24 Noyabr 2024

Bazar, 22:48

DÜNYANIN ƏFQANISTAN MÜƏMMASI

Taliblər beynəlxalq arenada fəallaşsalar da, dünya onları tanımağa tələsmir

Müəllif:

01.11.2021

Əfqanıstanda bu ilin yayında hakimiyyətə qayıtmış radikal «Taliban» üzvlərindən ibarət hökumətlə necə davranmalı? Bu gün bu, dünya siyasəti üçün ən aktual suallardan biridir. Bu, istər Əfqanıstanın özünün strateji əhəmiyyəti, istərsə də taliblərin təxminedilməzliyinin qonşu dövlətlər, region və dünya üçün yaratdığı təhdidlərlə bağlıdır. Üstəlik, sonuncular hələ də ortaya sivil yolla getmək əzmində olduqlarını təsdiqləyən sübutlar qoymayıb.

 

Qərb kömək edəcək?

Taliblərin Əfqanıstanda hakimiyyətə qayıtmasından 2 aydan artıq vaxt keçir. Lakin onların qurduğu hökumət hələ də heç bir dövlət tərəfindən tanınmır. Beynəlxalq birlik taliblərin ümumilikdə keçmiş siyasi təcrübələrinin çox hissəsindən imtina etməmələrindən narazılığını gizlətmir. Söhbət, ilk növbədə, siyasi rəqiblərə qarşı amansız davranmadan, müxtəlif ekstremist və terrorçu təşkilatlarla əlaqələrdən, sosial sahədə total diktatdan, o cümlədən qadınlara təhsil hüququnun verilməməsindən gedir.

Bu faktlar özü Əfqanıstanın son 20 ilinin iflasa uğradığını təsdiqləyir. Halbuki bu müddətdə ABŞ-ın orada hərbi mövcudluğu ilə guya Əfqanıstanın «demokratikləşdirildiyi» iddia olunurdu. Taliblərin hakimiyyətə qayıdışının real fakta çevrilməsindən sonra isə vəziyyətlə hesablaşmamaq mümkün deyil. Odur ki, getdikcə daha çox ölkə Əfqanıstanın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirir. Bu, Qərbə – Avropa fövqəldövlətləri və ABŞ-a da aiddir. Halbuki onların 2021-ci ilin yayında Əfqanıstanı qəflətən tərk etməsinə avratlantizmin kollektiv fiaskosundan başqa heç bir ad vermək olmaz.

Hazırda Qərb, ilk növbədə isə Birləşmiş Ştatlar diqqəti daha çox əfqan xalqının yaşamaqda olduğu dəhşətli günlərdə üzləşdiyi ciddi humanitar problemlərin həllinə yönəldir. Taliblərlə müəyyən təmaslar quran (məsələn, oktyabrda Qətərin paytaxtı Dohada onlarla danışıqlar aparılıb) ABŞ və Aİ Kabilə 1 milyard dollardan artıq təcili yardım vəd edib. Lakin taliblərin tanınmasından, xüsusilə onlara inamdan söhbət getmir. Bundan başqa, Vaşinqton Əfqanıstan Mərkəzi Bankına məxsus olan və ABŞ-da saxlanılan 9,5 milyard dollarlıq ehtiyatla bağlı «dondurulma» qərarını ləğv etməyi də düşünmür. Aİ ilə taliblərlə Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etmək haqda razılığa gəlsə də, bunu sırf əfqan xalqına kömək etmək istəyi ilə əlaqələndirir. Başqa sözlə, Brüssel də Əfqanıstanın yeni hökumətini tanımaq niyyətində deyil.

Lakin ümuməfqan geosiyasətini, ilk növbədə, talib hökumətinin tanınmasının tez olduğuna dair beynəlxalq konsensusla xarakterizə etmək olarsa, Avrasiyanı xaosun bürüməsi ehtimalı da aktuallığını itirmir. Söhbət, ilk növbədə, «yeni» Əfqanıstanın qonşuları üçün yarada biləcəyi təhdidlərdən gedir. Görəsən, ABŞ qəflətən Əfqanıstanı tərk etmək qərarına gələn zaman bu haqda da düşünübmü? Məlum deyil. Fakt odur ki, bu gün Əfqanıstanın qonşuları «Taliban» qasırğası»nın regiona yayılmasının necə əngəllənməsi üzərində «baş sındırır».

 

Daşkəndin praqmatikliyi, Düşənbənin narahatlığı və Ankaranın hədəfləri

Mövcud vəziyyətdən ən çox narahatlıq ifadə edən Əfqanıstanla sərhəd olan Mərkəzi Asiya dövlətləridir. Söhbət, ilk növbədə, Özbəkistanla Tacikistandan gedir. «Taliban»ın son zəfərindən sonra onun mümkün yayılması qarşısında ən zəif ölkələr məhz bunlar sayılır. Üstəlik, bu təhlükə heç də Özbəkistanla Tacikistanın Əfqanıstanla bilavasitə həmsərhəd olmalarından qaynaqlanmır. Bu, həm də Əfqanıstan ərazisində sayına və nüfuzuna, hətta hərbi gücünə görə nüfuzlu etnik özbək və tacik qruplarının mövcudluğu ilə bağlıdır. Lakin Daşkəndlə Düşənbənin talib təhlükəsinə yanaşmasında ciddi fərq var. Bu, ilk növbədə, onların siyasi imkanlarından və iqtisadi potensialından qaynaqlanır.

Daşkənd taliblərin qonşu ölkədə hakimiyyətə qayıdışına praqmatik yanaşır. O, Kabil ilə ticarət əlaqələrin inkişaf etdirmək istəyir, yalnız Özbəkistan və Əfqanıstan üçün deyil, regionun digər dövlətləri üçün də vacib sayılan müxtəlif birgə layihələrin icrasını vacib sayır. Söhbət, məsələn, Özbəkistanla Pakistan arasında bu ilin fevralında əldə olunmuş dəmir yolu tikintisi razılaşmasından gedir. Bu yol iki ölkəni Əfqanıstan vasitəsi ilə birləşdirməlidir.

Regionun liderlərindən sayılan Daşkənddən belə işgüzar siqnalın gəlməsi, deyəsən, «Taliban» hökuməti tərəfindən də adekvat qarşılanıb. Hər halda, Əfqanıstandan Özbəkistana Xarici İşlər, Müdafiə, İqtisadiyyat, Səhiyyə, Təhsil nazirliklərinin nümayəndələrindən ibarət böyük bir qrupun səfər etməsi belə düşünməyə əsas verir. Səfər çərçivəsində tərəflər «qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün» işçi qrupun yaradılması haqda razılığa gəliblər. «Qarşılıqlı maraq doğuran məsələlər» sırasında isə «Surxan-Puli-Xumri» elektrik xəttinin çəkilişi, həmçinin bütün region üçün əhəmiyyət daşıyan həmin Termez-Məzari-Şərif-Kabil-Pişəvar dəmir yolunun inşası məsələləri var.

Başqa sözlə, Daşkənd faktiki olaraq, qaçılmaz olana, yəni Əfqanıstanda taliblərin hökmranlığına qarşı getməyəcəyini göstərir və hətta bundan iqtisad fayda qazanmağa çalışır. Taliblərin siyasi baxımdan tanınmasına gəlincə, bu məsələdə də Daşkəndin mövqeyi konkretdir. Özbəkistanın xarici işlər naziri Abduləziz Kamilov bildirib ki, «Taliban» hökumətinin tanınması məsələsi «gündəmdədir» və Daşkənd onu «separat şəkildə deyil, müttəfiqləri, tərəfdaşları ilə birgə həll etməyi düşünür».

Özbəkistanla müqayisədə iqtisadi imkanları xeyli məhdud olan Tacikistan isə taliblər tərəfindən birbaşa təcavüzə məruz qala biləcəklərindən çox ehtiyatlanır. Diqqəti məhz bu potensial təhlükəyə çəkən Düşənbə Əfqanıstanda «Taliban»ın hakimiyyətə qayıdışını mənfi qarşıladığını lap əvvəldən ortaya qoyub. Cavabında taliblər hərəkatın sıralarında yer alan tacik yaraqlıları səviyyəsində Tacikistana soxula biləcəklərini bildiriblər. Maraqlıdır ki, onlardan biri olan Mahdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna başçılıq edir.

Bu hədənin reallaşdırılması cəhdlərinin olacağı təqdirdə Tacikistan yardım üçün üzvü olduğu KTMT-yə müraciət etməyi düşünür. Amma taliblər tərəfindən təhdidin ciddiliyi onu başqa müttəfiqlər də axtarmağa məcbur edir. Bu isə Türkiyədir. Tacikistan parlamentinin aşağı palatasının sədri Mahmadtoir Zokirzodanın Ankaraya səfəri zamanı hərbi əməkdaşlığa daimi razılaşmanın imzalanması imkanları təsadüfən müzakirə edilməyib. Bu haqda ilkin razılığa hələ Türkiyənin müdafiə naziri Hülusi Akarın Tacikistana iyulda etdiyi səfər zamanı nail olunmuşdu.

Ankaranın özünə gəlincə, o, taliblərə qarşı öz «oyun»unu oynayır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya səfər etmiş «Taliban» nümayəndələri ilə görüşdə açıq şəkildə bildirib ki, «hərəkat Əfqanıstanda birlik, bərabərlik istəyirsə, inklüziv hökumət formalaşdırmalıdır». Amma deyəsən tərəflər Kabil Beynəlxalq Hava Limanında türkiyəli mütəxəssislərin xidmət aparması ilə bağlı razılığa gələ bilməyib.

İstənilən halda, Ankara açıq şəkildə göstərir ki, o, xarici siyasətində «əfqan vektoru»ndan imtina etmək fikrində deyil. Hər halda, onun xarici siyasəti həm Əfqanıstanda sabitliyə nail olunmasından Türkiyənin fəal iştirakını, həm Mərkəzi Asiyada mövqelərin gücləndirilməsini, həm də regionun türkdilli ölkələri ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu hədəflərə nail olunması üçün Türkiyə strateji müttəfiqlərindən olan Pakistanın dəstəyindən də fəal şəkildə istifadə edir. Məlum olduğu kimi, İslamabad ənənəvi olaraq, Əfqanıstanda gedən proseslərə ciddi təsir rıçaqlarına malikdir. Son amil də təsdiqləyir ki, taliblərlə dünya gücləri arasında münasibətlərin gələəck konfiqurasiyası, ilk növbədə, Əfqanıstanla bilavasitə həmsərhəd olan dövlətlərdən asılıdır. Bu mənada, Moskva və Tehran formatları daha çox diqqət çəkir. Söhbət Əfqanıstana qonşu dövlətlərlə onun de-fakto talib hökuməti ilə münasibətlərinin müzakirə olunacağı platformalardan gedir.

 

Moskva və Tehran formatları

Oktyabrın son ongünlüyündə əvvəlcə Moskvada, sonra isə Tehranda hər iki format çərçivəsində növbəti iclaslar keçirilib. Lakin taliblər Rusiya paytaxtındakı müzakirələrə qatılsalar da, İran paytaxtına yollanmayıblar. Nəticədə, Əfqanıstan hökumətinin İrana inanmadığı, eyni zamanda Tehranın özünün son dərəcə ehtiyatlı tərpənərək, «Taliban»ın görüşə dəvət etmədiyinə dair fikirlərin yayılmasına səbəb olub.

Rusiya və İran paytaxtında aparılan danışıqlarda Rusiya, İran, Çin, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan təmsilçiləri iştirak ediblər. Moskva müzakirələrinə taliblərlə yanaşı, Hindistan, Qazaxıstan və Qırğızıstan təmsilçiləri də qatılıb. Tehran görüşündə isə (müzakirələr sırf xarici işlər nazirləri arasında aparılıb) Əfqanıstan üzrə xüsusi elçilər və Kabildəki səfirliklərin nümayəndələrinin mütəmadi görüşlərinin təşkili mexanizminin yaradılması haqda razılığa gəlinib.

Hər iki formatda əslində bənzər ideya və təşəbbüslər irəli sürülür. Qonşu dövlətlər Əfqanıstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etməklə yanaşı, bu ölkənin Mərkəzi Bankına məxsus hesabların açılmasını dəstəkləyir, BMT-ni donor konfransının təşkilinə çağırır, Əfqanıstana humanitar yardımların davam etdirilməli olduğunu bildirir. Taliblərin özlərindən isə Əfqanıstanın qonşularına qarşı dost siyasətinin yürüdülməsi tələb olunur. Bütün qonşu ölkələr «Taliban»ın «İslam Dövləti» terror təşkilatına qarşı çıxmasında maraqlıdır və Əfqanıstan məsələsində nəinki onun qonşularını, həm də ABŞ və Aİ də daxil olmaqla, bütün dünya birliyini birləşdirən əsas məsələlərdən biri məhz budur.

Bəs, bu cür konkret addımlar dünya birliyinin «Taliban»ı tanıması ilə nəticələnə bilərmi? Moskva və Tehran formatlarının iştirakçıları bir məsələdə də tam həmrəylik nümayiş etdirirlər: Əfqanıstanda hakimiyyətə qayıtmış taliblər ölkədəki bütün siyasi qüvvələr və etnik qrupların təmsil olunacağı inklüziv hökumət qurmalıdır.

Lakin bu məsələdəki qlobal həmrəylik nəhəng fövqəldövlətlərin Əfqanıstanda nüfuz savaşının getdikcə qızışmaqda olduğunu da inkar etmir. Bu mənada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehran formatı çərçivəsində keçirilən görüşdə səsləndirdiyi fikir nümunə sayıla bilər. Toplantıya onlayn formatda qatılmış Lavrov Əfqanıstanla qonşu olan dövlətləri ərazilərində ABŞ və NATO-nun hərbi mövcudluğuna imkan verməməyə səsləyib, bu qüvələrin «Əfqanıstanı tərk etdikdən sonra onun qonşularının ərazisinə yerləşməyə çalışdıqlarını» bildirib. Aydındır ki, bu çağırış Əfqanıstanın şimal qonşularına – Mərkəzi Asiyanın postsovet respublikalarına ünvanlanıb. Demək, taliblərin hakimiyyətə qayıdışı ilə bütün dünyanı qarışdırmış Əfqanıstan bundan sonra da Avrasiyada geosiyasi qarşıdurmaların əsas meydanlarından olacaq – yeganə meydanı yox, meydanlardan biri.



MƏSLƏHƏT GÖR:

173