Müəllif: İlqar VƏLİZADƏ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana iyunun 15-də etdiyi səfər, bu səfər çərçivəsində Şuşaya baş çəkməsi və Şuşa Bəyannaməsinin imzalanması, şübhəsiz ki, yalnız ikitərəfli münasibətlərin deyil, həm də bütünlükdə regionun tarixinə vacib nailiyyət kimi düşəcək. Bu, gələcək illər üçün siyasi proseslərin vektorunu müəyyənləşdirən hadisədir.
Bilavasitə Türkiyə-Azərbaycan münasibətlərinə gəlincə, Şuşa Bəyannaməsi əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır. Ankara ilə Bakı arasında illərə söykənən möhkəm dostluq münasibətlərinin siyasi-hüquqi bazasına ilk dəfə «ittifaq» termin idə əlavə olunur.
Şuşa Bəyannaməsinin hərbi-siyasi aspektləri
Qarşılıqlı hərbi-siyasi öhdəliklərin genişləndirilməsi əsas diqqət çəkən məqamlardandır. İndi tərəflərdən hər hansının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid yaranarsa, birgə məsləhətləşmələrin aparılması, bu təhdid və təcavüzün qarşısının alınması üçün BMT Nizamnaməsinin hədəf və prinsiplərinə uyğun təşəbbüslərlə çıxış edilməsi nəzərdə tutulur. Tərəflərin bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardımı göstərməsi, Silahlı Qüvvələrin güc və komanda strukturlarının fəaliyyətinin razılaşdırılmış şəkildə təşkili də sənəddə əksini tapmış məqamlardandır.
Şuşa Bəyannaməsinin bu maddələri, şübhəsiz ki, tərəflər arasında 2010-cu ildə imzalanmış Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin əhatəsini daha da genişləndirir. Həmin sənədə əsasən, tərəflər silahlı hücum və ya təcavüzlə üzləşəcək tərəfə «bütün imkanlardan istifadə etməklə» yardım göstərmək öhdəliyi götürüb. Sənəddə birgə hərbi əməliyyatların keçirilməsi üçün texniki təchizat, hərbi-texniki sahədə əməkdaşlıq, birgə hərbi təlimlərin və hərbi hazırlığın keçirilməsi kimi məsələlər də əksini tapıb. Sadəcə, onların konkret istiqamətləri göstərilməyib.
Şuşa Bəyannaməsində isə vurğu məhz Silahlı Qüvvələrin müasir tələblərə uyğun yenidən qurulması və müasirləşdirilməsinədir. Orada müdafiə qabiliyyətinin, hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə, iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyət bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin görülməsindən danışılır. Yəni söhbət ordu quruculuğunda proseslərin koordinasiyası və sinxronlaşdırılmasından, iki ölkənin silahlı qüvvələrinin maksimum inteqrasiyasından gedir. Bu mənada, iki ölkənin təhlükəsizlik şuralarının mütəmadi birgə iclaslarının keçirilməsi də nəzərdə tutulur.
Beləliklə, Ankara ilə Bakının vahid hərbi-strateji mövqedən çıxış etmək cəhdi diqqət çəkir. Bu, yalnız Türkiyənin Azərbaycanı müdafiə etmək öhdəliyi götürməsi anlamına gəlmir. İndi Bakı da regionda, yəni Qafqaz istiqamətində Türkiyənin hərbi-siyasi təhlükəsizliyinə hər hansı təhdid yaranarsa, Azərbaycan da onun müdafiəsinə qalxmalıdır. Uzunmüddətli və ya situativ hərbi-siyasi alyansların aktual olduğu dünyada Azərbaycan da təkbaşına fəaliyyət göstərə, milli təhlükəsizlik sistemini təkbaşına qura bilməz. Xüsusilə nəzərə alsaq ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı apardığı hərbi-siyasi oyunlara kənar aktorların cəlbi cəhdlərini fəal şəkildə davam etdirir, bu məsələ xüsusi aktuallıq qazanır. Məsələn, İrəvanın Ermənistan-Yunanıstan-Kipr hərbi alyansının yaradılmasına çalışdığı məlumdur. Fransa prezidenti Emmanuel Makronun Ermənistana hərbi dəstək göstərməyə hazır olduqlarını açıq şəkildə dilə gətirməsi də Bakı tərəfindən təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə bilər.
Beləliklə, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi ittifaqın qurulması Ermənistanın xarici qüvvələrin cəlbi ilə formalaşdırmağa çalışdığı hərbi alyansların yarada biləcəyi riskin balanslaşdırılmasına hesablanıb. Son nəticədə, bu, Cənubi Qafqazda təhlükəsizliyə, sabitliyə töhfə olacaq.
Şuşa Bəyannaməsinin mətnində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bölgə dövlətləri arasında münasibətlərin normallaşdırılması, uzunmüddətli sülhün təmini kontekstində Naxçıvan Muxtar Respublikasının rolu xüsusi qeyd edilir. Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında bağlayıcı bənd olan, ikitərəfli əməkdaşlıqda əsas coğrafi məntəqəyə çevrilən Naxçıvanın xüsusi coğrafi mövqeyinə ayrıca diqqət yetirilir. Burada söhbət yalnız ikitərəfli deyil, həm də çoxtərəfli layihələrin icrasından gedə bilər – məsələn, İranın və türkdilli dövlətlərin iştirakı ilə.
Yersiz spekulyasiyalar
Məlum olduğu kimi, iyunun 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus bazanın yaradılmasının Bakının müstəsna hüququ olduğunu da bəyan edib. O, bu məsələnin Şuşa Bəyannaməsinin müddəalarından kənara çıxmadığını desə də, fikrini konkretləşdirməyib: «Düşünürəm ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşlərində bu məsələ fərqli şəkildə inkişaf etdirilə bilər. Bizim görüşlərdə inkişaf etdirilə bilər”.
Bəzi obyektivlikdən uzaq ekspertlər və nəşrlər bu mövzunu dərhal NATO-nun regionda güclənmək cəhdləri, alyansın Rusiyaya qarşı fəallaşması kimi şərh etməyə başlayıb. Bu zaman nədənsə NATO-nun müstəqil institut olduğunu və Bakının onunla Fərdi tərəfdaşlıq planı çərçivəsində əməkdaşlıq etdiyi heç kimi yada salmayıb. Başqa sözlə, Azərbaycan-NATO münasibətləri bu planın çərçivələrini aşmır. Bakı ilə Ankaranın hərbi-siyasi və hərbi-texniki sahələrdəki əməkdaşlığı isə Bakı ilə Brüsselin münasibətlərinə də təsir göstərə bilər. Bununla yanaşı, NATO özü də Bakının hərbi-siyasi addımlarına himayədarlıq etməyə çalışmayacaq, hansısa formada onun qəyyumuna çevrilməyəcək. Odur ki, Azərbaycandan NATO-Rusiya xətti üzrə hər hansı qarşıdurmadan söhbət belə, gedə bilməz.
Azərbaycan-Türkiyə ittifaqının gələcəkdə türk dünyası ölkələri arasında hərbi-siyasi alyansın formalaşmasına yol aça, türkdilli dövlətlərin siyasi ittifaqı üçün əsasa çevrilə biləcəyi haqda fikirlər də doğru deyil. Anlamaq lazımdır ki, Türk Şurasında bir araya gəlmiş dövlətlər qarşıya vahid hərbi-siyasi ittifaqın yaradılması kimi hədəf qoymayıb. Onların silahlı qüvvələrini vahid şəklə salacaq hərbi-siyasi platforma yaratmaq niyyətləri də yoxdur.
Bütün bunlarla yanaşı, onu da unutmaq olmaz ki, Azərbaycanın 2010-cu ildə təsdiqlənmiş hərbi doktrinası ölkə ərazisində hər hansı xarici hərbi bazanın yaradılmasını istisna edir. Təbii ki, regionda baş verən dəyişikliklər fonunda Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri də nəzərə alınmaqla, doktrinaya müəyyən dəyişikliklər oluna bilər. Lakin bu gün ikitərəfli əməkdaşlığın xarakteri, regionda yaranmış vəziyyət daha çox Türkiyə ilə hərbi-texniki səviyyəli intensiv əlaqələrin gücləndirilməsini, vahid hərbi-texniki infrastrukturun yaradılmasını tələb edir. Odur ki, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması istisnadır. Beləliklə, hazırda bu məsələ nə hərbi-strateji, nə də siyasi müstəvidə müzakirə olunur. Şuşa Bəyannaməsində isə onun üçüncü dövlətlərin maraqlarına qarşı olmadığı xüsusi vurğulanır.
İqtisadi inteqrasiya, Zəngəzur dəhlizi və yeni perspektivlər
Şuşa Bəyannaməsinin qəbulu Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın da yeni çərçivələrini müəyyənləşdirir. Sənəddə iki ölkə iqtisadiyyatının inteqrasiyası üçün şəraitin yarandığı vurğulanır. Məsələn, dövlətlər ümumi iş və əmtəə bazarının elementlərini yaratmaq, həmçinin ümumi marketinq kommunikasiyaları sistemi qurmaq, xüsusilə üçüncü ölkələrlə idxal-ixrac əməliyyatları həyata keçirmək haqda düşünürlər.
Qarşılıqlı səmərəli investisiya əməkdaşlığının inkişaf etdirilməsi istəyi xüsusi diqqət çəkir. Bu ilin aprelində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, iki ölkənin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyası birgə investisiya fondunun yaradılması haqda razılığa gəlib. Fondun yaradılması haqda danışıqlar «Azərbaycan İnvestisiya Şirkəti» ASC ilə Türkiynin Milli Rifah Fondu arasında aparılır. Hazırda nizamnamə fondunun həcmi, perspektiv fəaliyyət istiqamətləri haqda məsələlər müzakirə olunur.
Məlum olduğu kimi, 2021-ci il aprelin 1-dən iki ölkə vətəndaşlarının qarşılıqlı səfər etmələri üçün ümumvətəndaşıq pasportu tələb olunmur. Bunun üçün şəxsiyyət vəsiqəsi kifayətdir. Bu, sahibkarlıq sahəsində fəallığın artmasına yol açır, kiçik və orta biznesin daşınmaz əmlak, ticarət və xidmət sahələrinə investisiya yatırmasını stimullaşdırır.
İki ölkə arasında preferensial ticarətə dair martın 1-dən qüvvəyə minmiş razılaşma isə hazırda 4,3 milyard dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsinin 2023-cü ilə 15 milyard dollara çata biləcəyini düşünmək üçün ciddi əsaslar verir.
Maraqlıdır ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılmış investisiyaların həcminə görə ilk yerdə olan Türkiyə bu sahədə mövqelərini daha da gücləndirməyə çalışır. Hazırda ölkədə Türkiyə kapitalı ilə işləyən 4,2 min şirkət var. Onlar əsasən qeyri-neft sektoruna aid 300-dək layihədə yer alırlar. Bu şirkətlərin iştirak etdikləri layihələrin ümumi dəyəri 16,3 milyard dollardır.
İqtisadi göstəricilərin xülasəsi göstərir ki, Türkiyə Azərbaycanın qeyri-neft məhsulları ilə ticarətdə asta-asta birinci yerə yüksəlir. Bu, ona Azərbaycan iqtisadiyyatını stimullaşdıracaq amilə çevirmək, indiyədək Rusiya bazarının oynadığı rola yiyələnmək imkanı verir. Buna böyük ölçüdə Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində iştirakı da təkan verir.
Mayda Azərbaycan Prezidenti ölkənin Qaçqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının iki Türkiyə şirkətinə verilməsinə dair sərəncam imzalayıb. Bu sərəncam filiz-mədən sənayesində Azərbaycan və Türkiyə biznesinin kooperasiyası üçün əsas yaratmaqla yanaşı, Azərbaycanın filiz-mədən sənayesi məhsulunun üçüncü ölkələrdə irəli çəkilməsi üçün Türkiyənin xaricdəki marketinq şəbəkəsindən istifadəyə də imkan verir. Söhbət, ilk növbədə, dəmir filizi, molibden və misdən gedir.
Bəyannamənin mətnində mərkəzi yerlərdən birini də iki ölkənin birgə həyata keçirdikləri nəhəng enerji, o cümlədən qaz layihələri tutur. Məsələn, Türkiyə ilə Azərbaycanın aparıcı rola malik olduqları «Cənub Qaz Dəhlizi», «Şərq-Qərb» nəqliyyat dəhlizi və «Orta dəhliz». Bununla yanaşı, Bakı ilə Ankara Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin vacibliyini qeyd edir, Naxçıvan-Qars dəmir yolunun inşasının perspektivlərini vurğulayırlar. Bu, faktiki olaraq Bakı-Tbilisi-Qars-Naxçıvan-Zəngəzur dəhlizi-Bakı regional nəqliyyat dairəsinin qapanması anlamına gəlir.
Bütün sadalananlarla yanaşı, bu gün Türkiyə ilə Azərbaycanın yeni humanitar gündəm də yaratdıqlarını vurğulamaq lazımdır. 2021-ci il Türkiyələ «Yunus Əmrə İli», Azərbaycanda isə «Nizami Gəncəvi İli» elan olunub. Bu, iki ölkə arasında humanitar, mənəvi əməkdaşlığa dövrə uyğun çalarların verilməsi baxımından çox vacibdir. İkitərəfli münasibətlərin inkişafı fonunda xalqlarımızın qeyri-maddi irsi, Əmrə və Nizaminin fəlsəfəsi birləşdirici amil sayıla bilər. Bu, xalqlarımızın mənəvi və ideoloji birliyi kontekstində yeni üfüqlər açır.
Şuşa Bəyannaməsi, şübhəsiz ki, ikitərəfli münasibətlərin dayanıqlılığını təmin edəcək, beynəlxalq aktorların illər sonra da əməkdaşlıq etməsi üçün əlverişli regional fon yaradacaq platformadır.
MƏSLƏHƏT GÖR: