24 Noyabr 2024

Bazar, 23:55

GEOSİYASİ MİQRANTLAR

Polşa-Belarus sərhədindəki ərəb qaçqınlarla bağlı vəziyyətin gərginləşməsi kimə sərf edir?

Müəllif:

01.12.2021

Belarus bir neçə həftədir ki, dünya xəbərlərinin əsas mövzularından biridir. İlin sonuna yaxın bu ölkədən, həqiqətən, maraqlı xəbərlər gəlməkdədir – onun Polşa, həmçinin Litva və Latviya ilə sərhədlərinə… Suriya və İraqdan olan minlərlə miqrant toplanıb. Beləliklə, indi qaçqın böhranı ilə bağlı gündəmə Yaxın Şərq və Əfqanıstandan çox uzaqda yerləşən Minsk çevrilib.

Miqrantlar arzuladıqları Avropaya getmək üçün daha bir yol tapıblar. Lakin Riqa və Vilnüs, xüsusilə Varşava bunu bəyənməyib, onları qəbul etməkdən boyun qaçırıb, üstəlik, Belarus prezidenti Aleksandr Lukaşenkonu miqrantlarda Aİ-yə qarşı silah kimi istifadədə günahlandırmağa başlayıblar. Gərginlik Angela Merkelin Aleksandr Lukaşenkoya zəngindən sonra bir qədər azalıb. Tərəflər problemi Minsk-Aİ səviyyəsində, qaçqınlar üzrə beynəlxalq təşkilatların iştirakı ilə həll etmək haqda razılığa gəlib. Lakin sonradan hər iki tərəf ittihamlar səsləndirməyə, əlaqənin olmadığından gileylənməyə başlayıb.

Müxtəlif qiymətləndirmələrə görə, sərhədə toplaşmış qaçqınların sayı 10-20 min arasındadır və onlar müxtəlif istiqamətlərdə toplanıblar – Polşa ilə sərhəddə, Baltikyanı respublikalarla sərhəddə, logistika mərkəzlərində. Bu insanların əksəriyyəti geri qayıtmaq istəmir və sərhədi keçmək üçün uyğun vaxtı gözləməyə hazırdır. Bəziləri isə zaman-zaman sərhəddəki istehkamlara hücum belə edir.

 

Hər kəsin öz marağı var

Yəqin ki, yaşananlar tərəflərdən hər birinin vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışdığını göstərən çox yaxşı nümunədir. Prinsipcə, miqrantların motivi tam aydındır – onlar sadəcə, daha təhlükəsiz şəraitdə və daha yaxşı yaşamaq istəyirlər. Onların buna nə qədər nail olduqları və ya olacaqlarını demək çətindir – nəzərə alsaq ki, qış gəlir, Belarus küçələrində çadır şəhərciklərində, yaxud xüsusi mərkəzlərdə belə, uzun müddət qalmaq müşkül məsələdir. Əslində, hazırda böhrana cəlb olunmuş tərəfləri və beynəlxalq birliyi hər şeydən çox məhz bu məqam narahat etməlidir. Amma təəssüf ki, bu, belə deyil…

İndi Belarusun motivləri və maraqlarını aydınlaşdırmağa çalışaq. Qərb KİV-i açıq şəkildə yazır ki, Polşa və Litva sərhədi istiqamətində qaçqın axınında rəsmi Minskin də əli var. Guya Lukaşenko miqrant böhranının həllinə yardım göstərməsi qarşılığında ölkəsinə tətbiq olunmuş sanksiyaların ləğvinə çalışır və avropalı liderlərin onu qanuni prezident kimi tanımasına nail olmaq istəyir. Almaniyanın «Bild» nəşri öz mənbələrinə istinadən yazır ki, Minsk Berlindən legitimliyinin tanınmasını, həmçinin maliyyə yardımı tələb edib. Lukaşenko isə ittihamları rədd edərək bildirir ki, belə xahişlə çıxış etməyi özünə yaraşdırmaz. Bununla yanaşı, Belarus prezidenti bildirir ki, Qərbin onu legitim sayıb-saymamasından qətiyyən narahat deyil. Amma Angela Merkelin Belarus rəhbəri ilə danışması, həmçinin Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin bu ölkənin xarici işlər naziri Vladimir Makeyevlə söhbətləşməsi Avropada çoxlarını məhz bu səbəbdən hiddətləndirib. «Onun (Merkelin) davranışı tarixin Mərkəzi Avropa ölkələrinə siyasi alver obyekti kimi yanaşıldığı ən pis dövrlərini xatırladır», - deyə Avropa Parlamentinin deputatı, Polşanın sabiq baş naziri Beata Şidlo bildirib.

Həqiqətən də, məsələyə məhz bu tərəfdən baxdıqda faktiki olaraq Lukaşenko istəyinə nail olub – onunla hesablaşırlar, danışıqlar aparırlar. Yaxın Şərqdən olan qaçqınların əks olunduğu kadrlar Belarusda ötən il baş vermiş etiraz aksiyaları kadrlarını kifayət qədər effektli şəkildə əvəzləyə bilib. Deyilənə görə, Lukaşenko bu yolla Polşa və Litvadan da qisas almağa çalışıb – Avropa İttifaqında Minsk ilə əlaqələri kəsmək tələbi ilə ən sərt çıxış edən ölkələr məhz onlardır. İndi şaxtalı havada ac-yalavac qalmış qaçqınları qəbul etməkdən boyun qaçıranlar da məhz polyaklarla litvalılardır. Varşavanın bu mövzuya necə ağrılı yanaşdığı da hər kəsə bəllidir. Bütün bunların insan haqlarının qorunmasına edilən çağırışlarla nə qədər üst-üstə düşdüyünü söyləmək də çətindir. Amma hər şey xüsusi izah vermədən də məlumdur. O da məlumdur ki, Minskin belaruslu müxalifət liderlərinə aşkar dəstək verən Varşava ilə də ayrıca «haqq-hesab»ı var.

Bu yerdə əks-arqument kimi, bir çağırış da səsləndirilir: Lukaşenkonun miqrant axınından yararlanaraq, qonşularını və Aİ-ni şantaj etməsinə imkan verilməməlidir. O da deyilir ki, Belarusda qaçqınlar faktiki olaraq təhlükəsiz ölkədədirlər və onlar elə bu dövlətin özündən sığınacaq istəyə bilər. Odur ki, bəzi müşahidəçilərin fikrincə, hazırda «əsas hüquqları pozan ölkələr» reputasiyasında olan Varşava ili Vilnüs «zərərçəkən» reputasiyası qazana bilərlər. Özü də, onların faktiki olaraq, Rusiyanın yaxınlığında «zərər çəkməsi» məsələyə xüsusi kontekst verir. Belə bir vəziyyətdə Amerikaya Varşavanı KİV azadlığı və ya elektrik enerjisi istehsalında kömürdən istifadəyə görə tənqid etmək yaraşmayacaq. Yeri gəlmişkən, maraqlıdır ki, Almaniya vəziyyəti çox şərh etməməyə çalışır. Bu yerdə Almaniyanın bir neçə il əvvəlki israrlı çağırışlarını da yada salmaq lazımdır. O vaxt Berlin hər kəsdən 100 minlərlə qaçqının bölüşdürülməsində yardım istəyirdi. İndi isə söhbət cəmi 10-20 min insandan gedir. Bundan başqa, bəzi müşahidəçilər hesab edir ki, Polşa bu böhran hesabına öz daxili siyasi problemlərinə «əl gəzdirə» bilib. Daha dəqiqi, mühafizəkar «Haqq və ədalət» hökuməti göstəricilərini yaxşılaşdırıb.

 

Qlobal oyunun fəsadları

Vaşinqton isə daha irəli getmək qərarına gəlib – ABŞ-ın dövlət katibi hesab edir ki, Belarusun Polşa ilə sərhəddəki bu məqsədyönlü fəaliyyəti diqqəti Rusiya-Ukrayna sərhədindən yayındırmalıdır. Onun fikrincə, bütün yaşananların səbəbkarı məhz Moskvadır. Guya Moskva bu yolla Belarusun Qərbdən daha çox təcridinə və Rusiyadan asılılığının daha da artmasına nail olur.

Doğrudur, müxtəlif politoloq və ekspertlər durmadan bu haqda danışsalar da, Belarusun nə qədər asılı olduğu tam aydın deyil. Əvəzində, Rusiyada fəaliyyət göstərən xarici şirkətlərin böhrandan zərər gördükləri faktdır. Məsələ ondadır ki, miqrant böhranı səbəbi ilə yük maşınlarının Polşa-Belarus sərhədini keçmə müddəti dəfələrlə uzanıb. İndi Belarusun Latviya, Litva və Polşa ilə sərhədində toplanıb qalmış ağır tonnajlı yük maşınlarının sayı minlərlədir. Bir yük maşınına ləngidiyi hər günə görə ən azı 500 avro ödənir. Bütün bunlar Rusiyada xarici malların çatışmazlığı riskini yaradır və bu halda qiymət artımı qaçılmaz ola bilər. Rusiyanın ixracının, təxminən, 10%-i Belarus-Aİ sərhədindən (Litva, Latviya və Polşa ilə) keçir və tədarükün 90%-dən artığı avtomobil nəqliyyatı ilə həyata keçirilir. Odur ki, Moskvadan eşidilən arqumentlər də təəccüblü deyil – bəziləri hesab edir ki, Polşa-Belarus sərhədində baş verənlər Qərblə Rusiya arasında dünyanın bölüşdürülməsi uğrunda gedən qlobal oyunun və yeni «soyuq müharibə»nin bir hissəsidir. Çünki hər şeyə rəğmən, Minsk Rusiyanın ən yaxın müttəfiqi, Polşa və Baltikyanı ölkələr isə NATO-nun fəal üzvləridir.

Rusiya KİV-i daha bir məqama diqqət çəkir – miqrant böhranı Minsk ilə Moskvanın 28 inteqrasiya proqramını təsdiqləməsindən dərhal sonra baş qaldırıb. Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin xüsusi təyinatlılarına aid qrupun Latviyanın belarusla sərhədinə gətirildiyinə və s. bu ruhda olan məqamlara da diqqət çəkilir.

Bütün bunlarla yanaşı, demək olar ki, bütün müşahidəçilər eskalasiyanın gözlənilmədiyi qənaətindədirlər. Bu zaman onlar birincisi, problemin miqyasına əsaslanır. İkincisi, nə qədər həyasızcasına səslənsə də, riskə getməyə dəyməz. Avropa İttifaqı artıq bəyan edib ki, o, Belarusdan miqrantların könüllü şəkildə öz ölkələrinə qayıtmalarına dəstək olaraq 3,5 milyon avro ayırmağa hazırdır. Həqiqətən də, baş verənləri maliyyə vasitəsilə həll etmək daha arzulanandır, nəinki onu ciddi beynəlxalq problemə çevirmək. Əlbəttə ki, əgər… baş verənlərə Kremli ilə Qərb arasındakı rəqabətə yeni zəmin kimi yanaşılmazsa. Məsələn, «The National Interest» nəşri hesab edir ki, miqrant böhranı artıq ümumavropa təhlükəsizliyi probleminə çevrilir. Hər iki tərəfin hərbi qüvvələrinin hazırkı konsentrasiyasını, həmçinin bu yaxınlarda Qrodnoda Rusiya ilə Belarusun birgə hava hücumundan və raket hücumundan müdafiə mərkəzləri yaratdıqlarını nəzərə alsaq, analitiklərin bu fikri ilə razılaşmamaq çətindir. Qeyd edək ki, sözügedən mərkəzlər Polşa ilə Baltikyanı ölkələr arasında yerləşən həssas Suvalk dəhlizinin yaxınlığında yerləşir.

Bununla yanaşı, mövzunu daha da inkişaf etdirən məqalə müəllifləri yazırlar ki, miqrasiyadan silah kimi istifadənin qaçqın və sığınacaq istəyənlər üçün yaratdığı risklərə diqqət çəkmək üçün Qərb BMT sistemində total diplomatik kampaniyaya başlamalıdır. Miqrasiyadan silah kimi istifadə olunması fikrində çox az adamın diqqətini çəkən xüsusilə maraqlı məqam var. Belarus-Polşa sərhədində yaşananlara bu cür diqqətin göstərilməsinin əsl səbəbi elə o ola bilər. Avropanın bir neçə il əvvəl Yaxın Şərq və Şimali Afrikadan qaçqın axını qarşısında hansı vəziyyətə düşdüyünü hər kəs yaxşı xatırlayır. Dərinləşən iqlim, pandemiya və ərzaq problemləri, həmçinin davamlı olaraq rast gəlinən hibrid müharibələr fonunda qaçqın kütləsi ciddi geosiyasi amilə çevrilir. Odur ki, ölkələrin bu vəziyyətə reaksiya vermək üçün ehtiyat vasitələrə malik olmaları vacibdir.



MƏSLƏHƏT GÖR:

150