24 Noyabr 2024

Bazar, 23:46

MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA

Rusiya ilə NATO arasında son illər hərbi çalar da almış qarşıdurma gözlənilməz nəticələrə yol aça bilər

Müəllif:

15.12.2021

Deyəsən, Rusiya-NATO münasibətlərindəki növbəti gərginlik davamlı xarakter alır. Üstəlik, 2015-2017-ci illərdən başlayaraq, bu qarşıdurmada hərbi çalarlar da görünməkdədir. İllərdir davam edən və trend xarakteri daşıyan bu gərginliyin getdikcə artması xüsusilə tərəflər arasında müntəzəm dialoqun olmadığı bir şəraitdə gözlənilməz nəticələrə yol aça bilər.

2014-cü ildən Şimali Atlantika Alyansı Moskva ilə mülki və hərbi əməkdaşlığı praktik olaraq dayandırıb. Bununla yanaşı, o, Rusiya-NATO Şurası (RNŞ) çərçivəsində siyasi dialoqa açıq olduğunu bəyan edib. Amma son illər ziddiyyətlərin daha da dərinləşməsi ilə RNŞ çərçivəsində də görüşlər epizodik xarakter daşımağa başlayıb. İndi NATO, təxminən, 2 illik fasilədən sonra RNŞ çərçivəsində dialoqu bərpa etmək arzusunda olduğunu bildirir. Bəlkə də, bu, həm də Bayden administrasiyasının proqramı ilə bağlıdır – o, Rusiya ilə münasibətləri daha proqnozlaşdırıla bilən məcraya yönəltmək istəyir.

 

«Strategiya-2030»: sülh istəyirsənsə, müharibəyə hazırlaş

NATO-nun bu il iyunun 14-də keçirilmiş sammitində təsdiqlənmiş «Strategiya-2030» hərbi-siyasi cəhətdən Rusiyanın qarşısının alınmasından bəhs edir və bu sənəd alyansın fəaliyyətində əsas yerlərdən birini tutur. O, özündə iki paralel xəttin icrasını əks etdirir. İlk istiqamət Moskvanın hərbi-siyasi sahədə qarşısının alınması, ikinci istiqaməti isə onunla dialoqun davam etdirilməsi haqdadır.

NATO-nun baş katibi Yens Stoltonberq noyabrın 29-da növbəti dəfə bildirib ki, o, Rusiya ilə dialoqun mümkünlüyünə inanır. Bununla yanaşı, baş katib Rusiyanın siyasətinə sinə gərilməsi üçün kollektiv səylərin aktuallığını qoruyub saxladığını deyib. «Mən Rusiya ilə dialoqa inanıram, o, bizim qonşumuzdur. Biz ortaya çıxa biləcək potensial riskləri azaltmalıyıq. Rusiyanın hər hansı NATO ölkəsinə hücum etmək istəməməsi üçün hər zamankından daha həmrəy olduğumuzu nümayiş etdirməliyik», - deyə Stoltonberq bildirib.

Moskva ilə dialoq NATO-nun Baltikyanı bölgədən Qara dənizədək olan regionda müdafiə gücünü artırmaq planına yenidən baxacağı anlamına gəlmir. Alyans Baltik dənizində məhdud hərbi mövcudluq strategiyasına sadiqdir. Bununla yanaşı, o, bu bölgədə keyfiyyətcə yeniliklərə getməyi, hər hansı böhran və ya münaqişə şəraitində isə onlara dəstəyi artırmağı vacib sayır. Söhbət Polşa və Baltikyanı dövlətlərdəki 4 hərbi qrupdan, hava patrulu xidmətinin gücləndirilməsindən gedir. Eyni şey Qara dəniz regionuna da aiddir. Burada mütəmadi şəkildə quru qoşunlarının rotasiyası həyata keçirilir, hava patrulu xidməti gücləndirilir. Həyata keçirilməsinə qərar verilmiş tədbirlər NATO-nun çevik reaksiya qüvvələrində islahatların aparılmasını, milli silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsini, NATO-nun mövcud qərargahlarının kollektiv müdafiə tələblərinə uyğunlaşdırılmasını və yeni belə qərargahların yaradılmasını   nəzərdə tutur.

Hazırda istər Rusiya tərəfi, istərsə də NATO müvafiq plan və ssenarilər üzrə hərbi əməliyyatların aparılması konsepsiyalarını təkmilləşdirməklə məşğuldur. Bununla yanaşı, NATO üçün prioritet istənilən gözlənilməz hala çevik reaksiya verilməsini nəzərdə tutan regional hərbi planlardır.

Moskvada bildirirlər ki, onları xüsusilə narahat edən NATO-nun Rusiya sərhədlərinə bilavasitə yaxın bölgələrdə öz qüvvələrini müasirləşdirmək, genişləndirmək planlarıdır. Çoxmillətli hərbi qərargahların yaradılması NATO-nun planlarına müxtəlif ölkələrin cəlb olunması zərurətini yaradır, onların Rusiya sərhədlərindəki hərbi-siyasi gərginliklərdə iştirak dərəcəsini artırır. 2022-ci ildə NATO-nun şərq cinahında hərbi infrastrukturun inkişafı proqramına maliyyəni artıracağı gözlənilir.

Şimali Atlantika Alyansının regiondakı fəaliyyətinin daha bir vacib hissəsi kollektiv müdafiə məsələsidir. Bu istiqamətin reallaşmasında əsas məsələ Baltik və Şərqi Avropa ölkələrinin müdafiəsi və onların silah-sursat arsenalına dair öhdəliyi icra etmək üçün adekvat xərclərin təmin olunmasıdır. Çünki ABŞ Asiya-Sakit okean regionunda hərbi hazırlıqları artırdıqca, Baltik və Şərqi Avropa ölkələrinin NATO üçün əhəmiyyəti daha da artacaq.

 

 

Şərqi Avropa ilə bağlı yeni addımlar

Bütün bunlarla yanaşı, noyabrın 30-da ABŞ-ın Müdafiə Nazirliyi Amerika Silahlı Qüvvələrinin dünyada yerləşdirilməsi şəkli ilə bağlı hələ fevralda başladığı planlamanı başa çatdırıb. Nazirlik Avropada Rusiyanın qarşısının alınması imkanlarını da gücləndirməyi düşünür. Vaşinqtonun Şərqi Avropa ilə bağlı yeni addımları Baltikyanı bölgədə və Balkanlarda regional HHM sistemlərinin gücləndirilməsini nəzərdə tutur. Birləşmiş Ştatlar Polşanın şimalında, Rezdikovoda yaratdığı raket hücumundan müdafiə bazasına bu ilin yayından silah daşımağa başlayıb. Martda bu bazada SPY-1D(V) radarı və atəşin idarə olunması sisteminin (FCS) sınağı həyata keçirilib. Yerüstü raketdən müdafiə bazasının tikintisi 2022-ci ildə başa çatdırılmalıdır. Xatırladaq ki, Amerikanın Avropadakı ilk «Aegis» HHM sisteminin yerləşdiyi yerüstü bazası 2016-cı ildən Rumıniyanın Deveselu rayonunda fəaliyyətdədir.

Hazırda Buxarest Rumıniya Müdafiə Nazirliyi ilə ABŞ-ın Hərbi Dəniz Qüvvələri komandanlığı və «Raytheon» korporasiyası arasındakı razılaşmaya uyğun olaraq, Amerikadan gəmi əleyhinə yeni NSM raketləri alır. Raketlərin və onların buraxılması komplekslərinin tədarükünün 2024-cü ilədək başa çatdırılması nəzərdə tutulur. Bundan əvvəl NSM raketlərini Polşa Hərbi Dəniz Qüvvələri də almışdı.

Rumıniya və Polşadakı «Aegis» yerüstü bazaları ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olan, daimi əsaslarla İspaniyada yerləşdirilmiş 4 esmineslə birlikdə Avropada mərhələli, uyğunlaşdırılmış raketdən müdafiə sisteminin yaradılması proqramının tərkib hissəsidir.

Rusiya tərəfi isə öz növbəsində, Kalininqrad, Pskov və Leninqrad vilayətlərində, həmçinin Krımda, Yelnya şəhərində, Ukrayna ilə sərhəd boyu öz hərbi gücünü möhkəmləndirir. Hazırda Rusiyanın cənubunda və Krımda «Triumf» və «Pansir» S-400 HHM qurğuları ilə komplektləşdirilmiş eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemi yaradılıb. Yaxın vaxtlarda isə regiona «Prometey» S-500 zenit-raket kompleksinin də gətiriləcəyi gözlənilir. Analoji sistemlər Kalininqrad vilayətində də var.

Hər iki tərəfin silahlanmanı genişləndirməsi, ABŞ-ın dəstəyi ilə Donbasdakı silahlı qruplara təzyiqi artırmağa çalışan Ukraynanın bu prosesə gəlb olunması riski Qara dəniz regionunda hərbi-siyasi vəziyyəti ciddi şəkildə qəlizləşdirir. Rusiya prezidenti Vladimir Putin noyabrın 30-da etdiyi çıxışında bildirib ki, tərəflər arasında qarşıdurmanın hərarəti ən son həddə yüksələ bilər və bu halda bilavasitə hərbi qarşıdurma mərhələsinə keçidin mümkünlüyü hər kəsə bəllidir.

«Ukrayna ərazisinə hər hansı zərbə kompleksləri yerləşdirilərsə, onların Moskvaya çatma müddəti 7-10 dəqiqə olacaq. Söhbət hipersəs silahlarından gedərsə, bu müddət 5 dəqiqə təşkil edəcək. Bu halda biz nə etməliyik? Bu zaman biz təhdidi yaradanlara qarşı hansısa bənzər addımları atmalıyıq. Bunu isə artıq indi edə bilərik. Artıq sürəti 9 Max olan, dəniz bazalı hipersəs raketini sınaqdan keçirmişik və ilin əvvəlindən o, bizim silahlarımız arasında olacaq. Onda bizim də belə əmirləri verənlərə çatmaq müddətimiz 5 dəqiqə təşkil edəcək. Belə təhdidlərin yaranması bizim «qırmızı xətt»imizdir», - deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Beləliklə, Donbas ətrafında və ümumilikdə Ukraynada yaşananlar ciddi gərginlik katalizatoru olaraq qalacaq.

 

Ukrayna hadisələrin mərkəzindədir

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də bəyan edib ki, onun ölkəsi Rusiya ilə birbaşa danışıqlar aparmadan Donbasda müharibəni dayandıra bilməz. Moskvanı birbaşa danışıqlara cəlb etməyə çalışan Kiyev regionda praktik nəticələr verməyən Normand formatına paralel yeni dialoq formatı istəyir. O, Minsk danışıqları prosesinin bu yolla yenilənə biləcəyini düşünür. «Hesab edirəm ki, «Minsk» çevik olmalıdır. Heç kim demir ki, «Minsk»i qapadaq. Hesab edirəm ki, onun bir neçə bəndi yenilənməlidir», - deyə Zelenski qeyd edib.

Belə çıxır ki, yaxın gələcəkdə Ukrayna rəhbərliyinin fərqli siyasi xətti Moskvaya Donbasda hərbi fəaliyyətin fəallaşdırılması ilə təzyiqlərin artırılması ola bilər. Başqa sözlə, Ukrayna məhz bu təzyiq vasitəsindən istifadə etməklə, Kreml ilə birbaşa danışıqlara nail olmağa çalışacaq. Digər tərəfdən Moskvanın Kiyevlə birbaşa dialoqa getmək istəməməsi onun Donbasda baş verənlərə görə məsuliyyəti birbaşa öz üzərinə götürmək istəməməsi kimi dəyərləndirilir. Sanki Rusiya bununla konstruksiyanı «sındırmağa», demək, danışıqlar prosesinin ümumi məntiqini yox etməyə çalışır.

Beləliklə, tərəflərin mövqeyində ciddi dəyişikliklər gözləməyə dəyməz. Bununla yanaşı, Rusiya ilə NATO qüvvələri arasında birbaşa hərbi qarşıdurma ehtimalı da bu gün çox zəif qiymətləndirilir.

Yeri gəlmişkən, Rusiya-NATO qarşıdurmasında birincinin xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında dekabrın 2-də baş tutmuş görüşü maraqlı fakt saymaq olar. Onlar ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən sammiti çərçivəsində bir araya gəliblər. Görüşdə Blinken bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişə kəskinləşərsə, bunun Moskva üçün ciddi fəsadları olacaq.

Əksər müşahidəçilər düşünür ki, söhbət növbəti, lakin bu dəfə Rusiya iqtisadiyyatına daha ciddi zərbə vuracaq sanksiyalardan gedə bilər. Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber dekabrın 4-də bəyan edib ki, tərəflər arasında silahlı qarşıdurma baş verərsə, «Şimal axını-2» qaz kəməri layihəsinin istismara verilməsindən birdəfəlik imtina olunmalıdır. O, Almaniyanın yeni hökumətinin bu mövqeyi aydın şəkildə ifadə etməli olduğunu da bildirib. Bu bəyanat «Şimal axını-2» layihəsindən imtina məsələsinə baxıldığının göstəricisi sayılmalıdır. Eyni zamanda bu halda NATO ölkələri ilə Rusiya arasında iqtisadi əlaqələrə digər ciddi məhdudiyyətlərin qoyulacağı da istisna deyil.



MƏSLƏHƏT GÖR:

168