Müəllif: Cahangir HÜSEYNOV
Fevralın 1-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının formal olaraq Avropa İttifaqını (Aİ) tərk etməsinin ikinci ili tamam olub. Amma Aİ-nin qanun və qaydalarına uyğun keçid dövrü daha bir il davam edib. Böyük Britaniya vahid bazarı 2021-ci il yanvarın 1-də tərk edib və bunun üçün saysız-hesabsız gömrük formallıqlarından, normativ aktlardan keçmək lazım gəlib. Bunun ardınca Brüssel dərhal sərhəd nəzarətinin tətbiqinə başlayıb, nəticədə, Britaniyanın Aİ-yə ümumixracı, təxminən, 15% azalıb. Konkret olaraq, kənd təsərrüfatı məhsulları ixracında isə azalma 25%-dən çoxdur.
Britaniya hökuməti öz növbəsində, Aİ-dən idxala məhdudiyyətlərin tətbiqini dəfələrlə təxirə salıb və bu qərarı yalnız 2022-ci il yanvarın 1-də qəbul edib. Amma yenə də məhdudiyyətlər noyabradək mərhələli şəkildə tətbiq olunacaq: Britaniya hökuməti xüsusilə pandemiya dövründə mağazalardan Avropa mallarının bir anda yox olmasını istəmir. 2020-ci ildə Britaniyanın mal və xidmət ixracının 42%-i Aİ-nin payına düşüb. İdxalda bu rəqəm 50% olub.
Kiçik Biznes Federasiyası bu qərarı dəstəkləyib. Sən demə, Britaniya şirkətlərinn dörddə üçü idxalda yeni məhdudiyyətlərə hələ də hazır deyil. Milli Fermerlər İttifaqı isə narazıdır. Bu qurumda hesab edirlər ki, «Brexit»dən sonra idxala nəzarət üzündən yaranmış ləngimələr Aİ ixracatçılarına aşkar üstünlük qazandırıb.
Problemlər artıb
Böyük Britaniyanın baş naziri Boris Conson bir il əvvəl ticarət razılaşmasının imzalanmasını ölkəsinin taleyinə nəzarəti geri qaytarması kimi qiymətləndirmişdi. Amma görünən odur ki, nəticədən narazı seçicilərin sayı getdikcə artır. Hər halda, noyabrda keçirilmiş sorğu göstərib ki, ölkə əhalisinin əksəriyyəti indi Aİ-yə qayıtmağa səs verərdi. Məlum olub ki, indi 2016-cı il referendumunda Aİ-dən çıxmağa səs vermiş hər 10 nəfərdən biri də bu fikirdədir. Keçid dövründə Britaniya iqisadiyyatı, təxminən, 1,5% kiçilib. Bu, biznesə investisiya yatırımının azalması və daha yüksək ticarət maneələri ərəfəsində iqtisadi fəaliyyətin Aİ-yə keçməsi ilə bağıdır. Perspektivdə azalmanın, təxminən, 4% olacağı gözlənilir.
Yeni ticarət sazişindən sonra bir çox məsələlər həllini tapmayıb. Buraya Şimali İrlandiya ilə münasibətlər, balıqçılıq və maliyyə xidmətləri sahəsi də daxildir. «Brexit»dən sonra maliyyə şirkətləri əməliyyatlarının, əməkdaşlarının, aktivlərinin, yaxud hüquqi şəxslərinin ən azı bir hissəsi Londondan Aİ-yə daşımağa başlayıb. Amma bu «daşıma» gözlənildiyindən zəifdir. Çünki pandemiya personalın daşınmasını çətinləşdirir.
Razılaşmaya əsasən, Aİ-nin balıqçı gəmiləri lisenziya almaqla, Britaniya sularında balıq ovunu davam etdirə bilər. Lakin onlar əvvəllər də orada balıq tutduqlarını sübut etməlidirlər. Bu, lazımi texnologiyaya malik olmayan kiçik fransız qayıqları üçün çətin tələbdir. Məhz bu məqam əsas göstərilməklə, çoxlarına lisenziya verilmir. Nəticədə, Fransa Britaniyanın lisenziya ilə bağlı mübahisələri həll etməyəcəyi təqdirdə məhkəməyə üz tuta biləcəyini belə, bəyan edib. Bu, ötən ilin dekabrında baş verib.
Şotlandiyanın birinci naziri Nikola Stercen isə ölkəsinin müstəqilliyi məsələsini gündəmə gətirir. O, bu hədəfə gələn ilin sonunadək nail olmaq istədiklərini deyib, referendumun təşkili ilə bağlı planlarını «yaxın həftələrdə» açıqlayacağını bildirib. Görəsən, Conson administrasiyası bu işin öhdəsindən necə gələcək? Qeyd edək ki, Şotlandiya parlamentinin mühafizəkar üzvlərinin hamısı birmənalı olaraq, Consona qarşıdır.
İrlandiya böhranı
Şimali İrlandiya Böyük Britaniyanın bir hissəsi olsa da, vahid Avropa bazarını tərk etməyib. Məqsəd Aİ üzvü olan İrlandiya Respublikası ilə quru sərhədini açıq saxlamaqdır. Bu, həm də adada onsuz da kövrək olan sülhə təhdid yaratmamaq istəyindən irəli gəlir.
Amma bu, faktiki olaraq Böyük Britaniya ilə Şimali İrlandiya arasında İrland dənizində sərhədin yaranmasına səbəb olub. İndi yekun razılaşmayadək imzalanmış müvəqqəti protokola əsasən, adadan Britaniyanın digər hissələrinə daşınan malların yoxlanılması tələb olunur. Bundan başqa, Şimali İrlandiyanın ali məhkəmə orqanı Avropa Məhkəməsidir. Böyük Britaniyanın qalan hissəsində isə bu qurum öz səlahiyyətlərini itirib.
Hər iki tərəfin artıq illərdir həll etməyə çalışdığı, lakin nəticə əldə edə bilmədiyi bu və digər problemlər Şimali İrlandiyada siyasi böhrana səbəb olub. Fevralın əvvəlində Demokratik Yunion Partiyasından olan kənd təsərrüfatı naziri Böyük Britaniyadan gələn yüklərin Şimali İrlandiya limanlarında yoxlanılmasına son qoyulması haqda tapşırıq verib və bunu özbaşına edib. Ardınca Aİ ilə protokola etiraz olaraq, Şimali İrlandiyanın hökumət başçısı – birinci nazir Pol Qivan istefa verdiyini açıqlayıb. Bu halda ikihakimiyyətliliyin şərtlərinə əsasən, avtomatik olaraq onun müavini Mişel O'Nil də istefaya gedib. O, hökumətdə müxalifətdə olan millətçi «Şinn Feyn» partiyasını təmsil edirdi.
Beləliklə, Şimali İrlandiya hökuməti rəhbərlik olmadan növbəti seçkiyə – mayın 5-dək qismən fəaliyyət göstərə bilər. Lakin adanın siyasi dairələrində ehtiraslar hələ yeni qızışır.
Yarımçıq plan
Yanvarın 31-də – «Brexit»in ikinci ildönümü ərəfəsində Böyük Britaniyanın baş naziri Aİ qanunlarının ləğvi və ya dəyişdirilməsi prosedurunu yüngülləşdirəcək (hər halda, baş nazir belə düşünür) qanun layihəsini təntənəli şəkildə təqdim edib.
«Yenidən qazandığımız müstəqilliyimizdən faydalanmaq yolunda böyük uğurlar qazanmışıq. İndi biz Böyük Britaniyanın öz gələcəyini özü müəyyənləşdirəcək suveren, müstəqil dövlət statusunu bərpa edirik. Bu gün ortaya qoyduğumuz planlar «Brexit»in üstünlüklərini daha da artıracaq», - deyə Boris Conson bildirib.
Lakin Britaniya ictimaiyyəti deyilənlərə daha çox şübhə ilə yanaşmağa başlayıb. Məsələn, Şotlandiya, Uels və Şimali İrlandiya hökumətləri bu məsələlərdə onlarla məsləhətləşmələrin aparılmadığını bəyan edib. Bu ölkələrdə düşünürlər ki, yeni qanunvericilik Vesminsterə onlar üçün vacib olan bir sıra sahələrdə əlavə səlahiyyətlər verəcək. Conson yarımçıq planı açıqlamaqda tələskənliyə yol verməkdə də günahlandırılır. Hesab olunur ki, baş nazir bunu narazı mühafizəkar deputatların dəstəyini qazanmaq üçün edib. Məsələ ondadır ki, həmin deputatlar baş nazirin istefasını getdikcə daha uca səslə tələb edirlər.
«Əgər bu, Boris Consonun vəzifəsini qoruyub saxlamaq üçün ata biləcəyi ən yaxşı addım imişsə, onun ciddi problemləri var», - deyə parlamentin Liberal-Demokrat Partiyasından olan deputatı Sara Olni bildirib.
İstefa?
Uzaq olmayan keçmişdə, hələ ötən ay düşünmək olardı ki, Boris Conson üçün ciddi təhlükə yoxdur. Partiyasının onu etimadsızlıq göstərə biləcəyi də ağla gəlmirdi. Lakin qısa vaxtda vəziyyət kökündən dəyişib. Baş nazir bir anda artıq «Partygate» adlandırılan siyasi böhrana səbəb olub. Böhran onun və əməkdaşlarının özünütəcrid rejimini pozması ilə bağlı 10-dan artıq faktın ortaya çıxması ilə yaranıb və artıq məsələ polis tərəfindən araşdırılır. Conson üçün vəziyyəti daha da ağırlaşdıran məqam isə onun ittihamları dəfələrlə təkzib etməsi faktıdır. O, təkzib bəyanatı ilə parlamentdə belə, çıxış edib.
Doğrudur, COVID-lə bağlı təcrid qaydalarının pozulması o qədər də ciddi cəzaları nəzərdə tutmur. Lakin araşdırma baş nazirin İctimai palatanı aldatdığını üzə çıxararsa, nazir kodeksi onun istefasını zəruri edəcək (baxmayaraq ki, onun hüquqi qüvvəsi yoxdur).
«Mənim əla strategiyam var: o qədər səhv edirsən ki, insanlar onlardan hansına diqqət ayırmalı olduqlarını bilmirlər», - deyə Conson illər əvvəl jurnalistlərə zarafatla bildirmişdi.
Deyəsən, jurnalistlər illər sonra məsələnin həlli yolunu tapıblar – onlar bütün səhflərə eyni vaxtda diqqət yönəltməyə başlayıblar. İndi deyəsən ölkədə baş nazirə müsbət yanaşan bir media qurumu də yoxdur. Consonun uzun illər çalışdığı mühafizəkar «Telegraph» və «Spectator» qəzetləri belə, baş nazirə qarşı çıxıb. Consona loyal qalan son qəzet «Daily Mail» də indi ondan üz döndərib. Halbuki, cəmi bir həftə əvvəl bu qəzet xalqı «həddi aşmamağa» çağırır, «Partygate»ə həddindən artıq kəskin reaksiyanı pisləyirdi. Bu gün isə «Daily Mail» «Dauninq-stritin iflası» haqda aləmə car çəkən əsas qəzetlərdən biridir.
Məsələ o həddə çatıb ki, bu günlərdə parlamentdə torilərin 359 deputatından 100-ü öz hökumətlərinin təqdim etdiyi qanunverici aktların əleyhinə səs verib.
İndi sual mühafizəkarların aylarla uzana biləcək polis araşdırmasını sona çatdırmağa çalışıb-çalışmayacaqlarında, baş nazirə etimad məsələsini səsverməyə çıxarıb-çıxarmayacaqlarındadır. Məsələnin gündəliyə salınması üçün mühafizəkar deputatların 15%-nin, yəni 54 parlamentarinin səsi kifayətdir. Bu halda partiyadan olan deputatların 50%-dən çoxunun «hə» deməsi baş nazirə etimadsızlıq elan edilməsi üçün bəs edir.
Amma Consonun sərt tənqidlərlə üzləşməsinin səbəbi yalnız təcrid qaydalarının pozulması deyil. Ona leyboristlərin lideri Keyr Starmerin ünvanına aşkar təhqiramiz ifadələr işlətməsini də bağışlamırlar. Baş nazirin qeyri-adekvat fikirləri yalnız müxalifət tərəfindən deyil, onun öz partiyadaşları tərəfindən də qəzəblə qarşılanıb. Müxtəlif məlumatlara görə, artıq 20-30 mühafizəkar deputat etimadsızlıq məsələsinin qaldırılması tələbi ilə çıxış edir. Onların bəzilərinin son zamanlaradək Consonun tərəfdarı olduqları da bildirilir.
Maliyyə naziri Rişi Sunak (praktik olaraq, hökumətdə ikinci şəxsdir) və səhiyyə naziri Sacid Cavid də baş nazirin Starmerin ünvanına səsləndirdiyi təhqirləri pisləyib, həmin fikirlərlə razı olmadıqlarını bildiriblər. Consonun mövqelərinə ən ciddi zərbə isə gözləmədiyi yerdən gəlib. Uzun illər onun köməkçisi olmuş Munira Mirza istefa verdiyini açıqlayıb. Maraqlıdır ki, Mirza düz 14 il idi Consonla işləyirdi və baş naziri ən çətin günlərində belə, tərk etməmişdi. Bu əməkdaşlıq Consonun London meri olduğu dövrdən başlamışdı. Munira Mirza hökumətin bir çox məsələ ilə bağlı siyasi mövqeyinin əsas memarlarından biri idi. O da vəzifəsindən sosial-demokratların liderinin ünvanına əsassız yalanların səsləndirilməsinə istinad edərək gedib.
Az sonra baş nazirin yaxın ətrafına daxil olan daha 4 nəfər istefa verib. «New Statesman» jurnalı baş verənləri «Dauninq-stritdə uzun bıçaqlar gecəsi» adlandırıb.
Şans var
Bukmeker kontorları və siyasi icmalçılar artıq Consonu hansı mühafizəkar siyasətçinin əvəz edə biləcəyinə dair müzakirələr aparır. Əsas namizədər kimi, xarici işlər naziri Rişi Sunak ilə partiya liderliyinə 2019-cu ildə keçirilmiş seçkidə hazırkı baş nazirə məğlub olmuş Ceremi Xantın adları çəkilir.
Ekspertlər hesab edir ki, Consonun problemi pis xəbərlər dalğasının baş nazirin populyar olmadığı dövrə təsadüf etməsindədir. Polisin Dauninq-stritdəki əyləncə gecələri ilə bağlı araşdırmaya başlanıldığını elan etdiyi 16 yanvar tarixinə respondentlərin yalnız 22%-i Consonun işinin öhdəsindən yaxşı gəldiyini düşünürdü. Təxminən 73% onun fəaliyyətindən narazıdır.
Conson hökumətindən əsas narazılıq inflyasiya ilə bağlıdır. Dekabrda ölkədə inflyasiyanın həddi 5,4%-ə çatıb. Bu, son 30 ilin ən yüksək göstəricisidir. Ölkədə bahalaşma bir neçə amillə bağlıdır. Bu, qlobal ərzaq çatışmazlığı və tədarükdə COVID-19 üzündən yaranan fasilələr, Mərkəzi Bankın qiymət artımının əngəllənməsinə deyil, iqtisadi inkişafın stimullaşdırılmasına yönəlmiş siyasəti, «Brexit»dən sonra əmək qanunvericiliyinə edilmiş dəyişikliklərin yaratdığı çətinliklər səbəbilə işçi qüvvəsinin çatışmaması və sairdir.
Beləliklə, mühafizəkarlar təşviş içərisindədirlər. İndi onlar populist, yalanlarla, qaydaları pozmaqla ölənin böyük hissəsini qəzəbləndirmiş, partiyanı biabır etmiş Boris Consondan qurtulmalıdırlarmı? Yoxsa xalqın ciddi dəstəyi sayəsində partiyanı pandemiyanın ən ağır vaxtlarında belə, hakimiyyətdə saxlaya bilmiş bu şəxsə dəstək davam etməlidir?
Son sorğular göstərir ki, torilər Leyboristlər Partiyasından 3-14 bənd geri qalırlar. Mühafizəkar deputatların çoxu üçün bu, mandatı itirmək təhlükəsi deməkdir.
Böyük Britaniyada yerli özünü idarəetmə orqanlarına seçki mayda keçiriləcək. COVID-19 epidemiyası zəifləyərsə, iqtisadi vəziyyət yaxşılaşarsa, Conson hökuməti isə İrlandiya ilə sərhəd məsələsinə dair Aİ ilə razılaşarsa (bu, britaniyalıların əksəriyyətini razı salacaq), o, yəqin ki, etimad sınağını aşa biləcək.
MƏSLƏHƏT GÖR: