25 Noyabr 2024

Bazar ertəsi, 03:15

İKİSİ BİRİNDƏ VƏ ANCAQ VACIB OLAN HAQDA

KTMT və ŞƏT-in Düşənbə sammitlərində əsas mövzulardan biri Əfqanıstan olub

Müəllif:

01.10.2021

Düşənbədə eyni anda iki vacib siyasi hadisə baş verib və onların hər biri ciddi siyasi rezonans doğurub. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitlərindən gedir.

Sammitlərin keçirilmə yeri təsadüfən seçilməmişdir. Məsələ ondadır ki, Tacikistan ötən il ərzində həm KTMT, həm də ŞƏT-ə sədrlik edib. Odur ki, qaydalara görə, hər iki qurumun sammitinə məhz Düşənbə ev sahibliyi etməli idi. KTMT üzvlərinin əksəriyyətinin həm də ŞƏT-də təmsil olunduqları nəzərə alınaraq, iki sammitin ard-arda keçirilməsinə qərar verilmişdi.

Bundan başqa, məlum olduğu kimi, KTMT və ŞƏT regional təhlükəsizliklə bağlı aktual problemləri həll etməli olan qurumlardır. Hər iki təşkilatın coğrafiyasında Əfqanıstandakı hakimiyyət dəyişikliyindən sonra yaranmış risk əsas təhdid sayılır. Bu mənada, toplantıların Əfqanıstana ən yaxın nöqtədə keçirilməsi də sanki rəmzi məna daşıyırdı.

 

KTMT sammiti və gərginlik

İlk toplantı KTMT-nin iclası olub. Sammitə Rusiya prezidenti Vladimir Putindən başqa bütün üzv dövlətlərin rəhbərləri qatılıb. Putin bundan bir müddət əvvəl ətrafında koronavirusa yoluxanların çoxluğu səbəbi ilə bir müddət özünü təcrid etmək qərarına gəldiyini açıqlamışdır. Odur ki, toplantıda Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edirdi.

KTMT rəhbərlərinin görüşü kifayət qədər çətin dövrə təsadüf etmişdi. Ekspertlərin fikrincə, KTMT tarixinin heç də ən yaxşı mərhələsindən keçmir. Söhbət yalnız təşkilatın sərhədləri boyu çağırışların artmasından yox, həm də üzvlər arasında ziddiyyətlərin dərinləşməsindən gedir. Məsələn, Tacikistanla Qırğızıstan arasında uzun illərdir davam edən sərhəd mübahisəsi bu il ilk dəfə açıq silahlı qarşıdurmaya keçmişdi. Onun qarşısı tez bir zamanda alınsa da, problem həll olunmadığından, Qırğızıstan-Tacikistan sərhədində qeyri-müəyyənlik davam edir. Qırğızıstan-Qazaxıstan münasibətlərində də müəyyən çətinliklər var və bu da zaman-zaman sərhəddə gərginliyə səbəb olur.

Bundan başqa, İrəvanın Azərbaycanla sərhəd problemlərinin həllində yardım üçün müttəfiqlərinə davamlı müraciət etməsi də əlavə başağrısı yaradır. Təşkilatın Bakı ilə dostluq münasibətlərində olan digər üzvləri Ermənistanın mövqeyini bölüşmür, nəticədə, İrəvan durmadan KTMT-nin effektiv olmadığından şikayətlənir.

Yeri gəlmişkən, gələn il KTMT-yə sədrlik Ermənistana keçəcək və bu, Azərbaycan tərəfindən bir çox sual yaradır. Aydındır ki, İrəvan bundan istifadə edərək, KTMT-nin Ermənistan-Azərbaycan sərhədində baş verən proseslərə cəlbi cəhdlərini artıracaq. Onun hədəfi aydındır: KTMT-ni sərhədə cəlb edərək, təşkilatın hərbi kontingentini Azərbaycana qarşı qoymaq. «Ağıllı» erməni strateqlər düşünür ki, KTMT-nin mümkün kontingentinin funksiyasının nə olmasından asılı olmayaraq, o, Ermənistan tərəfdə yer alacaq və demək, Azərbaycanda sərhəddə bufer rolu oynayacaq. Bununla yanaşı, erməni tərəfi “KTMT-nin Kollektiv operativ reaksiya qüvvələrinin hərbi kontingentlərinin heyətləri haqqında» qərarı müxtəlif cür interpretasiya edə və ona tamam fərqli məna verə bilər.

Amma bütün bunlar üçün İrəvanın arzusu kifayət deyil. Burada təşkilatın bütün üzvlərinin kollektiv iradəsi tələb olunur, o isə yoxdur. KTMT-nin baş katibi Stanislav Zas bir müddət əvvəl digər iştirakçıların mövqeyini ifadə edərkən İrəvana izah etməyə çalışmışdır ki, o, blokun yardımına yalnız Bakı tərəfindən aşkar təcavüzə məruz qalacağı təqdirdə arxalana bilər. Üstəlik, Zas KTMT katibliyinin belə təhlükə görmədiyini də söyləmişdi.

Bütün bunlarla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbə sammitindəki çıxışında bildirib ki, «KTMT-nin məsuliyyət zonasına aid müxtəlif regionlarda hadisələrin inkişafı məntiqi açıq şəkildə göstərir ki, təşkilatın böhranlara reaksiya mexanizmlərinin aktuallaşdırılması vacibdir». Paşinyan müxtəlif regionlardan danışarkən açıq şəkildə söhbətin həm də Ermənistandan getdiyini deyib, Azərbaycanla sərhəddəki vəziyyətə «böhran reaksiyası» göstərilməsinin zəruriliyinə diqqət çəkib.

Paşinyanın KTMT qüvvələrinin potensialının «müasir və yeni, o cümlədən pilotsuz silahlarla» müasirləşdirilməli, artırılmalı olduğuna dair bəyanatı isə açıq şəkildə göstərir ki, İrəvan təşkilatı yalnız Azərbaycana deyil, ola bilsin ki, həm də Türkiyəyə qarşı hərbi planlarına cəlb etmək cəhdlərindən əl çəkmir.

 

KTMT üçün Əfqanıstan məsələsi

Lakin tam aydındır ki, KTMT-nin digər üzvlərinin diqqəti fərqli istiqamətə yönəlib. Söhbət, ilk növbədə, Əfqanıstandan gedir. Hər kəs anlayır ki, Azərbaycan nə ümumilikdə bloka, nə də onun ayrı-ayrı üzvlərinə təhdid yaratmır. Odur ki, bu dövlətlər Ermənistanın hərbi-siyasi kələyinə alət olmağa həvəs göstərmirlər. Əfqanıstan məsələsi isə KTMT-nin ən azı Mərkəzi Asiyadan olan üzvləri üçün bitmək bilməyən təhlükədir. Üstəlik, bu təhlükə getdikcə artır.

Güman ki, KTMT son sammitində Əfqanıstana münasibətdə fəaliyyət alqoritmini tam olaraq müəyyənləşdirib. Söhbət Əfqanıstanda məskunlaşmış terror təşkilatlarından gələn risklərdən effektiv müdafiənin qurulmasından, mümkün qaçqın axınına qarşı effektiv kordonun təşkilindən gedir. Bu yanaşma üzv dövlətlərin «Əfqanıstandakı vəziyyət haqqında» adlı birgə bəyanatında da əksini tapıb. Bəyanatda zorakılığa son qoyulmasının, Əfqanıstandaxili dialoqa başlanmasının vacibliyi kimi deklarativ fikirlərlə yanaşı, KTMT-nin üzv dövlətlərin təhlükəsizliyinin təmini üçün əlində olan resursları səfərbər etməyə hazır olduğunu təsdiqləyən tezis də var.

Bu yaxınlarda Əfqanıstanla sərhəddə Rusiya, Tacikistan və Özbəkistan silahlı qüvvələrinin birgə hərbi təlimi keçirilib. Bu, ilk növbədə, Mərkəzi Asiya dövlətlərinin Əfqanıstanla sərhədində təhlükəsizliyin təmini üçün lazımi resursların necə cəlb oluna biləcəyini nümayiş etdirib. Eyni zamanda bu, Əfqanıstanda və ondan kənarda yaxın zamanlarda bu sərhədlərin möhkəmliyini «sınaqdan keçirməyi» düşünən qüvvələrə mesaj da sayıla bilər.

Qeyd olunmalıdır ki, KTMT-nin Əfqanıstan strategiyasında təşkilatın üzvü olmayan, lakin bir çox məsələlərdə əsas regional oyunçu rolunu oynayan Özbəkistana da böyük önəm verilir. Blokun son sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qonaq qismində iştirakı təsadüf deyildi. Tacikistan və Türkmənistanla yanaşı, bu ölkə də Əfqanıstanla sərhədə malikdir. Bundan başqa, Özbəkistan yerləşdiyi regionda ən güclü orduya və effektiv təhlükəsizlik sisteminə sahib ölkələrdəndir. Bütün bu amillər, həmçinin Özbəkistanın Əfqanıstanda ciddi iqtisadi maraqlarının olması, Mərkəzi Asiya dövlətləri ilə qonşuluğu Daşkəndi Əfqanıstanda və onun ətrafında vəziyyətin normallaşmasına çalışan hər kəs üçün əvəzsiz tərəfdaşa çevirir.

