24 Noyabr 2024

Bazar, 18:25

MÖVQELƏRİ DƏQİQLƏŞDİRƏK

Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmiş Azərbaycan postmüharibə razılaşmalarının tam reallaşdırılmasına da nail olacaq

Müəllif:

01.04.2022

Azərbaycan ərazisinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində martın sonlarında vəziyyətin süni şəkildə qarışdırılması bir daha göstərib ki, Xankəndi və ətraf ərazilərdə asayişin, hərtərəfli sülhün bərpasına bir sıra ciddi maneələr qalmaqdadır. Beynəlxalq birlik tərəfindən Azərbaycan Respublikasının bir hissəsi kimi tanınan Qarabağ iqtisadi zonasına aid olan bu torpaqlar azad olunmuş rayonların tezliklə bərpası prosesinə cəlb olunmalıdırlar. Qarabağın dağlıq hissəsinin qaz təchizatı ilə bağlı yaranmış problemlər, həmçinin rusiyalı sülhməramlıların müvəqqəti məsuliyyət zonasında «gizlənmiş» erməni silahlı qüvvələrinin çıxarılması (və ya minimum, silahsızlaşdırılması) istiqamətində gedən proseslər bunun vacibliyini bir daha ortaya qoyub.

 

«Qaz böhranı»nın incəlikləri

Regionda növbəti gərginlik dalğası Ermənistan rəhbərliyinin Azərbaycana ünvanladığı ittihamlarla başlayıb. Guya Azərbaycan Qarabağın dağlıq hissəsinə qaz nəqlini bilərəkdən dayandırıb. Halbuki problem Qarabağ iqisadi zonasında qaz xəttinin sıradan çıxması üzündən yaranmışdı. Bunu Azərbaycanın müvafiq qurumları da təsdiqləyib. Belə vəziyyətin yaranmasına səbəb həm ağır hava şəraiti (bu səbəbdən yalnız Qarabağa deyil, Azərbaycanın digər bölgələrinə də qaz verilişində fasilələr yaranmışdı), həm də konkret olaraq Xankəndiyə gedən boru xəttinin uzun illər təmir olunmadan, lazımi müasirləşdirmə işləri görülmədən istismar edilməsi idi.

«Azəriqaz» İB çətin keçilən ərazilərdə baş vermiş qəzanın aradan qaldırılması üçün lazımi tədbirləri görüb və bundan sonra Xankəndi və yaxın ərazilərə «mavi yanacağ»ın nəqli bərpa olunub. Lakin bütün bunlar Ermənistanın növbəti antiazərbaycan isteriyası fonunda baş verib. Bu isteriyaya isə adət üzrə, erməni lobbisinin bəzi Qərb ölkələrindəki «ştatlı zərbəçilər»i də qoşulub. Guya Azərbaycan Qarabağ ermənilərinin həyat şəraitini ağırlaşdırmaq üçün humanitar fəlakət yaratmaq niyyətindədir…

Lakin beynəlxalq arenada Azərbaycanın nüfuzuna zərbə vurmaq məqsədi ilə başladılmış bu kampaniya «qaz böhranı»nın əsas səbəblərini gizlədə bilməz. Qarabağın Dağlıq hissəsinin qazla təchizatındakı problemə görə məsuliyyəti Bakının üzərinə atmaq cəhdilə Ermənistan və onunla əlbir olan separatçı xunta həm öz müflisləşməsini ört-basdır etmək, həm də Xankəndinin İrəvandan iqtisadi asılılığını gücləndirmək məqsədi güdür. Bu, problemin necə deyərlər, kökündən həll olunmasının vacibliyini bir daha təsdiqləyir. Daha dəqiq desək, baş verənlər göstərir ki, Azərbaycan tezliklə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə də nəzarəti tam bərpa etməlidir. Yalnız bu halda həmin ərazilərdə özbaşınalığa, qanunsuzluqlara, təsərrüfat ədavətlərinə son qoyulacaq, 30 illik sürgündə yaşamış azərbaycanlılarla yanaşı, Qarabağ ermənilərinin də vacib problemləri həllini tapacaq. Problemin kökündən və uzunmüddətli həlli Qarabağın erməni əhalisinin Azərbaycan ictimaiyyətinə reinteqrasiyasının sürəti ilə düz mütənasibdir.

 

Fərrux nəyə işarədir?

Ermənilərin «humanitar fəlakət»lə bağlı isteriyası tədricən yerini Azərbaycan ordusunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə «soxulduğu» haqda siyasi təbliğat kampaniyasına verib. Azərbaycan Silahlı Qüvvələri isə ötən həftələr ərzində dəfələrlə bildirirdi ki, Azərbaycan torpaqlarında qanunsuz hərbi-mühəndis və kənd təsərrüfatı işlərinin aparılması yolverilməzdir. Erməni tərəfinin istifadə etdiyi «soxulma» ifadəsi isə ən azı ona görə doğru deyil ki, bir ölkənin silahlı qüvvələri opriori öz ərazisinə «soxula» bilməz. Bu mənada, Azərbaycan Müdafiə Nazirliyi baş verənlərin ölkənin ordu hissələrinin dislokasiya məntəqələrinin və mövqelərinin dəqiqləşdirilməsi olduğunu bildirib. Bu proses çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndi və ona bitişik yüksəkliklərdə də dislokasiya postlarını qurub. Bu addımın atılması həm də bir səbəbdən zəruri idi – əvvəllər bu yüksəkliklərdə qanunsuz erməni hərbi birləşmələrinin hərbi mövqeləri olub. Bu isə Azərbaycan Ordusunun hissələrinə təhdid yaradır, onları güc tətbiqi üçün təxribata çəkirdi.

Bu təhlükənin mövcudluğu Azərbaycan Silahlı Qüvvələri hissələrinin Fərrux dağı və ətrafdakı yüksəkliklərdə mövqe tutmasından cəmi bir gün sonra da təsdiqlənib. Martın 26-sı səhər erməni silahlılarındanibarət diversiya qrupu Azərbaycan hərbçilərinin mövqelərinə hücum etməyə çalışıb. Lakin Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Bunun ardınca Rusiya Müdafiə Nazirliyinin baş verənlərə reaksiyası vəziyyəti daha da qarışdırıb. Hər halda, verilən reaksiya Rusiyanın sülhməramlı missiyasına heç cür uyğun gəlmirdi. Məlum olduğu kimi, Rusiya sülhməramlılarının öhdəliklərindən biri də Azərbaycanın onların nəzarətində olan hissəsindən qanunsuz erməni hərbi birləşmələrinin tamamilə çıxarılmasıdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları, 44 günlük müharibəyə son qoymuş üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya sülhməramlılarının bu bölgəyə yerləşdirilməsi erməni silahlı birləşmələrinin oradan çıxarılması ilə paralel həyata keçirilməli idi. Lakin 44 günlük savaşın bitməsindən, üçtərəfli bəyanatın imzalanmasından təxminən ilyarım keçməsinə baxmayaraq, bu şərtə hələ də əməl olunmayıb. Üstəlik, aydındır ki, razılaşmanın bu cür vacib bəndinin reallaşdırılmamasında Rusiya sülhməramlı kontingentinin də «zəhməti» var.

Belə bir vəziyyətdə Rusiya Müdafiə Nazirliyinin müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ərazilərdə gərginliyin yüksəlməsinə verdiyi reaksiya sülhməramlı missiya ilə tam ziddiyyət təşkil edib. Guya Azərbaycan Silahlı Qüvvələri üçtərəfli bəyanatın tələblərini pozaraq, müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan ərazilərə giribmiş. Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları dərhal rədd edib. Nazirlik Rusiyanın müdafiə idarəsinin guya Azərbaycanın öz hərbçilərini Fərrux yaşayış məntəqəsindən geri çəkdiyinə dair məlumatını da təkzib edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan Ordusunun ölkənin suveren ərazisi olan Fərrux kəndi və onun ətrafındakı dağlıq ərazilərdəki mövqeyində heç bir dəyişiklik yoxdur.

Nazirliyin açıqlamasında daha bir son dərəcə vacib məqam Azərbaycan ərazisində «Dağlıq Qarabağ» adlı inzibati ərazi vahidinin olmaması ilə bağlıdır. Rusiya Müdafiə Nazirliyinin bu ifadədən istifadəsi Azərbaycanın beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınan ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilib. Ən əsası isə, Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın müdafiə idarəsini Ermənistan ordusunun və qanunsuz erməni silahlılarının qalan hissəsinin də Azərbaycan ərazilərindən tam çıxarılmasını təmin etməyə çağırıb, bunun üçtərəfli bəyanatın tələbi olduğunu nəzərə çatdırıb.

Beləliklə, Bakı Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni silahlı birləşmələrini tərk-silah etməməsindən, onların həmin bölgədən çıxarılması haqda razılaşmanı yerinə yetirməməsindən narazılığını açıq şəkildə ortaya qoyub. Bundan başqa, Rusiya sülhməramlıları komandanlığının bu məsələyə münasibəti, həmçinin Rusiya Müdafiə Nazirliyinin son hadisələrə reaksiyası Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putinin bu il fevralın 22-də imzaladıqları müttəfiqlik münasibətləri haqda bəyannaməyə də tamamilə ziddir. Çünki həmin sənəddə hər iki tərəfin üçtərəfli bəyanatın maddələrinin reallaşdırılmasına sadiq olduğu da bildirilir. Sənəddə bildirilir ki, tərəflər hər iki ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən təşkilat və şəxslərin belə əməllərinin qarşısını almaq, beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıqla mübarizədə səyləri birləşdirmək əzmindədir. Bir sözlə, imzalanmış son sənəddə söhbət qarşılıqlı olaraq müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə, hörmətə əsaslanan müttəfiqlik münasibətlərindən gedir.

 

Qaçılmaz hadisələr məntiqi

Bu mənada, Ermənistan silahlı qüvvələrinin qalan hissələrinin də Azərbaycan ərazisindən çıxarılması, cinayətkar separatçı xuntanın birdəfəlik ləğv edilməsi qaçılmazdır. Odur ki, Bakı Ermənistana Azərbaycanın daxili işlərinə hər hansı formada müdaxilənin yolverilməzliyi haqda xəbərdarlığı əbəs yerə etmir.

Bununla yanaşı, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərinin əsasını qarşılıqlı şəkildə suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, tərəflərin bir-birinə qarşı ərazi iddiaları irəli sürməməsi təşkil edir. Bəs Ermənistan bu təkliflərə nə ilə cavab verir? Azərbaycanın irəli sürdüyü «5 maddə» ilə «zənginləşdirilmiş» «Dağlıq Qarabağın statusu» haqda «təkliflər»lə. Ehtimal edilən sülh müqaviləsinə Azərbaycanın «cəhənnəmə göndərdiyi» «status» məsələsini “soxuşdurmaq” üçün isə Ermənistan hətta 44 günlük müharibə nəticəsində praktik olaraq unudulmuş ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə də müraciət edir. Bununla da, o, Azərbaycanla münasibətləri beynəlxalq hüququn norma və prinsipləri əsasında nizama salmağa hazırlaşmadığını göstərir. Belə olmasaydı, İrəvan əsasında Azərbaycana ərazi iddialarının dayandığı «təklif»lərlə çıxış etməzdi. Ermənistan bu mövqedən çıxış etməklə, əslində, sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. Həqiqətən də, Ermənistan Qarabağın dağlıq hissəsini Azərbaycanın suveren ərazisi kimi tanımaqdan boyun qaçırırsa, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycanın Xankəndi şəhərindən və ətraf ərazilərdən erməni silahlılarının çıxarılmasına dair razılaşmaların reallaşdırılmasını sabotaj edirsə, hansı sülh müqaviləsindən söhbət gedə bilər?

Ermənistan hesab edirsə ki, o, dünyanın məşhur güc mərkəzlərinin – ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiyanın Azərbaycanı öz ərazi bütövlüyünə təhdidlərlə barışmağa məcbur edəcək, kökündən yanılır. Hər halda, o, bunun Azərbaycan ərazilərinin erməni işğalında qaldığı 30 ildə belə, mümkün olmadığını görüb. Azərbaycanın erməni işğalçılarını döyüş meydanında darmadağın edərək, torpaqlarını geri qaytarmasından sonra isə bu, heç mümkün deyil. Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmiş Azərbaycan postmüharibə razılaşmalarının tam reallaşdırılmasına da nail olacaq.



MƏSLƏHƏT GÖR:

155