öz ciddi təsirini göstərir.

 

Sanksiyalar deyildiyi qədər də, qorxulu deyil

Bütün bunlarla yanaşı, Türkiyənin Aralıq dənizinin mübahisəli sularındakı qazma işlərinə məsul olan şəxslərinə və şirkətlərinə sanksiyalar tətbiqinə kompromis kimi də baxmaq olar. Yunanıstanla Kipri narazı salan da elə budur. Onlar Türkiyəyə tətbiq olunmuş sanksiyaların həddindən artıq yumşaq olduğunu düşünürlər.

Xatırladaq ki, Aİ hələ ötən il Şərqi Aralıq dənizində sanksiyasız kəşfiyyat işlərilə bağlı xüsusi proqram hazırlayıb. Elə o zaman Kiprin müstəsna iqtisadi zonasında, yaxud onun kontinental şelfində bu cür işlər aparmaqda, yaxud aparmağı planlaşdırmaqda ittiham olunan şəxslərin və şirkətlərin aktivləri dondurulub. İndi isə söhbət 2019-cu ildən qüvvədə olan sanksiyalar siyahısına əlavələrin edilməsindən gedir.

İndiyədək Türkiyənin dövlət şirkəti olan «Turkish Petroleum Corporation» (TPAO) şirkətinin yalnız 2 şöbəsilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Lakin sənəddə bildirilir ki, «lazım gələcəyi təqdirdə siyahı genişləndirilə bilər». Başqa sözlə, Yunanıstanın özünə aid saydığı sularda «Oruc Reis» gəmisində seysmik tədqiqat aparan şəxslər və şirkətlərin siyahıya əlavə oluna biləcəyi vurğulanır. Lakin məhdudiyyətlərin konkret kimlərə şamil olunduğu göstərilmir.

Qətnamədə Aİ-nin ali nümayəndəsi Josep Borrel və Avropa Komissiyası Aİ ilə Türkiyə arasında iqtisadi-siyasi münasibətlərin vəziyyətilə bağlı məruzə hazırlamağa çağırılır. Eyni zamanda onlar Aİ-nin martda keçiriləcək növbəti sammitinədək «atılmalı olan növbəti addımlarla bağlı variantlar» da hazırlamalıdırlar.

Maraqlı məqamlardan biri Aİ-nin bu istiqamətdəki fəaliyyətini ABŞ ilə koordinasiya etməyə hazırlaşmasıdır. Bu, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin səlahiyyətlərinin icrasına başlamasından sonra tərəflər arasında daha sıx əlaqələrin qurulacağına ümid kimi şərh edilir. Bu isə artıq ABŞ-da demokratların hakimiyyətə yiyələnməsindən sonra yeni geosiyasi şəraitin yaranacağı deməkdir. Güman ki, bu ilin sonunadək Aİ-yə sədrlik edəcək və Ankara ilə qarşıdurmadan qaçmağa çalışanlardan olan Almaniya Vaşinqtonun bu məsələlərə daha çox diqqət ayıracağına ümidlidir.

Beləliklə, Ankaraya sanksiyaların tətbiqilə bağlı son qərar Türkiyəni siyasətini dəyişməyə vadar edəcək addımlardan daha çox təzyiqin təxirə salınması təsiri bağışlayır.

Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan özü də artıq bəyan edib ki, «Aİ-nin Ankaraya tətbiq etdiyi sanksiyalar onlar üçün ciddi problem yaratmayacaq. Avropa uzun müddətdir, zaman-zaman Türkiyəyə sanksiyalar tətbiq edir». Bununla Ərdoğan Ankaranın regiondakı maraqlarının dəyşməyəcəyini göstərib. Türkiyədə bilirlər ki, Avropada və ümumilikdə dünyada konyunktur dəyişkən, dövlət maraqları isə uzunmüddətlidir. Şərti desək, bir neçə il sonra Makron Fransa prezidenti olmaya bilər, Türkiyə isə Aralıq dənizinin sahilindən heç yerə getməyəcək. Və onun sahillərinin yaxınlığında yerləşən qiymətli enerji resurslarını başqaları emal edə və gəlir götürə bilər. Öz maraqlarına zidd addımlar atmaqdansa, əlverişsiz dövrün keçib getməsini gözləmək daha doğru olardı.



MƏSLƏHƏT GÖR:

252