KTMT üzvlərinin ehtiyatlandıqları əsas qüvvələr Əfqanıstandakı terror təşkilatlarıdır. Məlum olduğu kimi, onlar qarşılarına qonşu ölkələrdə radikal dini rejimlər qurmaq hədəfi də qoyublar. Qırğızıstan prezidenti Sadır Japarov təsadüfən deməyib ki, regionda dinə əsaslanan dövlətin qurulması KTMT ölkələrindəki vəziyyətə mənfi təsir göstərəcək. Bununla yanaşı, o, Kabildəki yeni hökumətlə dialoqun vacibliyini də vurğulayıb.

Yeni Əfqanıstan hökuməti ilə dialoqun vacib olduğunu sammit iştirakçılarına videomüraciət ünvanlayan Rusiya prezidenti Vladimir Putin də söyləyib. Taliblərlə dialoq ideyasına Qazaxıstanın dövlət başçısı Tokayev də dəstək verib.

Yeni hökumətlə siyasi dialoqun mümkünlüyünü bildirən KTMT bununla, Əfqanıstanın şimal qonşuları ilə bağlı yürüdəcəyi siyasətin mümkün qədər təxminedilən olmasını təmin etməyə çalışır. Bu halda ən azı KTMT-nin sözü və əməli konkret ünvanlı xarakter daşıyacaq. Demək, «Taliban»ın davranışına hansısa dərəcədə təsir göstərmək mümkün olacaq.

Amma Əfqanıstan sammitdə müzakirə edilmiş yeganə mövzu deyil. KTMT üzvlərinin maraqlarının müxtəlif olduğu özünü dövlət başçılarının qaldırdığı məsələlərdə də göstərib. Onların hər biri diqqəti öz regionunda baş verənlərə çəkməyə çalışıb.  Amma bu səylər iştirakçılar tərəfindən soyuqqanlılıqla qarşılanırdı və konkret qərarların qəbuluna təsir etmirdi. Məsələn, Qırğızıstan prezidentinin KTMT-nin bir üzvünün digərinə hücum edəcəyi təqdirdə işə düşəcək mexanizmin yaradılması təklifi bu cür qarşılanıb. Eyni yanaşma Belarus prezidentinin KTMT-nin qərb sərhədlərindəki gərginliklə bağlı mövqeyinə münasibətdə də müşahidə olunub. Bir sözlə, Belarus-Litva və ya Qırğızıstan-Tacikistan sərhədlərindəki gərginlik digər üzvlərdə şəfqət hissi yaratsa da, onlara reaksiya verilməyib. Hər zaman olduğu kimi.

 

ŞƏT və ya 8+1

KTMT sammitini təşkilatın inkişafında vacib mərhələ kimi xarakterizə etmək olarsa, ŞƏT-in Düşənbə toplantısı bir çox parametrlərinə görə tarixi toplantı sayıla bilər. Birincisi, bu, yubiley sammiti idi – təşkilatın 20 yaşı tamam olur. İkincisi, ŞƏT genişlənib – İran qurumun 9-cu tamhüquqlu üzvünə çevrilib. Üçüncüsü, Düşənbə ilə Tehran barışıblar. Doğrudur, bu barışığın nə qədər davam edəcəyini zaman göstərəcək. Lakin fakt faktlığında qalır – Tacikistan artıq İranın panaziat təhlükəsizlik sistemində (ŞƏT sürətlə buna doğru gedir) öz mövqeyini ifadə və müdafiə etməsinə mane olmur.

Rusiya, Çin və Hindistan liderlərinin sammitə qatılmamaları (görünür, Si Cinpin Rusiya prezidentinin iştirak etmədiyi tədbirə qatılmağı yersiz sayıb, Hindistanın baş naziri isə bu iki liderin olmadığı yerə getməyə həvəs göstərməyib) ümumilikdə diskussiyaların gedişinə və yekun qərarların qəbuluna təsir göstərməyib. Amma bu amil, təbii ki, tədbirin statusunu bir qədər kiçildib.

KTMT liderləri kimi, ŞƏT liderləri də əsas diqqəti Əfqanıstan mövzusuna yönəldiblər. Amma burada diskussiyaların tonallığı və istiqaməti fərqli olub.

KTMT dövlətləri arasında ziddiyyət ümumilikdə təşkilat çərçivəsində təhlükəsizlik sisteminə ciddi zərər vurmursa, onun üçün xarici sərhədləri boyu təhlükəsizlik məsələləri daha aktualdırsa, ŞƏT-də vəziyyət əksinədir. Bu qurumun bir sıra aparıcı üzvləri üçün əsas risk amili elə ŞƏT çərçivəsindəki tərəfdaşların əməlləridir. Məsələn, son illər Hindistan-Pakistan və Hindistan-Çin qarşıdurması xeyli dərinləşib ki, bu da qurumdaxili dialoqa mənfi təsir göstərməyə bilməz. ŞƏT liderlərinin Əfqanıstanda taliblərin hakimiyyətə gəlişinə, onlarla əməkdaşlıq etməyin lazım olub-olmadığına fərqli yanaşmaları da təsadüf deyil.

Taliblərlə bütün digər qonşu dövlətlərdən daha sıx  əlaqələri olan Pakistanın baş naziri İmran Xan bildirib ki, indi «prioritet humanitar və iqtisadi böhranın aşılmasıdır. Unutmamalıyıq ki, əvvəlki hökumətlər xarici yardımlardan çox asılı idilər. Bu yardımların kəsilməsi iqtisadi kollapsa səbəb ola bilər».

Hindistanın baş naziri Narendra Modi isə taliblərlə dialoq məsələsinə daha ehtiyatla yanaşır. Bununla yanaşı, o, Əfqanıstan ətrafında «təhlükəsizlik sipər»inin yaradılmasının qatı tərəfdarlarındandır.

Maraqlıdır ki, İranın ŞƏT-ə qəbulu ilə təşkilatın fəaliyyətində antiqərb, anti-ABŞ tonallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. ŞƏT-in aparıcı üzvlərinin Qərblə dialoqda yaşadıqları problemlər qəbul olunan qərarların xarakterinə ciddi təsir göstərir. Məsələn, Rusiya və Çinin ABŞ ilə son zamanlar, hətta son aylarda kəskin şəkildə pisləşmiş münasibətləri, Vaşinqtonla Tehran arasındakı münaqişə, Pakistan-ABŞ ziddiyyətləri sonda ŞƏT-in yekun bəyannaməsinin mətninə öz təsirini göstərib. Liderlər bəyan ediblər ki, ABŞ və ümumilikdə Qərb Əfqanıstanda humanitar fəlakətin qarşısının alınmasına yardım etməlidir, çünki bu ölkədə talibançıların devirdiyi hakimiyyətə illər boyu edilən yardımın bir xeyri olmadı.

Əfqanıstanda yaranmış vəziyyətə görə məsuliyyəti Rusiya prezidenti Vladimir Putin də ABŞ və NATO-nun üzərinə qoyub. O, Əfqanıstan Mərkəzi Bankının taliblərin hakimiyyətə gəlişindən sonra dondurulmuş aktivləri üzərindən məhdudiyyətin götürülməli olduğunu deyib. Putin bildirib ki, Əfqanıstanın yeni hökuməti bu vəsaitləri əldə edə bilməzsə, narkotik və silah ticarətinə üstünlük vermək məcburiyyətində qala bilər.

Onu Çin lideri də dəstəkləyib. Doğrudur, Cinpin konkret ABŞ-ın adını çəkməyib. Lakin bildirib ki, «bəzi dövlətlər» Əfqanıstanın gələcək inkişafına görə lazımi məsuliyyətin altına girməlidir, çünki yaranmış vəziyyətin səbəbkarı onlardır.

«Reuters» xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Əfqanıstanın xarici banklardakı aktivlərinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Onun fikrincə, bu, “Taliban” hökuməti ilə dialoqu asanlaşdırardı.

Yalnız son illər Qərb dövlətləri, xüsusilə ABŞ və Böyük Britaniya ilə xeyli yaxınlaşmış, onlardan Çin və Pakistana qarşı əks-qüvvə kimi  istifadə edən Narendra Modi maksimum ehtiyatlı danışıb. «Bu regionda (ŞƏT dövlətləri regionunda) ən böyük problemlər sülh, təhlükəsizlik və inamsızlıqla bağlıdır», - deyə o, bildirib. Ola bilsin ki, Modi ŞƏT üzvləri arasındakı inamsızlıqdan danışıb – İran kimi çətin, özünəməxsus dövlətin təşkilata qəbulu ilə bu inamsızlıq daha da dərinləşə bilər.

Bu fikirlərin nə qədər ədalətli olduğunu isə qarşıdakı illər göstərəcək. Bu illərin ŞƏT üçün heç də asan keçməyəcəyinə şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

189