24 Noyabr 2024

Bazar, 23:54

YENİ GÜNDƏM

Soçi görüşü göstərdi ki, Ermənistan Azərbaycana postmüharibə diplomatiyasında da məğlub olur

Müəllif:

01.12.2021

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Brüsseldə görüşmək təklifinə müsbət cavab verdikləri noyabrın 19-da məlum olub. Avropa tərəfinin təşəbbüsü ilə bu görüş Avropa İttifaqının dekabrın 15-də keçiriləcək «Şərq Tərəfdaşlığı» sammiti çərçivəsində baş tutmalıdır.

Maraqlıdır ki, cəmi bir həftə əvvəl Paşinyan İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşdən faktiki olaraq imtina etmişdi. Müşahidəçilər hələ də bir məqam üzərində düşünür: Ermənistanın baş naziri bu hərəkəti ilə Moskvanın regional siyasətindən narazılığını ifadə etməyə çalışıb, yoxsa qərbpərəst olduğunu növbəti dəfə nümayiş etdirmək istəyib?

Amma artıq bu, o qədər də vacib deyil. Çünki Paşinyan gözlənilmədən Brüssel görüşündən əvvəl İ.Əliyev ilə Rusiyada bir araya gəlməli olub. Doğrudur, bu, noyabrın 9-da Moskvada deyil, 26-da Soçidə baş verib. Amma bu fakt görüşdə konkret qərarların qəbuluna mane olmayıb. Soçi görüşünün nəticələrinə qayıdacağıq, lakin hələlik hadisələrin gedişinə və xronoloji ardıcıllığına nəzər salaq.

 

Sülhü pozmaq cəhdləri

Soçi görüşündən əvvəlki həftələrdə baş verənlər açıq şəkildə göstərib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi sərhəddə təxribatlara əl atmaqla, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə növbəti dəfə əngəl yaratmağa çalışır. Üstəlik, bu əməllərə Rusiya sülhməramlıları və sərhədçilərinin kürəyi arxasında gizlənərək əl atan İrəvan növbəti dəfə Moskva-Bakı münasibətlərini də pozmaq niyyəti güdür.

Əvvəlcə bu xəttin reallaşdırılmasında əsas sima Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan idi. Onun Qarabağın ermənilər yaşayan hissəsinə noyabrın 10-da etdiyi təxribatçı səfərindən sonra, təxminən, 60 hərbçidən ibarət erməni dəstəsi Azərbaycan Ordusunun bölmələrinə məxsus sərhəd postları arasındakı rabitəni pozmağa çalışmış, burada çəpərləmə apararaq, Qaragöz gölü ərazisində mövqelənməyə çalışmışdı. Qarşıdan şaxtalı qış ayları gəldiyindən, erməni hərbçilər yəqin ki, havanın hələ əlverişli olmasından yararlanmaq, Azərbaycan tərəfinin nəzarətə götürdüyü ərazilərdə möhkəmlənməsinə mane olmaq istəyirdi. Yəqin ki, onlar xüsusilə sərhədlərin demarkasiyasına dair mümkün razılaşma ərəfəsində bunu vacib hesab edirlərmiş.

Lakin Azərbaycan Ordusunun vaxtında gördüyü tədbirlər nəticəsində erməni hərbçiləri mühasirəyə alınaraq, tərk-silah olundu. O zaman insidentin daha ciddi xarakter almasından yalnız Ermənistan hərbi rəhbərliyinin xahişi ilə Rusiya sərhədçilərinin məsələyə müdaxiləsi sayəsində qaçmaq mümkün olmuşdu. Bununla yanaşı, Bakının adekvat reaksiyası göstərirdi ki, bu cür təxribatların davam edəcəyi təqdirdə Azərbaycan tərəfi daha sərt cavab tədbirləri görəcək və bu zaman silaha əl atılacağı belə, istisna deyil.

Ermənistanın Azərbaycanı məhz bu cür addımlara təhrik edərək, Moskvanın məsələyə müdaxiləsinə bel bağladığı istisna deyil. Görünür, İrəvan hələ də Rusiyanın hərbi qarşıdurmaya onun tərəfindən müdaxilə edəcəyinə, bununla da regionda qüvvələr balansının dəyişəcəyinə ümidlidir.

 

Biabırçı kampaniya

Lakin erməni hərbçilərinin müvəffəqiyyətsizliyinə görə məsuliyyət Karapetyanın üzərinə qoyulub və o, biabırçı şəkildə istefaya göndərilib. Ermənistan prezidenti Armen Sarqsyan noyabrın 15-də Arşak Karapetyanın ölkənin müdafiə naziri postundan azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə Suren Papikyan gətirilib.

Lakin Paşinyana yaxınlığı ilə tanınan Papikyanın müdafiə naziri təyin olunması Ermənistanın hərbi-siyasi rəhbərliyinin postmüharibə razılaşmalarına əməl etmək qərarına gəldiyi anlamını vermirdi. Məlum olub ki, İrəvan hələ də sərhəddə gərginlik yaratmaq planlarından əl çəkməyib. Hər halda, noyabrın 16-sı saat, təxminən, 11:00 radələrində erməni hərbi birləşmələri Kəlbəcər və Laçın rayonlarının həmsərhəd bölgələrindəki yüksəkliklərdə möhkəmlənmək niyyəti ilə qəflətən hərbi əməliyyatlara başlayıb. Cavab tədbirləri nəticəsində erməni hərbçilər tərk-silah edilərək ələ keçirilib, onlardan çoxlu sayda müxtəlif silah-sursat götürülüb, düşmənin hərbi texnikası məhv edilib. Qarşıdurma nəticəsində hər iki tərəfdən canlı qüvvə itkisi də olub. İrəvan etiraf edib ki, o, bu təxribat nəticəsində həmsərhəd zonada 4 yüksəkliyə nəzarəti də itirib.

Bu insident bir daha göstərir ki, Ermənistan nə hərbi, nə siyasi baxımdan öz gücünə arxalanacaq, Azərbaycanla problemlərini özü həll edəcək imkana malikdir. Bununla yanaşı, vasitəçilik edərək Bakı ilə İrəvan arasında gərginliyi növbəti dəfə aradan qaldırmış Moskva regiondakı mübahisələrin həllində digər oyunçulardan üstün mövqedə olduğunu bir daha sübut edib.

Bundan başqa, Rusiya vəziyyətlə bağlı Ermənistan tərəfinin interpretasiyasını növbəti dəfə rədd edib – İrəvan son hadisələrdə Azərbaycanı təcavüzkar kimi təqdim edirdi. Bununla da, Moskva münaqişəyə Ermənistan tərəfindən cəlb olunması ehtimalını aradan qaldırıb. Bu, Moskvanın əsas regional vasitəçi statusunu itirməsilə nəticələnə bilərdi.

Bəziləri hesab edir ki, Ermənistanın şimal qonşusundan israrla yardım istəməsi Rusiya rəhbərliyinə imkan verib ki, Paşinyanı danışıqların məhz Moskvanın vasitəçiliyi ilə aparılmalı olduğuna inandırsın.

 

Brüssel Soçi deyil, yaxud danışıqlar dinamikasının incəlikləri haqda

Beləliklə, Ermənistanın baş naziri Brüssel görüşündən əvvəl Soçidə danışıqlar aparmağa razılaşmaq məcburiyyətində qalıb. Bunu Rusiya diplomatiyasının aktivinə yazmaq olar.

Ümumiyyətlə, Brüssel görüşü Soçi danışıqları ilə bir sıra cəhətlərinə görə rəqabət apara bilməz. İlk növbədə, ona görə ki, Rusiyadan fərqli olaraq Aİ-nin Cənubi Qafqaza kifayət qədər təsir rıçaqı yoxdur. Odur ki, Brüsseldə keçiriləcək müzakirələrdən konkretlik gözlənilmir.

Digər yandan Rusiya tərəfi 26 noyabr görüşünün keçirilməsinə çox israr edirdi. Çünki o, tərəflərin Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üzrə komissiyanın ayın 29-da baş tutacaq toplantısından əvvəl bir araya gəlməsini istəyirdi. Güman ki, liderlər komissiya çərçivəsində görülməli olan, onlara bir neçə gün əvvəl təqdim olunmuş işlərin qrafikini təsdiqləməli idilər. Komissiyanın müzakirəsində olan sənədlər arasında isə 2022-ci ildə kommunikasiyaların bərpası üzrə görüləcək işlərin layihələri və smetası da ola bilər.

 

Ümidlər fonunda ehtiyatlı nikbinlik

Soçi görüşü Azərbaycan və Rusiya prezidentlərinin çox şey vəd edən salamlaşması başlayıb. İlham Əliyev ilə Vladimir Putin jestləri və bəyanatları ilə gündəmlə bağlı mövqelərinin üst-üstə düşdüyünü, həmçinin iki lider arasında qarşılıqlı anlaşma və etibarın olduğunu nümayiş etdiriblər. Azərbaycan Prezidenti bir il əvvəlki müharibədən sonra əldə olunmuş pozitivi vurğulamağa, postmünaqişə proseslərinin dönməz olduğunu göstərməyə çalışıb. O, üçtərəfli formatın məhsuldarlığından danışıb, Rusiyanın postmünaqişə proseslərindəki müstəsna rolunu vurğulayıb. Yekun mətbuat konfransında isə İ.Əliyev «məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu» deyib. «Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq», - deyə o, bildirib.

Sülh prosesinin moderatoru rolunu üzərinə götürmüş Rusiya lider ilə üçtərəfli formatın üstünlüklərini, Moskvanın ortaya qoyduğu yanaşmaların effektivliyini vurğulamağa çalışıb.

Bütün bunların fonunda Ermənistanın baş naziri kifayət qədər əsəbi təsir bağışlayıb. Azərbaycan və Rusiya prezidentləri bəyanatlarında mövcud vəziyyətlə bağlı bir dəfə də «münaqişə» ifadəsini işlətməyiblərsə, Paşinyan hər imkanda münaqişənin başa çatmadığını ifadə etməyə çalışıb, «hərbi əsirlər» və «girovlar» mövzusunu önə çəkib. Minsk qrupunun adını da yalnız Paşinyan dilə gətirib, postmünaqişə razılaşmalarında bu qurumun rolunun artırılmasına çağırış edib. Bununla yanaşı, baş nazir son zamanlar Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin qurulmasına dair prinsipial razılaşmanın əldə olunduğunu deyib, bunu yüksək qiymətləndirib. Məlum olduğu kimi, bu təşəbbüs Avropa İttifaqının vasitəçiliyi ilə qəbul edilib.

Ola bilsin ki, erməni diasporunun reaksiyasından da asılı vəziyyətdə olan Paşinyan Aİ-nin «Şərq Tərəfdaşlığı» sammiti ərəfəsində özünün demokratik seçilmiş lider imicini möhkəmləndirməyə, müstəqil siyasət yürüdə bildiyini nümayiş etdirməyə çalışır. Rusiyanın Qarabağda müharibəyə son qoymuş üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümündə təşkil etməyə çalışdığı görüşü də Paşinyan yəqin ki, bu üzdən sabotaj edib.

Amma bütün bunlarla yanaşı, baş nazir Soçi görüşünün müsbət keçdiyini etiraf etməli olub. «Bir çox məsələlərlə bağlı mövqelərimizi dəqiqləşdirməyimiz çox müsbət haldır. Məlum olub ki, görüşdən əvvəl də güman olunduğu kimi, bəzi məsələlərdə heç bir fikir ayrılığı yoxdur», - deyə Paşinyan qeyd edib.

 

Qələbəni möhkəmləndirən bəyanat

Görüşün vacib nəticəsi Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatın imzalanması olub. Sənədə əsasən, tezliklə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üçün ikitərəfli komissiya yaradılmalıdır.

Postmünaqişə dövrünün nizamlanması baxımından yekun sənəddə «Dağlıq Qarabağ münaqişəsi», «Dağlıq Qarabağın statusu» kimi fikirlərə yer verilməməsi də müsbət məqamdır. Bəyanatda ötənilki müharibədən xeyli əvvəl iflasa uğramış ATƏT-in Minsk qrupundan da danışılmır. Beləliklə, bəyanatın ruhu, əsas məğzi regionda yeni gündəmin yarandığını və münaqişənin geridə qaldığını göstərir.

Diqqət çəkən daha bir məqam Soçidə iqtisadi-ticari və nəqliyat əlaqələrinin bərpası və inkişafının gündəm olmasıdır. Görünən odur ki, tərəflər kommunikasiyaların açılması ilə bağlı komissiya tərəfindən hazırlanmış və ümumi formada görüş ərəfəsində Rusiya baş nazirinin müavini A.Overçuk tərəfindən təqdim olunmuş təkliflərlə razılaşıb.

Güman ki, İrəvan Azərbaycanın sərhəddə noyabrın 16-da baş vermiş təxribata adekvat cavabından dərs alıb və indi N.Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsində daha üzüyola olmaq məcburiyyətindədir. Yeri gəlmişkən, müşahidəçilərin əksəriyyəti bir məqama da diqqət çəkir: erməni tərəfinin hər vəchlə qaçmağa çalışdığı «nəqliyyat dəhlizləri» ifadəsini Soçidə Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə dilə gətirib. Soçi bəyanatında dəmir və avtomobil yollarının açılması ilə bağlı fikirlərin yer alması isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin istənilən yolla açılacağına dair bəyanatını bir daha təsdiqləyir.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü ümumilikdə regionun postmünaqişə tarixinin əlamətdar hadisəsidir. O, ilk növbədə kommunikasiyaların açılmasının aktuallığını, regionda effektiv təhlükəsizlik sisteminə əsaslanan yeni düzənin formalaşdığını təsdiqləyib. Tərəflərin delimitasiya, ardınca isə demarkasiya ilə bağlı üçtərəfli komissiyanın yaradılması üçün birgə fəaliyyətin davam etdirilməsinə dair razılığa gəlməsi də prinsipial əhəmiyyət daşıyır.

Beləliklə, proseslər dönməz xarakter alır və region qarşıdurma bölgəsindən dayanıqlı, proqnozlaşdırıla bilən gələcəyi olan regiona çevrilir. İndi buradakı dövlətlərin maraqları onların qonşularının maraqları ilə uzlaşdırılacaq. Söhbət məlum «3+3» formatından gedir.



MƏSLƏHƏT GÖR:

174