24 Noyabr 2024

Bazar, 23:24

QIRMIZI CİZGİ KEÇİLMƏYİB

İranla Türkiyə arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaza da müsbət təsir göstərə bilər

Müəllif:

01.12.2021

Türkiyə və İran arasında münasibətlərdə yumşalma cəhdləri var. Noyabrın 15-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Tehrana səfəri bu mənada diqqət cəlb edirdi. Bu səfərdə hiss olunan ən qabarıq detal hər iki tərəfin bu səfərin barışıq məqsədli olduğunu göstərməsi və münasibətlərin qaydaya salınmasına istəkli olduğu idi.

Tehranda Çavuşoğlunu qəbul edən prezident İbrahim Rəisi bildirib ki, İran və Türkiyənin əlaqələri hazırkı səviyyədən çoxtərəfli əməkdaşlığa yüksəltməyə hazır olmalıdır. Eyni zamanda İran prezidenti uzun müddətli əməkdaşlıq sazişinin hazırlanması ilə əlaqələr beynəlxalq səviyyəyə yüksələ biləcəyini qeyd edib. Həmçinin onun sözlərinə görə, İran-Türkiyə əlaqələri regionda sülh və sabitliyə xidmət edəcək. O həmçinin Tehranın terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində əlaqələri inkişaf etdirməyə hazır olduğunu deyib.

Maraqlıdır ki, İran prezidenti Türkiyə ilə əməkdaşlıq məsələsində Azərbaycanın da adını hallandırıb. Sitat: “İran, Türkiyə və Azərbaycan ilə qonşuluq münasibətləri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.

Rəisi ilə görüşdə Çavuşoğlu deyib ki, əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqları bildirib. Eyni zamanda Türkiyə XİN rəhbəri Qafqaz siyasətinə toxunub və qeyd edib ki, Qafqazda ticarət əlaqələrinin inkişafı və sabitliyin möhkəmlənməsi üçün İranla əməkdaşlığı artırmağı istəyirlər.

Yeri gəlmişkən, bu səfər zamanı məlum olub ki, Türkiyə prezidenti də yaxın vaxtlarda İrana səfər edəcək. Yəni başqa sözlə, əlaqələrin inkişafı üçün növbəti addımlar da atılacaq.

 

Köhnə dostların arasına kim girdi

Əslində Türkiyə-İran münasibətləri son illərə qədər yüksək səviyyədə olub. Əlbəttə, tarixin dolanbaclarında ağır müharibələr aparmış iki ölkə arasında zaman-zaman soyuq küləklər əsib, münasibətlər heç də həmişə rəvan və isti olmayıb. Amma artıq çox uzun zamandır ki, iki ölkə arasında sabit isti münasibətlər olub. Türkiyə və İran sərhədləri digər Yaxın Şərq ölkələri kimi Avropa müstəmləkəçi ölkəsi tərəfindən deyil, eks-prezident Abdullah Gülün dediyi kimi, dünyada bu gün mövcud olan bir çox dövlətin mövcud olmadığı 1639-cu ildə (Qəsri-Şirin müqaviləsi – K.R.) müəyyən olunub.

Hətta ABŞ-İran münasibətləri ən gərgin mərhələdə olanda belə, NATO üzvü Türkiyə İranla əməkdaşlığını normal səviyyədə saxlayıb. Xüsusən də 2000-ci illərin əvvəllərində Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən sonra İranla əlaqələr daha da inkişaf edib. Bir çox müşahidəçilər bunu siyasi islamçılıq amili ilə izah edirlər.

Lakin məhz siyasi islam amili sonradan iki ölkə münasibətlərinə kölgə saldı. İlkin olaraq İran və Türkiyə müsəlman aləmində liderlik uğurunda gizli mübarizə vardı, lakin daha sonra isə “ərəb baharı” bu rəqabəti gün üzünə çıxardı. Xüsusən də Suriya münaqişəsi. Suriyada münaqişə silahlı fazaya keçdikdən az sonra məlum oldu ki, İran Bəşər Əsəd hakimiyyətini dəstəkləyir, Türkiyə isə müxalifəti. İlk vaxtlar Ankara və Tehran arasında Suriya mövzusunda dialoq olsa da, sonradan tərəflər hər biri açıq şəkildə öz mövqeyini ortaya qoyaraq qarşılıqlı əks təbliğata start verdilər.

Bu siyasət dəyişməsə də, 2013-cü ildə radikal Mahmud Əhmədinejadı daha yumşaq xətt tərəfdarı və diplomatiyaya üstünlük verən Həsən Ruhaninin əvəz etməsi Ankara-Tehran əlaqələrini yenidən mülayimləşdirdi. Hətta Ankara və Tehran Moskvanın təşəbbüsü ilə Suriya münaqişəsinin həlli ilə bağlı 3-lü Astana və daha sonra “Soçi prosesini” apardı. 3 ölkənin apardığı bu proses Suriyada münaqişənin həllində ciddi irəliləyiş oldu.

Amma Suriya münaqişəsindən kənarda Misir, Sudan, Qətər və digər regional problemlər zamanı Ankara və Tehran vahid mövqedən çıxış edib və yaxından əməkdaşlıq ediblər. Xüsusən də 2017-ci il oktyabr ayında İraqın şimalında kürd muxtariyyətində keçirilən referendumdan sonra Bağdada dəstək məqsədi və kürd separatizminin yüksəlməsinin qarşısını almaq üçün Ankara və Tehran yüksək səviyyədə koordinasiyalı əməkdaşlıq həyata keçirdi və nəticədə Məsud Bərzaninin müstəqil kürd dövləti yaratmaq cəhdinin qarşısını aldı.

Yeri gəlmişkən, kürd məsələsi həm İran, həm də Türkiyə üçün həssas nöqtə və iki ölkəni bir araya gətirən mövzudur. Çünki kürd separatizmi hər iki ölkənin ərazi bütövlüyünü təhdid edir, bu səbəbdən də həm İraq, həm də Suriyada Türkiyə və İran kürd məsələsində ortaq mövqeyə daha rahat gələ bilirlər. Baxmayaraq ki, iki ölkənin də fərqli kürd qrupları ilə isti əlaqələri olub və var.

Və nəhayət, Cənubi Qafqaz mövzusu, daha dəqiqi Türkiyənin Cənubi Qafqazda fəallaşması Ankara-Tehran münasibətlərinə soyuqluq gətirdi. Əgər daha əvvəl, yəni məsələn Suriyada, yaxud da körfəz regionunda Tehran və Ankara siyasətində fikir ayrılığı vardısa, indi bu fikir ayrılıqlarının sərhədi Qafqaz və Mərkəzi Asiyaya qədər uzanır.

 

Əlaqələrdə “yenilənmə”

Yuxarıda da qeyd etdiyim kimi, hər nə qədər regional siyasətdə fikir ayrılıqları, hətta qarşı-qarşıya gəlinən nöqtələr olsa belə, Yaxın Şərqin ərəb olmayan bu iki qonşu ölkəsi bir-birinə ehtiyacı var. Bu səbəbdən də hətta münasibətlərin ən gərgin vaxtında belə Tehran və Ankara “qapıları tam qapatmayıb”, münasibətləri qoruyub saxlayıb. Türkiyə sanksiyaların ən kəskin dövründə belə Tehranla ticarət və enerji sahəsində əməkdaşlığı davam etdirib, İranın Qərbin embarqolarını dəlməsinə yardım edib.

Son hadisələr göstərdi ki, İran Türkiyənin yeni xarici siyasət konsepsiyasını və regional aktivliyini və bunun doğurduğu nəticələri qəbul etməlidir. Ankara Tehranın regionda siyasi-diplomatik gücü nəzərə alır v Türkiyə hakimiyyəti Şərqə doğru açılım siyasətində Tehranı qarşısında görmək istəmir. Əksinə, Tehranla hansısa məqamda əməkdaşlıq etmək, ortaq maraqları reallaşdırmaq imkanlarını nəzərdən keçirir.

Həmçinin daim müharibə riski altında olan İranın Türkiyə kimi böyük qonşusu ilə etibarlı münasibətlərə ehtiyacı var. Başqa sözlə mövcud yeni siyasi reallıqlar Tehrana Ankara ilə dost münasibətləri qoruyub saxlamağı diktə edir.

Yeni prezident İbrahim Rəisinin xarici siyasət komandasının Cənubi Qafqazda təzyiq siyasəti nəticəsiz qaldı. Əksinə, məlum oldu ki, hətta İranın ənənəvi müttəfiqi Rusiya belə yeni Cənubi Qafqaz konsepsiyasında İranı dəstəkləmədi. Və özünü Rusiyadan sonra Cənubi Qafqazın oyunçusu hesab edən Tehran faktiki olaraq təkləndi.

Bu da onu göstərdi ki, Cənubi Qafqazda siyasi ölçülər dəyişib. Tehran yeni reallıqla barışmasa o zaman Cənubi Qafqazda regional siyasi-iqtisadi proseslərdə kənarda qala bilər. Bundan başqa regionda ərəb ölkələri və İsrail arasında yaxınlaşma və İrana qarşı müharibə riski Tehran üçün Türkiyənin əhəmiyyətini artırır. Bu səbəbdən də Tehran Ankara ilə əlaqələri qaydaya salmağa çalışır.

Beləliklə, Mövlud Çavuşoğlunun Tehran səfəri və yüksək səviyyədə keçən görüş həm də yaxın zamanlarda Ərdoğanın İrana səfər edəcəyini, bu səfər zamanı mühüm razılaşmalar əldə olunacağını deməyə əsas verir. Çavuşoğludan bir neçə gün sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfər edərək yüksək səviyyədə görüşlər keçirməsi və əldə olunan raızlaşmalar Tehranla aradakı “buzlar artıq əriyib”, yeni əməkdaşlıq mərhələsi başlayır.



MƏSLƏHƏT GÖR:

167