24 Noyabr 2024

Bazar, 16:11

TERROR ÜÇÜN «QARA NİŞAN»

Ankara cənub sərhədlərində möhkəm təhlükəsizlik zonasını möhkəmləndirmək əzmindədir

Müəllif:

15.06.2022

Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başladığını bəyan edib. Dünyanın güc mərkəzlərinin Ankaranın bu planına ümumilikdə tənqidi yanaşmasına baxmayaraq, Türkiyə öz təhlükəsizliyini təmin etmək, Türkiyə-Suriya sərhədində terror strukturlarının fəaliyyətinə son qoymaq əzmindədir. Bu isə öz növbəsində, Türkiyənin dünyanın strateji baxımdan ən önəmli regionlarından birində möhkəmlənməsinə imkan yaradacaq.

 

Yeni döyüşə

Suriyanın şimalında yeni antiterror əməliyyatlarına başlanıldığını bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərindən belə məlum olub ki, əməliyyatlarda əsas hədəf Təl-Rifat və Manbic şəhərləri arasındakı 90 kilometrlik ərazidə təhlükəsizlik zolağının yaradılmasıdır. Söhbət hazırda kürdlərə məxsus terrorçu «Suriya demokratik qüvvələri» (SDF) və faktiki olaraq Kürd Fəhlə Partiyasının (PKK) Suriya qanadı olan «Xalq özünümüdafiə dəstələri» (YPG) qruplaşmalarının nəzarətində olan bölgədən gedir.

Ərdoğan yeni hərbi əməliyyata başlanılacağını İzmirdə keçirilən «Efes 2022» hərbi təlimləri zamanı bəyan edib. Bu bəyanatın ardından Türkiyə Silahlı Qüvvələri bir neçə günə transsərhəd əməliyyatlarına başlanılması üçün hazırlıqları başa vurub, hətta PKK-nın Təl-Rifat və Manbicdəki obyektlərinə dəqiq zərbələr endirib.

Türkiyənin qonşu ərəb dövlətinin ərazisində yeni hərbi əməliyyatlara başlamasında əsas məqsədin nə olduğu haqda sualın cavabı aydındır. Söhbət konkret rayonların Türkiyənin təhlükəsizliyinə təhdid yaradan terrorçulardan təmizlənməsindən gedir. Ölkə KİV yazır ki, ümumilikdə Ankara Suriya ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti tam ələ almaq istəyir. Bunun üçün isə PKK, SDF və YPG terrorçularına öldürücü zərbə vurmaq lazımdır.

Türkiyədə terror təhlükəsinə son qoyulması məqsədilə təxminən son 30 ildə dəfələrlə hərbi əməliyyatlar keçirilib, nəticədə, İraq və Suriya ərazisində kürd qruplaşmalarına məxsus bazalar məhv edilib. Lakin miqyaslı Suriya müharibəsi dövründə Türkiyə Silahlı Qüvvələrinin antiterror missiyası daha çox geosiyasi çalar qazanıb. Məsələ ondadır ki, Qərbin Suriya Ərəb Respublikasını parçalamaq planı ilə Türkiyənin cənub sərhədlərində terrorçu təşkilatların nəzarət edəcəyi kürd muxtar bölgələrinin yaranması təhlükəsi ortaya çıxıb. Türkiyə məhz bu planların qarşısını almaq üçün 2016-cı ildən Suriyanın şimal rayonlarında 3 antiterror əməliyyatı keçirib – «Fərat qalxanı», «Zeytun budağı» və «Sülh çeşməsi». Bu əməliyyatlar nəticəsində Hələbdən şimalda yerləşən Azəz, Cerablus və Əl-Bab şəhərləri arasında bufer zona – təhlükəsizlik zonası yaradılıb, Fərat çayından şərq tərəfdə yerləşən həmsərhəd rayonlar Ankaranın nəzarətinə keçib.

2019-cu ildə «Sülh çeşməsi» əməliyyatının başa çatması ilə Türkiyə ABŞ və Rusiya ilə öz cənub sərhədində 80 kilometrlik təhlükəsizlik zonasının yaradılmasına dair razılığa gəlib. Lakin Ankaranın tərəfdaşları Suriyanın şimalında kürd terrorçularının neytrallaşdırılması ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyiblər. Görünür, indi Türkiyə işi məntiqi sonluğuna öz gücünə çatdırmaq qərarına gəlib.

Amma antiterror əməliyyatının nəticəsi yalnız Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələnin həlli olmamalıdır. Ankara açıq şəkildə bildirir ki, o, suriyalı qaçqınları təhlükəsizlik zonasına yerləşdirməyi düşünür. Xatırladaq ki, artıq Türiyədəki suriyalı qaçqınların sayı 4 milyona çatır. Bundan başqa, Suriyanın müxtəlif bölgələrində istər hökumət, istərsə də kürd qüvvələri tərəfindən təqib olunan türk xalqı – türkmənlərin də bu zonaya yerləşdirilməsi məsələsi müzakirə olunur. Türkiyəli analitiklər bildirir ki, türkmənlərin özləri bu ideyanı müsbət qarşılayırlar. Nəticədə, Ankara perspektivdə onlara öz muxtariyyətlərini yaratmaq haqqının verilməsi haqda belə, düşünə bilər. Xatırladaq ki, Suriyanın gələcək konstitusion düzəni ilə bağlı istər BMT-nin vasitəçiliyi ilə Cenevrədə, istərsə də Türkiyə, Rusiya və İranın iştirakı ilə Astana formatında aparılan müzakirələrdə gələcəkdə bu ölkədə yaşayan milli azlıqlara Suriyanın ərazi bütövlüyü çərçivəsində muxtariyyətlərin yaradılması haqqının verilməsi imkanları da müzakirə edilir.

Türkiyə özü isə yaradacağı təhlükəsizlik zolağında sülh və çiçəklənməyə töhfə vermək üçün bu və digər proseslərdə nəinki hərbi, həm də iqtisadi dəstək baxımından iştiraka hazırdır. Çünki Ankara regionda möhkəm təhlükəsizlik üçün yalnız hərbi-siyasi sabitlik deyil, həm də sosial-iqtisadi inkişafın vacib olduğunu anlayır. Bu, xüsusilə illərdir müharibənin bitmədiyi Suriya kimi qeyri-sabit ölkələrə aiddir.

Amma Türkiyənin antiterror planlarının reallaşdırılmasına əsas maneə dünya güclərinin «öz oyununu» oynamasıdır. Hər halda, onlar Suriyanın şimal rayonlarının terrorçu kürd dəstələrindən təmizlənməsi perspektivini narahatlıqla qarşıladıqlarını gizlətmirlər.

 

Türkiyədən başqa heç kim

Ankaranın Suriyada yeni hərbi əməliyyatlara başlanılacağına dair bəyanatı qanlı Suriyan münaqişəsinin lap əvvəlindən kürd hərəkatının əsas himayədarı kimi çıxış edən ABŞ-ın ürəyincə olmayıb. Ağ Ev Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara hazırlaşmasından narazı olduğunu bildirməklə, faktiki, kürd terrorçuluğunun davam etməsində maraqlı olduğunu bir daha ortaya qoyub. Yaxın Şərq siyasətinin bu «element»i  yalnız illərdir Amerikanın Suriyanın şimalındakı kürd təşkilatlarına dəstəyi dayandıracağını gözləyən Türkiyənin ərazi bütövlüyü üçün təhdid deyil. Bu, həm də Suriyanın özünün təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş siyasətdir. Odur ki, Vaşinqtonun mövqeyi təəccüblü deyil.

Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlamaq qərarına Rusiyanın münasibəti isə daha ehtiyatlı olub. Bu, özünü Ərdoğanın sözügedən bəyanatından dərhal sonra Ankaraya yollanmış Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinin gedişində də göstərib. Ankara ilə Moskvanın Suriyada hərbi mövcudluqları ilə bağlı yanaşmasında ciddi ziddiyyətlər var. «Mübahisəli» məsələlər arasında Moskvanın kürd hərəkatları ilə ənənəvi «xüsusi münasibətləri» də yer alır. Ankara Rusiyanın bu mövqeyini dəfələrlə pisləyib. Bununla yanaşı, Türkiyə ilə Rusiya Suriya münaqişəsində ən azı Qərbin planlarına qarşı birgə müqavimət baxımından müttəfiq olaraq qalırlar. Məlum olduğu kimi, Qərbin bu planlarının əsas hissələrindən biri Ankara ilə Moskvanın böyük Yaxın Şərq oyunundan sıxışdırılıb çıxarılmasıdır. Məhz bu aspekt Rusiya-Türkiyə əməkdaşlığının xeyrinə işləyir. Bu mənada, Moskva Ankara ilə tərəfdaş münasibətlərini qoruyub saxlamaq üçün özünün «kürd maraqları»ndan imtina etməyin əleyhinə deyil. Rusiya ilə Qərb arasında qarşıdurmanın şiddətləndiyi indiki şəraitdə isə bu, əhəmiyyətini daha da artırır. Türkiyə NATO-da ABŞ-ın müttəfiqi olaraq qalmasına rəğmən, bir yandan alyansın İsveç və Finlandiyanın hesabına genişlənməsinə etiraz edir, digər tərəfdən isə Rusiya ilə strateji tərəfdaşlığı, o cümlədən hərbi-texniki əməkdaşlığı davam etdirir.

Belə bir vəziyyətdə Lavrov Türkiyənin «öz sərhədlərində xarici qüvvələrin yaratdığı təhdidlərdən» qəzəbini anlayışla qarşıladıqlarını bildirib ki, bu da təəccüblü deyil. Lavrov bununla Moskvanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın ifadə etdiyi mövqeyini bir daha təsdiqləyib. Zaxarova Ərdoğanın Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlanacağı haqda bəyanatının Rusiyada narahatlıqla qarşılandığını desə də, bildirib ki, Moskva Ankaranın milli təhlükəsizliyinə yaranan təhdidlərdən narahatlığını anlayır. Söhbət onun Suriya ilə həmsərhəd rayonlarından gələn təhdidlərdən gedir.

Suriyadaxili sülh prosesində Astana formatında Türkiyə və Rusiya ilə birlikdə qarant kimi çıxış edən İran haqda ayrıca danışmaq lazımdır. Tehran Suriyada mövcudluğunu davamlı olaraq artırır və bu zaman nə Ankaranın, nə də Moskvanın maraqlarını nəzərə alır. O, Ukrayna müharibəsi fonunda Rusiyanın Suriya istiqamətində zəifləməsindən yararlanmağa çalışır və belə bir vəziyyətdə Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq qərarı, təbii ki, İranın ürəyincə deyil. Aydındır ki, bu işdə Tehran yalnız rəsmi Dəməşq ilə ənənəvi əlaqələrinə arxalanmır (yeri gəlmişkən, bu yaxınlarda Suriya prezidenti Bəşər Əsəd İrana səfər edib). Tehran kürd qüvvələrinə də arxalanır. Sonuncularla (PKK, YPG, SDF) Tehran arasında əməkdaşlıq üçün əlverişli şəraiti təmin edən bir amil də var: iranlı proksi Türkiyə ordusunun miqyaslı hücum hazırlığı planı qarşısında çətin vəziyyətə düşmüş kürd qruplaşmalarına real dəstək verəcək yeganə güc ola bilər.

Yeri gəlmişkən, terrorçu kürd qruplaşmalarının nə qədər dəyişkən olduğunu onların bir anda Suriya hökuməti ilə ittifaqa can atmağa başlaması da təsdiqləyir. Halbkui onlar bütün son illər ərzində «kürd muxtariyyətinin yaradılması» üçün yerli hökumətlə mübarizə aparıb və bu yolda Suriya dövlətinin parçalanmasına belə, nail olublar. İndi rəsmi Dəməşq də «Türkiyənin hücum planı» qarşısında qorxuya düşmüş kürd qüvvələrinin bu gözlənilməz loyallıqdan yararlanmağın əleyhinə deyil. Bunun üçün Əsəd Ankaraya xəbərdarlıq etməyə belə, cəsarət tapıb: guya Ankara hərbi əməliyyatlara yalnız Suriya hökumətinin razılığı ilə başlaya bilər. Amma Türkiyənin öz təhlükəsizliyinin təmini işini başqasının çiyinlərinə qoymaması üçün kifayət qədər əsası var. O, bunun üçün başqa dövlətin ərazisində yeni hərbi əməliyyatlara başlamağa da hazırdır. Hər halda, təcrübə göstərir ki, Türkiyənin və onun vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan kürd terrorçuları ilə mübarizəni yalnız Ankaranın özü bacarır. Terrorçuluqla bütün digər potensial mübarizlər onlara seçim əsasında yanaşır, Ankaranın haqlı tələblərinə isə məhəl qoyulmur.



MƏSLƏHƏT GÖR:

149