Müəllif: Kənan RÖVŞƏNOĞLU
ABŞ-ın Yunanıstandakı hərbi bazalarının sayının 5-dən 9-a qaldırması, həmçinin Yunanıstan parlamentinin mayın əvvəllərində 2021-ci ildə Vaşinqtonda imzalanmış Qarşılıqlı Müdafiə Əməkdaşlığı müqaviləsini (Mutual Defense Cooperation Agreement, MDCA) təsdiqləməsi ciddi müzakirələrə səbəb olub. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsini nəzərdə tutan sənəd ciddi suallar doğurur. Bəs ABŞ-ın Yunanıstanda yeni hərbi bazaları kimə qarşıdır?
ABŞ-ın Yunanıstandakı gücü
Əvvəlcə məsələnin texniki tərəflərinə nəzər salaq. ABŞ-ın Aralıq dənizinin strateji ölkəsi olan Yunanıstanda son illərə qədər 5 hərbi bazası olub: Skiros radar bazası, Salamis hərbi dəniz bazası və Kastelli, Kalamata, Andravida hərbi-hava bazaları. Bundan əlavə, sənədə əsasən, Aleksandrupolis quru qüvvələri hərbi qərargahı, Litoxoro təlim düşərgəsi, Stefanovikio hərbi aerodromunda yerləşən Yeorqula hərbi qərargahı və Krit arxipelağındakı Suda adasında yerləşən hərbi-dəniz bazaları ABŞ ordusuna verilir.
2021-ci ildə Vaşinqtonda ABŞ və Yunanıstan hökumətləri arasında imzalanmış saziş tərəflərin qarşılıqlı olaraq təhlükəsizlik, suverenlik, müstəqillik və ərazi bütövlüyünə qarşı təhdid yaranacağı halda müdafiə öhdəliyini nəzərdə tutur. Əslində, bu, 1990-cı ildə imzalanmış əməkdaşlıq sazişinin daha da genişləndirilmiş formasıdır.
Yeni saziş 5 illikdir və onun bitməsinə iki il qalmış tərəflərdən birinin müqavilədən çıxmaq istəmədiyi təqdirdə avtomatik olaraq uzadılacaq. Üstəlik, müqaviləyə əsasən, ABŞ-ın Yunanıstanın digər hərbi bazalarından da istifadə etməsi mümkündür.
Bu müqaviləyə etiraz edən tərəflərdən biri Yunanıstan müxalifətidir. Belə ki, parlamentdə keçirilən səsvermədə 181 deputat sənədi dəstəkləyib, 119 parlamentari isə onun əleyhinə olub. Müxalifətin etirazı iki əsas səbəblə izah edilir. Birincisi, müqavilənin avtomatik şəkildə uzadılması, ikincisi isə ABŞ-ın Yunanıstan tərəfinin istəyinə rəğmən, Türkiyə ilə mübahisəli adalarda hərbi baza yaratmaqdan imtina etməsidir. Məsələn, Vaşinqton digər NATO müttəfiqini açıq şəkildə narazı salmamaq üçün Afinanın bu bazalardan birini Egey dənizindəki Skiros adasında yerləşdirilməsi ilə bağlı tələbini qəbul etməyib.
Bu arada, bu il mayın əvvəlində məlum olub ki, ABŞ Krit adasındakı Suda hərbi bazasına 10 ədəd F-35, 14 ədəd F-15 döyüş təyyarəsi və 500 hərbçi göndərir. Təyyarələr artıq iyulda bazalara yerləşdiriləcək. Onlarla milyon dollar məbləğində vəsaitin ayrılması sayəsində isə adıçəkilən hərbi baza yenilənib və modernləşdirilib. Bundan başqa, ABŞ ordusunun hərbi hissələri Yunanıstanda yerləşən NATO hərbi bazalarının xidmətindən də istifadə edir. Bütün hərbi bazalar şəbəkəsinin kifayət qədər böyük maliyyə və texniki miqyasını nəzərə alsaq, belə bir sual yaranır: onlar kimə qarşı nəzərdə tutulub? ABŞ Yunanıstanı hansı ölkədən qoruyur və bu hərbi güc hansı ölkəyə qarşı yönəlib?
Ankaranı nə narahat edir?
Əlbəttə, söhbət Yunanıstanın hərbi təchizatından gedirsə, istər-istəməz yada düşən ilk ölkə Türkiyədir. Ankara ilə Afina arasında ənənəvi olaraq gərgin olan münasibətlər xüsusilə son illərdə xeyli pisləşib. Bütün bunların fonunda ABŞ-ın Yunanıstana hərbi dəstəyi və bu ölkədə hərbi bazalarının sayını artırması NATO müttəfiqi Türkiyəni narahat edir. Başqa bir ABŞ avantürasının mənəvi-psixoloji təsiri də bu məsələdə rol oynayır. Türkiyə prezidentinin də ifadə etdiyi kimi, cərəyan edən son hadisələr Ankaranı narahat etməyə bilməz. Xüsusilə, 2021-ci ildə “Defender Europe 2021” hərbi təlimləri çərçivəsində 145 vertolyot, 1800 zirehli texnika və 20 min amerikalı hərbçinin Aleksandrupolis hərbi bazasına yerləşdirilməsi Ankaranın ciddi etirazlarına səbəb olub.
Nəticədə, 2021-ci ilin noyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Yunanıstana hərbi qüvvə toplamasını tənqid edərək bu ölkənin bütövlükdə ABŞ hərbi bazasına çevrildiyindən şikayətlənib. Onun sözlərinə görə, bu vəziyyət Türkiyəni NATO üzvü kimi narahat edir və Lozanna sülh müqaviləsinə ziddir.
Lakin ABŞ-ın Yunanıstana hərbi dəstəyini Türkiyəyə qarşı addım kimi qiymətləndirən Ankara, görünür, Vaşinqtonun Aralıq dənizindəki hər iki güclü dövlətlərə münasibətdə bərabər məsafəli mövqe tutmasını istəyir.
Qeyd edək ki, bu ilin mayında Yunanıstanın baş naziri Kiryakos Miçotakis Vaşinqtona səfər edərək ABŞ prezidenti, dövlət rəsmiləri ilə görüşüb, Konqresdə çıxış edib. Amma onun Türkiyə əleyhinə çıxışları, xüsusən də Bayden administrasiyasının Ankaraya F-16 satışını təsdiqləməsi üçün Konqresə müraciət etdiyi bir vaxtda ABŞ Konqresindən Türkiyəyə F-16 satışına veto qoyması çağırışı Ankaranın sərt etirazına səbəb olub. Türkiyə prezidenti isə öz növbəsində Yunanıstanla siyasi müzakirələri dayandıracağını bəyan edib.
Hədəf hansı ölkədir?
İndi bu, beynəlxalq miqyasda əsas sualdır. ABŞ həqiqətənmi Yunanıstanı Türkiyəyə qarşı silahlandırır? Tərəflərdən birini dəstəkləyir? Yoxsa bu səfərbərliyin hədəfi başqadır?
Əvvəlcə onu qeyd etmək lazımdır ki, ABŞ-ın əsas hərbi bazası hesab olunan Suda hərbi-dəniz bazası yalnız Aralıq dənizində deyil, həm də Qara dənizdə fəaliyyət göstərmək imkanına malikdir.
Nəticə etibarilə Yunanıstandakı hərbi bazalar həm də regional mahiyyət daşıyır və Aralıq dənizi ilə yanaşı, Qara dəniz, yəni həm də Balkan yarımadasına əlavə qüvvələr toplamağa imkan verir. Bir çox hərbi və siyasi ekspertlərin fikrincə, ABŞ-ın Yunanıstana qoşun göndərməsinin əsas səbəblərindən biri Rusiyanın qarşısını almaqdır.
Yeri gəlmişkən, Türkiyə ordusunun istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ hesab edir ki, ABŞ Yunanıstandakı qüvvələrini Türkiyəni təhdid etmək üçün deyil, Rusiyanı mühasirəyə almaq üçün səfərbər edir. Onun sözlərinə görə, Yunanıstanın şimal hissəsinə - Aleksandrupolisə cəmləşdirilən qüvvələr Bolqarıstan və Rumıniyaya hərbi yardım göstərmək daxil olmaqla, Qara dəniz regionunda Rusiyanı nəzarətdə saxlamaq məqsədi daşıyır.
Ekspertin fikrincə, Yunanıstan üçün bu razılaşmalar Türkiyə qarşısında mövqe üstünlüyü, təhlükəsizlik təminatı deməkdir. Məsələ ondadır ki, son illərdə əksər Yunanıstan siyasətçiləri üçün Türkiyə əsas təhlükə olub və daxili siyasətdə bu məsələ əsas mövzuya çevrilib. Bu baxımdan, Yunanıstan hökumətinin ABŞ-la hərbi müqaviləni yeniləməsi, ABŞ ordusunun Yunanıstanda yeni bazalar yaratması və əlavə qüvvə yerləşdirməsi Yunanıstan hakimiyyəti üçün ciddi siyasi dividenddir. Başqa sözlə, bu həm də daxili siyasət üçün yaxşı materialdır.
Əlbəttə, Vaşinqtonun öz planları var. ABŞ-ın hələ ötən il, yəni Ukrayna müharibəsindən bir il əvvəl Balkan ölkələrinə hərbi yardımları, Bolqarıstan və Rumıniyaya silahların satışı, Yunanıstanda yeni hərbi bazaların qurması regionla bağlı daha dərin planların olduğunu göstərir. Görünür, Vaşinqton bir neçə il əvvəl Şimali Makedoniyada baş verən ABŞ-Rusiya siyasi qarşıdurmasının qarşıdakı illərdə daha da dərinləşəcəyini proqnozlaşdırır. Regionda Serbiya, Macarıstan kimi Rusiyaya açıq simpatiya bəsləyən ölkələr olduğu üçün Vaşinqton qarşıdakı illərdə Balkan regionunda Moskva ilə açıq qarşıdurmaya gedəcəyini gözləyir.
Hazırda Ukraynada davam edən müharibə bu riski daha da artırıb. Buna görə də Ukraynada hərbi əməliyyatların uzanacağı və genişlənəcəyi təqdirdə, ABŞ üçün regiona ən yaxın və dəniz yollarının üzərində yerləşən Yunanıstandakı hərbi bazaların böyük xidməti olacaq.
Vaşinqtonun atdığı addımın iqtisadi məqsədəuyğunluğunu da unutmaq olmaz. Məlumdur ki, hazırda Avropanın Rusiya qazından asılılığının azaldılması ABŞ və ümumilikdə NATO üçün prioritet mövzulardan biridir. Nəhayət, payıza qədər alternativ qaz mənbələri tapılmasa köhnə dünya böyük ölçüdə Rusiyadan asılı vəziyyətdə qalacaq. Bu səbəbdən də, hazırda Vaşinqton Rusiya qazına alternativ olaraq Avropaya mümkün qaz təchizatı yolları üzərində işləyir.
Maraqlıdır ki, Avropaya gedən əsas qaz marşrutu indi Şərq-Qərb xətti ilə - Türkiyədən keçməklə Yunanıstana, daha sonra isə Balkanlara uzanacaq. Söhbət həm qaz boru kəmərləri, həm də mayeləşdirilmiş qaz nəqli marşrutundan gedir. Qərb ölkələri yaxın gələcəkdə Türkiyə vasitəsilə İsrail (Aralıq dənizi) qazını, eləcə də İraq və İranın “mavi yanacağı”nı Avropaya çıxarmağı hədəfləyir. Eyni zamanda Fars körfəzi ölkələrindən qazın Avropaya nəqli layihəsi də müzakirə olunur.
Aralıq dənizi və Fars körfəzindən Avropaya, xüsusən də Şərqi Avropaya mayeləşdirilmiş qazın daşınması üçün istifadə olunacaq dəniz marşrutu Yunanıstan üzərindən keçdiyi üçün indi bu ölkə xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, qarşıdakı illərdə Yunanıstan Türkiyə ilə birlikdə Avropaya enerji dəhlizi rolunu oynayacaq. Bu səbəbdən də, ABŞ indi bu dəhlizin möhkəmləndirilməsi üçün çalışır, çünki qarşıdakı dövrdə regionda gərginlik riski hər keçən gün artmaqdadır.
Beləliklə, ABŞ-ın Yunanıstanda hərbi gücünü artırması qeyd olunan 3 istiqamətdə baş verir. İlk növbədə, bu, Balkan regionunun yaxın illərdə ABŞ və Rusiya arasında yeni qarşıdurma məkanı olacağını göstərir. Rusiya isə ənənəvi təsir zonasını ABŞ-a güzəştə getmək istəməyəcək.
İkinci mühüm amil Avropaya enerji təchizatı marşrutlarının, həmçinin təbii qazın nəqlinin təhlükəsizliyinin təmin edilməsidir. Bu amil də dolayısı ilə Rusiya ilə qarşıdurmaya yönəlib.
Bu məsələdə digər mühüm nüans isə Vaşinqtonun Qara dənizə çıxış imkanlarını nəzarətdə saxlamaq istəyidir. Belə görünür ki, bura ABŞ-Rusiya rəqabətində yeni məkana çevriləcək.
ABŞ Yunanıstanda yeni hərbi bazalar yaratmaqla Afinaya təsir imkanlarını əlində saxlamağa çalışır. Nəzərə almaq lazımdır ki, Yunanıstanda Rusiyaya yaxın olan siyasi qüvvələr az və zəif deyil. Buna görə də Vaşinqton Yunanıstanda hərbi qüvvələrinin sayını artırmaqla həm bu ölkədə təsir gücünü və həm də əlaqələrini gücləndirmiş olur.
Nəhayət, daha əvvəl ABŞ-ın Suriya və İraq əməliyyatlarında qeydə alınan xoşagəlməz hadisələr, həmçinin Ankaranın öz ərazilərindən müvafiq ölkələrdə hərbi əməliyyatlara imkan verməməsi indi Vaşinqtonu alternativ olaraq Yunanıstana üz tutmasının əsas səbəbləri sırasındadır. Doğrudur, Yunanıstan yuxarıda sadalanan səbəblər baxımından vacib ölkədir və Balkan regionunda ABŞ üçün ciddi əhəmiyyətə malikdir.
Lakin bir çox regional hərbi-siyasi məsələlərdə ABŞ administrasiyasının xətti ilə hesablaşmamağa üstünlük verən, öz maraqlarını önə çıxaran Türkiyənin rolunu da unutmaq olmaz. ABŞ-ın Türkiyəyə hərbi texnika satışını bloklaması, Ankara ilə müharibə həddində olan Yunanıstana bu qədər hərbi dəstək verməsi həm də Ankara-Vaşinqton xəttindəki soyuqluğun göstəricisidir.
MƏSLƏHƏT GÖR: