Müəllif: Natiq NAZİMOĞLU
Düz bir il əvvəl bu günlərdə Ermənistan Azərbaycanla sərhəddə 44 günlük müharibədən əvvəlki sonuncu miqyaslı hərbi təxribatına əl atmışdı. İyul döyüşləri yalnız Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin növbəti göstəricisi yox, həm də miqyaslı müharibənin yaxınlaşmaqda olduğu, savaşın qaçılmazlığını təsdiqləyən hadisə idi. Mümkün müharibənin yalnız bir nəticə ilə – Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulması ilə bitəcəyinə isə şübhə yox idi.
Erməni təxribatının iflası
Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq, bir neçə gün ərzində Azərbaycanın Tovuz rayonu istiqamətini artilleriyadan da istifadə etməklə, atəşə tutmuşdu. Bu qanlı təxribat nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbçisi, o cümlədən general Polad Həşimov həlak olmuşdu.
Lakin təcavüzkara hələ o zaman layiqli cavab verilmişdi. Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə dağıdıcı zərbələr endirmiş, dövlət sərhədini layiqincə qorumuşdu. Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması Azərbaycan Ordusunun gücünü ortaya qoymuş, onun ölkənin ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu bir daha sübut etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının 2020-ci il iyulun 13-də keçirilən iclasında bildirmişdi ki, Bakı ona məxsus Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə heç zaman barışmayacaq. Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasına görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü də demişdi.
Ermənistanın iyul təxribatının bir neçə hədəfi var idi. Onlardan birincisi, əlbəttə ki, Azərbaycan Ordusunun Tovuz istiqamətindəki strateji mövqelərinin, həmçinin həmsərhəd yaşayış məntəqələrinin ələ keçirilməsi idi.
Erməni təcavüzkarlarının daha bir məqsədi bu ərazidə strateji yüksəklikləri və mövqelərə yiyələnməklə, yaxınlıqdan keçən və bütünlükdə regionun inkişafında mühüm rol oynayan boru kəmərlərini nəzarətə götürmək, lazım gəldikdə isə hətta onlara zərbələr endirmək olub.
Bundan başqa, Ermənistanın iyul təxribatının münaqişəyə üçüncü tərəflərin, ilk növbədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlbi məqsədi daşıdığına da şübhə yoxdur. İrəvan Azərbaycanı gərginliyin səbəbkarı kimi göstərərək, Rusiya və KTMT-nin digər üzvlərinin dəstəyini alacağına ümid edib. Hər halda, Tovuz rayonu istiqamətində Azərbaycanın hərbi mövqeləri ilə yanaşı, mülki əhalini də atəşə tutan Ermənistanın riyakarcasına dünya birliyinə müraciət edərək yardım istəməsi təsadüf deyildi. O, həmin günlərdə «qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün təcili tədbirlərin görülməli olduğunu» hər yana car çəkirdi.
Bəli, erməni tərəfinin təxribatı bu amillərə söykənirdi və İrəvan bununla regional status-kvonu möhkəmləndirəcəyinə ümid edirdi. Söhbət Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin beşdə birinin işğalı nəticəsində yaranmış status-kvodan gedirdi. Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesini pozmağa, ən azı onu özü üçün əlverişli olan «əbədi simulyasiya» məcrasına yönəltməyə çalışırdı.
Lakin 2016-cı ilin aprel döyüşlərindən sonra ən miqyaslı toqquşma olan iyul hadisələri ermənilərin bütün hesablamalarını iflasa uğratdı. İrəvan bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun onun kömək çağırışına cavabından sonra anladı. Lavrov həmin günlərdə verdiyi açıqlama faktiki olaraq, iyul qarşıdurmasının günahkarının Ermənistan olduğunu bildirmişdi.
Ümumiyyətlə, iyul hadisələri bütün dünyaya göstərmişdi ki, Azərbaycan ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. Bununla yanaşı, növbəti erməni təxribatının qarşısının alınması Azərbaycan xalqında vətənpərvərlik ruhunun əhəmiyyətli dərəcədə yüksəlməsinə də səbəb olmuşdu. Bunu istər Bakıda keçirilən kütləvi yürüşlər, istərsə də dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun təşkil etdiyi aksiyalar göstərirdi. Yeri gəlmişkən, diaspor üzvlərinin təşkil etdikləri bəzi aksiyalar zamanı azərbaycanlılarla təcavüzkar ermənilik arasında toqquşmalara belə, baş vermişdi. Elə həmin günlərdə hər kəs gördü ki, Azərbaycan xalqının səbri tükənib və o, daha 30 il gözləmək fikrində deyil. Azərbaycan xalqının, ordusunun və dövlətinin birliyi həmin hadisələrdən təxminən 2,5 ay sonra başlayacaq 44 günlük müharibədə də aparıcı rol oynayacaqdı…
Müharibənin alternativi yox idi
İyul hadisələri zamanı dünya birliyi bir daha gördü ki, Bakı əvvəllər də dəfələrlə xəbərdarlıq etdiyi kimi, imitasiya xətrinə danışıqlara razı olmayacaq. Ermənistan seçim qarşısında qoyulmuşdu: o, ya Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə bağlı konstruktiv dialoq aparmalıdır, ya da danışıqlar ümumiyyətlə olmayacaq. Ermənistanın hərbi təxribatı isə sülh prosesinin taleyinə dair sualları tam çılpaqlığı ilə ortaya qoydu.
Beləliklə, faktiki olaraq, sülh danışıqları «dalana dirənmişdi». ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransa münaqişə tərəflərinə tezliklə detallı, yaxud substantiv danışıqlara başlamaq çağırışlarını davam etdirirdilər. Əslində, bu, elə Bakının tələb etdiyi məsələ idi – Azərbaycan uzun müddət idi ki, Ermənistanı hərtərəfli sülh razılaşmasının müzakirəsinə başlamağa dəvət edirdi.
Amma İrəvan Bakının və beynəlxalq vasitəçilərin çağırışlarını açıq şəkildə rədd edirdi. Çünki detallar üzrə danışıqlar nizamlama prosesinin əsas məqamlarının konkret müzakirəsini nəzərdə tuturdu. Bəs, bunun üçün atılmalı ilk və əsas addım nə idi? Əlbəttə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərindən çıxarılması. Bəli, münaqişənin «Madrid prinsipləri»nə əsaslanan həlli planında prioritet Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması idi. Bunun qaçılmaz olduğunu anlayan İrəvan danışıqlar prosesində diqqəti davamlı olaraq, ikinci dərəcəli məsələlərə cəlb etməyə çalışır, bununla da o, sülh danışıqlarını məqsədli şəkildə uzadırdı. Məsələn, erməni tərəfi dialoqun «silahlı insidentlərin araşdırılması” məsələsi ətrafında aparılmalı olduğunu deyirdi. Halbuki, bu insidentlər uzun illərdən gələn münaqişənin səbəbi yox, nəticəsi idi.
Beləliklə, detallı sülh danışıqları halında Qarabağın işğaldan azad edilməsinin qaçılmaz olacağını anlayan təcavüzkar ölkə demək olar ki, fasiləsiz təxribatlara və diversiyalara əl atırdı. Ermənistanın hərbi təxribatının iflası ilə bitmiş iyul döyüşlərindən sonra belə, o, Azərbaycanla sərhəddə gərginliyin azalmasına imkan vermir, əksinə, vəziyyətin daha da qarışması üçün əlindən gələni edirdi. Söhbət hər dəfə yeni təcavüz aktlarına əl atılmasından, Azərbaycan hərbçilərinin həlak olmasından və ya yaralanmasından gedirdi.
Nəhayət, sonda Azərbaycan Prezidenti İlham Əliyev İrəvanın əməlləri sayəsində danışıqlar prosesinin iflasa uğradığını açıq şəkildə bəyan etdi. Qarşı tərəfin təxribatçı əməlləri dayandırmaycağı təqdirdə hərbi əməliyyatların bütünlükdə Ermənistan ərazisinə yayılması perspektivi qaçılmaz idi. Bütün bu amillər münaqişə zonasında miqyaslı müharibənin yaxınlaşmaqda olduğunu göstərirdi…
2020-ci ilin iyulunda baş verənlərdən sonra münaqişənin sülh yolu ilə həlli şansı nə qədər idi? Cavab birmənalıdır: praktik olaraq, heç nə qədər! Çünki Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalına son qoymaq fikrində olmadığını göstərir, hətta işğalın nəticələrini daha da möhkəmləndirmək haqda düşündüyünü nümayiş etdirirdi (Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsən əl atdığı bir sıra təxribatlar da bundan xəbər verirdi). Lakin İrəvanın planlarının və hesablamalarının əksinə olaraq, ilk növbədə, işğalçının iyul təxribatı nəticəsində yaranmış real vəziyyət göstərirdi ki, Ermənistanın hələ 1990-cı illərin əvvəllərində həyata keçirdiyi hərbi təcavüz nəticəsində yaranmış status-kvo davam edə bilməz və ona son qoyulmalıdır – istər könüllü, istərsə də zor gücünə! Çünki danışıqlar prosesinin faktiki olaraq iflasa uğramasından sonra Azərbaycanın Qarabağı hərbi yolla qaytarmaqdan, ərazi bütövlüyünü bu cür bərpa etməkdən başqa yolu qalmırdı. Artıq tarixi ədalət, Qarabağ münaqişəsi zonasında beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi yalnız bu yolla təmin edilə bilərdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsi üçün başqa yol qalmamışdı.
Azərbaycan Prezidenti İlham Əliyev isə hələ 2020-ci ilin iyulunda xəbərdarlıq etmişdi ki, «bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq». Bu xəbərdarlığın nə qədər doğru olduğu cəmi 2,5 ay sonra sübuta yetdi…
Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə, hərbi obyektlərinə və yaşayış məntəqələrinə sentyabrın 27-də etdiyi növbəti hücum cəhdi onlar üçün ən ağır nəticələrə yol açdı. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə bitdi. Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçının, təxminən, 30 ildə qurduğu müdafiə sistemini dağıtdı, Ermənistan ordusunu darmadağın edərək, Azərbaycan ərazisindən qovdu.
Prezident İlham Əliyevin də xəbərdarlıq etdiyi kimi, Ermənistanın işğalçılıq siyasəti tam iflasa uğradı. Çünki təcavüzkar əvvəlki dərslərdən lazımi nəticə çıxarmamışdı. Bu dərslərin ən ciddisi isə ötən ilin iyulunda baş vermiş döyüş – Azərbaycanın Böyük Qələbəsinin proloqu idi.
MƏSLƏHƏT GÖR: