24 Noyabr 2024

Bazar, 21:27

BÖHRAN AŞILSA DA, ÇAĞIRIŞLAR QALIR

Qazaxıstan köklü islahatlar yolunda?

Müəllif:

01.02.2022

Görünən odur ki, Qazaxıstanda vəziyyət sabitləşir. Hakimiyyət vəziyyəti tam nəzarətinə götürə bilib. Lakin postsovet Mərkəzi Asiyasının ən nəhəng dövlətinin gələcək inkişafına dair bir sıra son dərəcə vacib sual hələ də açıq qalır. Söhbət istər dövlət hakimiyyəti konfiqurasiyası problemindən, onun ciddi daxili siyasi və sosial-iqtisadi problemləri necə çözəcəyindən gedir, istərsə də Qazaxıstanın xarici siyasi oriyentasiyası məsələsindən.

 

Sabitləşdirmənin nüansları

Nur-Sultan və Almatı şəhərlərində, həmçinin Almatı, Atırau, Cambul, Qızılorda və Mangistau vilayətlərində yanvarın 19-dan fövqəladə vəziyyətə son qoyulması etiraz aksiyalarının yatdığının göstəricisidir.

Xatırladaq ki, Qazaxıstanda etiraz dalğası ilkin olaraq yanacağın bahalaşması ilə əlaqəli başlamışdı. Lakin sonradan o, sırf siyasi xarakter almışdı. Artıq aksiyalarda yalnız dinc nümayişçilər yox, qarışıqlıq yaratmaq, hakimiyyətlə silahlı qarşıdurmaya getmək niyyətində olan müəyyən qüvvələr də iştirak edirdi.

Daha bir göstərici Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana prezident Kasım-Jomart Tokayevin istəyi ilə yeridilmiş ordusunun elə eyni tarixdə – yanvarın 19-a ölkəni tam tərk etməsidir.

Vəziyyətin sabitləşməsində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin xalqa videomüraciəti də öz rolunu oynayıb. Hər halda, onun uzun müddət susması, ümumiyyətlə, ictimaiyyət qarşısına çıxmaması ölkədə 225 nəfərin həyatına son qoymuş böhranın yaşandığı günlərdə intriqanı dərinləşdirən əsas amillərdən idi. Nazarbayevin susması fonunda gündəmə ən müxtəlif versiyalar atılırdı. Lakin sabiq prezident videomüraciəti ilə onların əksəriyyətini təkzib edib. Birincisi, o, «heç yerə getmədiyini» bildirib, ikincisi, Tokayevin təklif etdiyi islahatlar proqramına dəstəyini ifadə edib. Nursultan Nazarbayev deyib ki, prezidentin təklif etdiyi islahatlar proqramı «xalqın rifahının yüksəldilməsinə hesablanıb». Elbaşı hazırkı prezidentin «hakimiyyətə tam şəkildə sahib olduğunu» təsdiqləyib, onun Qazaxıstan Təhlükəsizlik Şurasının katibi olduğunu bildirib, eyni zamanda Tokayevin hakim «Nur Otan» partiyasının sədri seçiləcəyinin anonsunu verib.

Beləliklə, Nazarbayev, əslində, Qazaxıstan hakimiyyəti və siyasi elitası daxilində heç bir qarşıdurmanın olmadığını göstərməyə çalışıb. Bununla yanaşı, ekspertlər əmindirlər ki, sabiq dövlət başçısının müraciəti Qazaxıstanda hakimiyyət tranzitinin son aktı sayılmalıdır. Bu mənada, ölkə parlamentinin aşağı palatasında konstitusiya qanunlarına dəyişikliklərin qəbulu da maraqlıdır. Dəyişikliyə əsasən, Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalq Assambleyasının ömürlük rəhbəri vəzifələrindən məhrum edilib. Bununla da, Tokayev Qazaxıstanın əsas lideri mövqeyini gücləndirib, bununla da, artıq hakimiyyət daxilində «təmizlik» işlərinə başlayıb. Üstəlik, vəzifələrini itirənlər məhz Nazarbayevin tərəfdarları, onun «adam»larıdır. Bəli, Nazarbayevin dövlət orqanlarında və ölkənin aparıcı biznes strukturlarında yüksək vəzifə tutan qohumları, o cümlədən yaxın ətrafına aid şəxslər bir-birinin ardınca vəzifədən kənarlaşdırılırlar.

Bəs, Nazarbayevin «ailə»sinin hakimiyyətdən kənarlaşdırılması hakim elitanın və dövlət hakimiyyəti konfiqurasiyasının dəyişdiyi anlamına gəlirmi? Hələlik bu istiqamətdə hər hansı ciddi dəyişikliyin olduğunu söyləmək çətindir. Hələlik yalnız prezident Tokayevin lazım bildiyi həddə aparılan müəyyən sosial-iqtisadi islahatlardan danışmaq olar. O, Qazaxıstanın biznes dairəsinin nümayəndələri ilə görüşündə bildirib ki, ölkədə iğtişaşların əsas səbəbi «zənginlərlə yoxsulların gəlirləri arasında fərqin yolverilməz həddə çatması» olub. Tokayev hesab edir ki, «terrorçular, yaraqlılar və onların arxasında dayananlar məhz bu amildən istifadə ediblər. Prezident bildirib ki, məhz bu səbəbdən də indi qarşıda duran strateji vəzifə «ictimai düzənin dərindən transformasiyası»dır: «Qazaxıstan vətəndaşlarının istəklərinə, maraqlarına cavab verən real islahatlara ehtiyac var».

Tokayevin hansı islahatlardan danışdığı, yəqin ki, yaxın aylarda bəlli olacaq. Hələlik əminliklə yalnız bir şeyi demək olar ki, siyasi sabitliyin ardından əhalinin böyük hissəsinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, yaşayış səviyyəsinin yüksəlməsi Qazaxıstan dövlətçiliyinin dayaqlarını möhkəmləndirə bilər. Ölkənin inkişafı üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi işində isə yeni hökumətin üzərinə böyük iş düşəcək. Xatırladaq ki, yeni hökumətə əvvəllər baş nazirin birinci müavini postunu tutmuş, son böhrandan sonra isə prezidentin sərəncamı ilə baş nazir təyin olunmuş Əlixan Smailov başçılıq edir. Qazaxıstanın yeni hökuməti fəaliyyətə başladığı ilk günlərdən nəinki daxili, həm də xarici siyasi müzakirələrin mərkəzindədir.

 

Çoxşaxəlilik imtahanı

Baş verənlər fonunda ciddi səs-küy yaratmış təyinatlardan biri Əskər Umarovun informasiya və ictimai inkişaf naziri postuna gətirilməsidir. Bunadək o, eyni qurumda müavin kimi çalışıb. Umarovun təyinatına əsas etirazlar Rusiya siyasətinin bir sıra nüfuzlu siyasətçilərindən gəlib. Səbəb isə yeni nazirin illər əvvəl səsləndirdiyi birmənalı olmayan bəyanatlarıdır. Məsələn, «Rossotrudniçestvo»nun rəhbəri Yevgeni Primakov yeni nazirin təyinatı haqda danışarkən açıq təhqirə belə yol verərək, onu «rusofob alçaq» adlandırıb. Bundan başqa, Primakov rəhbərlik etdiyi agentliyin Umarovla əlaqə qurmayacağını, onunla heç bir əməkdaşlıq etməyəcəyini də söyləyib.

Rusiya KİV-i isə Umarovun nazir təyin olunmasından uzağa gedən geosiyasi nəticələr çıxarır və bu zaman prezident Tokayevin bostanına da az daş atılmır. Belə təhlillərdə bildirilir ki, Rusiyanın siyasi-ekspert dairələrinin gözləntilərinin əksinə olaraq, Tokayev Qazaxıstanın çoxşaxəli xarici siyasət kursundan imtina etmək, birmənalı şəkildə rusiyapərəst xətt tutmaq niyyətində deyilmiş…

Belə fikirləri Umarovun özünün rusiyalı tərəfdaşlarla məhsuldar əməkdaşlıq etməyə hazır olduğunu söyləməsi də azaltmayıb. Bununla yanaşı, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, «artıq Umarovun yeni statusda verəcəyi bəyanatlara baxmaq lazımdır». Bununla yanaşı, o, «prezident Tokayevin təyin etdiyi nazirlərlə işləməyin, əməkdaşlığı dərinləşdirməyin lazım olduğunu» da söyləyib.

Bütün bunlar göstərir ki, çoxları KTMT qoşunlarının Qazaxıstana yeridilməsini bu ölkənin tamamilə Rusiyanın orbitinə keçməsi kimi qiymətləndirsə də, əslində bu, belə deyil. Başqa sözlə, bu fakt qlobal mərkəzlərin «Avrasiyanın qəlbi» uğrunda geosiyasi mübarizəsində dönüş anı sayıla bilməz. Bu mübarizənin nəinki səngimədiyini, əksinə daha da qızışdığını göstərən daha bir amil Avropa Parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı qəbul etdiyi qətnamədir. Sənəddə Qazaxıstanda baş verənlərlə bağlı beynəlxalq araşdırmanın vacibliyi vurğulanır, «2022-ci ilin yanvarında baş vermiş nümayişlər zamanı insan haqlarının kobud şəkildə pozulmasında rolu olan» qazaxıstanlı məmurlara qarşı sanksiyaların tətbiqinin lazımlığı qeyd edilir. Bununla yanaşı, qətnamədə bildirilir ki, «Avropa İttifaqı ilə Qazaxıstan arasında daha dərin siyasi və iqtisadi münasibətlərin qurulması bu ölkənin demokratik islahatlara sadiqliyinə bağlıdır».

Qazaxıstan Xarici İşlər Nazirliyinin bu sənədə cavab olaraq yaydığı bəyanatda bildirilir ki, Avropa Parlamentinin qətnaməsi «qeyri-obyektiv nəticələrə və məlumatlara əsaslanır». XİN bildirir ki, belə sənədlərin Qazaxıstan rəhbərliyinin təşəbbüsü ilə başladılmış rəsmi təhqiqatlar başa çatmadan qəbulu yolverilməzdir, təhqiqatların nəticəsi isə beynəlxalq ictimaiyyətə açıqlanacaq.

Qərbin Qazaxıstan, daha geniş götürdükdə isə bütünlükdə Avrasiya istiqamətində bu cür və növbəti əhəmiyyətli fəallığı Qazaxıstanın strateji perspektivdəki rolunu daha da aktuallaşdırır. Aydındır ki, bu ölkəyə siyasi və iqtisadi maraqlar kontekstində təsir imkanları uğrunda mübarizə, ilk növbədə, Rusiya, Qərb və Çin arasında gedəcək. Təbii ki, burada əsas məsələ Qazaxıstanın özünün mövqeyidir – prezident Tokayevin dövründə ölkə özünün xarici gözləntilərinin konturlarını dəqiq göstərməli olacaq. Bu rəngarəng geosiyasi maraqlar mənzərəsində regional siyasətdə nüfuzunu durmadan artıran Türkiyə və ümumilikdə türk dünyası amili də əhəmiyyətli rol oynayacaq.

Bütün bu aspektlər, şübhəsiz ki, Tokayevin hakimiyyəti dövründə də Qazaxıstanın çoxvektorlu siyasəti davam etdirib-etdirməməsindən asılı olacaq. Bununla yanaşı, Qazaxıstanın daxili inkişaf prioritetləri ilə onun xarici siyasətinin xarakteri arasında birbaşa əlaqə ortadadır. Qazaxıstan postsovet məkanında «Avrasiyanın inteqrasiyası» prosesinin lokomotivlərindən biri olaraq qalacaqmı? Ölkədə latın qrafikasına keçid prosesi başa çatacaqmı? Qazaxıstan dövləti güc strukturlarının köklü şəkildə yenidən qurulmalı olduğunu göstərmiş son hadisələrdən sonra ordu quruculuğunda hansı modelə üstünlük verəcək? Bu nəhəng Mərkəzi Asiya ölkəsinin gələcək iqtisadi inkişafı hansı prinsiplər üzərində qurulacaq?

Bunlar 2022-ci ilin yanvarında baş vermiş qanlı toqquşmalardan sonra yaranmış yeni reallıqlarda Qazaxıstanın qarşısında duran suallardan yalnız bəziləridir. Müstəqil Qazaxıstan dövlətinin taleyi bu reallıqlarda həll olunacaq.



MƏSLƏHƏT GÖR:

146