24 Noyabr 2024

Bazar, 23:33

ÜMİDSİZ QAYDALAR

Qara dəniz regionu geosiyasi burulğanlar zonasına çevrilə bilər

Müəllif:

01.11.2021

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Qara dəniz regionuna (Gürcüstan, Rumıniya və Ukrayna) bu yaxınlarda etdiyi səfərin birbaşa ABŞ/NATO-Rusiya qarşıdurması ilə əlaqəli olduğunu söyləmək mümkündür. Üstəlik, o, Gürcüstan və Ukraynada apardığı danışıqlardan dərhal sonra NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısına qatılıb. O toplantıda isə «Rusiya tərəfindən potensial təcavüz»ün qarşısının alınması üçün məxfi plan razılaşdırılıb. Ekspertlərin fikrincə, bu iki geosiyasi rəqib bilərəkdən Ukrayna və Gürcüstanda «stavka»nı artırır. Bununla yanaşı, Rusiya ABŞ/NATO ilə Aİ arasındakı ziddiyyətlərdən, həmçinin bəlkə də, ABŞ ilə Çin arasındakı qarşıdurmadan faydalanmağa da çalışır. Bütün bunlar isə Gürcüstan və Ukraynada bitmək bilməyən daxili siyasi böhranlar fonunda baş verir. Odur ki, Avropada enerji böhranının getdikcə dərinləşməsinə baxmayaraq, qış «isti» keçəcək.

 

Kremlin qarşısının alınması səyləri

Ostin Tbilisidə kifayət qədər birmənalı bəyanatlarla yadda qalıb. O, ölkəsinin «Rusiyanın təcavüzünə qarşı ön xətdə olan ölkələrin suverenliyinə dəstək verəcəyini, onu gücləndirəcəyini» bildirib. Daha sonra Pentaqon rəhbəri ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze hərbi tərəfdaşlıq haqqında memorandum imzalayıblar. Sənəddə ABŞ-ın Gürcüstana uzunmüddətli yardım siyasətindən danışılır. Söhbət o cümlədən Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, yenə də kənar təcavüzlərin qarşısının alınmasına, həmçinin ölkənin Avro-Atlantik məkana inteqrasiyasına dəstək siyasətindən gedir. Müşahidəçilər hesab edir ki, Donbasda yeni qarşıdurma yaranarsa və ya Cənubi Osetiyada gərginlik artarsa, ABŞ-ın Gürcüstanda hərbi dayaq nöqtələri yaradacağı istisna deyil. Bəzilərinin fikrincə, Gürcüstan ərazisində ABŞ-a məxsus hərbi baza belə, peyda ola bilər.

Ostin daha sonra, oktyabrın 19-da Ukrayna paytaxtında sərtliyi bir qədər də artıraraq, Rusiyanın bütün «qırmızı xət»lərini keçib. O, bildirib ki, ölkəsi Kiyevin NATO-ya üzv olmaq cəhdlərini tam dəstəkləyir və heç kimin buna mane olmaq haqqı yoxdur. «Mən Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və Avro-Atlantik məkana sarsılmaz dəstəyimizi ifadə etmək, onun Rusiyanın gələcək təcavüzlərinin qarşısının alınması imkanlarının gücləndirilməsinə sadiqliyimizi təsdiqləmək üçün buradayam», - deyə Amerikanın müdafiə naziri özünün «Twitter» sosial şəbəkəsindəki səhifəsində hələ Ukraynanı tərk etməmiş yazıb.

Bu fikirlərin Ukrayna prezidenti ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviçin açıqlamasından cəmi bir neçə gün sonra səsləndirilməsi xüsusilə maraqlıdır. Arestoviç bildirmişdi ki, Kiyev Rusiya ilə mümkün hərbi münaqişə ilə bağlı müxtəlif ssenarilər üzərində işləyir. Ukraynada hesab edirlər ki, Rusiya ilə müharibə «artıq gedir» və hansısa mərhələdə o, tammiqyaslı münaqişəyə çevrilə bilər.

Rusiya öz növbəsində, bütün bunları qarşı tərəfin təxmin etdiyi kimi qarşılayıb. Rusiya prezidenti Vladimir Putin «Valday» diskussiya klubunun toplantısındakı çıxışında bildirib ki, Pentaqon rəhbəri Lloyd Ostinin Kiyevə səfəri faktiki olaraq, Atlantik hərbi blokunun qapılarını Ukraynanın üzünə açmasıdır. Bunun ardınca, o, hər kəsin təəccübünə səbəb olan fikir səsləndirib: Kreml, əlbəttə ki, Kiyevin NATO-ya qoşulmasına mane ola bilməz. Amma bununla yanaşı, Putin Ukraynanın alyansa üzvlüyünün «fəsadlarını minimuma endirə biləcəyini» söyləyib. Fəsadların minimuma endirilməsi dedikdə, konkret nəyin nəzərdə tutulduğu məlum deyil. Odur ki, Putinin cavabının məğzi də elə bundadır.

Rusiya prezidenti daha əvvəl Ukraynanın vəziyyətini «dalana dirəniş» kimi xarakterizə etmiş, hətta bildirmişdi ki, o, «Kiyevin bu vəziyyətdən necə qurtula biləcəyini dəqiq bilmir». Bu, ilk baxışdan qorxulu görünə bilər. Amma əslində, məsələni bu cür də izah etmək mümkündür: «Siz təklif edin, biz nəzərdən keçirək». «Stavka»nın artırılması da elə budur.

Bütün bunlarla yanaşı, Putin və ətrafını narahat edən əsas məsələ məlumdur. NATO tədris mərkəzləri adı altında Ukrayna (həmçinin Gürcüstan) ərazisinə öz raketlərini yerləşdirə bilər. Ola bilsin ki, Ostinin son bəyanatları da əslində Kiyevin NATO-ya tamhüquqlu üzvlüyü ilə yox, məhz bu məqamla əlaqəlidir. Yeri gəlmişkən, ərazi münaqişəsi yaşayan Gürcüstanla Ukraynanın bu səbəbdən NATO-ya tamhüquqlu üzv olmaları onsuz da mümkünsüzdür. Moskva üçün isə bu, problemin məğzini dəyişmir. Odur ki, Rusiya KİV, məsələn, Ukraynanın Oçakov limanının operativ hərbi-dəniz mərkəzinə çevrilə biləcəyinə dair həyəcan təbili çalır, onun «Krımın cəmi 15 kilometrliyində yerləşdiyini» xatırladır. Təbii ki, KİV-də Kremlin indiki şəraitdə necə davranmalı olduğuna dair fikirlər də yer alır. Bəziləri hesab edir ki, bu halda Moskva separatçı respublikaların müstəqilliyini tanımalı və ya onları Rusiyanın tərkibinə qatmalı, eyni zamanda Qərb sərhədlərini daha da möhkəmləndirməlidir.

 

Yeni «plan»

Amma regionda sabitliyə nail olunması baxımından bu ssenari yaxşı heç nə vəd etmir. Amma indi ən azı ritorikanın getdikcə sərtləşməsinin qaçılmaz olduğu da bəllidir. Bu vəziyyət, yəqin ki, fövqəldövlətlərin öz aralarında münasibətləri aydınlaşdırmasınadək davam edəcək. Hər halda, İkinci Dünya müharibəsindən sonra formalaşmış qaydaların köhnəldiyi və artıq heç bir işə yaramadığı hər kəsə məlumdur.

Artıq qeyd edildiyi kimi, NATO-Rusiya xəttindəki qarşıdurmada «stavka»nı hər iki tərəf davamlı olaraq qaldırır. Məsələn, NATO-nun yeni «müdafiə planı» Rusiya ilə mümkün miqyaslı hərbi münaqişə halında Baltikyanı bölgədən tutmuş, Qara dəniz regionunadək hərbi əməliyyatların aparılmasını nəzərdə tutur. Bu özü artıq hər şeyi deyir. Rusiya Xarici İşlər Nazirliyi isə yaşananlara alyansla əlaqələri faktiki olaraq, tam kəsməklə cavab verir. Rusiya NATO yanındakı daimi nümayəndəliyinin qeyri-müəyyən müddətə bağlandığını, həmçinin Rusiya ərazisində alyansın 2 strukturunun (hərbi missiya və informasiya bürosu) fəaliyyətinə son qoyulduğunu bəyan edib. Moskva bununla NATO yanındakı missiyasının 8 əməkdaşının casusluqda ittiham olunaraq deportasiya edilməsinə cavab verib. Rusiyanın NATO-dakı missiyasının fəaliyyətini dayandırması, həqiqətən də, ciddi ismarıcdır. Xüsusilə bu, Viktoriya Nulandın Moskva səfərindən dərhal sonra baş verirsə…

Yəqin ki, Rusiya Qərbin ona qarşı vahid cəbhədən çıxış edə bilməyəcəyinə əmindir. Qərb paytaxtlarında yaşanmaqda olan enerji və sistem problemləri bu əminliyi daha da artırır. Təbii qaz problemi, həqiqətən də, Aİ-ni son dərəcə çətin vəziyyətdə qoyub – «mavi yanacağ»ın bahalaşması Avropa iqtisadiyyatını «batırır».

Bəs, belə bir vəziyyətdə Brüssel Gürcüstan və Ukrayna ilə bağlı prinsiplərini qurban verəcəkmi? Hər halda, Rusiya XİN-in bəyanatı kifayət qədər birmənalıdır: «Avropa İttifaqı öz iradəsini NATO-nun iradəsinə qurban verməklə, beynəlxalq arenada siyasi çəkisini sürətlə itirir». Belə bir vəziyyətdə «Şimal axını-2» layihəsinin taleyi necə olacaq? Moskva bu boru xətti vasitəsilə Ukrayna üzərindən ixracı azaltmağa çalışdığını gizlətmir. Çünki bu alternativ məsafənin qısalması, tranzit xərclərinin azalması baxımından, həqiqətən, daha sərfəlidir.

 

Nəticə

Kiyevə gəlincə, bu halda o, tranzitdən qazandığı pulları itirəcəksə, qışın hələ qarşıda olduğu bir vaxtda ukraynalılar evlərində istilikdən də məhrum olacaqlar. Ukrayna rəhbərliyi bu qış üçün kömür ehtiyatı toplaya bilməyib – bu gün ölkənin, təxminən, 800 min ton kömür ehtiyatı var, lakin ona 2,5 milyon ton kömür lazımdır. Bütün bunların fonunda müxalifət ittihamları getdikcə sərtləşdirir…

İlk baxışdan düşünmək olardı ki, Ostinin bəyanatları Kiyev üçün lazımi anda gəlmiş ümiddir. Amma bəzilərinin fikrincə, Qərb Ukraynadan sadəcə olaraq, Rusiya ilə qarşıdurmada təzyiq vasitəsi kimi istifadə edir. Hər halda, Ostinin Ukrayna səfərindən az əvvəl nüfuzlu «Forbes» jurnalında Kiyev üçün çox «soyuq» sayılacaq tonda məqalə dərc edilmişdi. Müəllif Qərbin yardımının, xarici investisiyaların Ukraynaya kömək etməyəcəyini bildirir, bunu ABŞ-ın özünün ciddi problemlərlə üz-üzə qalması ilə əsaslandırırdı. Söhbət Birləşmiş Ştatların Əfqanıstanı kor-təbii tərk etməsi fonunda üzləşdiyi iqtisadi və logistik problemlərdən gedir.

Təxminən, eyni ruhda məqalə «The American Conservative»də yer alıb. Yazıda bildirilir ki, Ukrayna istiqamətinin Ağ Ev üçün prioritet olmadığı hələ prezident Zelenskinin Vaşinqtona sentyabrın 1-də baş tutmuş səfərindən sonra bəlli olub. Bu üzdən də, Ukrayna diqqətli olmalıdır: onun qərbpərəstliyi Amerika ilə Avropanın daha miqyaslı geosiyasi maraqlarına qurban verilə bilər…

«Milli Vahid Hərəkatın» (MVH) ölkənin üçüncü prezidenti olmuş Mixail Saakaşviliyə azadlıq tələb etdiyi Gürcüstanda da vəziyyət oxşardır və müxalifətin «Gürcü arzusu»na qarşı birləşəcəyi təqdirdə ara tam qarışa bilər. Burada köhnə kartlar yeni oyuna qoyulub, amma əsas sual odur ki, Tbilisidə bu oyun üçün kifayət qədər resurs qalıbmı? Xüsusilə iqtisadi vəziyyətin yaxşı olmadığı, koronavirus pandemiyası, Cənubi Qafqazda dəyişən vəziyyət nəzərə alınarsa…

Beləliklə, Qərbin «beyin mərkəzləri»in sevdiyi ifadə ilə desək, böyük Qara dəniz regionu payızın sonuna yaxın geosiyasi burulğanlar zonasına çevrilə bilər. Putinin sözlərini bir qədər dəyişsək, heç kim üçün xoş olmayan bu vəziyyətə necə son qoyula biləcəyi hələ ki, tam aydın deyil. Vəziyyətin çıxış yolunun tapılmayacağı təqdirdə isə nələrin baş verə biləcəyini də söyləmək çətindir.



MƏSLƏHƏT GÖR:

187