
ALTISI BİRİNƏ QARŞI
Türkiyədə Ərdoğanın partiyasına qarşı koalisiya qurulacaqmı?
Müəllif: Kənan RÖVŞƏNOĞLU
Türkiyədə siyasi gündəm 6 müxalifət partiyasının (CHP, “İyi Partiya”, “Səadət”, “Demokrat”, “Gələcək” və “Deva” partiyaları) bir araya gələrək qəbul etdiyi birgə fəaliyyət sənədidir. “Gücləndirilmiş Parlamentar Sistem” adı verilən birgə fəaliyyət sənədi fevralın 28-də 6 partiya lideri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıqlanıb.
Sənədin təqdimatının təqvimi də təsadüfən seçilməmişdir. Düz 25 il əvvəl 1997-ci il fevralın 28-də Türkiyədə ordu, məhkəmə və bürokratiya birləşərək baş nazir Nəcməddin Ərbakanı istefaya məcbur edib. “Modern çevriliş” adlanan bu proses islamçı hökumət koalisiyasının dağılması ilə nəticələnib. Bu hadisə indiyədək Türkiyədə demokratiyaya zərbə hesab olunur. Yeri gəlmişkən, hazırkı iqtidar partiyası və eləcə də 6 müxalifət partiyasından 3-nün lideri birbaşa və ya dolayısı ilə Nəcməddin Ərbakanın qurduğu Milli Görüş hərəkatından çıxıb.
Sənədin məzmunu
Bəs Türkiyənin 6 müxalif partiyasının imzaladığı “Gücləndirilmiş Parlamentar Sistemi” adlı sənəddə hansı maddələr var? İki bölümdən ibarət sənədin birinci hissəsində Prezident hökumət sistemi, ikinci bölümdə isə gücləndirilmiş parlamentar sistemdə islahat təklifləri yer alır.
Mətndəki əsas maddələr bunlardır:
Seçki baryeri 3 faizə (hazırda 10 faizdir) endiriləcək.
“Torba qanun sistemi” deyilən qanunların kütləvi dəyişdirilməsi üsulu ləğv olunacaq.
Parlament istintaqı üçün lazım olan say limiti azaldılacaq.
Ən azı 1 faiz səs alan partiyalara dövlət yardımı veriləcək.
Prezident dövlətin və millətin birliyini təmsil etməsi məqsədi ilə bitərəf və partiyalar üstü bir struktur olacaq.
Prezidentlik müddəti 7 il olacaq və bir nəfər yalnız bir müddətə seçilə biləcək.
Prezident tərəfsiz olacaq, prezident seçilən şəxs partiyası ilə əlaqələrini dayandıracaq. Vəzifədə olduğu müddətdə aktiv siyasətə qarışmayacaq.
Baş nazir parlament üzvləri içərisindən seçiləcək. Prezident parlamentdə ən çox mandata sahib olan partiyaya hökumət qurmaq səlahiyyəti verəcək.
Hökumət qurularkən sadə səs çoxluğu, istefaya göndəriləndə isə mütləq səs çoxluğu əsas götürüləcək.
Nazirlər parlament üzvləri arasında, ehtiyac olduğu təqdirdə isə deputat seçilmə şərtlərinə cavab verən vətəndaşlar arasından Baş nazir tərəfindən təyin olunacaq.
Nazirlər Kabineti baş nazir rəhbərliyində toplanacaq.
Baş nazir və Nazirlər Kabineti parlament qarşısında cavabdeh olacaq. Və baş nazirlə nazirlər Türkiyə Böyük Millət Məclisi qarşısında fərdi və kollektiv məsuliyyət daşıyacaq.
Hökumət qurularkən sadə səs çoxluğu, istefaya göndərilərkən isə parlament üzvlərinin çoxluğunun səsi lazım olacaq. Hökumət yalnız parlamentin bütün üzvlərinin tam sayının səs çoxluğu ilə istefaya göndərilə biləcək. Həmçinin yeni hökumət qurulana qədər əvvəlki hökumət fəaliyyət göstərəcək.
Prezident və ya Nazirlər Kabinetinin təkbaşına fövqəladə vəziyyət rejimi elan etmək hüququ olmayacaq. Fövqəladə vəziyyət rejimini yalnız Nazirlər Kabineti elan edə biləcək, parlament bu qərarı təsdiqlədikdən sonra qüvvəyə minəcək. Qanun Hökmündə Qərarlara (KHK) icazə verilməyəcək.
Məhkəmə və istintaq orqanları ayrılacaq, hər biri ayrıca müstəqil qurum olacaq.
Hakimlərin təminatı güclənəcək, hakimlərin vəzifə və səlahiyyətləri yenidən müəyyən olunacaq, hüquq dövləti şərtləri əsas götürüləcək. Beynəlxalq məhkəmələrdə yerli məhkəmələrin səhv qərarlarına görə təyin olunan cərimələri yerli hakimlər ödəyəcək. Hakimlər və istintaq qurumu ayrıca orqanlar olacaq.
Bundan başqa, ortaq bəyanatda Mərkəzi Seçki Qurumu, Hesablama Palatası kimi dövlət qurumları, düşüncə, ifadə, media, sərbəst toplaşma azadlığı ilə bağlı bəndlər, qadına qarşı cinayətlərə görə cəzaların sərtləşdirilməsi, insan haqları və qadın-kişi münasibətləri kimi mövzuların orta məktəb dərsliklərinə daxil edilməsi, qız uşaqlarının təhsil alma hüquqlarına təminat verilməsi, buna mane olan vasitələrin aradan qaldırılması kimi mövzular əhatə olunub. Bundan əlavə, dövlət nəzarətində olan TRT, Anadolu Agentliyi kimi media orqanlarının tam şəkildə müstəqil və tərəfsiz olmasının təmin edilməsi, media qeydiyyatının sadələşdirilməsi, akkreditasiyanın ləğvinin çətinləşdirilməsi, Radio və Televiziya Qurumunun hakimiyyətdən asılılığının təmin olunması, imtahanlarda müsahibələrin ləğv olunması, yalnız yazılı imtahanların nəticələrinin əsas götürülməsi, müsahibələrin isə ancaq qanunla müəyyən olunması, korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi, Korrupsiyaya qarşı Mübarizə ilə bağlı dövlətlərarası orqanın tövsiyələrinə əməl edilməsi, dövlət sifarişləri bağlı qanunların yenilənməsi və bir tək qanunda birləşdirilməsi və nəhayət, seçki ilə müəyyən olunan şəxsin yalnız seçki ilə vəzifədən uzaqlaşdırılması təmin olunacaq. Qəyyum təyin olunması qaydası ləğv olunacaq. Universitet rektorlarını yalnız universitet heyəti seçə biləcək. Siyasi Etika Qanunu hazırlanacaq, bu qanun vəzifəli şəxslərin ədalət, bərabərlik, cavabdehlik kimi prinsiplərdə öhdəliklər götürəcək.
Siyasi sistemdə “restart” prosesi?
Göründüyü kimi, 6 partiyanın ortaq mətni siyasətin və dövlət idarəçiliyinin bütün sahələrini əhatə edir və kompleks bir yenilənmə təklif edir. Bu proqramın qəbulu Türkiyənin 2017-ci ilə qədər mövcud olmuş parlament üsul-idarəsi sisteminə yenidən geri dönməsi, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Başqa sözlə, Türkiyədə kompleks bir yenidənqurma təklifidir. Lakin bu proqramın reallaşması o qədər də asan deyil.
Razılaşmaya əsasən “keçid prosesi” üçün partiyaların hər biri əvvəlcə öz daxilində işlər görəcək, sonra isə partiyalar öz aralarında məsləhətləşmələr aparılacaq. Daha sonra isə liderlər bu işlərin təşkili üçün birgə komissiyalar yaradacaqlar.
Görünür, işin nəzəri hissəsi hazırdır. Bəs praktik hissə, yəni bu qanunları dəyişmək üçün 6 müxalifət partiyasının hansı imkanları var və ondan necə istifadə edəcək?
Aydın məsələdir ki, yuxarıda qeyd olunan bəndlərin reallaşması üçün 6 partiyanın və ya bu partiyalardan birinin iqtidar, üstəlik, parlamentdə əzici çoxluğa malik olması lazımdır. Çünki təklif olunan dəyişikliklər kompleksdir və bir qismi, xüsusən də prezidentlik müddəti və hökumət sistemi ilə bağlı bəndlər konstitusiya maddələri olduğu üçün referenduma çıxarılması lazım gələcək. Bu səbəbdən də, indi Türkiyə siyasi dəhlizlərinin əsas sualı 6 partiyanın yeni siyasi və ya seçki koalisiyasına çevriləcəyi ilə bağlıdır.
Məlum olduğu kimi, son seçkilərdə 6 partiyadan 4-ü, yəni CHP, “İyi Partiya”, “Səadət” və “Demokrat” partiyalar 2018-ci ildə Millət İttifaqı adlı seçki koalisiyasında birləşib. Buna görə də bir çox siyasi ekspertlər 6 partiyanın qarşıdakı seçkilərdə (ən pis halda 2023-cü il seçkilərində) vahid koalisiya yaradacağını ehtimal edir. Lakin bu koalisiyanın baş verməsi üçün bir sıra maneələr var.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 6 partiya arasında siyasi uzlaşma danışıqları hələ ötən ildən davam edir. Ötən ilin payızında 6 partiya təmsilçiləri bir araya gələrək ortaq maraq kəsb edən mövzuları müzakirə edir və birgə fəaliyyət planı hazırlayırdılar.
Lakin indi həlledici məqam yaxınlaşanda 6 partiyanın quracağı ittifaqla bağlı çətinliklər ortaya çıxa bilər. Məsələn, Türkiyə mediasında yer alan xəbərlərdən belə məlum olur ki, Meral Akşenerin lideri olduğu “İyi Partiya” rəhbərliyi düşünür ki, koalisiyada daha çox partiyanın olması qərarların qəbuluna problem yaradacaq. Üstəlik, partiyaların hər birinin bir səsinin olması böyük partiyalar üçün əlverişsiz vəziyyət yaradacaq. Yəni məsələn, 10-15 faizlik səsi olan partiya ilə baryeri keçə bilməyən partiyanın koalisiyada eyni səs hüququna malik olması Akşenerin tərəfdarlarını narahat edir. Bu səbəbdən də, Akşener qanadı daha yaxşı anlaşma təcrübəsinin olduğu dördlükdə davam etməyə maraqlıdır.
Altı partiya vahid blokda birləşə bilərmi?
Daha bir ciddi sual yaradan mövzu isə 6 partiyanın vahid namizədi, daha dəqiqi prezidentliyə kimin namizədliyinin irəli sürülməsi məsələsidir. Çünki hazırda Türkiyə prezident üsul-idarəsinə keçib, buna görə də 6 partiyanın təkliflərini reallaşdırması üçün ilk növbədə vahid prezidentliyə namizəd olmalıdır. Üstəlik, bu şəxs xarizmatik və güclü lider olmalıdır ki, seçkilərdə Ərdoğana qalib gələ bilsin.
Ötən illərin təcrübəsi göstərir ki, müxalifət içərisində güclü siyasi təcrübə, natiqlik bacarığı və kütləyə təsir etmək baxımından Ərdoğana rəqib olacaq siyasi lider hələ yoxdur. Hətta Məhərrəm İncə kimi uzun illər parlament təcrübəsi və parlaq natiqlik qabiliyyəti olan siyasətçi belə Ərdoğanın kölgəsində qaldı.
Bundan başqa, CHP lideri Kamal Kılıçdaroğlunun namizəd ola biləcəyini deməsi digər partiyalarda açıq müşahidə olunan narahatlıq yaradıb. Çünki Kılıçdaroğlu Ərdoğanla müqayisədə xeyli zəif görünür və onun indiki zamanda namizəd olması 6 partiya üçün risklidir. Odur ki, onlar daha gənc və nisbətən birləşdirici, xarizmatik lider axtarışındadır. Kılıçdaroğlu isə bu kriterilərin ən azı bir qisminə (xüsusən əsas qisimlərinə) cavab vermir.
Gələcək Partiyasının lideri Əhməd Davudoğlu isə “Millət İttifaqı” koalisiyasının adı və formasının dəyişməsini təklif edir. Üstəlik, analitiklər hesab edir ki, AKP-dən ayrılmış Əhməd Davudoğlu və Əli Babacan seçkilərdə Kılıçdaroğlunun namizədliyinə qarşıdır. Bu, ittifaqın seçki uğuru ilə bağlı fərziyyələrə kölgə salır.
Məsələnin digər problemli tərəfi odur ki, hətta 6 partiyanın biri və ya ittifaq şəklində seçkiləri qazansalar belə, onların parlamentdə birgə bəyanatda qeyd olunan dəyişiklikləri reallaşdırmağa yetəcək qədər səs qazana bilməsi şübhəlidir. Bunun üçün 6 partiyanın ittifaqı həm prezident seçkilərini qazanmalı, həm də parlamentdə üstün səs çoxluğuna malik olmalıdır. Başqa sözlə 2/3-i səsə sahib olmaları lazımdır. Bu isə son seçkinin nəticələri və eləcə də, hazırkı sosial sorğulara görə o qədər də real deyil.
Ən böyük maneə – Ərdoğan
Şübhəsiz, Türkiyə hökuməti 6 partiyanın ittifaq fəaliyyətini yaxından izləyir. 2023-cü il seçkiləri Rəcəb Tayyib Ərdoğan hakimiyyəti üçün çox mühüm əhəmiyyətə kəsb edir. İlk növbədə, 2023-cü ildə Türkiyə Respublikasının 100 yaşı tamam olur və Türkiyədə bir sıra iri layihələr məhz bu ilə hesablanıb. Ərdoğan növbəti 5 ildə hakimiyyətdə qalmaqla həm də özündən sonrakı varisini müəyyən etmək və hakimiyyəti ötürmək baxımdan xüsusi əhəmiyyət verir.
Buna görə də hələ 2020-ci ildə Türkiyə prezidenti “iqtisadiyyatda, hüquq və demokratiya sahəsində səfərbərlik və yeni bir islahat mərhələsi” elan edib. Eyni zamanda Ərdoğan yeni konstitusiya hazırlayacaqlarını vəd verib. Başqa sözlə, AKP hakimiyyəti müxalifətin təkliflərinə qarşı birə-bir öz təkliflərini təqdim etmək, qarşı tərəfin arqumentlərini zəiflətməyə çalışacaq.
Beləliklə, Türkiyədə 2023-cü il seçkiləri də “ənənəvi qaydada” gedəcək, hər iki cinah öz elektoratını hərəkətə gətirməyə çalışacaq. Çünki Ərdoğanın müxalifətlə eyni təklifləri (mahiyyət fərqli olsa da, məzmunca eyni) seçici kontingentini böləcək. Nəticəni isə bir neçə faizlik yeni seçicilər və tərəddüdlü elektorat həll edəcək. Bu isə həm də o deməkdir ki, müxalifətin təkliflərinin reallaşması qarşısında ciddi maneələr olacaq hər bir halda.
Nəticə
Nəticə etibarilə 6 partiyanın bir araya gəlib ortaq sənəd hazırlaması müxalifətin geniş birliyinin yaranmasının xəbərçisidir. Bu, Türkiyə müxalifəti üçün ciddi başlanğıcdır, çünki güclü AKP və Ərdoğana qarşı yalnız birgə qalib gəlmək mümkündür. Müəyyən ideoloji fərqlər, fikir ayrılıqları olsa da, 6 partiya lideri anlayır ki, Ərdoğana qarşı qələbə üçün birlik yeganə mühüm şərtdir. Bu isə ən pis halda parlament seçkilərində vahid koalisiyanın olmasını şərtləndirir.
Hakimiyyət üçünsə 6 partiyanın ittifaqı geniş müxalif koalisiyadan daha çox AKP üçün daxili sarsıntı deməkdir. Məsələ burasındadır ki, daxildə dərinləşən siyasi rəqabət fonunda AKP-də 6 partiyada birləşən partiyalara ideoloji olaraq yaxın olan qruplar var. Xüsusən də Babacan və Davudoğlunun AKP elektoratından səs qoparması ehtimalı yüksək hesab olunur, çünki bu şəxslər daha əvvəl AKP iqtidarında ən yüksək dövlət postlarında təmsil olunublar, AKP-nin xitab etdiyi elektorata düşüncə olaraq daha yaxındırlar. Eyni zamanda gözlənilən iqtisadi və enerji böhranı AKP iqtidarı üçün 2023-cü ildə çətin sınaq olacaq.
Bu mənada 2023-cü il seçkiləri Türkiyə siyasətində həlledici dönüş nöqtələrindən biri olacaq. Ölkənin hazırkı prezident üsul-idarəsi ilə davam edəcəyi, yoxsa yenidən parlament sisteminə geri dönəcəyi gələnilki seçkilərdən asılı olacaq.
Bundan başqa, ABŞ-la münasibətlərin soyuq olması Ərdoğan hakimiyyəti üçün ciddi mənfi amil hesab olunsa da, Ukrayna müharibəsi və regionda, eləcə də dünyada gözlənilən böhran AKP hökuməti üçün əlverişli olacaq. Ərdoğanın liderlik təcrübəsi, böhranlı vəziyyətlərdən öz xeyrinə istifadə edə bilməsi bir siyasətçi kimi onun fövqəladə istedadından xəbər verir. Regiondakı gərginlik atmosferi isə daxili auditoriyada Ərdoğan üçün əlavə üstünlükdür. Həmçinin, hakimiyyət müxtəlif vasitələrlə 6 partiya arasında ixtilaflı məsələləri ortaya çıxarmağa və bunu ictimai müzakirəyə çevirməklə ittifaqı zəiflətməyə, ən azından onu elektorat içərisində parçalamağa çalışacaq.
MƏSLƏHƏT GÖR: