24 Noyabr 2024

Bazar, 17:07

MƏRKƏZİ ASİYA CAZİBƏSİ

Ankara regionun türk dövlətləri ilə əməkdaşlığı genişləndirir

Müəllif:

01.06.2022

Son zamanlar Ankara öz siyasətində Mərkəzi Asiya xəttini nəzərəçarpacaq dərəcədə gücləndirib. Region dövlətləri liderlərinin Ankaraya, Türkiyə prezidentinin isə Mərkəzi Asiya ölkələrinə qarşılıqlı səfərləri son bir neçə aydan intensiv xarakter alıb və bu, prosesin dərin maraqlara əsaslandığını, geosiyasi qarışıqlıq dövründə bu ölkələrin mövqelərini gücləndirməyə çalışdıqlarını söyləməyə əsas verir.

Türk Şurası liderlərinin 2021-ci ilin noyabrında keçirilmiş VIII sammitindən sonra Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyə başlayıb və o vaxtdan Ankara regionla bağlı xarici siyasətinə yeni elementlər qatmağa, onu hərbi-siyasi, texnoloji və investisiya komponentləri hesabına gücləndirməyə çalışır.

 

Ankara-Nur-Sultan: keyfiyyətcə yeni mərhələ

Bu kontekstdə Türkiyə üçün Qazaxıstanla əməkdaşlıq da böyük əhəmiyyət daşıyır. Bunu Nur-Sultanda da yaxşı anlayırlar. Mayın ikinci dekadasında Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Türkiyəyə ilk dövlət səfərini edib. Səfərin əsas siyasi nəticəsi kimi «geniş strateji tərəfdaşlığa dair» birgə bəyanatın qəbulunu göstərmək olar. O, ölkələr arasındakı strateji tərəfdaşlığa dair razılaşmanı «müasirləşdirir», onu yeni şərtlərə uyğunlaşdırır. Səfər zamanı Ərdoğan xüsusi qeyd edib ki, Türkiyə tərəfi Tokayevin həyata keçirdiyi islahatları və «İkinci respublika» konsepsiyasını dəstəkləyir. O, bunun Yeni Qazaxıstanın qurulması olduğunu deyib. Demək, Ankara nəinki münasibətlərin əvvəlki səviyyəsini qoruyub saxlamaq istəyir, hətta daha sıx tərəfdaşlığa keçilməsini arzulayır.

Qazaxıstan üçün belə tərəfdaşlıq beynəlxalq məsələlərdə gərginliyin artması fonunda geosiyasi dayanıqlılığın gücləndirilməsi baxımından vacibdir. Qərblə Nur-Sultanın əsas iqtisadi tərəfdaşları olan Rusiya və Çin arasında gərginliyin artması ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə təhdid yaradır. Qazaxıstan Ankara ilə münasibətləri inkişaf etdirməklə, regionda müxtəlif səbəblərdən Moskva ilə konstruktiv əlaqələri qorumağa çalışan ölkələrlə qüvvələr və maraqlar balansı yaratmaq, eyni zamanda Qərb ölkələri üçün də sərfəli tərəfdaş olmağa çalışır. Türkiyə Avrasiyanın müstəqil aktorlarından biridir. Onun Qazaxıstanla münasibətləri isə heç də Rusiya, Çin və ya Qərb ölkələrilə münasibətlərindən pis deyil. Bundan başqa, Türkiyə etnik baxımdan Qazaxıstan üçün doğmadır və digər dövlətlərlə Türk Dövlətləri Təşkilatında yer alır. Odur ki, Nur-Sultan xarici siyasətində Türkiyə xəttinin güclənməsinə çalışır ki, bu da ümumilikdə türk əməkdaşlığı maraqlarına cavab verir. Çin-Avropa marşrutu üzrə yük daşımalarında Rusiya yolunun bağlanması ölkənin tranzit potensialının rellaşdırılmasını həssas edir. Bu məqsədlə Ankarada beynəlxalq birləşdirilmiş yük daşımaları, informasiya mübadiləsinin təşkili və gömrük nəzarəti prosedurunun sadələşdirilməsinə dair hökumətlərarası saziş imzalanıb. Bundan əvvəl Qazaxıstan artıq özünün bir sıra nəqliyyat axınını Rusiya istiqamətindən Xəzər istiqamətinə dəyişib. İndi bu daşımalar Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə (Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu - TMTM) həyata keçirilir. Bununla yanaşı, ölkə Aktau və Kurık limanları vasitəsi ilə yüklərin əks istiqamətdə daşınmasında da maraqlıdır – hazırda bu istiqamətlərin yüklənməsi cəmi 23 faiz təşkil edir.

Hələ bir müddət əvvəl – mart ayında Azərbaycan, Qazaxıstan və Gürcüstan tariflərin formalaşdırılması, yük bəyannamələrinin təşkili, vahid IT qərarların tətbiqi və tranzit yüklərin konsolidasiyası ilə məşğul olacaq birgə müəssisənin yaradılması haqda razılığa gəliblər.

 

Hərbi-siyasi dialoq: zərurət və üstünlük

İkitərəfli əməkdaşlığın vacib aspekti siyasi dialoqun güclənməsi və humanitar sahədə qarşılıqlı əməkdaşlığın fəallaşdırılmasıdır. Tərəflər arasında imzalanmış sənədlər arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq memorandumu da var. Səfər iki ölkənin Ukrayna mövzusuna yanaşmasındakı bənzərliyi də ortaya qoyub. Bu mövzudakı danışıqların nəticəsini, yəqin ki, ən yaxşı Ərdoğanın sözləri ifadə edir: «Bizim böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməli olduğuna dair fikirlərimiz üst-üstə düşür. Siz də bilirsiniz ki, Ukrayna savaşının başa çatması üçün lap əvvəldən çox sıx işləyirik. Əlbəttə, bu müharibə türk dövlətlərinin istər ikitərəfli səviyyədə, istərsə də türk dövlətləri şandırağı altında əməkdaşlığının, sıx birləşməsinin vacibliyini bir daha ortaya qoyub».

Maraqlıdır ki, bundan əvvəl Nur-Sultanın Ukrayna böhranı ilə bağlı mövqeyi, həmçinin xüsusilə KİV sahəsində kadrlarla bağlı bəzi qərarları Rusiyanın bir sıra önəmli media və siyasi fiqurları tərəfindən sərt tənqidlə qarşılanmışdı. Belə bir vəziyyətdə prezident Tokayevin Türkiyəyə səfəri və onun gedişində qəbul olunmuş qərarlar Qazaxıstanı Rusiyadan uzaqlaşdıran növbəti addımlar kimi qiymətləndirilə bilər. Bununla yanaşı, Qazaxıstanın özü üçün Rusiya, Çin və digər oyunçularla münasibətlər geosiyasi və geoiqtisadi rəqabətdə mövqeləri gücləndirmək vasitəsi kimi qəbul olunur. Bu isə sonda ölkənin milli suverenliyinin güclənməsinə yol açır.

Səfərin vacib tərəflərindən biri də müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi qərarı olub. Türkiyə hərbçilərinin terrorçuluqla mübarizədə əldə etdiyi effkektiv nəticələr, Ankaranın Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə və işğal altındakı ərazilərinin azad olunmasına dəstəyi, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının üstünlüyünün ortaya qoyulması onunla sözügedən sahədə daha çox ölkəni əməkdaşlığa stimullaşdırır. Bu mənada Qazaxıstan da istisna deyil.

Tokayevin Ankara səfəri zamanı Qazaxıstan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığa dair razılaşmaya imza atıblar. Qazaxıstanda bu ilin yanvarında yaşanmış hadisələr ölkə Silahlı Qüvvələrinin zəifliyini, terror təhdidlərinin qarşısının alınması üçün kifayət qədər hazırlıqlı olmadığını göstərib. Bununla əlaqədar olaraq, müdafiə sahəsinə əlavə, təxminən, 1 milyard dollar ayrılıb. Məlumdur ki, məbləğin böyük hissəsi Daxili İşlər Nazirliyini, Milli Qvardiya və Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının sayının artırılmasına, həmçinin texnikanın alışına xərclənəcək. Bu işdə Nur-Sultana məhz Ankara əhəmiyyətli yardım göstərə bilər. Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov Türkiyə Silahlı Qüvvələrinə məxsus Xüsusi əməliyyat qüvvələri mərkəzinə əbəs yerə baş çəkməyib. O, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə də görüşüb. Aydındır ki, söhbət Qazaxıstan xüsusi təyinatlılarının hazırlığına yardım göstərilməsi imkanlarının öyrənilməsindən gedir.

Bundan başqa, tərəflər birgə hərbi təlimlərin keçirilməsi, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi haqda da razılığa gəlib.

«Kazakhstan Engineering» SC ilə «Turkish Aerospace» arasında hərbi-texniki əməkdaşlığa dair memorandumun imzalanmasını bu istiqamətdə irəli addım saymaq olar. Sənədə əsasən, Qazaxıstanda «Kazakhstan Engineering»in törəmə şirkətinin bazasında ANKA hücum PUA-larının yığımı və onlara texniki xidmətin göstərilməsi xətti yaradılacaq. Söhbət birgə PUA istehsalı sahəsində uzunmüddətli əməkdaşlıqdan – Qazaxıstan Silahlı Qüvvələri üçün onların təmirinin həyata keçirəcək, texniki xidmət göstərəcək personalın hazırlanmasından, həmçinin texnologiyaların ötürülməsindən gedir.

Qazaxıstan bazarı Türkiyə hərbi sənaye kompleksi (HSK) üçün, həqiqətən də, perspektivli ola bilər. Çünki o, Türkiyə HSK-sinin Mərkəzi Asiyada uzunmüddətli mövcudluğunu təmin edəcək.

İki ölkə prezidentinin hərbi kəşfiyyat sahəsində əməkdaşlığa dair imzaladıqları protokol da önəmli sənədlərdəndir.

 

Ankara və Daşkənd: daha çox iqtisadiyyat…

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana martın 29-30-da etdiyi ikigünlük rəsmi səfərini də yada salmaq lazımdır. O zaman səfər proqramının əsas hissəsini Özbəkistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası təşkil etmişdi. Ankara ilə Daşkənd arasında ikitərəfli əməkdaşlığa dair vacib proqramlarla bağlı qərarlar məhz bu struktur çərçivəsində qəbul edilir. O, Ərdoğanın Özbəkistana hələ 2018-ci ildə etdiyi səfəri zamanı yaradılıb. Şuranın ilk iclası 2020-ci ilin fevralında Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Türkiyəyə səfəri zamanı keçirilib. Sonrakı dövrdə koronavirus pandemiyası və karantin məhdudiyyətləri Türkiyə-Özbəkistan planlarının tam miqyasda həyata keçirilməsinə əngəl olub. Şuranın ikinci iclası isə dünyada həm siyasi, həm də iqtisadi vəziyyətin yaratdığı son çətinlikləri nəzərə alaraq ikitərəfli əməkdaşlığın korrektə edilməsinə yönəlib.

Türkiyə prezidenti ikitərəfli dialoqun intensivləşdirilməsi üçün bundan sonra Şuranın iclaslarının ildə iki dəfə keçirilməsini təklfi edib və bu, təsadüf deyil. Demək, ortada görülməli olan ciddi işlər və onların həllinin sürətləndirilməsi arzusu var. Əsas hədəf 2021-ci ildə 3,6 milyard dollar təşkil etmiş ticarət dövriyyəsi həcminin qarşıdakı illərdə 5 milyard dollaradək artırılmasıdır. Gələcəkdə isə bu rəqəmin 10 milyard dollara çatdırılması planlaşdırılır.

Bu planların həyata keçirilməsi üçün tərəflərin saz, yaxşı işləyən logistikaya ehtiyacı var. Bu mənada, əsas nəqliyyat yolu kimi Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu nəzərdən keçirilir. Türkiyə tərəfi yaxın gələcəkdə Zəngəzur nəqliyyat dəhlizinin imkanlarından istifadə etmək təklifi ilə də çıxış elə bilər.

Bu səfərin vacib məqamlarından biri siyasi dialoqun gücləndirilməsi arzusunun ortaya qoyulmasıdır. Ankara Özbəkistanın müstəqil siyasi kursuna dəstək niyyətini xüsusi vurğulayır. Daşkənd üçün isə Ankara ilə münasibətlər digər xarici oyunçuların maraqlarını balanslaşdırmaq imkanıdır. Söhbət, ilk növbədə, əlbəttə ki, Rusiya ilə Çindən gedir.

Özbəkistanın xarici işlər naziri A.Kamilov hələ bir müddət əvvəl ölkəsinin Ukraynada yaşananlara münasibətini belə açıqlamışdı: «Özbəkistan Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Luqansk və Donestk xalq respublikalarını tanımırıq». Bu, Ankaranın mövqeyi ilə tam üst-üstə düşür. Türkiyədə hesab edirlər ki, hərbi əməliyyatların tam dayandırılması üçün Rusiya ilə Ukrayna arasında danışıqlar davam etdirilməlidir.

Bununla yanaşı, Ankara ilə Daşkənd beynəlxalq mövqelərini gücləndirmək, hərbi sahədə əməkdaşlığı genişləndirmək də istəyirlər. Türkiyə prezidentinin Özbəkistana səfəri zamanı imzalanmış sənədlər arasında hərbi sahədə əməkdaşlığa dair çərçivə sazişinin genişləndirilməsinə dair razılaşmanın da olması bunu təsdiqləyir.

 

…və daha çox təhlükəsizlik

Danışıqların yekununda keçirilən mətbuat konfransında Ərdoğan Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Dövlət başçısı deyib ki, Türkiyənin bu sahədəki nailiyyətləri ortadadır. «Bizim böyük potensialımız var və biz bu potensialı Özbəkistanla bölüşməyə hazırıq», - deyə R.T.Ərdoğan qeyd edib.

Söhbət Özbəkistanda Türkiyə lisenziyası ilə müxtəlif silah növlərinin istehsalından, həmçinin Daşkəndin Türkiyədən dronlar daxil olmaqla, böyük silah partiyaları almasından gedə bilər. Özbəkistan Müdafiə Nazirliyi onu da bildirir ki, tərəflər arasındakı razılaşma döyüş bacarıqlarının, hərbi biliklərin artırılmasını da nəzərdə tutur. Bu isə birgə hərbi təlimlərin təşkilindən, özbəkistanlı hərbçilərin Türkiyənin müvafiq ali məktəblərində təhsil almasından və s. keçir.

Qonşu Əfqanıstanda «Taliban» hərəkatının hakimiyyətə gəlməsi, Qırğızıstanla Tacikistan arasındakı sərhəd mübahisələri, Qazaxıstanda yanvarda baş vermiş hadisələr və bütün bunların Özbəkistana Belarus prezidentinin dediyi şəkildə mümkün mənfi təsirləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi mövzusunu aktuallaşdırıb.

Yeri gəlmişkən, səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edib. «Türkiyə Özbəkistanın müstəqilliyini tanımış və orada ilk səfirliyi açmış ölkə olması ilə hər zaman fəxr edir», - deyə Ərdoğan bildirib. Bu mənada, Ankarada bildirirlər ki, iki ölkə arasında münasibətlər bundan sonra da bərabərhüquqlu dialoq, tərəflərin maraqlarına qarşılıqlı hörmət əsasında inkişaf edəcək.

R.T.Ərdoğan deyib ki, Ankara «Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi altında ölkədə son 6 ildə əzmlə və uğurlu şəkildə həyata keçirilən» islahatların gedişini böyük maraqla izləyir. İki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsini məhz bu islahatlar təmin edib. Odur ki, Türkiyə rəhbərliyinin Özbəkistanda aparılan islahatları dəstəkləməsi həm də Özbəkistanla əlaqələrin uğurlu olmasının təminatçısıdır.

 

İnteqrasiyanın konturları

Beləliklə, regionda Türkiyənin iştirakı ilə ümumi təhlükəsizlik konturları formalaşa bilər. Onun elementlərini Azərbaycanda, son zamanlar isə həm də Özbəkistanda müşahidə etmək mümkündür. Bu prosesdə Qazaxıstanın da iştirakı ümumilikdə türk dövlətlərinin hərbi-texniki əməkdaşlığına zəmin yaradır.

Digər türkdilli dövlətlər – Türkmənistanla Qırğızıstan da Türkiyənin regional siyasətinin vacib bəndləridir. Regionun ən nəhəng iki dövləti olan Qazaxıstanla Özbəkistanın Türkiyə ilə fəal əməkdaşlıq etməsinə baxmayaraq, Ankara onların qonşuları ilə siyasi əlaqələri də davamlı inkişaf etdirməyə çalışır. Mayın əvvəlində Türkmənistan parlamentinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mustafa Şentop telefon söhbətində iki ölkənin parlamentlərarası əməkdaşlıq səviyyəsini müzakirə ediblər. Bununla yanaşı, onlar Türkmənistanla Türkiyənin istər siyasi və iqtisadi, istərsə də mədəni sahədə əməkdaşlıq imkanlarından, bu əməkdaşlığın genişləndirilməsi yollarından söz açıblar. Artıq bu il iki ölkə liderlərinin görüşəcəyi istisna deyil. Yeri gəlmişkən, artıq Türkiyə və Tacikistan liderlərinin görüşü haqda da razılaşma var. O, iki ölkə prezidenti arasında mayın 3-də baş tutmuş telefon danışığı zamanı əldə edilib. Söhbət zamanı Tacikistanla Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı yolları da müzakirə olunub. Daha əvvəl – apreldə isə Tacikistanın müdafiə naziri Şerali Mirzo ilə türkiyəli həmkarı Hülusi Akar hərbi əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar. Bu saziş iki ölkənin təhlükəsizlik sahəsindəki münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Nəhayət, Türkiyənin müsbət dialoq qurduğu Qırğızıstan da trendlərdən kənarda qalmaq istəmir. O, Ankara ilə xarici işlər nazirləri səviyyəsində birgə strateji planlaşdırma qrupunun növbəti toplantısının yaxın vaxtlarda keçirilməsi üçün Türkiyə ilə müzakirələr aparır. Bundan başqa, bu il Qırğızıstan və Türkiyənin dövlət başçıları səviyyəsində Strateji Əməkdaşlq Şurasının toplantısının keçirilməsi haqda da razılıq var.

Bütün bunlar Türkiyənin Mərkəzi Asiyaya marağının artdığını göstərir və bu, şübhəsiz ki, qarşılıqlıdır.



MƏSLƏHƏT GÖR:

153