Müəllif: İrina XALTURİNA
2021-ci ilin yayı iqlim kataklizmləri baxımından həddindən artıq «səxavətli» keçdi: daşqınlar, yanğınlar, qasırğalar, sürüşmələr, qum fırtınaları, leysanlar, quraqlıqlar koronavirus pandemiyası ilə bağlı son vəziyyət, idman xəbərləri, o cümlədən Tokio Olimpiadası ilə birlikdə mövsümün əsas məlumatlarından oldu. Ayrı-ayrı bölgələrdə bəzən hava anomaliyaları bir-birini elə sürətlə və elə kəskin əvəzləyirdi ki, cəhənnəm istisindən leysan yağışlara düşən insanlar özlərinə gəlməyə macal tapa bilmirdilər.
Fəlakət və nəticələri
Qərbi Avropada «Bernd» fırtınası nəticəsində başlayan daşqınlar tarixə son 100 ilin ən nəhəng daşqını kimi düşüb. Nəticədə, onlarla insan həlak olub. Bu təbii fəlakət nəticəsinə ən çox zərər görən Almaniya və Belçika, həmçinin Niderland, Fransa və Lüksemburq olub. Ayrıca Londonda da su apokalipsisi yaşanıb və nəticədə, yerli metro su ilə dolub.
Güclü leysan və daşqınlar nəticəsində suyun səviyyəsinin qalxmasından Rusiyanın da bir çox regionu, xüsusilə ölkənin cənubundakı kurort bölgələri əziyyət çəkib. Əsl fəlakət isə Çin, Əfqanıstan, Yaponiya, Hindistan və Türkiyədə baş vermiş daşqınlar, torpaq sürüşmələri və yanğınlar idi.
Bu il ABŞ-ın quraqlıq rekordları vuran milli parkına – Ölüm vadisinə belə, yağış yağıb. Uzun illərdən sonra Qrenlandiya da ilk dəfə yağış görüb. Görülməmiş tufan və qasırğalar Çexiyada, Rusiyanın Tver vilayətində də dağıntılara, insan tələfatına səbəb olub. Eyni vaxtda Qazaxıstanın şimal regionları, Rusiyanın Kalmıkiya, Başqırdıstan, Tatarıstan və digər bölgələri isə ciddi quraqlıqdan əziyyət çəkib. Dünyanın bir çox cənub ölkəsində çaylarda və göllərdə suyun azalmasına, kiçik çayların, quyuların tam qurumasına rast gəlinir.
Ciddi quraqlıqdan əziyyət çəkən daha bir ölkə İrandır. Bu yay torpaq sahələrinin 80%-dən çoxu həddindən artıq quruyub, açıq mənbələrin suyu, demək olar ki, tam tükənib. Eyni problem İordaniyada da müşahidə olunur. Burada praktik olaraq bütün su anbarlarında suyun səviyyəsi kritik həddə düşüb.
Dünyanın bir çox hissəsində – Rusiyadan Kanadayadək – rekord həddə istilər qeydə alınıb. Üstəlik, bu vəziyyət uzun müddət davam edib. Böyük Britaniyada daha çox Avropanın cənubuna xas olan isti, buludsuz hava müşayiət edilib. Honkonqda tarixin ən isti havası qeydə alınıb, Rusiyanın bəzi regionlarında havanın hərarəti normanı 5-10 dərəcə aşıb. Kanadada havanın hərarətində rekord iyunda yenilənib – Littonda 49,6°C isti qeydə alınıb. Güclü istilər və külək meşə yanğınlarına səbəb olub. Rusiyanın Yakutiya bölgəsində belə yanğınlar görülməmiş miqyas alıb. Rusiyanın başqa bölgələrində də kütləvi meşə yanğınları baş verib – Mordoviya, Kareliya, Voronej, Volqaboyu və s. Miqyaslı meşə yanğınlarının baş verdiyi bölgələr arasında Amerikanın Kaliforniya və Oreqon ştatları, Kanadanın geniş əraziləri də var.
Qardaş Türkiyədə
Aralıq dənizi hövzəsində də güclü yanğınlar olub. Türkiyə, Yunanıstan, Livan, İtaliya, Əlcəzair, İsrail və İspaniya meşələri, turizm kurortları bu yay ciddi yanğınlardan əziyyət çəkib. İyulun sonlarından eyni vaxtda bir neçə vilayətində miqyaslı yanğınların başladığı Türkiyədə hökumət dərhal iqlim amili ilə yanaşı, terror aktı versiyasının da mümkünlüyünü bəyan edib. Belə də olub. Avqustun 1-də ölkədə baş verən meşə yanğınlarına görə məsuliyyəti Kürd Fəhlə Partiyasının (PKK) bölməsi olan «Alov uşaqları» təşkilatı öz üzərinə götürüb. İyulda isə terrorçular Türkiyənin müxtəlif şəhərlərində yaxtalara, qayıqlara, maşın və anbarlara od vurduqlarını bəyan etmişdilər. Bundan başqa, bu təşkilat 2019 və 2020-ci illərdə də Türkiyədəki meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü. Bu il yanğınların sahil zonalarına, kurort hotellərinə keçməsinin qarşısı alınıb. Lakin meşələrlə yanaşı, kəndlər, kənd təsərrüfatı zəmiləri də yanıb, 7 nəfər ölüb, minlərlə vəhşi heyvan məhv olub.
Sevindirici haldır ki, qonşu dövlətlər belə vəziyyətdə bir-birini tək qoymayıblar. Qardaş Türkiyənin yanğınlarla mübarizəsinə, təbii ki, Azərbaycan da öz köməyini göstərib. Türkiyənin başına gələnlər göstərir ki, iqlim dəyişiklikləri yeni problemlər yaratmaqla yanaşı, əvvəldən mövcud olan problemləri dərinləşdirə də bilir. Məsələn, əlverişsiz hava şəraiti terrorçular üçün əlverişli zəmin yaradır…
İqlim dəyişikliklərinin fəsadları
Təəssüf ki, təbiət kataklizmlərinin təhlükəli fəsadları sadalananlarla bitmir. Təbii fəlakətlər qaçqın problemini də əhəmiyyətli dərəcədə ağırlaşdıra bilir. Məlum olduğu kimi, hazırda bu problem Avropanın bir çox ölkəsi, həmçinin Türkiyənin özü üçün kifayət qədər aktualdır. O, ciddi sosial təlatümlərə də yol açır.
İyulun ortalarından başlayaraq, İranda kəskin içməli su çatışmazlığı ilə əlaqədar nümayişlər keçirilib və bu zaman insanlar ölüb. İqlim dəyişikliklərinin, xüsusilə quraqlıq, su qıtlığı ilə əlaqədar problemin daha bir mümkün fəsadı sərhəd münaqişələri ola bilər. Bu, xüsusilə Yaxın Şərq və Mərkəzi Asiyada aktualdır. Avropanın özünün bu ssenaridən nə qədər sığortalı olduğu heç kimə məlum deyil. Vəziyyət qəflətən kritik həddə çatarsa, nələrin baş verə biləcəyini proqnozlaşdırmaq çətindir…
Bu isə ən yaxın gələcəkdə baş verə bilər. BMT-nin iqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspertlər qrupunun 7 avqust tarixli hesabatında deyilir ki, qlobal istiləşmə üzündən Yeri geri dönüşü olmayan fəlakət gözləyir – planet artıq 2030-cu ildə kritik hərarət həddini keçəcək. Təşkilatın ekspertləri bildirirlər ki, atmosferə atılan zəhərli qazların həcmi 2030-cu ilədək 50% azaldılmazsa, 2050-ci ilədək isə tamamilə dayandırılmazsa, Yerdə hərarət həddi aşıla bilər. Demək, təbii fəlakətlərin sayı getdikcə yalnız artacaq və 2021-ci il artıq hər il təkrarlana bilər. Belə davam edəcəyi təqdirdə bir neçə il sonra 2021-ci il nisbətən «sakit il» kimi xarakterizə olunacaq.
Alimlər bildirirlər ki, qlobal istiləşmə nəhəng buzlaqların əriməsi ilə nəticələnəcək. Bu halda ucsuz-bucaqsız quru ərazilər su altında qalacaq, hətta bəzi dövlətlər yer üzündən silinəcək. Bu ssenarinin planetimizdə bütün sahələrdə (iqtisadi, siyasi, dini, mədəni) ənənəvi həyatı kökündən dəyişəcəyini anlamaq çətin deyil. Qərbi Avropada nisbətən lokal daşqınların ölkələrə vurduğu zərər 7 milyard avrodursa, qlobal daşqınlar halında bəşəriyyət, çətin ki, yaxın onillikdə, hətta yüzillikdə ənənəvi təsərrüfat, istehsalat və elmi fəaliyyətini bərpa edə bilsin. İnsan itkiləri də öz yerində…
Xoşbəxtlikdən, bu, hələ son dərəcə radikal ssenari sayılır. Gerçəkləşmə ehtimalı daha çox olan ssenari başqadır – əlverişsiz hava həraiti üzündən bir çox ölkə ərzaq təhlükəsizliyi sahəsində ciddi problemlərlə qarşı-qarşıya qala bilər. Bu isə, həqiqətən, qorxuludur. Çünki ərzaq çatışmazlığı hətta inkişaf etmiş ölkələr üçün çətinliklər yarada bilər. Belə şəraitdə əhalisi əvvəllər də aclıqdan, səfalətdən kütləvi şəkildə xəstələnən, ölən ölkələrin aqibəti necə olacaq? Məsələn, BMT-nin məlumatına görə, Madaqaskar artıq dünyada iqlim dəyişikliyinin yaratdığı aclıqdan əziyyət çəkən ilk dövlətə çevrilməyin astanasındadır. Son 4 onilliyin ən güclü quraqlığı bu ölkənin cənubundakı təcrid olunmuş fermer icmalarının dağılması ilə nəticələnib. Burada qida çatışmazlığı üzündən insanlar çəyirtkə, kaktus yarpağı yeməyə başlayıblar, ərzağın qiyməti 3-4 dəfə artıb, əhali çörəkpulu üçün torpağını satmağa başlayıb.
Çıxış yolu axtarışında
Bəs, vəziyyətdən çıxış yolu varmı? Siyasətçilər hələ ki, ümumilikdə susur, ekspertlərin fikirləri isə o qədər də inamlı təsir bağışlamır. Məsələn, istehsalın, həmçinin digər miqyaslı fəaliyyətlərin böyük hissəsindən imtina etmək işə yaraya bilər. Bunu koronavirus pandemiyası ilə bağlı dünyada tətbiq edilmiş karantin də sübut edib – karantin dövründə, həqiqətən də, bir çox ölkədə hava, su təmizlənib və s. Amma bu, işə yarasa da, real yol deyil. Çünki bəşəriyyət buna ən azı bu haqda razılığa gələ bilməyəcəyi üçün getməyəcək. Təbii ki, vəziyyətə yenidən hansısa virus və ya digər amil təsir göstərməzsə… Bu, yenə də fantastika janrıdır.
Güman ki, yaxın vaxtlarda bir çox ölkədə «karbon vergisi»nin tətbiqinə başlanılacaq. O, neft-kimya, kimyəvi istehsal, həmçinin, güman ki, kənd təsərrüfatı sahəsinə tətbiq ediləcək. Amma belə «yaşıl yanaşma» gecikibsə? Bundan başqa, günəş batareyaları yaxud elektromobillərin akkumulyatorları da istehsal olunmalıdır, axı. Demək, yenə də enerji və metal tələb olunacaq. Onlarsa heç də ekoelementlərdən yox, kifayət qədər toksik maddələrdən ibarətdir. Çernobıl və Fukusimada baş verənlərdən sonra onu da bilirik ki, günlərin birində AES dünyaya elə bir zərbə vura bilər ki, onu heç bir IEM və ya HRES bacara bilməz.
Bəşəriyyətin qidalanma vərdişlərinə yenidən baxmalı, ət istehlakı məsələsi haqda düşünməli olduğuna dair fikirlərə də eyni dərəcədə şübhə ilə yanaşmaq mümkündür. Məsələ ondadır ki, ət qida rasionunun vacib hissəsidirsə, çoxsaylı delikates qidalar haqda eyni sözü demək olmaz. Delikateslərlə bağlı heç bir təklif irəli sürülmədiyindən, insanda yenə də söhbətin qlobal bazarın bayağı şəkildə bölüşdürülməsindən getdiyinə dair gümanlar yaranır…
Ədalət naminə o da qeyd olunmalıdır ki, iqlim dəyişikliyinin sırf antropogen səbəblərdən baş verdiyinə heç də hamı inanmır. Bəziləri hesab edir ki, Yer sadəcə olaraq, müəyyən istiləşmə dövründən keçir və belə hallar əvvəllər də baş verib. Digərlərinin fikrincə, Günəşin aktivliyi üzündən planetimizin qütbləri qarışıb. İqlim silahı versiyasını da irəli sürənlər var. Onlar hesab edir ki, dünyanın yenidən bölüşdürülməsi üçün iqlim silahından istifadə edilir – proses qlobal istiləşmə ilə mübarizə adı altında gedir. Beləlieklə, iqlim kataklizmlərinin dəqiq səbəbini müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda, bu hallarla mübarizə üçün hər hansı dəqiq, real qlobal plan da yoxdur. Belə olan təqdirdə, bütün fikirlər fəsadlara yönəlir.
Amma bir məsələ tam aydındır. Əgər əvvəllər iqlimlə bağlı məsələlər beynəlxalq münasibətlərdə nisbətən yüngül mövzu, ciddi tədbirlər görməyə o qədər də həvəs göstərməyən «seçilmişlər»in işi idisə, indi vəziyyət kökündən dəyişir. İqlim vacib geosiyasi amilə, bəşəriyyətin ən aktual problemlərindən birinə çevrilir. Hələ bir neçə il əvvəl müxtəlif miqyaslı tədbirlərdə – sammit və konfranslarda – qlobal istiləşmə problemi ən barışmaz düşmənləri də bir araya gətirə bilirdi, başqa mövzu olmadıqda belə tədbirlərin yekun sənədinə daxil edilirdi. İndi isə iqlim məsələsi dövlətlər arasında ciddi fikir ayrılıqlarına səbəb olur, onlar kimin atmosferi daha çox çirkləndirdiyinə, iqlim problemi üzündən yaranan qaçqın ordusunun, kritik əhəmiyyət daşıyan resursların necə bölüşdürülməli olduğuna dair mübahisələr edirlər. Təbii ki, daha bir mübahisə yeni «yaşıl dünya»dan kimin daha çox qazanc götürəcəyi ətrafındadır – yeni istehsal sahələri, yeni xidmətlər, yeni tranzit marşrutları və s. vasitəsilə…
MƏSLƏHƏT GÖR: