Müəllif: NURANİ
Azərbaycan-İran münasibətlərində yaşananlar əvvəlkitək siyasətçilərin, mətbuatın və ekspertlərin diqqət mərkəzindədir. Bununla yanaşı, münasibətlərdəki gərginliyin pik həddə çatdığı və bundan sonra getdikcə azalacağı, yoxsa hazırda böhranın sadəcə, müvəqqəti səngidiyinə dair yekdil rəy yoxdur.
Hər halda, ekspertlər «qaynar xronika» ilə uzunmüddətli proseslərin qarışdırmamağı tövsiyə edirlər. Bu uzunmüddətli proseslərdə Cənubi Qafqazdakı sərhəd reallıqlarına heç də hər zaman lazımi diqqət ayrılmır. Daha dəqiq desək, söhbət Arazboyu döyüşlərin, Azərbaycan Ordusunun əməliyyatlarının, Azərbaycan-İran sərhədinin 130 kilometrlik hissəsini Ermənistanın işğalından azad etməsinin vəziyyəti necə dəyişdiyindən gedir.
Görünməyən sərhəd reallıqları
Məlum olduğu kimi, dövlət sərhəddən başlayır. Bu, yalnız daxili təhlükəsizlik məsələsi yox, həm də beynəlxalq öhdəlikdir – qaçaqmalçılıqla mübarizədən tutmuş, sanksiyalar rejiminədək. Odur ki, İran üçün heç bir qanuni hökumət tərəfindən nəzarət olunmayan 130 kilometrlik sərhədin əhəmiyyətini (istər dırnaqarası, istərsə də sözün əsl mənasında) anlamaq mümkündür.
İşğal dövrünün bir çox sərhəd reallıqları hələ indi üzə çıxmağa başlayır. Sən demə, sərhədin işğal altındakı hissəsindən narkotik ticarəti, daha konkret desək, narkotik maddələrin qaçaqmalçılığı üçün istifadə edirlərmiş.
İran Əfqanıstana narkotik qaçaqmalçılığı marşrutunda əsas bəndlərdən biridir. Hələ 2000-ci illərin ortalarında Azərbaycanda tamamilə əsaslı olaraq belə bir ehtimal səsləndirilirdi ki, iranlı narkotik qaçaqmalçıları hökumətin ciddi himayəsi altında fəaliyyət göstərir. Hər halda, sərt islam rejiminin hökm sürdüyü İran kimi ölkədə «yuxarılar»ın dəstəyi olmadan miqyaslı qaçaqmalçılıqla məşğul olmaq mümkün deyil. Bundan başqa, hələ o zaman narkotik qaçaqmalçılığından Azərbaycana qarşı təxribat vasitəsi kimi istifadə olunurdu. Bununla yanaşı, narkotik böyük biznesdir və və bu biznes də ən azı narkotik qəbulu qədər asılılıq yaradır. Xüsusilə ölkə sanksiyalar təzyiqi altındadırsa, onun pula ciddi ehtiyacı varsa – axı Yəmən husilərinə raketlər, Livanın «Hizbullah» təşkilatına səhra artilleriyası və s. lazımdır.
Belə vəziyyətdə qaçaqmalçılıq üçün İranla Azərbaycan arasında Ermənistan tərəfindən işğal olunmuş, hər hansı leqal nəzarətdən kənar böyük sərhəd zolağından ideal pəncərə, hətta «darvaza» ola bilməzdi.
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin sammitindəki çıxışında əbəs yerə deməyib ki, «Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır». Dövlət başçısının sözlərinə görə, Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılmış heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.
Bu çıxışdan sonra Azərbaycan sərhədçiləri Xəzər hövzəsində iranlı qaçaqmalçılara məxsus 3 sürət qayığı saxlayıblar. Baxış zamanı qayıqlardan heroin yox, yalnız siqaret tapılsa da, hər şey marşrutun «sınaqdan keçirilməsi» əməliyyatına çox bənzəyirdi.
Azərbaycanlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov deyib: «Azərbaycan torpaqlarını işğaldan azad etməmişdən əvvəl də dəfələrlə bildirirdi ki, onun İranla Ermənistanın işğalı üzündən nəzarət edə bilmədiyi 130 kilometrlik sərhədindən narkotik qaçaqmalçılığı üçün istifadə olunur. Bu, aşkar fakt olsa da, bizi dinləmək istəmirdilər. Həmin ərazilərdə heç bir gömrük postu, sərhəd qüvvələri olmadığından, Ermənistanın işğalı altındakı ərazilər vasitəsilə narkotik maddələr asanlıqla daşına bilirdi». Sonradan bu yük Avropaya göndərilirmiş…
Sadalanan fatkları nəzərə alsaq, Tehranın hansı məbləğləri itirdiyini, İran kabinetlərində emosiyaların hansı həddə yüksəldiyini təxmin edə bilərik. Rasim Musabəyovun fikrincə, Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsinin İran tərəfində belə isteriya yaratması narkotik ticarəti ilə də bağlı ola bilər.
Heroin və…
Ən səthi təhlillər belə, göstərir ki, indiyədək sərhəd reallıqları yalnız narkotik ticarətindən ibarət olmayıb. Burada İranın üzləşdiyi sanksiyalaryan yayınması yollarından da danışmağa dəyər.
Xatırladaq ki, Azərbaycan rəhbərliyi kimlərinsə ölkə ərazisindən İrana qarşı istifadəsinə imkan verilməyəcəyini dəfələrlə deyib və deyir. Bakı Qərbin İrana tətbiq etdiyi sanksiyalara qoşulmağa da tələsməyib. Amma bununla yanaşı, sanksiyalar rejiminə lazımi ciddiyyətlə yanaşıb. Hər halda, Astara gömrüyündə saxlanılmış yük maşını ilə bağlı qalmalaq yaddaşlardadır. Sənədlərdə maşında guya «dam örtüyü üçün» metalın olduğu yazılsa da, yoxlama zamanı yükün raket mühərriklərinin hazırlanmasından istifadə edilən xüsusi polad olduğu üzə çıxmışdı. Onun İran ərazisinə buraxılması isə qəti qadağandır. Bu, hər şeylə yanaşı, həm də daha bir aydın siqnal idi: Azərbaycan ölkənin antiiran forpostuna çevrilməsinə imkan verməyəcək, lakin onu İran üçün ayaqaltıya da çevirməyəcək.
Bütün bunların fonunda Tehran Ermənistanla kifayət qədər rahat razılığa gələ bilir. Hələ 2007-ci ildə İrəvan Meğridə – Ermənistan-İran sərhədində nəhəng neft emalı zavodunun inşasından danışırdı. O zaman ekspertlərin əksəriyyəti əmin idi ki, Ermənistanın kiçik bazarının bu həcmdə neft məhsullarına ehtiyacı ola bilməz. Məsələ ondadır ki, həmin dövrdə İranın neft sektoru artıq sanksiyalarla üzləşmişdi və Tehran neft sənayesini xilas etməyə çalışırdı. Belə bir şəraitdə neft və qaz yataqlarını ölkədən kənara çıxarmaq mümkün deyilsə, neft emalını kənarda həyata keçirmək mümkün və asandır.
Amma bu, heç də yeganə düşündürücü fakt deyil. Cəmi 3 il əvvəl – 2018-ci ilin oktyabrında ABŞ prezidentinin məsləhətçisi Con Bolton səfər etmişdi. Səfər çərçivəsində o, Cənubi Qafqaz respublikalarının rəhbərləri ilə digər məsələlərlə yanaşı, münaqişələrin həlli haqda da müzakirələr aparmışdı. Əksəriyyət iddia edirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı «Bolton planı» İrəvandan çox Bakının maraqlarına cavab verirdi.
Amma səfər zamanı İrana sanksiyaların tətbiqi haqda da söhbətlər olmuşdu. «Sızmış» xəbərlərin əksəriyyətindən belə məlum olurdu ki, Bolton Paşinyanla məhz antiiran sanksiyaları ilə bağlı razılığa gələ bilməmişdi. Səbəbi anlamaq çətin deyil: sərhədin yuxarıda qeyd etdiyimiz hissəsindən İranan sanksiyalardan yayınması üçün istifdə olunurdu.
«Azərbaycan» deyərək, nəzərdə nə tutulur?
Bu vəziyyət hazırkı böhranı özünəməxsus lakmus kağızına döndərir. İndi məsələ İrəvan-Tehran-Bakı «üçbucağ»ından çıxır. Bu, xüsusilə İranda Rəisinin rəhbərlik etdiyi mollakratiyanın hakimiyyətə gəlişindən sonra özünü göstərir.
Azərbaycanla İran arasındakı qarşıdurma ilk baxışdan sırf yerli problem kimi görünə bilər. Düşünülə bilər ki, onun kökləri Türkmənçay müqaviləsindən yaranmış tarixi incikliyə gedib çıxır. Reallıqda isə hər şey ortadadır: Tehran dünya ilə münasibətlərini normallaşdırmaq istəyir, yoxsa münaqişə ideologiyasına, qarşıdurmalara üstünlük verir? İranın sanksiyalardan yayınmaq planında Ermənisanın rolu indi təkcə Azərbaycanı narahat etmir. Bu həm də sanksiyalar rejiminin təşəbbüskarı olan fövqəldövlətlərə aid məsələdir. İran Ermənistandan və onun Azərbaycanın nəzarətində olmayan nəqliyyat dəhlizlərindən nə qədər bərk yapışarsa, Gorus-Qafan yolundakı yoxlamaları nə qədər qıcıqla qarşılayarsa, onun qlobal miqyaslı niyyətləri ilə bağlı suallar bir o qədər çox yaranacaq.
MƏSLƏHƏT GÖR: