25 Noyabr 2024

Bazar ertəsi, 05:30

«DÖRDLƏR ALYANSI»

CANZUK – imperiyanın reinkarnasiyası, yoxsa Böyük Britaniya üçün Aİ-yə alternativ?

Müəllif:

15.03.2021

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsindən sonra siyasətçilər, ictimai xadimlər və ya liderlərin bu ölkə ilə bağlı fikirlərində formal olaraq kraliçanın rəhbərlik etdiyi Londonun Kanada, Avstraliya və Yeni Zelandiya ilə əlaqələri artıracağına dair ehtimallara daha çox rast gəlinir. Bu kontekstdə çoxlarının beynində qeyd olunan 4 dövlətin – Canada, Australia, New Zealand and the United Kingdom – adının ilk hərflərindən ibarət CANZUK abbreviaturası canlanmağa başlayıb. Bəziləri artıq ən yaxın zamanlarda Böyük Britaniyanın başçılığı ilə bu 4 dövlətin ittifaqının yaradılacağını bildirir.

 

CANZUK – aşağıların təşəbbüsü

Bu gün CANZUK termininin yarım əsrdən çox yaşının olduğunu çox az adam xatırlayır. Yaranmasına görə isə o, britaniyalı deyil, Yeni Zelandiyadan olan alim Uilyam Devid Makintayra borcludur. CANZUK abbreviaturasına ilk dəfə bu alimin 1967-ci ildə nəşr edilmiş «Birlik daxilində müstəmləkələr» kitabında rast gəlinir. Britaniyalı Ceyms Skinner bundan yalnız bir neçə il sonra sözügedən 4 dövlət arasında əməkdaşlıq ideyasını yenidən gündəmə gətirib.

Söhbət Avstraliya ilə Yeni Zelandiya arasında daha sıx iqtisadi əlaqələr haqda Ticarət razılaşmasından, malların sərbəst hərəkəti üçün şəraitin yaradılmasından gedirdi. Sonda onlara Kanada ilə Böyük Britaniyanın da qoşula bilməsi nəzərdə tutulurdu. Skinner və həmkarları bu ideyanı ciddi şəkildə təbliğ edərək genişləndirmiş, hətta «CANZUK International» təşkilatı da yaratmışdılar.

Nəhayət, Böyük Britaniyanın Aİ-ni tərk etməsi prosesi fonunda kifayət qədər nüfuzlu və tanınmış şəxslər tezliklə «dördlər alyansı»nın yarana biləcəyini dilə gətirməyə başlayıblar. Hələ 2016-cı ildə – «Brexit» referendumundan və Birləşmiş Krallığın Aİ-ni tərk etmək qərarından sonra yazıçılar Endryu Liliko ilə Ceyms K.Bennett, tarixçi Endryu Roberts və bir çox başqaları açıq şəkildə Kanada, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniya birliyinin tərəfdarları kimi çıxış etməyə başlamışdılar. Bununla yanaşı, Endryu Roberts güman edir ki, yeni blok Qərbin üçüncü «dayaq nöqtəsi» (ABŞ və Aİ ilə birlikdə) ola bilər. Bir qədər də irəli gedən Robert hətta bildirirdi ki, yeni ittifaq ərazisi və inkişaf etmiş iqtisadiyyatı ilə «nəhəng fövqəldövlət» və ya potensial «qlobal fövqəldövlət» də adlandırıla bilər.

Digər CANZUK tərəfdarları, məsələn, «Policy Exchange» analitik xidmətinin böyük iqtisadçısı Endryu Liliko təşkilatın yekun hədəfinin Aİ kimi «geosiyasi tərəfdaşlığ»ın yaradılması olduğunu deyir. Lilikonun, «CANZUK International» hüquq müdafiə qrupunun və Kanada Mühafizəkarlar Partiyasının dəstəklədiyi versiyada mal və xidmətlərin sərbəst hərəkət zonasının yaradılması, həmçinin təhlükəsizlik sahəsində razılaşmanın imzalanması nəzərdə tutulur.

Ticarət əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan (çoxtərəfli razılaşmalarla və ya onlar olmadan) daha dərin konsepsiyanın bir çox digər tərəfdarları da var. Misal kimi, Avstraliya və Kanadanın baş nazirləri Skott Morrison və Castin Tryunun, Böyük Britaniyanın sabiq baş naziri Tereza Meyin, Yeni Zelandiya hökumətinin başçısı Castin Ardernin adlarını çəkmək olar.

 

Siyasi xəyalpərəstlik, yoxsa gələcək münasibətlərin nümunəsi?

Əvvəldə, yəni hələ 2015-ci ildə CANZUK «Brexit»ə cavab olacaq geniş ticarət alyansı kimi təqdim olunurdu. Bundan başqa, dördlüyün ABŞ-ın da daxil olduğu «Five Eyes» kəşfiyyat alyansına arxalanacağı da güman edilirdi. Bununla yanaşı, eyni zamanda ticarət, xarici siyasət və müdafiə sahələrində əməkdaşlığın möhkəmləndiriləcəyindən danışılırdı.

Lakin ötən 5 ildə bu ideyalar bir siyasi layihəyə çevrilə bilməyib. Dörd hökumətdən heç biri yeni ittifaqda birləşmək arzusunu birmənalı şəkildə ifadə etməyib. Amma görünən odur ki, zaman keçdikcə yalnız Britaniyada deyil, layihənin digər üzvlərində də nüfuzlu siyasi qüvvələr bu ideyanın gerçəkləşdirilməsi zərurəti haqda daha çox danışmağa başlayacaqlar. Bu ehtimalı güclü edən faktlardan biri də potensial blokun dünyanın ən nəhəng 15 iqtisadiyyatından 3-nü birləşdirməsidir. Yeni Zelandiya isə bu göstəriciyə görə 54-cü yerdədir. Beləliklə, blok üzvlərinin ümumi əhali sayı 136 milyondan artıq olacaq. Bundan başqa, dünyada ən böyük quru əraziyə CANZUK malik olacaq və demək, o, həm də ən nəhəng təbii resurslara malik birliyə çevriləcək.

Bu alyansın yaradılmasının üstünlüyü həm də 4 üzvün hər birində dövlət dilinin ingilis dili olması, onların ümumi mədəniyyətə, ənənələrə malikliyi, ümumi humanitar məkan sayılmasıdır. CANZUK 4 ölkə vətəndaşlarını iş, təhsil, pensiya təminatı kimi məsələlərdə tam səfərbər edə bilər.

Amma bütün bunlar hələ ki, yalnız ehtimallardır. Reallıq göstərir ki, «Brexit» və karantin tədbirləri üzündən qarşıdakı 15 ildə Böyük Britaniyada ÜDM 5% azalacaq. CANZUK Birləşmiş Krallığın gələcəkdə iqtisadi qüdrətini qaytara biləcəyinə ümidlər yaratsa da, o, heç bir halda Aİ bazarına çıxışı kompensasiya edə bilməz. 2019-cu ildə Britaniya Aİ ölkələrinə 274 milyard funt-sterlinq dəyərində mal və xidmətlər ixrac edib. Aİ onun ən nəhəng ticarət tərəfdaşıdır – Böyük Britaniyanın ümumi ticarətinin 47%-i məhz Avropa İttifaqı ilə bağlıdır. Kanada, Avstraliya və Yeni Zelandiyanın bu həcmdəki payı isə ümumilikdə 3,5%-i keçmir. Odur ki, Böyük Britaniyanın Aİ ilə ticarətdə itirdiyini CANZUK-un əvəzləyə biləcəyi haqda danışanlar, sadəcə, arzularını gerçəklik kimi təqdim edirlər.

 

Məsafədən münasibət

Yeni yaradıla biləcək ittifaq çərçivəsində əməkdaşlığın çətinliklərinə gəlincə, ilk növbədə, potensial üzvlərin coğrafi baxımdan bir-birindən uzaq olmasını vurğulamaq lazımdır. Aydındır ki, dövlətlər arasındakı ciddi coğrafi uzaqlıq əməkdaşlığın inkişafı planına xeyli maneələr yarada bilər. Məsələn, Kanada Avstraliyadan düz 14 150 kilometr aralıda yerləşir. Böyük Britaniya ilə Yeni Zelandiya arasındakı məsafə isə 18 389 kilometrdir.

Məlum olduğu kimi, iqtisadi inkişaf və inteqrasiya üçün inkişaf etmiş bazarlara yaxınlıq vacib şərtdir. Bu, istehsal zəncirlərini optimallaşdırmağa, kooperativ əlaqələri inkişaf etdirməyə, istehsal olunmuş məhsulları qısa vaxtda reallaşdırmağa imkan verir. CANZUK ölkələri arasındakı məsafə bu işi xeyli çətinləşdirir.

Məsələn, dünya sənayesində ən inteqrasiya olunmuş sahə maşınqayırmadır. Böyük Britaniyada bir avtomobilin istehsalı üçün digər ölkələrdə istehsal olunan detallara ehtiyac var. Britaniya avtomobilləri üçün Almaniyadan detal gətirilməsi daha tez və ucuz başa gəlir, nəinki Avstraliyadan. Odur ki, CANZUK üçün kooperasiya və iqtisadi inteqrasiyadan danışmaq heç də asan deyil.

Amma ədalət naminə qeyd olunmalıdır ki, heç də hamı bu fikirdə deyil. CANZUK tərəfdarları nümunə kimi, dünyanın bir nömrəli istehsalçısı olan Çini göstərirlər – Pekin uzaq məsafələrdən malları xüsusi çətinlik çəkmədən gətirir. Onlar bildirirlər ki, 4 ölkə arasında əməkdaşlıq yüksək texnoloji innovasiyaları, hətta kosmosun mənimsənilməsini də əhatə edə bilər. Lakin bu fikirdə olan şəxslər bir məqamı unudur – Çin məhsullarının xeyli ucuz başa gəldiyi dünya fabrikidir. Bu sözləri Avstraliya haqda demək olarmı? Üstəlik, Çində, demək olar ki, hər şey istehsal edilir. Dumanlı Albion sahillərindəki sifarişçiyə lazım olan hər şeyin Avstraliyada istehsal edildiyini demək isə mümkün deyil. Bəs, Britaniya özü «bahalı» ölkədə istehsal olunacaq malın gəlib onun əlinə çatmasını gözləməyə razı olacaqmı? Axı, London bu işi elə həmin Çin və ya Hindistanın hesabına daha tez və daha ucuz qiymətə görə bilər.

 

Geosiyasətin lehinə

Bu gün CANZUK ideyasını daha çox «Brexit»i dəstəkləyən sağçı siyasətçilər və sağçı analitik mərkəzlər irəli sürür. Onlar ümid edirlər ki, Co Baydenin demokratlar administrasiyası yeni blokun yaradılmasına dəstək verəcək. Çünki bu, Qərb dünyası çərçivəsində ABŞ və Aİ-dən sonra üçüncü qüdrətli strukturun yaradılmasına yol açacaq.

«Brexit» tərəfdarları və onların Kanada, Avstraliya və Yeni Zelandiyadakı həmfikirləri hesab edirlər ki, tarixi əlaqələr onların Avropadan kənar yeni ittifaqlar yaratması üçün əsas ola bilər. Xüsusi eyniliklərinə və beynəlxalq rollarına əsaslanan bu siyasi dairələr Asiya-Sakit okean regionunla mövqeləri gücləndirmək niyyətlərini gizlətmirlər. Çünki yaxın onillikdə dünya siyasətində bu regionun Avratlantik məkandan geri qalmayacağına şübhə yoxdur.

Bu plan müəyyən dərəcədə Londonun Çin və Honkonqa təzyiq məqsədilə həmfikirlər ittifaqının yaradılması təklifilə də uzlaşır.

ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya (Böyük Britaniyanın «Five Eyes» xüsusi xidmətlər alyansındakı müttəfiqləri) gündəliyin və birgə fəaliyyət dairəsinin məsələn, COVID-19 ilə mübarizə kimi sahələr hesabına genişləndirilə biləcəyini də istisna etmirlər. Bu məsələ 2020-ci ildə nazirlərin onlayn görüşündə də müzakirə olunub. Avstraliyanın baş naziri S.Morrison toplantı ərəfəsində kəşfiyyat alyansının pandemiyanın iqtisadi fəsadlarının aradan qaldırılması, Çindən asılılığın azaldılması üçün alternativ tədarük zəncirinin yaradılması işində ortaya ümumi strategiya qoyacağına ümidini dilə gətirmişdi.

Lakin məlum olduğu kimi, «üçüncü tərəflərə qarşı» prinsipinə əsaslanan ittifaqlar uzunömürlü olmur. Bu günün konyunkturu CANZUK ideoloqlarına proseslərin onların xeyrinə cərəyan etdiyini düşünməyə əsas verir. Üstəlik, dördlüyün hər bir üzvünə ciddi təsiri olan Vaşinqton liberal demokratiyalar arasında əlaqələri gücləndirmək, Çinin Qərbin ayrı-ayrı ölkələri ilə münasibətlərdəki hökmranlığı nəticəsində zəifləmiş institutları dəstəkləmək niyyətindədir. Nəzərə almaq lazımdır ki, ittifaqlar isə ən azı onilliklərə hesablanır, siyasi konyunktur isə külək kimi dəyişkəndir. Amerikada administrasiya növbəti dəfə dəyişərsə, Çin ilə əməkdaşlıq rəqabətdən daha sərfəli hala gələrsə, CANZUK təşəbbüskarları nə edəcək? Onların «B» planı varmı və ümumiyyətlə, onlar uzaq perspektivi görə bilirlərmi? Cavablandırılmalı olan suallar çoxdur…



MƏSLƏHƏT GÖR:

221