Müəllif: Natiq NAZİMOĞLU
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki ölkə üçün ictimai-siyasi sabitlik baxımından növbəti sınaq oldu. Hakim «Gürcü arzusu» partiyası seçkiyə qatılmış seçicilərin, təxminən, yarısının səsini qazanmaqla, əvvəlki mövqeyini qoruyub saxladı. Lakin müxalifət ölkənin iri şəhərlərindəki mer seçkilərində ciddi nailiyyətlər qazandı və nəticədə, seçkinin ikinci turu gözlənilir.
İndi Gürcüstandakı ümumi qeyri-müəyyənliyi eks-prezident Mixail Saakaşvilinin gözlənilmədən vətənə qayıdışı və həbsi daha da artırıb. Bu, onun uzun illər Gürcüstandan kənarda yaşamasına baxmayaraq, ölkənin daxili siyasi proseslərində vacib amil olaraq qaldığını təsdiqləyir.
«Hərəkat» «Arzu»ya qarşı
Bələdiyyə seçkisi Gürcüstanda ictimai-siyasi vəziyyətin dayanıqlı olmadığını bir daha üzə çıxarıb. Burada ötən il keçirilmiş parlament seçkisindən sonra vəziyyət onsuz da gərgin idi: ilk növbədə, Saakaşvilinin «Vahid milli hərəkat» (VMH) partiyasının timsalında müxalifət ali qanunverici orqanın işini boykot etmiş, bunu seçkinin gedişində ciddi qanun pozuntularına yol verildiyi iddiası ilə əsaslandırmışdı. O zaman vəziyyətə Avropa İttifaqı belə, müdaxilə etmişdi. «Arzu» ilə VMH yalnız Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə razılığa gəlmişdilər: yerli özünüidarəetmə orqanlarına 2021-ci ildə keçiriləcək seçkidə hakim partiya 43%-dən az səs toplasaydı, ölkədə növbədənkənar parlament seçkisi keçirilməli idi. Doğrudur, sonradan hər iki tərəf bu razılaşmadan imtina edib. Lakin 43%-ə hələ də «Arzu»nun taleyi ilə bağlı test kimi yanaşılırdı.
VMH seçki ərəfəsində əminliklə bildirirdi ki, faktiki olaraq milyarder Bidzina İvanişvilinin idarə etdiyi hakim partiyanın hökmranlığına, nəhayət, son qoyulacaq. Amma müxalifətin gözləntisi özünü doğrultmayıb.
Gürcüstan elektoratı 54 bələdiyyədə, o cümlədən 5 şəhərdə merlər və sakrebulonun (yerli orqanlar) deputatlarını seçib. Seçkinin nəticəsi birmənalı olmayıb: bir tərəfdən hakim «Gürcü arzusu» 47% səs qazanıb, digər yandan isə onun şəhərlərin meri vəzifəsinə namizədləri ilk turda qələbə qazana bilməyib. Söhbət həm də Tbilisidən gedir. Bunu VMH-nin uğuru saymaq olar, halbuki o, proporsional səsvermədə hakim partiyadan 16% az səs toplayıb.
Ümumilikdə «Arzu» ilə VMH Gürcüstanın ən güclü siyasi partiyaları olduqlarını bir daha təsdiqləyiblər. Sabiq baş nazir Georgi Qaxariyanın üçüncü yeri tutmuş və cəmi 4 ay əvvəl yaratdığı «Gürcüstan üçün» partiyası cəmi 7,8% səs qazanıb.
Mer seçkilərinin ikinci turunda Tbilisinin başçısı postu uğrunda yarış prinsipial əhəmiyyət daşıyacaq. Ən azı ona görə ki, Gürcüstan əhalisinin, təxminən, üçdə biri paytaxtda yaşayır. Bu şəhərdə ikinci tur mübarizəsi «Gürcü arzusu»nun namizədi Kaxa Kaladze ilə VMH təmsilçisi Nika Meliya arasında gedəcək. Onlar ilk turda müvafiq olaraq, 45 və 34% səs qazanıblar. Rustavi, Kutaisi, Poti və Batumi merləri də ikinci turda müəyyənləşəcək.
Bütün bunlarla yanaşı, oktyabrın 2-də keçirilmiş seçki ümumilikdə sakit keçib və bunu beynəlxalq müşahidəçilərin reaksiyası da təsdiqləyir. «Avratlantik kurs» götürmüş Gürcüstan üçün rəyi önəmli olan Avropa institutları bildiriblər ki, «qeyri-bərabər şərait, seçicilərə təzyiq, onların ələ alınması ilə bağlı ittihamların həddindən çox olması prosesə zərər versə də», seçki rəqabət şəraitində və demokratik keçib.
Mixail amili
Prinsipcə, Mixail Saakaşvili olmasaydı, hər şey daha sadə alınardı. Gürcüstanın Qərbə doğru sərt dönüş etməsinin müəllifi sayılan Saakaşvili 8 il xaricdə yaşadıqdan sonra məhz seçki vaxtı qəflətən vətənə dönüb. Güman etmək olar ki, onun qayıdışı Gürcüstanda daxili siyasi hadisələrin gedişinə bu və ya digər formada öz təsirini göstərəcək.
Eks-prezident ölkəyə seçkiyə lap az qalmış qayıdıb. Son illərdə o Ukraynada yaşayıb, bu ölkədə müxtəlif vəzifələrdə çalışıb (o cümlədən Odessanın qubernatoru), hazırda isə Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin rəhbəridir. Oktyabrın 1-i axşam Gürcüstanın sabiq baş naziri İrakli İvanişvili M.Saakaşvilinin həbs olunduğunu bildirib. Sabiq prezident saxlanılaraq Rustavidəki həbsxanaya gətirilib və dərhal aclıq aksiyasına başlayıb.
Saakaşvilinin tərəfdarları onun azadlığa buraxılmasını tələb etsələr də, Gürcüstan prezidenti Salome Zurabişvili sabiq dövlət başçısının əfvinin mümkünsüz olduğunu bildirib. Bundan başqa, hökumət «Saakaşvilinin törətdiyi cinayətlər»in əhatəsini bir qədər də genişləndirib. Onun qiyabi ittiham olunduğu cinayətlərə yeniləri də əlavə olunub. Məsələn, Saakaşvili prezidentliyi dövründə qətldə günahlandırılan iş adamı Sandro Qirqvlianini əfv etməklə, həmçinin parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi işi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilirdi. İndi isə ona qarşı dövlət sərhədinin qanunsuz keçilməsi ilə bağlı da cinayət işi açılıb.
Mixail Saakaşvili isə özünü siyasi məhbus sayır. Bununla yanaşı, o, Ukrayna vətəndaşı olaraq, bu ölkənin konsulu ilə görüş tələb edir. Beləliklə, yaranmış vəziyyət həm də Gürcüstan-Ukrayna münasibətləri üçün sınağa çevrilib. Son illərdə bu iki ölkə arasında münasibətlər elə Saakaşvilinin Ukraynada peyda olması ilə onsuz da bir qədər pisləşib. «Rəngli inqilab»ların qalib gəldiyi iki ölkə arasında münasibətlərin pisləşməsi üçün hər hansı başqa səbəb yoxdur.
Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilinin həbsinə reaksiyası özünü çox gözlətməyib. O, Gürcüstanın sabiq liderinin azad olunması və Kiyevə qayıtması üçün mümkün olan hər şeyi edəcəyini bildirib. Lakin rəsmi Tbilisi məsələyə fərqli rakursdan baxır. Gürcüstan parlamentinin sədri Kaxa Kuçava «Kiyev-Tbilisi münasibətlərini heç nəyin korlanmayacağına» əminliyini ifadə etsə də, fikrini belə davam etdirib: «Saakaşvilinin saxlanması göstərir ki, Gürcüstanda təxribatlara yer yoxdur».
Bu arada, Saakaşvili bir neçə günlük aclıq aksiyasından sonra onu dayandırıb. Ümumiyyətlə, ilk baxışdan sabiq prezidentin vətənə qayıdışı qəfləti verilmiş qərar təsiri bağışlasa da, yaşananlar bunun belə olmadığını göstərir. Hər halda, o, Ukraynaya ekstradisiyadan imtina edib. Saakaşvili bildirib ki, Gürcüstanda qalmaq, «ədalətli seçkilərə, azadlıq və demokratiyaya nail olmaq üçün» siyasi mübarizəni davam etdirmək niyyətindədir.
Beləliklə, o, 8 illik virtual fəaliyyətdən sonra, Gürcüstan siyasətində real olaraq iştirak etmək qərarına gəlib. Amma sabiq prezidentin bu ssenarini reallaşdırmaq şansı heç də yalnız onun hakim partiya ilə mübarizə əzmindən asılı deyil. Bu, həm də Saakaşvilinin Gürcüstana qayıdışının Qərbin planlarına nə qədər uyğun gəlib-gəlmədiyindən asılıdır.
Bir şey aydındır ki, Gürcüstanda hansısa yeni «rəngli» inqilabdan söhbət belə, gedə bilməz. Bu məsələyə «Saakaşvili amili» kontekstində yanaşsaq, qeyd edilməlidir ki, 2003-cü ildə bu ölkədə «qızılgül inqilabı»na dəstək vermiş ABŞ ilə Aİ-nin «Gürcüstan siyasəti» 2021-ci ildə ovaxtkından çox fərqlənir. Vaşinqtonla Brüssel, bəlkə də, qeyd-şərtsiz qərbpərəst siyasətçi olan Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıdışını arzulayır. Lakin onlar bu Cənubi Qafqaz ölkəsindəki nüfuzlarını riskə atmaq fikrində deyillər. Məlumdur ki, artıq Gürcüstan əhalisinin yarısı Saakaşvilini qəbul etmir və «Gürcü arzusu»nun hakimiyyətdə qalmasını istəyir.
Yeni regional şəraitdə Gürcüstan birmənalı olaraq Avro-Atlantik məkana üz tutmuş yeganə dövlətdir. Tbilisinin bu siyasətini Saakaşvilinin dövründəki qədər «meydan oxuyaraq» olmasa da, «Gürcü arzusu» hökuməti də davam etdirir. Qərbin sabiq prezidentə münasibəti ümumilikdə müsbətdir. Lakin ABŞ ilə Aİ-nin Gürcüstanın hazırkı hakimiyyətindən narazılıq etmələri üçün də ciddi əsaslar yoxdur. Onların «Arzu» ilə Saakaşvilinin tərəfdarları arasında açıq seçim etməmələri də bununla bağlıdır.
Amma bütün bunlarla yanaşı, «Saakaşvili amili»nin mümkün güclənməsi ilə Qərb Gürcüstanı növbədənkənar parlament seçkisinə doğru itələyə bilər. Belə olarsa, həmin seçki hazırkı hakimiyyət üçün həlledici olacaq. Doğrudur, belə perspektivin nə qədər real olduğu gələcəkdə bəlli olacaq – ən azı yerli özünüidarəetmə orqanlarına seçkinin ikinci turundan sonra. Məhz bu seçki göstərəcək ki, «Gürcü arzusu» ölkədə hökmran mövqeyini gücləndirəcək, yoxsa daxili siyasi böhran daha da dərinləşərək, faktiki olaraq, ölkə əhalisini iki yerə parçalayacaq. Söhbət Gürcüstana artıq 9 ildir rəhbərlik edən hakimiyyətin tərəfdarları ilə vətənində yenidən siyasi Olimpə yüksəlməyə çalışan eks-prezidentin tərəfdarlarından gedir.
MƏSLƏHƏT GÖR: