Müəllif: Nurlanə QULİYEVA
Bu il martın 11-də Bakıda keçirilən Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının iclasında bir çox KİV-in “tarixi” adlandırdığı hadisə baş verib. Həqiqətən, bu, tarixi hadisə idi. İclasda iki dövlətin hökumətləri arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Həqiqətən, bu sənəd böyük nailiyyətdir. Söhbət təkcə regionun iqtisadi gələcəyindən getmir. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin imzaları ilə təsdiqlənən sənəd Ermənistan-İran sərhədindən cəmi 5 kilometr (!) cənubda tamamilə yeni nəqliyyat dəhlizinin yaradılmasına imkan verir.
İndi Bakı ilə Tehran faktiki olaraq Zəngəzur dəhlizi layihəsinə güclü alternativ yaradır. Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli sazişin imzalanmasından ilyarım keçməsinə baxmayaraq, İrəvan Zəngəzur dəhlizi ilə bağlı aydın mövqe ortaya qoymayıb.
Layihənin təfərrüatları
Yeni dəhliz Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmir yolu xəttindən, çox zolaqlı avtomobil yolundan, elektrik verilişi xətlərindən, rəqəmsal və digər kommunikasiya layihələrindən ibarət olacaq. Bu məqsədlə yeni dəhlizin hər iki ucunda bir dəmir yolunun, ümumilikdə, 4 körpü olmaqla, avtomobil (piyada keçidi ilə) körpülərinin inşası nəzərdə tutulur. Tərəflər bu memorandumla öz ərazilərində yeni dövlət sərhəd buraxılış məntəqələri tikmək öhdəliyi götürüblər. Bu dövlət sərhəd buraxılış məntəqələri bir sutka ərzində ixrac, idxal və tranzit xarakterli məhsulların daşındığı 500 ədədə yaxın giriş və elə bu qədər də çıxış ağırtonnajlı nəqliyyat vasitələrini qəbul edə biləcək.
Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, həmçinin rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri isə İran tərəfi həyata keçirəcək. Üstəlik, tərəflər avtomobil yollarının bərpası, modernləşdirilməsi və ya salınması ilə bağlı işlər aparacaqlar. Bu, körpülərin tam işlək vəziyyətdə olmasına şərait yaradacaq.
Dəmir yoluna gəlincə, o, avtomobil yoluna paralel olaraq tikiləcək. Dəmir yolu ilə bağlı texniki sənədlərin hazırlanmasına 6 ay vaxt ayrılıb. Təbii ki, layihə çərçivəsində infrastruktur kommunikasiyaları, rabitə və enerji təminatı xətləri və sair yaradılacaq.
Yeri gəlmişkən, Şahin Mustafayev layihənin Azərbaycan üçün əsas üstünlüyü haqda danışarkən qeyd edib ki, yeni marşrut sayəsində Azərbaycanın qalan hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolun uzunluğu cəmi 50-55 kilometr olacaq: “Eyni zamanda hesab edirik ki, bu yol təkcə lokal məqsədlərə deyil, həm də böyük tranzit imkanlarına malik olacaq. Bu yol Zəngəzur dəhlizinin qolu kimi Ağbənddən sola dönəcək, Araz çayı üzərindən körpü tikiləcək və təxminən, 50 kilometr gedəndən sonra Ordubad rayonunun Kotan kəndi səmtində Azərbaycan ərazisinə, yəni Naxçıvana çatacaq. Bu, daha dəqiq bir ay ərzində müəyyənləşəcək. Naxçıvana, təxminən, 50-55 kilometrlik yol olacaq”.
Şərq-Qərb, Avropa-Asiya
Hazırda Azərbaycan üçün birmənalı olaraq ölkənin qalan hissəsi ilə Naxçıvanı birləşdirən dayanıqlı yerüstü dəhliz əldə etmək və muxtar respublika ilə mövcud marşrutu qısaltmaq çox vacibdir. Azərbaycan muxtar respublikanın faktiki olaraq blokadada qaldığı illərdə onun iqtisadi inkişafını təmin etmək, elektrik enerjisi və qaz təchizatı ilə bağlı aktual problemləri aradan qaldırmaq, Naxçıvanı zəruri məhsullarla vaxtlı-vaxtında təmin etmək üçün çox böyük səy göstərib və maliyyə vəsaiti ayırıb. Lakin indiyədək ölkənin bu hissəsində istehsalın və sahibkarlığın inkişafı ilə bağlı çətinliklər var və region real potensialından çox uzaqdır. Axı, bunun üçün əsas şərt məhsulların ixracına imkan verən logistikanın əlçatan olmasıdır. Amma indiki məqamda buradan məhsulların daşınması baha başa gəlir. Əlbəttə, bu, məhsulların maya dəyərinə təsir göstərir və onları bazarda rəqabətə davamsız edir. Odur ki, yeni dəhliz Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması və inkişafı üçün əsas stimul olacaq. Bu, vətəndaşların işlə təmin edilməsi ilə bağlı problemlərin həllinə imkan yaradacaq.
Yeni dəhlizin Azərbaycan üçün, belə desək, daxili üstünlükləri ilə yanaşı, o, ümumregional əhəmiyyət daşıyan ən böyük logistik layihələrdən biridir. Bu dəhliz Şərqdən Qərbə, Avropadan Asiyaya və əksinə yüklərin (həmçinin sərnişinlərin) daşınması üçün yeni marşrutdur. O, Türkiyə, İran və Azərbaycanın logistik imkanlarını birləşdirəcək, yükləmə-boşaltma ilə bağlı əlverişli tariflərlə dünya bazarına çıxmağa imkan yaradacaq. Bu, şübhəsiz, sadalanan ölkələrin büdcəsi üçün böyük gəlir mənbəyi olacaq. Bir sözlə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin söylədiyi kimi, “bu, Avrasiyada eyni zamanda yeni bir dəhliz olacaq ki, bütün nəqliyyat mənzərəsini dəyişəcək”.
Hazırda dünyanın siyasi arenasında hadisələr elə sürətlə cərəyan edir ki, onları izləməyi belə, güclə çatdırırsan. Belə bir dövrdə ölkələr üçün logistik imkanların şaxələndirilməsi xüsusi aktuallıq qazanıb. Xüsusən Azərbaycan kimi ölkə üçün. Belə ki, o, öz coğrafi mövqeyi və demək olar ki, bütün qonşuları ilə dostluq münasibətləri sayəsində regionda vacib nəqliyyat qovşağına çevrilmək üçün bütün imkanlara malikdir.
Günah öləndədir
Dost olmayan qonşulara gəlincə, necə deyirlər, günah özünüzdədir. İrəvan postmüharibə dövrünün proseslərini adekvat şəkildə dərk etsəydi, bu vəsaitin bir hissəsi məhz Ermənistanın büdcəsinə daxil ola bilərdi. Axı, ona dərin iqtisadi böhran və təcriddən çıxmaq şansı verilib. Və bu şansı Azərbaycan verib. Bu, qalib ölkənin layiqli jesti idi. Lakin biz ilyarımdır ki, Ermənistandan öz mövqeyini formalaşdırmasını və nəhayət, bir suala aydın cavab verməsini gözləyirik: o, kommunikasiyaları açmağa hazırlaşır, ya yox? Amma nəticədə bu ölkə bizə qarşı gah Zəngəzur dəhlizinin adı ilə bağlı anlaşılmaz iddialar irəli sürüb, gah yeni yolların marşrutları ilə bağlı tərslik edib, gah da... Onsuz Azərbaycan torpaqlarımızın 30 il ərzində işğal altında qaldığı dövrdə Ermənistanın belə iddialarını çox eşidib və biz bunlara qəti cavab verməyi çoxdan öyrənmişik.
Beləliklə, Zəngəzur dəhlizi hüquqi məsələlərlə bağlı bütün aspektləri ilə yol deyil, məhz dəhliz olmalıdır. Və İrəvandan fərqli olaraq, Bakının bununla bağlı mövqeyi açıq və aydındır. Əlbəttə, Azərbaycan bu məsələdə güzəştə getməyəcək. Ermənistana gəlincə, bu ölkənin heç olmasa öz maraqları naminə daha sözəbaxan olmasının vaxtı çatıb.
Yeri gəlmişkən, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun fikrincə, Ermənistanın ən vacib iqtisadi problemlərinin həlli üçün Zəngəzur dəhlizi ən çox ona lazım idi. Lakin revanşist əhvali-ruhiyyə bu dövlətin rəhbərliyinə dəhlizin aşkar faydalarını görməyə imkan verməyib.
Politoloq Fərhad Məmmədov isə hesab edir ki, Azərbaycan və Türkiyə prezidentləri Naxçıvandan Qarsa dəmir yolunun tikintisini sürətləndirmək barədə razılığa gəliblər: “Bu, Ermənistanın Gümrü şəhərindən Qarsa çıxışı Türkiyə üçün mənasız və ikinci dərəcəli məsələyə çevirir”.
Bir sözlə, amerikalı analitik Pol Qoblun söylədiyi kimi, “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan faktiki olaraq qarşısına qoyduğu məqsədə nail olub. İran isə Ermənistanın əvəzinə layihənin benefisiarına çevrilib. Buna görə İrəvan yalnız özünü günahlandırmalıdır”.
Digər tərəfdən Azərbaycan hazırda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı layihədən imtina etmir. Bu, hələ də gündəmdədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda qeyd edib ki, altılıq əməkdaşlıq formatının tərəfləri kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar və Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq: “Hazırda Gürcüstanla İran arasında dəmir yolu xətti yoxdur. Əgər Zəngəzur dəhlizi reallaşsa, bu iki ölkə arasında dəmir yolu əlaqəsi yaranacaq”.
Azərbaycanın xarici işlər naziri vurğulayıb ki, Zəngəzur dəhlizinin işə düşməsi 6 ölkə üçün faydalı olacaq: “Bəziləri Gürcüstanın bundan kənarda qalacağını deyir. Amma bu, belə deyil. Gürcüstan da dəhlizdən istifadə edə biləcək”.
Beləliklə, bütün bunlara əsasən bir məsələnin açıq və aydın olduğunu söyləyə bilərik: Azərbaycan tərs qonşusuna bir daha açıq şəkildə göstərib ki, onun şıltaqlığı ilə barışmayacaq. Adekvat mövqe olacaq və söz verilən dəhliz də çəkiləcək! Lakin indi onlar bu haqda düşünən zaman, bəziləri artıq qazanır: sərhədlərindən cəmi 5 kilometr cənubda...
MƏSLƏHƏT GÖR: