Müəllif: İlqar VƏLİZADƏ
Oktyabrın 15-də Minskdə Müstəqil Dövlətlər Birliyinin yubiley sammiti keçirilib. Bu ilin sonunda təşkilat 30 illiyini qeyd edəcək. Demək, bu sammit yalnız quruma Belarusun sədrliyinin nəticələrini ortaya qoymamalı, həm də MDB-nin 30 illik fəaliyyətinə şərti də olsa, qiymət verilməsi ilə yadda qalmalı idi.
Təşkilat üçün hazırkı gündəmdən danışarkən iki mövzunun xüsusi aktual olduğu qeyd edilməlidir. Bu, MDB məkanında təhlükəsizlik və sağlamlığın müdafiəsi sahəsində əməkdaşlığın effektivliyinin artırılmasıdır. Son məsələ, əlbəttə ki, koronavirus pandemiyasının fəsadları ilə mübarizə ilə də sıx bağlıdır.
Əsas məsələ - təhlükəsizlik
Hələ sammit ərəfəsində – oktyabrın 11-də Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi toplantıda MDB məkanında əməkdaşlıq məsələlərinin müzakirəsini təklif etmişdi. Bu iclas oktyabrın 13-də Moskvada təşkil olunan MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin XVII toplantısı ərəfəsində keçirilirdi. Rusiya üçün MDB üzrə tərəfdaşlarının təhlükəsizlik məsələlərinin proqnozlaşdırılan olması, sabit xarakter daşıması vacibdir. Bununla yanaşı, üzv dövlətlər, o cümlədən Rusiya üçün mövcud risklərə qarşı səylərin birləşdirilməsi də Moskva üçün çox önəmlidir. Bu səylər əməkdaşlıq üçün ümumi meydançanın, ümumi «təhlükəsizlik meydanı»nın yaranmasına imkan verərdi. Moskvanın bu ismarıcı digər iştirakçılar tərəfindən də qəbul olunub və onlar da sərhədləri boyunca mövcud vəziyyətin diktəsinə uyğun prioritetlərini müəyyənləşdirməyə başlayıblar.
Dövlətlərin hər biri üçün prioritetlər sonda onları bütünlükdə MDB-də təhlükəsizliyin təmini üçün birgə səylərə motivasiya edir. Bu işin reallaşdırılması isə ildən-ilə daha çətin vəzifəyə çevrilir. Zaman keçdikcə, MDB-nin xarici sərhədləri daha çox birbaşa və dolayı təhdidlərlə qarşı-qarşıya qalır. Nəticədə, ayrı-ayrı üzvlərin onlara reaksiya verməyə gücü çatmır.
Məsələn, Əfqanıstanda taliblər hakimiyyətə gəlib. Demək, MDB-nin bu ölkə ilə sərhədi birbaşa hərbi-siyasi risklərlə qarşı-qarşıyadır. Belarus sərhədində Aİ və NATO ölkələri ilə xüsusilə qaçqın problemi üzündən gərginlik yüksəlib. Azərbaycan-İran sərhədində də gərginlik var və bu, Xəzər istiqamətində sabitliyə təhdiddir.
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla oktyabrın 6-da keçirdiyi görüşdə Azərbaycanın sərhəddəki hərbi eskalasiyadan hiddətini dilə gətirib. Bu, MDB çərçivəsində qurumun xarici sərhədlərində təhlükəsizliyin təmini ilə bağlı əməkdaşlığın prioritetlərinə tam cavab verirdi.
Bununla yanaşı, MDB daxilində də münaqişəli mövzuların şişməsinə imkan verməmək cəhdləri müşahidə olunur. Çünki üzv dövlətlər arasında münaqişələrin olması vahid təhlükəsizlik meydanının yaradılması vəzifəsinin reallaşdırılmasına ciddi əngəl yaradır. Moskva ən azı mövcud çağırışlar fonunda bu münaqişələrin dərinləşməyəcəyinə, postsovet məkanının gələcək fraqmentasiyasına mane olmayacağına ümid edir.
Nizamlama MDB-nin təhlükəsizliyi nöqteyi-nəzərindən
KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov sammitdən bir gün əvvəl keçirdiyi brifinqdə bildirib ki, Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma Ermənistan-Azərbaycan münaqişəsinə birdəfəlik son qoyulmasına tam imkan verir. Bununla da, Sidorov göstərib ki, ATƏT-in Minsk qrupunun institutundan istifadə o qədər də vacib deyil. Düşünmək olar ki, bu, yaranmış vəziyyətə həm də Rusiyanın hərbi rəhbərliyinin münasibətidir.
«Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmaq mümkün oldu. Hazırda əldə olunmuş razılaşmalar Dağlıq Qarabağ ətrafındakı böhranın tam siyasi həllinə nail olunmasına imkan verir», - deyə Sidorov qeyd edib.
Buradan belə çıxır ki, MDB çətin problemləri «evin sirrini vermədən», yəni xarici aktorları prosesə cəlb etmədən, demək, həm də kənar təsirlərə yol vermədən çözmək potensialına malikdir.
Prezident İlham Əliyev MDB sammitindəki çıxışında xüsusi vurğulayıb ki, Azərbaycan nəinki illərlə davam etmiş erməni təcavüzündən əziyyət çəkmiş ölkədir, o, indi də bu illər ərzində aldığı yaraları sağaltmaqla məşğuldur. Amma buna baxmayaraq, müharibə və münaqişə artıq tarixdə qalıb.
«Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək», - deyə İ.Əliyev qeyd edib.
Bununla, o, faktiki olaraq İrəvana işi uzatmamasını, bütün qalan məsələlərin də razılaşdırılması prosesinə başlamasını təklif edib. Yeri gəlmişkən, İlham Əliyev bunun MDB üzvü olan 3 dövlət arasında imzalanmış məlum bəyannamənin müddəalarına uyğun həyata keçirilməsini təklif edir.
İrəvan MDB-nin prioritetlərini unudaraq, İranın «əlinə oynayır»
Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ də Minsk qrupuna istinad edir, bu isə MDB dövlət başçılarının problemli məsələlərin birlikdə həll olunmasının vacibliyi haqda bəyanatlarına ziddir.
MDB-nin xarici sərhədlərinin müdafiəsində effektivliyin artırılması haqda danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanla İran arasındakı sərhədin 130 kilometrlik hissəsi 25 ildən artıq işğalçı qüvvələrin nəzarətində qaldığından, faktiki olaraq mühafizə edilməyib. Bu, İranın güc strukturlarına yaxın bəzi dairələrinə bu ölkədən Ermənistana, oradan isə Avropaya narkotik qaçaqmalçılığına himayədarlıq etmək imkanı verib. Azərbaycan Prezidenti çıxışında bu məsələyə də diqqət çəkib, bildirib ki, sərhədə nəzarətin bərpası Bakının bu narkotik qaçaqmalçılığı marşrutunu bağlamasına imkan verib. Nəticədə, son il ərzində İrandan Azərbaycan ərazisinə narkotik maddələrin keçirilməsi cəhdləri ilə bağlı faktlar xeyli artıb, Azərbaycan sərhədçiləri iki dəfə daha çox narkotik maddə ələ keçirib.
Paşinyan bu faktları ümumilikdə narkotik qaçaqmalçılığı həcminin artımı ilə əsaslandırmağa çalışıb. O, Ermənistanın müvafiq xidmətlərinin hətta üçqat artım müşahidə etdiklərini də söyləyib. Qeyd edək ki, Azərbaycanın narkotik daşımaları kanallarını qapatması qaçaqmalçıları mallarını sərhədin Rusiya sərhədçiləri tərəfindən qorunan hissəsinə yönəltmək məcburiyyətində qoyub. Ötən illərdə malın Rusiya tərəfindən ələ keçirilə biləcəyindən ehtiyatlanan qaçaqmalçılar bu istiqamətdən çox istifadə etmirdilər. Bu risk indi də davam edir. Lakin indi onların alternativ yolu yoxdur. Odur ki, indi qaçaqmalçılar Qarabağ istiqamətində daşıdıqları narkotik maddələri birbaşa Ermənistan ərazisinə yönəldirlər.
Əfqanıstandan «Taliban» hərəkatının hakimiyyətə gəlişindən sonra isə narkotik maddələrin MDB ölkələrinin sərhədindən, o cümlədən Qafan istiqamətində daşınması cəhdləri yalnız artacaq.
Azərbaycan Prezidenti bir daha bildirib ki, bu halların qarşısı yalnız birgə səylərlə alına bilər, erməni tərəfi isə təəssüf ki, MDB səviyyəsində qəbul olunan qərarları kontekstdən çıxarır.
İqtisadiyyat, səhiyyə və ümumi dəyərlər
Ümumilikdə sammit iştirakçıların yalnız təhlükəsizlik sahəsində səyləri koordinasiya etmək istəyini deyil, həm də insan və humanitar əlaqələri fəallaşdırmaq, iqtisadi əməkdaşlığı dərinləşdirmək, səhiyyə sahəsində fəaliyyəti koordinasiya etmək niyyətini təsdiqləyib.
Koronavirus pandemiyası, ölkələrin son illər qəbul etdikləri karantin tədbirləri MDB üzvləri arasında da iqtisadi-ticari əlaqələri ciddi şəkildə məhdudlaşdırıb. Lakin postkovid dövründə iqtisadiyyatların sürətli bərpası qısa vaxtda əməkdaşlıq templərini artırmağa imkan verib. Nəticədə, ölkələr arasında əməkdaşlıq səviyyəsi nəinki pandemiyadan əvvəlki həddə yaxınlaşıb, hətta onu arxada qoyub.
Sammitdə səslədirilən rəqəmlər göstərir ki, bu ilin ilk yarısında MDB daxilində ticarət dövriyyəsinin həcmi, təxminən, 27% artıb. Buna əsasən düşünmək olar ki, ilin sonuna ölkələr dayanıqlı artıma nail olacaq və bu tendensiya gələcəkdə də qorunub saxlanacaq. Sammitin yekununda qəbul olunmuş birgə bəyanatda iştirakçı ölkələrin liderləri bir məqama təsadüfən vurğu etməyiblər. Sənəddə xüsusi qeyd olunur ki, qarşıdakı dövrdə hər kəs üçün ümumi vəzifə «MDB-nin potensialının reallaşdırılması, beynəlxalq arenada onun mövqeyinin möhkəmləndirilməsi və dinamik inkişafının təminidir».
Buna vətəndaşların MDB məkanında maneəsiz hərəkətinin təmininə hesablanmış «COVID-19-suz səyahət» mobil tətbiqi, həmçinin testin nəticələrinə nəzarət və nəticələrin verifikasiyası üçün sadələşdirilmiş sistem də öz təsirini göstərir. Layihəyə artıq ümumi MDB məkanında 3800-dən artıq tibb məntəqəsi qoşulub. Bu təcrübənin getdikcə daha da genişləndirilməsi biznes əlaqələrinin artmasına, turizmin bərpasına, o cümlədən investisiya sahəsində birgə layihələrin inkişafının stimullaşdırılmasına imkan verəcək. Bütün bunlar sammitdə bəyan olunmuş hədəflərin deklarativ xarakter daşımayacağına ümid yaradır.
MƏSLƏHƏT GÖR: