Müəllif: İlqar VƏLİZADƏ, politoloq
6 aprel, Brüssel. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş keçirilir. Məlum olur ki, görüşdə nəticə əldə olunub. Buna isə görüş ərəfəsində aparılmış ciddi hazırlıq işləri imkan verib.
Tərəflərin regionun münaqişəli keçmişinə birdəfəlik son qoyacaq sülh müqaviləsi üzərində işə başlamaq haqda razılığa gəlməsi ehtiyatlı nikbinlik üçün əsas sayıla bilər.
Aİ təşəbbüsü ələ alır
İlham Əliyevlə Nikol Paşinyanın aprel görüşü Şarl Mişelin təşəbbüsü ilə Brüssel formatında keçirilmiş sayca üçüncü görüşdür. Brüsseldə ilk belə görüş ötən ilin dekabrında keçirilmiş, ikinci görüş isə bu il fevralın 4-də videokonfrans formatında baş tutmuşdu. Həmin görüşdə Şarl Mişellə yanaşı, Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdi.
Avropa İttifaqının Bakı-İrəvan danışıqlarında fəal vasitəçi qismində çıxış etməsi heç də təsadüf deyil. Brüssel Cənubi Qafqaz regionuna özünün «Şərq Tərəfdaşlığı» proqramının əsasını təşkil edən qonşuluq siyasətinin vacib bəndi kimi baxır. Brüssel regionda strateji mövqelərini gücləndirməyin yolunu həm də Ermənistan-Azərbaycan nizamlanmasının irəli aparılmasında görür.
Aİ-nin region ölkələri ilə bağlı iqtisadi və investisiya planları hələ 2021-ci ilin dekabrında keçirilmiş «Şərq Tərəfdaşlığı» sammitində təsdiqlənib. Söhbət 2027-ci ilədək olan dövr üçün nəzərdə tutulmuş qrant vəsaitlərindən gedir. Brüssel onların köməyi ilə 17 milyard avroyadək investisiyanın cəlbini planlaşdırır. Hesab olunur ki, Avropanın dəstəyi və zəmanəti özəl investorların layihələrdə iştirakı üçün əsas olacaq. Məlum olduğu kimi, Brüssel cəlb olunacaq vəsaitlər çərçivəsində Azərbaycana 2, Ermənistana isə 2,6 milyard avro ayırmağı düşünür. Şübhəsiz ki, bu vəsaitlərin effektiv istifadəsi üçün müvafiq geosiyasi və geoiqtisadi şərait vacibdir. Belə bir vəziyyətdə sülh müqaviləsi üzərində işlərə başlanılması 27 sentyabr 2020-ci ildən aktual olan postmünaqişə gündəliyinə son nöqtəni qoya, Azərbaycanla Ermənistanı qarşılıqlı münasibətlərdə yeni mərhələyə keçirə bilər. Söhbət diplomatik münasibətlərin qurulmasından, hərtərəfli iqtisadi əlaqələrin inkişafından gedir.
Şarl Mişelin görüşün yekunları ilə bağlı bəyanatında istər Prezident İlham Əliyevin, istərsə də baş nazir Nikol Paşinyanın sülh razılaşmasının əldə olunması istiqamətində sürətlə irəliləmək niyyəti alqışlanır, onların xarici işlər nazirlərinə bu işlə məşğul olmalarını tapşırmasının önəmi vurğulanır. Liderlər XİN başçılarına bunun üçün lazım olan bütün işlərin görülməsi haqda tapşırıq verib.
Əminliklə demək olar ki, sənəd üzərində işlər Azərbaycan tərəfinin münasibətlərin normallaşdırılması ilə bağlı təklif etdiyi 5 prinsip nəzərə alınmaqla aparılacaq:
- qarşılıqlı olaraq bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyinin tanınması;
- qarşılıqlı olaraq bir-birinə qarşı ərazi iddialarının olmadığının təsdiqi və gələcəkdə belə iddiaların irəli sürülməyəcəyinə dair hüquqi öhdəliyin götürülməsi;
- dövətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdid yaratmaqdan, siyasi müstəqilliyə və ərazi bütövlüyünə hədə və güc tətbiqindən, o cümlədən BMT Nizamnaməsinə uyğun gəlməyən digər hallardan çəkinmək;
- dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə müvafiq kommunikasiyaların və əməkdaşlığın qurulması.
Hər halda, İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə artıq Brüssel görüşündən sonra baş tutmuş telefon danışığında bildirib ki, Ermənistan Bakının dövlətlərarası münasibətlərin qurulması üçün irəli sürdüyü 5 prinsipi qəbul edib.
Delimitasiya və demarkasiya başlayır…
Bu mənada, dövlət sərhədinin delimitasiyası və demarkasiyası həlledici əhəmiyyət daşıyacaq. Onun reallaşmasının sərhəddəki gərginliyi birdəfəlik aradan qaldıracağına ümidlər var. Ümid olunur ki, sərhədlərin delimitasiyası və demarkasiyası Bakı ilə İrəvanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımasını tezləşdirəcək.
Vacib məqam ondan ibarətdir ki, tərəflər müvafiq qərarları qəbul edən zaman bunadək imzalanmış və qüvvədə olan razılaşmalara əsaslanıblar. Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədən, 11 yanvar 2021-ci il tarixli Moskva və 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatlarından gedir.
Brüssel görüşünün yekununda Soçi bəyanatına da istinadla birgə sərhəd komissiyasının yaradılması haqda qərar qəbul olunub. O, aprelin sonunadək yaradılmalıdır. Komissiyanın mandatı Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını, sərhədboyu və yaxınlığında sabitlik və təhlükəsizliyin təminini nəzərdə tutacaq.
Məlum olduğu kimi, Soçidə tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətində addımların atılması haqda razılığa gəlib. Razılaşmaya əsasən, sərhədlərin delimitasiyası, daha sonra isə tərəflərin sorğusu əsasında Rusiyanın vasitəçiliyi ilə demarkasiyasının həyata keçirilməsi üçün komissiya yaradılmalı idi.
Doğrudur, Ermənistanın baş nazirinin bu proseslə bağlı öz yanaşması var. Nikol Paşinyan komissiyanın hansısa «ikili mandatı»ndan danışır. Onun fikrincə, birinci mandat delimitasiyanı, ikincisi isə bütün sərhəd boyu sülh və sabitliyin təminini nəzərdə tutmalıdır. Bununla yanaşı, o, prosesdə Moskvanın iştirakını da istisna etmir.
Nəzərə alsaq ki, Paşinyanın arzuları heç də həmişə reallıqlarla üst-üstə düşmür, komissiyanın «ikili mandat» prinsipi ilə işləyib-işləməyəcəyini zaman göstərəcək.
«Dağlıq Qarabağ» və Minsk qrupu oyundankənar vəziyyətdə
Sözün əsl mənasında oyundankənar vəziyyətdə qalmış tərəflərə gəlincə, bu, «Dağlıq Qarabağ» separatçıları və ATƏT-in Minsk qrupudur. Hər halda, Şarl Mişelin bəyanatında onların adları çəkilməyib. Onlardan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə də danışılmır, son ilyarımda qəbul edilmiş digər sənədlərdə də. Güman etmək olar ki, bir müddət sonra bu adlar birdəfəlik tarixin arxivinə gedəcək və onlara yalnız Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən əvvəlki hadisələrdən bəhs edən mənbələrdə rast gəlinəcək.
Ümumiyyətlə, Avropa Komissiyasının rəhbəri yekun bəyanatında sərt məsələlərdən yayınmağa çalışıb və diqqətini yalnız konkret razılaşmalara cəmləyib.
Doğrudur, bu, erməni tərəfinin danışıqlarda belə mövzuları qaldırmadığı anlamına gəlmir. Ermənistanın baş nazirinin danışıqlarda Minsk qrupunu, Qarabağ ermənilərini xatırlatdığına, həmçinin Qarabağ regionunda Azərbaycan Ordusunun mövqelərini gücləndirməsindən narahatlığını ifadə etdiyinə heç bir şübhə yoxdur. Brüssel görüşünün yekununda Paşinyan özü də etiraf edib ki, İrəvan üçün Qarabağın erməni əhalisinə təhlükəsizlik zəmanətinin verilməsi, «onların hüquq və azadlıqlarının təmini, həmçinin Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi» rpinsipial əhəmiyyət daşıyır. Baş nazir deyib ki, bu məsələlər ermənilərin gündəmində Minsk qrupu həmsədrlərinin prosesə cəlbi ilə birlikdə yer alır və İrəvan bu məsələlərin də danışıqlar mövzusu olmasını istəyir.
Kifayət qədər aşkar olan məqamları görməmək isə əlbəttə ki, təəccüblüdür. Rusiya ilə Qərb ölkələri arasında aşılması mümküünsüz görünən ziddiyyətlər şəraitində Minsk qrupu formatının işləməsi böyük sual altına düşüb. Belə bir vəziyyətdə, yeni şəraitdə onun «potensial»ından istifadənin mümkünlüyünü yalnız İrəvan iddia edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Brüssel görüşünün səhəri səsləndirdiyi bəyanat olmasaydı, Ermənistanın bu israrı bilmək olmaz nə qədər davam edəcəkdi. Söhbət Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən gedir. O, Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinə istinadən bildirib ki, «onlar ATƏT-in Minsk qrupunun həmsədri olan üçlükdən imtina edib, daha bu formatda bizimlə işləməyəcəklərini bildiriblər».
Görünən isə odur ki, Aİ rəhbərliyi onsuz da artıq paslanmış, işləməyən mexanizmə müraciət etmədən, prosesi təkbaşına aparmaq qərarına gəlib. Ümumiyyətlə, Brüssel məsələyə kifayət qədər praqmatik yanaşmağa başlayıb. Aİ-nin hansı məsələlərə kökləndiyini göstərən yekun bəyanatlarda da ciddi məsələlərdən maksimum yan keçilir. Yekun bəyanatın mətninin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi isə Avropa İttifaqının Bakının yaratdığı yeni regional reallıqları qəbul etdiyinin daha bir göstəricisidir.
Yeni şəraitdə köhnə oyunlar
Bu, istər İrəvanı, istərsə də erməni diasporunun radikal mövqe nümayiş etdirən nümayəndələrini, həmçinin Ermənistan müxalifətinin eyni mövqedə olan təmsilçilərini ciddi şəkildə narahat edir.
Brüsseldəki üçtərəfli görüş ərəfəsində Ermənistan müxalifəti Azərbaycanla mümkün razılaşmaya etiraz olaraq İrəvanda «yoxsul» nümayişlər keçirirdisə, Strasburqda Avropa Parlamentinin, güman ki, Avropanın erməni diaspor təşkilatları ilə sıx əlaqəli 40-dan artıq deputatı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə məktubla müraciət etmişdi. Onlar Mişeldən Bakıya təzyiq göstərilməsini istəyirdilər. Məktubda Azərbaycana sülhməramlıların nəzarətindəki ərazilərdə əvvəlki mövqelərə qayıtması, «Dağlıq Qarabağın köklü əhalisi olan ermənilərin təhlükəsizliyini və əmin-amanlığını təhlükə altına salacaq istənilən əməldən çəkinməsi» üçün təzyiq göstərilməsi tələb olunur.
Məlum səbəblərdən bu müraciətə reaksiya olmayıb. Paşinyan üçün isə avropalı parlamentarilərin Bakıya qarşı bu demarşı lap yerinə düşüb. Çünki bu, Paşinyanın əlinə Brüsseldən Bakıya təzyiq göstərilməsini istəməsi üçün az da olsa, əsas verib. Ermənistan rəhbərliyi ola, Bakını üzərinə götürdüyü öhdəlikləri pozmaqda günahlandırmaya? Amma görünür Paşinyan özü də Brüsselin Bakının “əməllərini” pisləməsinə nail olacağına inanmayıb. O, İrəvana qayıdar-qayıtmaz, görüşdə bu mövzunu xüsusi olaraq qaldırmamasına haqq qazandırmağa çalışıb. Baş nazir bunu belə əsaslandırıb: «Söhbət Azərbaycan Silahlı Qüvvələrinin Rusiyaya məxsus sülhməramlı kontingentin nəzarətində olan əraziyə soxulmasından gedir. Odur ki, məsələ rusiyalı tərəfdaşlarımızın iştirakı ilə müzakirə edilməlidir və biz belə də edirik». Nikol Paşinyan bununla hədəf kimi sülhməramlıları göstərib və dolayısı ilə onları fəaliyyətsizlikdə təqsirləndirib.
Avropa İttifaqının rəhbərliyinə gəlincə, Brüsseldə praqmatik şəxslər oturur və onlar anlayırlar ki, mübahisəli məsələlər nə qədər çox qaldırılırsa, vasitəçilikdə uğur qazanmaq o qədər çətin olur. Bu üzdən də Şarl Mişel yalnız müsbətə köklənib, tərəflərin dəmir yolu əlaqəsinin bərpası istiqamətindəki addımlarını alqışlayıb, Ermənistanla Azərbaycanı nəqliyyat kommunikasiyalarının bərpası üçün effektiv həll yolu tapmağa çağırıb. Bununla yanaşı, Aİ tərəflər arasında əlaqə kanallarının inkişafını dəstəkləməyə hazır olduğunu bildirir, buna o cümlədən iqtisadi və investisiya planları, ümumi layihələrin müəyyənləşdirilməsi üçün iqtisadi məşvərət forumunun təşkili vasitəsi ilə nail oluna biləcəyini vurğulayır.
Azərbaycan artıq bu layihələr üzərində son dərəcə fəal iş aparır, avropalı tərəfdaşlarını da bu işə cəlb etməyə çalışır. Ermənistanın buna nə qədər hazır olub-olmadığını qiymətləndirmək üçün isə atılacaq konkret addımlara nəzər yetirmək lazım gələcək. Məşhur məsəldə deyildiyi kimi, cücəni payızda sayarlar.
MƏSLƏHƏT GÖR: