Müəllif: NURANİ
Planetdə nə qədər dövlət varsa, azı o qədər də xarici siyasət variantı var. Hər hansı ölkə Rusiya və ya Çin, ABŞ və ya Avropa ilə ittifaqa meyillənə, hərbi bloklara qoşula və ya neytral qala, beynəlxalq əlaqələrini fəal şəkildə gücləndirə bilər və s. Yaxud, məsələn, «təcrid siyasəti» aparan (müasir dünyada nə dərəcədə mümkündürsə), bəziləri ilə dostluq, digərləri ilə düşmənçilik edən dövlətlər də var. Amma istənilən halda, xarici siyasi kurs anlaşılan və təxminedilən olmalıdır.
Lakin bu sadə həqiqət Ermənistana aid deyil. Bu ölkənin xarici siyasi kursu ziddiyyətləri ilə təəccübləndirməkdə davam edir. Məsələn, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan heç kimin gözləmədiyi halda qəflətən Parisə səfər edib, oradan isə Brüsselə yollanıb. Üstəlik, o, bunu seçki kampaniyasının ən qızğın vaxtında edib ki, bu da görünməmiş hadisədir: vacib seçki ərəfəsində birinci şəxslər ölkəni tərk etmirlər.
Paris səfəri
İlk baxışdan Nikol Paşinyan Fransaya səfərinin nəticələrini öz aktivinə yaza bilər. Eyni sözlər Parisə aid deyil. Fransa prezidenti Emmanuel Makron Paşinyanı Yelisey sarayında qəbul edərkən deyib: «Azərbaycan qüvvələri Ermənistanın suveren ərazisini tərk etməlidir». Bununla yanaşı, o, «yalnız hərbi əsirlərin deyil, bütün saxlanılmış şəxslərin azad olunmasını» tələb edib, Fransanın sülhün dəstəklənməsindəki rolunu xüsusi vurğulayıb. Fransa parlamentinin spikeri Rişar Ferran isə daha da uzağa gedib. O, Paşinyanla görüşdə ölkəsinin Cənubi Qafqazda baş verənləri diqqətlə izlədiyini deməklə kifayətlənməyərək, irəvanlı qonağa deyib: «Fransa Ermənistanın tərəfindədir. Xahiş edirəm, bu ismarıcımızı erməni xalqına çatdırın. Biz Ermənistanın sabitliyi və çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik. Siz hər zaman bizə güvənmisiniz. Bu gün də, gələcəkdə də bizə güvənə bilərsiniz».
Bütün bunlar Bakıda təbii olaraq, təəccüb və hiddət yaradıb. Azərbaycanın Xarici İşlər Nazirliyi Makronun bəyanatına cavab olaraq bildirib ki, birincisi, regionda sülhü Rusiya sülhməramlıları təmin edir və bu işin Fransaya aidiyyəti yoxdur. Makronun «Azərbaycan Ordusunun Ermənistan ərazisini tərk etməli olduğu» haqda bəyanatına gəlincə, Azərbaycan XİN-in rəsmisi Leyla Abdullayeva deyib: «Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Paris tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar çağırış edilməyib». Nəhayət, «bütün saxlanılmış şəxslərin azad edilməsi» tələbi də tam aydın deyil: Azərbaycan hərbi əsirləri qaytarıb, ələ keçmiş terrorçu və diversantlar isə əməllərinə görə cavab verməlidirlər. «Sirr deyil ki, Fransanın Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcək», - deyə Abdullayeva bildirib.
Bəs, Nikol Paşinyana belə nəvaziş göstərmək Emmanuel Makronun nəyinə gərəkdir? Reallıqda Fransa ilə Ermənistan nəyə nail olmaq istəyirlər?
İrəvanın planları…
Nikol Paşinyan Fransaya ad günü ərəfəsində yollanmışdı. Təbii ki, o ciddi olaraq Fransada onu ad günü münasibəti ilə bağırlarına basıb «dondurma» hədiyyə edəcəklərini düşünmürdü. Amma Ermənistan lideri və komandasının bu səfərdən çox şey gözlədiklərinə şübhə yox idi. İrəvanda əmin idilər ki, Paşinyan Parisdən real hərbi dəstək zəmanəti, investisiyalar və s. ilə qayıdacaq. Fransanın, yəni Avropa və NATO-nun bu cür fəallığı isə İrəvanın hesablamalarına görə, Rusiyanı «rəqabət»ə, Cənubi Qafqazdakı son istehkamına dəstəyini artırmağa məcbur etməli idi. Bütün bunlar isə Paşinyana seçki öncəsi dividendlər də qazandırmalı idi.
Bəs, Ermənistan Fransa meydanında ciddi uğur qazana bildimi? Bəli, Parisdə Ermənistana ciddi dəstək bəyanatları səsləndirildi. Amma bu, Azərbaycanla siyasi qalmaqal yaratmaqdan başqa heç bir nəticə vermədi. Moskvada yaxşı anlayırlar ki, sərhədlərini rusların qoruduğu, təhlükəsizliyini Gümrüdəki Rusiya hərbi bazasının təmin etdiyi, iqtisadiyyatı Rusiyanın birbaşa və dolayı dəstəyilə «ayaqda duran» Ermənistan heç yerə qaça bilməz. Odur ki, Paşinyanın Paris səfəri Rusiya istiqamətində ən yaxşı halda sıfır nəticə verəcək. Pis halda isə Moskva forpostuna başa salacaq ki, siyasi xəttin müəyyənləşdirilməsində özbaşınalıq etmək olmaz.
…və Parisin planları
Nəzəri cəhətdən ola bilər ki, Paris postmüharibə dövrünün nizamlanması prosesinə qoşulmaq, Minsk qrupunu dirçəltmək və s. istəyir. Amma bu halda o, ən azı görüntü üçün neytral olmalıdır. Vəziyyət isə yumşaq desək, tam əksinədir.
Hələ 44 günlük müharibənin gedişində Paris Bakıda təəccüb və hiddət yaradan bəyanatlarla çıxış edirdi. Paris Azərbaycanın Qarabağı işğaldan azad etməsinə «imkan verməyəcəyini» deyir, İrəvanın guya Azərbaycan tərəfdən «suriyalı muzdlular»ın döyüşdüyü kimi sərsəmləmələrini davamlı təkrarlayırdı və s.
Fransanın motivləri artıq o zaman bəlli idi. O, özünü beynəlxalq arenada müstəqil oyunçu kimi təqdim etməyə çalışırdı. Əvvəlcə Paris Türkiyə ilə rəqabətə girməyə çalışmış, hətta öz hərbi gəmilərini Haftara yardım üçün Liviyaya belə, göndərmişdi. Öz «proksisini» seçməyə çalışan Fransa bu rola Ermənistanı seçmişdi. O zaman 44 günlük müharibənin lap əvvəli idi və «regionun ən güclü döyüş qabiliyyətinə malik ordusu», «erməni ordusunun qələbəsi» haqda nağıllara hələ kimlərsə inanana bilərdi.
Amma bütün bunların 2020-ci ilin sentyabrında, oktyabrın əvvəllərində hansısa mənası ola bilərdi. İndi bu gedişlərin heç bir anlamı yoxdur. İrəvan Paris üçün «proksi» rolunu oynaya bilməz. «Erməni hərbçilərinin döyüş ruhu»na ümidlər xeyli şişirdilibmiş, Ermənistan ordusunun fantastik döyüş qabiliyyəti haqda deyilənlər də öz yerində. Qarabağda darmadağın, istehkam xəttinin keçilməsi, əzilmiş müdafiə, əvvəlcə Araz çayı boyunca, daha sonra Şuşaya nəzarətin itirilməsi, kapitulyasiya, məhv edilmiş zirehli texnika parkı, qovulmuş zabit heyəti, 10 min fərari – bu, Ermənistanın qiymətli «proksi» sayılmasına imkan verəcək faktlar deyil. Üstəlik, Ermənistanın Rusiyadan asılılığı da davam edir.
Odur ki, Parisin İrəvan istiqamətindəki planları daxili siyasi amildən başqa bir şey deyil. Emmanuel Makron qarşıdan gələn seçki haqda düşünməlidir – seçki «sarı jiletlilər» hərəkatı, koronavirus pandemiyası ilə mübarizədəki uğursuzluq, ultrasağçı əhvalın yüksəlməsi və s. xoşagəlməzliklər fonunda keçiriləcək. Belə vəziyyətdə Fransa ermənilərinin səsinə heç zaman olmadığı qədər ehtiyac var. Odur ki, Paşinyanı qucaqlamaq bu mənada Makronun işinə çox yaraya bilər.
Amma bütün bunların Azərbaycan istiqamətində verəcəyi nəticələrdən də qaçmaq mümkün olmayacaq. Burada Fransa biznesi mövqelərini itirir və artıq həyəcan təbili çalır. Çünki o, Ermənistanın işğalından azad olunmuş ərazilərin bərpası ilə bağlı milyardlarla dəyəri olan müqavilələrdən kənarda qalacağını anlayır. Fransa elitasının ağlı başında olan hissəsi başa düşür ki, indi Cənubi Qafqazda siyasi və iqtisadi «hava»nı Azərbaycan müəyyənləşdirir. Makron isə ermənilərin səsini almaq üçün onunla münasibətlərinin üzərindən xətt çəkib. Yeri gəlmişkən, Fransa ermənilərinin «kapitulyant» Paşinyanla bağlı öz fikirləri var. Parisdə onlar Ermənistan liderini etiraz aksiyaları ilə qarşılayıblar…
Odur ki, Paşinyanı qucaqlamaq Makronun gözlədiyi nəticələri verməyə də bilər.
MƏSLƏHƏT GÖR: