Müəllif: Natiq NAZİMOĞLU
İranla İsrail arasında tərəflərin hər biri üçün az qala ekzistensional xarakter almış qarşıdurma getdikcə daha da dərinləşir. İndi onun real olaraq açıq silahlı münaqişəyə çevrilmə təhlükəsi belə var. Bu isə region, hətta bütün dünya üçün təxminedilməz nəticələr verə bilər.
Qətl və sui-qəsdlər
Növbəti və hadisələrin gedişindən göründüyü kimi, daha ciddi gərginliyə səbəb bir sıra iranlı alim və yüksəkrütbəli zabitlərin müəmmalı şəkildə qətlə yetirilməsi olub. Qətlə yetirilmiş şəxslərin hər birinin ölkənin nüvə və raket proqramının inkişafına, ümumilikdə isə İranın müdafiə potensialına, beynəlxalq arenada İsraillə mübarizəyə yönəlmiş siyasətə aidiyyəti olub.
Gözlənildiyi kimi, Tehran İsraili xoşuna gəlməyən iranlı hərbiçiləri və elm xadimlərini məhv etməkdə təqsirləndirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Salami isə İsraildən qisas alınacağına and içib. Tehrandan gələn hədələr fonunda İsrail dövləti vətəndaşlarını bir sıra ölkələrdən çıxmağa çağırıb. Təl-Əvivdə hesab edirlər ki, bu, onların mümkün terror aktlarından sığortalanmaları üçün vacibdir.
İran-İsrail qarşıdurmasının episentrində yer alan dövlət isə Türkiyədir. Hər halda, hadisələrin qızğın vaxtında İsrail və Türkiyənin təhlükəsizlik orqanlarının birgə səylərlə İsrail vətəndaşlarına hücumların qarşısını aldığı məlum olub. İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfəri zamanı bu ölkənin xüsusi xidmət orqanlarına «İranın planlaşdırdığı sui-qəsdin üstünün açıldığı üçün» minnətdarlıq edib. Onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu isə bildirib ki, Ankara Türkiyəyə səfər edən xarici vətəndaşlar üçün hər hansı təhdidin yaranmasına imkan verməyəcək.
Yeri gəlmişkən, Türkiyə və İsrail təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı son zamanlar bu iki ölkə arasında yaxınlaşmanın intensiv inkişaf etdiyinin daha bir göstəricisi sayıla bilər. Lakin İran-İsrail qarşıdurmasının regional miqyası Türkiyənin bu prosesə bu və ya digər dərəcədə cəlbi ilə məhdudlaşmır. Bu arada, Ankaranın İranla da dialoqu dərinləşdirməyə çalışdığı ortadadır.
İranla İsrail arasında kəskin xarakter almış qarşıdurmanın əsas meydanlarından biri də Suriyadır. İsrail vaxtaşırı Suriya ərazisindəki iranpərəst hərbi birləşmələrin mövqelərinə zərbələr endirir. Dəməşq aeroportuna endirilmiş və uçuş zolaqlarının dağılması ilə nəticələnmiş zərbələrin səbəbi kimi də «Hizbullah» qruplaşmasına İran silahlarının çatdırılmasının qarşısının alınması göstərilir. Bununla yanaşı, İsrail Suriya prezidenti Bəşər Əsədi «İranın onun ölkəsinin ərazisində apardığı əməliyyatları, Suriyaya keyfiyyətli silahlar verdiyini gizlətməməyə» çağırıb. Yəhudi dövləti bəyan edib ki, əks təqdirdə növbəti zərbələrin hədəfi prezident saraylarından biri ola bilər.
Bu arada, İsrailin Suriyada həyata keçirdiyi anti-İran fəaliyyəti fonunda onun Rusiya ilə ziddiyyətləri də artır. Məlum olduğu kimi, Moskva müttəfiqi olan rəsmi Dəməşqin mövqeyinin zəifləməsində maraqlı deyil. Rusiya, ilk növbədə, İsrailin Suriyanın dərinliklərində iranpərəst qüvvələrə qarşı əməliyyatlar keçirməyə hazırlaşması haqda ona xəbərdarlıq etməyi planlaşdırmamasından narazıdır. Çünki bu halda rusiyalı hərbiçilərin də həlak olması və ya zərər görməsi mümkündür. Maraqlıdır ki, Suriya ilə bağlı Astana formatında Nur-Sultanda keçirilmiş növbəti – sayca 18-ci beynəlxalq görüşün yekununda İran, Rusiya və Türkiyə nəinki «Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə dəstəklərini» bir daha ifadə ediblər, həm də İsrailin Suriyaya davamlı olaraq zərbələr endirməsini pisləyiblər. Lakin ayrı-ayrı ölkələrlə İsrail arasında sonuncunun, ilk növbədə, İranla bağlı siyasəti üzündən yaranan problemlər Təl-Əvivi bu yoldan çəkindirmir. Üstəlik, İsraili İrana qarşı getməyə vadar edən əsas amil hələ də ortadadır – Tehran yəhudi dövlətinin mövcud olmaq haqqını tanımır. Odur ki, İsrail İranın nüvə proqramını əngəlləmək əzmini hər imkanda ortaya qoyur. Orada hesab edirlər ki, bu proqramın kulminasiyaya çatmasına – İranın nüvə silahı əldə etməsinə imkan vermək olmaz.
Körpülər yandırılır?
Tehran nüvə proqramının birmənalı olaraq dinc xarakter daşıdığını nə qədər israrla söyləsə də, son dərəcə ağrılı bu beynəlxalq problem ətrafında mübahisələr bitmir. ABŞ-ın bu problemlə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planını birtərəfli qaydada tərk etməsinin ardından eyni addımı ataraq razılaşmadan çıxmış İran uranın yüksək səviyyədə zənginləşdirilməsi prosesini bərpa etdiyini gizlətmir. Bu isə İsrail və ABŞ-ın Tehranın nüvə proqramının nüvə silahının istehsalı mərhələsinə yaxınlaşdığını iddia etməsinə əsas verir.
Bununla yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Qəyyumlar Şurası İranla bağlı qətnamə qəbul edib. Sənəddə Tehran nüvə sahəsindəki fəaliyyətinin beynəlxalq təftişi ilə bağlı öhdəliklərə əməl etmədiyi üçün pislənir. Söhbət xüsusilə bir sıra «elan olunmamış» nüvə obyektlərindəki uran zərrəciklərinin mənşəyinə aydınlıq gətirilməməsindən gedir. Bu sənədin qəbulu ərəfəsində İran XİN-i nüvə razılaşmasının bərpası ilə bağlı danışıqlardan çıxa biləcəyini elan edib. Qətnamənin qəbulundan sonra isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Mahmud Abbaszadə Meşkini ölkəsinin bu quruma üzvlüyünü dondurması təşəbbüsünü irəli sürüb. Bu, Tehranın MAQATE ilə əməkdaşlığı dayandıra biləcəyi anlamına gəlir ki, bu halda ölkənin nüvə proqramının gedişi ilə bağlı informasiya vakuumu yaranacaq.
İsrail yaranmış vəziyyəti Tehrana təzyiqlərin artırılması zərurətinin təsdiqi kimi qiymətləndirib. Ölkənin müdafiə naziri Beni Hants MAQATE qətnaməsinə istinadən deyib: «İran bir daha göstərir ki, o, istər regionda, istərsə də qlobal miqyasda sülhə təhdiddir». İsrailin bu vəziyyətdən hansı məntiqi nəticəyə gələcəyini isə onun səsləndirdiyi növbəti xəbərdarlıqlar açıq şəkildə göstərir. Təl-Əviv bildirir ki, o, İranın nüvə proqramını pozmaq üçün «tədbirlər görmək haqqını özündə saxlayır».
Bir sözlə, İsrail İranın nüvə obyektlərinə mümkün zərbələrin endirilməsi üçün hazırlıq işlərinin irəlilədiyini açıq şəkildə bəyan edir. Məsələn, İsrail Hərbi Hava Qüvvələri «F-35 Adir» gözəgörünməz qırıcılarının İran sərhədinə göndərilməsi imkanları öyrənilib və bunun necə edilə biləcəyi müəyyən olunub. İndi onların məsafənin uzaqlığı üzündən havada əlavə yanacaq doldurmasına ehtiyac yoxdur.
İsrailin əzmini nümayiş etdirən daha bir fakt onun vaxtaşırı İrana hücum imitasiyası ilə hərbi təlimlər keçirməsidir. Bu təlimlərin gedişində İran radarlarının və aşkarlama sistemlərinin, kibersilahların və radioelektron mübarizə vasitələrinin sıradan çıxarılması yolları sınanır, uzaq məsafəyə hərbi uçuşların həyata keçirilməsi modelləşdirilir. İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcının iştirakı ilə Aralıq dənizində keçirilmiş belə təlimlərdən biri ciddi rezonansa səbəb olub. Həmin təlimdə İranın nüvə obyektlərinə zərbələrin endirilməsi imitasiya edilib, İsrail Müdafiə Ordusunun bildirdiyi kimi, «uzaq məsafəyə uçuş, havada yanacaq doldurulması və uzaq hədəflərə zərbələrin endirilməsi» imkanları sınanıb.
İsrailin miqyaslı anti-İran planları özünü konseptual səviyyədə də göstərir. Knessetin xarici məsələlər və müdafiə komitəsi qarşısında çıxış edən baş nazir Naftali Bennet diqqəti ölkəsinin Tehranla bağlı strategiyasında son illərdə baş vermiş dəyişikliklərə çəkib. Onun sözlərinə görə, indi strategiya «yalnız qollara qarşı yox, həm də başa qarşıdır». Bunu İranın hərbi-siyasi rəhbərliyinə qarşı ciddi təzyiqlərin başlaması kimi anlamaq olar (söhbət fiziki məhv təhlükəsindən belə gedə bilər). İsraillilərin barəsində bəhs etdikləri «səkkizayaqlı ilbiz doktrinası» da bu strategiya ilə üst-üstə düşür. Bu doktrina İsrailin ilkin hədəf kimi İranın regiondakı müttəfiqlərini deyil, Tehranın özünü seçməsini nəzərdə tutur. Bununla yanaşı, Tehranın regional səviyyədəki geosiyasətinin məhdudlaşdırılması kursu da davam etdirilir. İsrailin ABŞ-ın rəhbərliyi və ərəb ölkələrinin iştirakı ilə anti-İran alyansının yaradılmasında fəal iştirakı da bunu təsdiqləyir.
Bütün bunlarla yanaşı, İran da «sionist rejim»ə xəbərdarlıqları ilə vəziyyətin qarışmasına öz «töhfə»sini verir. Tehran bildirir ki, «sionist rejim hər hansı yanlış addım atarsa, İran Silahlı Qüvvələri Təl-Əviv və Hayfanı yer üzündən siləcək». İranlılar öz güclərini təsdiqləmək üçün silahlı qüvvələrin yüksək dəqiqliklə, uzaq mənzilli və intellektual silahlarla təchiz olunduğunu bildirir. Burada söhbət həm də hücum dronları və qanadlı silahlardan gedir.
Beləliklə, İranla İsrail arasındakı qarşıdurma qlobal və regional təhlükəsizliyə təhdiddir. Proses silahlı münaqişə istiqamətində sürətlə irəliləməkdədir. Onun qarşısı alınmazsa, qarşıdurmada digər güc mərkəzlərinin də iştirakı qaçılmaz ola bilər. Hər halda, İran-İsrail qarşıdurması ətrafında regional və beynəlxalq gündəmin həddindən artıq çox prioritet və dolayı problemləri cəmləşib. Getdikcə qızışmaqda olan gərginliyin nəzarətdən çıxması isə çətin ki, vəziyyətin düzəlməsinə kömək etsin. Bundan başqa, bu, yeni problemlər yaradacaq, bu isə nə region dövlətlərinin, nə də qlobal dünyanın maraqlarına uyğundur.
MƏSLƏHƏT GÖR: